Azərbaycan zənginləri və ərəb şeyxləri üçün Adanadan mebellər, 100 min dollara… – FOTOLAR

9

Türkiyənin ən önəmli klassik mebel istehsalı mərkəzi olan Adanadan Yaxın Şərqin hökmdar və şahzadələrinin, krallarının, o cümlədən Azərbaycan zənginlərinin saraylarını bəzəmək üçün mebellər göndərilir.

Belə mebellərin qiyməti 2 min dollardan başlayır, 100 min dollara qədər dəyişir.

Adana Mebelçilər Dərnəyinin başqanı Yalçın Avcı jurnalistlərə bildirib ki, kralların, şahzadələrin saraylarını Adana mebelləri bəzəyir. “İndi də Amerikaya gedib Adana mebellərini tanıtmaq planlarımız var”,-o bildirir.

Adana Türkiyənin mebel istehsalında 6 əsas şəhərindən biridir, klassik mebel istehsalının isə 90 faizi bu şəhərin payına düşür. Adana mebelçiləri istehsal etdikləri dəbdəbəli mebelləri xüsusi sifarişlər əsasında İraq, Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, İran, Azərbaycan və Liviya kimi ölkələrin zənginlərinə göndərirlər.

Yalçın Avcı deyir ki, zəngin müştərilərin Adana mebellərinə üstünlük verməsinin səbəbi bölgənin isti iqlimə malik olması, ağacların təbii mühitdə quruması və detalların quru, sağlam və keyfiyyətli olması ilə əlaqəlidir.

“Biz bu mebellərlə Yaxın Şərqdəki kral və şahzadələrin saraylarını bəzəyirik. Onların evlərinin dekorasiyasını da biz edirik”,-o bildirir.

Yalçın Avcı ötən il Adanadan 40 milyon dollarlıq mebel ixrac etdiklərini deyib. O qeyd edib ki, mebel ustaları klassik mebellərlə yanaşı modern mebellər də istehsal edir və onları Avropaya ixrac edir. Amma Adana əsasən klassik mebellərinə görə tanınır./virtualaz.org/