Azərbaycan türkcəsi Gürcüstan və İranda rəsmi dövlət dili olmalıdır

    3

    Hər iki qonşu dövlət soydaşlarımıza qarşı şovinist siyasət aparır

    Onlar Azərbaycan dilini sıradan çıxarmağı, Azərbaycan türklərinin milli kimliyinə qarşı soyqırım həyata keçirməyi planlaşdırır

    Azərbaycanda daim əcnəbi dillərə xüsusi maraq olub. Dünən də belə olub, bu gün də belədir. Yəni dəyişən heç nə yoxdur. Bu səbəbdən də az qala hamı azı bir xarici dildə danışmağa çalışır. Təbii burada qəbahət yoxdur. Çünki nə qədər çox dil bilsək, bu, bizim xeyrimizədir. Lakin bizim məmləkətdə əcnəbi dillərə olan marağı bir növ dəb kimi də qiymətləndirmək olar. Niyəsi çox sadədir. Xatırlayırsınızsa, sovet illərində paytaxt sakinlərinin əksəriyyəti, eləcə də regionlardan Bakıya üz tutanlar məişətdə, həmçinin iş yerlərində mütəmadi olaraq rus dilində danışmağa üstünlük verirdilər. Bununla da onlar elit təbəqəyə mənsubluqlarını, müasir dünya görüşünə sahib olduqlarını sübuta yetirməyə çalışırdılar. Aradan xeyli vaxt keçdi və Azərbaycan müstəqillik əldə etdi. Ancaq yenə də rus dilinə meyl edənlərin sayı azalmadı. Əksinə həmin insanlar rus dili ilə yanaşı, ingilis dilini də öyrənməyə başladılar. Budur, artıq şəhərdə «Salam» əvəzinə «Privet» və ya «Hello», «Sağ ol» əvəzinə isə «Poka, uvidemsya», yaxud «Good bye» deyənlərin sayı gündən-günə çoxalmaqdadır.

    Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, əcnəbi dillərə və ya həmin dildə danışan insanlara mənfi yanaşmırıq. Çox istərdik ki, hər bir ölkə vətəndaşı imkan daxilində daha çox xarici dildə danışmağı bacarsın. Hətta erməni dilini belə, bilməyimiz bizim xeyrimizə olar. Çünki düşmənlə mübarizə aparmaq, ona lazımı məqamda tutarlı cavab vermək, əməllərindən xəbərdar olmaq üçün onun dilini bilmək olduqca vacibdir. Odur ki, rus, ingilis və digər dilləri mükəmməl bilən insanlara qarşı radikal mövqedə dayanmaq doğru deyil. Bizim etirazımız öz doğma ana dilini yadırğayanlara, Azərbaycanın dövlət dilinə yuxarıdan aşağı baxanlaradır. Axı bu sənin özünündür. Anan sənə laylanı məhz bu dildə oxuyub. Əcdadların bu dildə ünsiyyət qurublar. Sənsə rus, ingilis və digər dilləri doğma dilindən daha üstün tutursan.

    Heç şübhəsiz, ölkə vətəndaşlarının bir qisminin ana dilimizə lazımı qədər diqqətlə yanaşmamasının əsas səbəbi məhz ailələrdən qaynaqlanır. Etiraf etmək lazımdır ki, bu gün valideynlərin əksəriyyəti övladlarını vətənpərvər ruhda böyütmürlər. Çünki onların özləri də bu cür tərbiyədən məhrum qalıblar. Bunu əsasən bəzi məmurlara və onların övladlarına şamil etmək olar. Elə bu səbəbdən də əksər məmur övladları Vətən, millət sevgisinin nə olduğunu anlamır. Buna görə də bu qəbildən olan insanlar öz ölkəsində belə, doğma dilində danışmaqdan imtina edir, ona xor baxır. Halbuki bu gün 50 milyonluq Azərbaycan türkünün böyük bir hissəsi – İran və Gürcüstandakı soydaşlarımız ən böyük arzularından olan ana dilində təhsil almaq, yaşadıqları məmləkətlərdə Azərbaycan türkcəsində sərbəst şəkildə danışmaq imkanlarından məhrumdurlar. Belə ki, Gürcüstandakı 600 minlik, İrandakı 40 milyonluq soydaşımız bu istiqamətdə ciddi şəkildə səy göstərsələr də, rəsmi Tiflis, o cümlədən Tehran onların istəklərinə əhəmiyyət vermir, imkan düşən kimi Azərbaycan türklərinə qarşı basqıları artırırlar.

    Məsələnin maraqlı tərəfi ondadır ki, Qərbə inteqrasiya xəttini tutduğunu, insan hüquq və azadlıqlarına xüsusi önəm verdiyini iddia edən Gürcüstan hakimiyyəti bəzən açıq-aşkar, bəzən də üstüörtülü şəkildə Borçalı mahalındakı Azərbaycan türklərinə qarşı şovinist siyasət həyata keçirir. Eyni əməllər, sülh dini olan İslamın dəyərlərinə əməl etdiyini bəyan edən İran tərəfindən 40 milyonluq Azərbaycan türkünə qarşı tətbiq olunur. Halbuki həm Gürcüstanda, həm də İranda soydaşlarımızın sayı ümumi əhalinin sayının böyük bir hissəsini təşkil etdiyindən, onların doğma dillərində təhsil almalarına lazımı şərait yaratmaqla yanaşı, həmin dövlətlərin rəsmi dillərindən biri də məhz Azərbaycan türkcəsi olmalıdır. Nəzərinizə çatdıraq ki, bu gün bir sıra dünya dövlətləri məhz bu təcrübədən yararlanır. Məsələn, Şimali Amerika qitəsində yerləşən Kanadada rəsmi olaraq iki dövlət dili fəaliyyət göstərir: İngilis və fransız. Belə ki, 1969-cu ilin 7 iyulundan həm ingilis, həm də fransız dili rəsmi şəkildə bərabər hüquqa malik olmaqla, parlamentdə, federal məhkəmə və dövlət müəssisələrində işlədilməyə başlayıb. Bundan başqa, Kanadanın baş naziri parlamentdə və ümumxalq tədbirlərində öz çıxışının yarısını ingilis dilində, yarısını isə fransız dilində edir. Şimal-qərbi Avropa dövləti olan Belçikada isə niderland, fransız və alman dilləri rəsmi dillərdir. Mərkəzi Asiyada yerləşən Qazaxıstanda qazax dili dövlət dili, rus dili isə rəsmi dil statusundadır. İsveçrə Konfederasiyasında isə 4 rəsmi dil (alman, fransız, italyan və roman) var. Hindistan Konstitusiyasına görə ölkənin 21 rəsmi dili (hind, ingilis, urdu və digərləri) mövcuddur. Pakistanda rəsmi dil ingilis və urdu dilidir. 40 milyon soydaşımızın yaşadığı İranda isə Azərbaycan türkcəsi rəsmi dil olmamaqla yanaşı, bu ölkədə soydaşlarımıza doğma dillərində təhsil almaq imkanı verilmir. Gürcüstanda isə bununla bağlı olduqca qəribə vəziyyət hökm sürməkdədir. Belə ki, rəsmi Tiflis ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşan Azərbaycan türklərinin öz dilini unutması istiqamətində şovinist siyasət yeridir. Buna baxmayaraq, Gürcüstan əhalisinin heç 1 faizini belə, təşkil etməyən abxazların ana dili gürcü dili ilə yanaşı, rəsmi dil statusundadır. Axı, bu, hansı məntiqə sığır? Sən, 600 minlik Azərbaycan türkünə öz dilində təhsil vermirsən, onun dilini rəsmi dil kimi tanımırsan, lakin vur-tut 35-40 minlik abxazın dilini rədmi dil elan edirsən…

    Bu arada, mövzu ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, etnik tərkibini Qarapapaqlar, Qıpçaqlar, Saklar, Gögərlər və digər türkdilli tayfalar təşkil edən soydaşlarımız əsasən Gürcüstanın Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Tsalka, Tetriçkaro, Saqareco, Kaspi, Kareli, Telavi, Qori, Laqodexi, Siqnaxi və Xaşuri rayonlarında, o cümlədən Tiflis, Kutaisi, Rustavi, Batumi və Aqara şəhərlərində yaşayırlar. Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan türkləri Marneulidə ümumi əhalinin 83 faizini, Dmanisidə 67, Bolnisidə 66, Qardabanidə 44, Saqarecoda isə 36 faizini təşkil edir. Ümumilikdə isə Gürcüstanda 600 minə yaxın soydaşımız yaşayır. Lakin buna baxmayaraq, Azərbaycan türkləri bu ölkədə ən böyük etnik qrup sayılsa da, onların ana dilində təhsil almalarında ciddi əngəllər müşahidə olunur. Belə ki, hazırda Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Ana dilində təhsil verən müəllimlərin olmaması isə yaxın gələcəkdə Gürcüstanda Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxara bilər. Çünki ana dilində təhsil verən müəllimlər qocalır, bu səbəbdən də onların sayı get-gedə azalır. Həmin müəllimlərin yerinə isə heç bir fənn üzrə gənc kadr gətirilmir. Əgər belə davam edərsə, o zaman yaxın illərdə Gürcüstanda Azərbaycan dili tamamilə sıradan çıxa bilər.

    Qeyd edək ki, hələ bir müddət öncə bu mövzu ilə bağlı mətbuata danışan tarix üzrə fəlsəfə doktoru, tarixçi alim Kərəm Məmmədov Gürcüstanda təhsil alan soydaşlarımızın sonrakı mərhələdə ali təhsilini davam etdirə bilmədiklərini vurğulayıb: "Ziyalılar olaraq biz təklif etdik ki, Bakı Dövlət Universitetinin Qazax rayon filialında və Azərbaycan Dövlət Pedaqoji Universitetində dövlət sifarişli müəllim ixtisasları artırılsın və gənc kadrlar hazırlanıb, Gürcüstana göndərilsin. Faktiki olaraq, qonşu ölkədə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin orta yaş həddi 65-72 arasındadır. Bu o deməkdir ki, təxmini 5 ildən sonra orada dilimiz sıradan çıxacaq. Həmçinin, ibtidai siniflərə dərs deyə biləcək müəllimlər də 60-65 yaşındadır. Həmin müəllimlər isə mütəxəssislər deyil, aqronom, traktorçu, yazı-pozunu bilən şəxslərdir. Onlar sovet dövründə təhsil alan şəxslər olduğuna görə, latın qrafikasında yazıb, oxuya bilmirlər. Çıxış yolu olaraq, Rustavidə, Marneulidə və digər şəhərlərdə kollec tipində belə olsa, təhsil müəssisələrinin açılmasını irəli sürdük. Bununla orada ibtidai sinif və Azərbaycan dili, ədəbiyyat müəllimləri yetişdirilə bilər. Azərbaycanda dövlət sifarişi ilə təhsil alan ibtidai sinif müəllimlərinin sayı çox olarsa, onların imkanlarından bu sahədə istifadə edə bilərik".

    İranda yaşayan soydaşlarımızla bağlı məsələyə gəlincə, oradakı 40 milyonluq Azərbaycan türkünün durumu daha acınacaqlıdır. Belə ki, İranda yaşayan soydaşlarımız öz ana dilini ailəsindən, ya da kitablardan öyrənir. Buna görə də onlar orta məktəblərdə tədrisin Azərbaycan türkcəsində keçirilməsini tələb edirlər. Rəsmi Tehran isə soydaşlarımızın haqlı tələblərinə əhəmiyyət vermir, bunun əksinə olaraq İranda Azərbaycan türkcəsində məktəb və media vasitəsinin açılmasını qadağan edib.

    Yeri gəlmişkən, qeyd edək ki, İrandakı Azərbaycan türkləri ana dilinin təhsildə tətbiqi üçün 1920-ci illərdən mübarizə aparırlar. Lakin indiyədək bu istiqamətdə ciddi dəyişiklik baş verməyib. Halbuki soydaşlarımızdan dəfələrlə az olan milli azlıqlar İranda öz dillərində məktəb açmaqda heç bir məhdudiyyətlə üzləşmirlər. Azərbaycan türkləri isə bu hüquqdan məhrumdur. Məhz elə bu səbəbdən də bu ilin fevral ayında minlərlə soydaşımız etiraz aksiyası keçirməklə yanaşı, Azərbaycan türkcəsinin İranın rəsmi dili olması tələbi ilə prezident Həsən Ruhaniyə müraciət ünvanlayıb. Müraciətdə tələbələr İran daxilində fars dili ilə yanaşı Azərbaycan türkcəsinin də bütün səviyyələrdə rəsmi dil olmasını istədiklərini bildiriblər: "Ölkədə bu dildə danışan insanların sayının çox olması və İranın başa-başında yaşadıqlarını nəzərə alaraq, bu önəmli işin yerinə yetirilməsi ölkədə sosial və mədəni problemlerin həllində əsas rol oynayacaqlar".

    Müraciətdə həmçinin, İranda yaşayan digər etnosların dilinin də çoxluq təşkil etdiyi bölgələrdə rəsmi dil olması tələb edilib. Ümumiyyətlə, indiyədək İrandakı soydaşlarımız dəfələrlə prezident Həsən Ruhanini seçki kampaniyası zamanı onlara ana dillərində təhsil barədə verdiyi vədi yerinə yetirməməkdə ittiham ediblər. Nəzərinizə çatdıraq ki, 2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani Şərqi və Qərbi Azərbaycan ostanlarının əhalisinə vəd etmişdi ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək. Konstitusiyanın bu maddəsi isə məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir. Həsən Ruhani həmçinin, Azərbaycan Dili və Ədəbiyyatı Akademiyasının yaradılacağını bildirmişdi. Lakin üzərindən 5 il keçməsinə baxmayaraq, Ruhani hələ də vədinə əməl etməyib. Halbuki rəsmi Tehran 2015-ci ilin martında ölkənin kürd azlığına doğma dildən təhsil və mətbuatda istifadə hüququ verib. Azərbaycan türklərinə gəldikdə isə İran hökumətinin vədi yadına belə, düşmür.

    Xülasə, bütün bunlar, yəni Gürcüstanda və İranda soydaşlarımıza qarşı aparılan şovinist siyasət bir daha onu təsdiqləyir ki, hər iki qonşu dövlət Azərbaycan dilini sıradan çıxarmağı, Azərbaycan türklərinin milli kimliyinə, adət-ənənəsinə, mədəniyyətinə qarşı soyqırım həyata keçirməyi planlaşdırır. Lakin onlar bir məsələni unudurlar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında qətiyyətli şəkildə "Mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm" ifadəsini əbəs yerə səsləndirmir. Yəni Azərbaycan nəyin bahasına olursa-olsun Gürcüstanın və İranın soydaşlarımızla bağlı məkrli planlarını alt-üst etmək iqtidarındadır.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org