Azərbaycan və Gürcüstan birgə sərhəd məntəqəsi yarada bilər

    9

    Azərbaycan və Gürcüstan Çinin "Bir qurşaq – bir yol" təşəbbüsü çərçivəsində ilk birgə sərhəd məntəqəsini yaratmağı planlaşdırır.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze mayın 3-6-da Filippinin paytaxtı Manilada keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 51-ci illik iclasında bildirib.

    "Gürcüstan Asiya İnkişaf Bankının maneələrsiz ticarətlə bağlı konsepsiyasını tam dəstəkləyir. Məhz bu baxımdan Azərbaycanla birlikdə ilk birgə sərhəd keçid məntəqəsinin inşa edilməsi imkanlarını nəzərdən keçiririk", – M.Baxtadze deyib.

    O qeyd edib ki, Gürcüstanın Yeni İpək Yolu layihəsində iştirak etməsi üçün maliyyə resurslarının daha çox mobilliyi zəruridir.

    Qeyd edək ki, Çin 2013-cü ildə infrastrukturun yaradılması və Avrasiya ölkələri arasında əlaqələrin qurulmasına istiqamətlənmiş "Bir qurşaq – bir yol" yeni iqtisadi inkişaf strategiyasını elan edib.