“Azərbaycan sərt və güzəştsiz mövqe açıqlamalıdır”

33

Xaqani Cəfərli: “Azərbaycan qətiyyətsiz siyasət apardığı üçün İrəvanda olan hakimiyyət bundan sui-istifadə edib”

“…Azərbaycan onu və digər sənədləri əsas götürüb, özünün ərazi bütövlüyünü təmin edəcəyini çox açıq şəkildə diplomatik danışıqlarda, beynəlxalq tədbirlərdə və ən əsas ölkənin siyasətində ortalığa qoymalıdır”

Yanvarın 26-da Ermənistan baş naziri Nikol Paşinyan Qafanda mətbuat konfransı keçirərkən Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını bölüşüb.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Amma Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT, yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunu müəyyən etməli idi. Həmin referendumun nətcəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxlaq prinsiplərə riayət etməli idi”- deyə Paşinyan açıqlayıb.

Nikol Paşinyan Qarabağ ətrafındakı rayonların erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz ev-eşiklərinə qayıtmalı olduğunu xatırladıb.

“Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir. İndi bizi ittiham edirlər ki, biz bu irsi itirmişik” – deyə Paşinyan açıqlama verib.

O, Ermənistanın həmin sənəd əsasında danışıqlara başlamağa hazır olacağı halda, dünya birliyinin buna mane olmayacağını əlavə edib: “İndi qoy, Qarabağda “prezidentliyə” namizəd olanlar mətnin onlar üçün məqbul olub-olmamasını desinlər. Qoy, Qarabağ xalqı, Ermənistan xalqı bu mətnin onlara məqbul olduğunu desinlər. Əgər Qarabağ xalqı bu sənədlərin danışıqlar üçün əsas olduğunu düşünürlərsə, əmin edirəm ki, anındaca danışıqlar masasında olacaq”.

Əslində, Paşinyanın Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını açıqlayarkən səsləndirdiyi fikirlər gələcəkdə onun erməni xalqı qarşısında məsuliyyətdən yayınmasına hədəflənib. Çox güman ki, Paşinyan “Qoy, Qarabağ xalqı, Ermənistan xalqı bu mətnin onlara məqbul olduğunu desinlər” deməklə, erməni xalqının fikrini öyrənib, ondan sonra Qarabağ danışıqlarında yeni bir mövqeyini ortaya qoymaq istəyir. Bu baxımdan, əgər erməni xalqı bu məsələdə güzəştli mövqe sərgiləyərsə, Paşinyanın da mövqeyi dəyişə bilər. Ancaq erməni xalqının mövqeyinin dəyişəcəyi ehtimalı sıfra bərabərdir. Hər halda, Paşinyan bir siyasi gediş edir ki, bunu bir daha özü üçün müəyyənləşdirsin.

“Azərbaycan tərəfi Paşinyanın fəal diplomatik siyasətinə çox sərt  cavablar verməlidir”

Paşinyanın Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını açıqlaması ilə bağlı politoloq Xaqani Cəfərli “Hürriyyət”ə  dedi ki, erməni baş nazir hakimiyyətə gələndən sonra çox aktiv diplomatik siyasət yürüdür: “O, bir neçə məqamda Azərbaycanın mövqelərini zəiflətməyə və diplomatik təşəbbüsləri daha da gücləndirməyə çalışır. Onun son açıqlaması da ona xidmət edir ki, Azərbaycanın mövqelərini daha da zəiflətsin və özlərinin işğalçılıq siyasətini leqallaşdırsın. Paşinyanın bütün açıqlamaları, fikirləri müəyyən mənada Ermənistanın yeni siyasəti kimi qəbul olunmalıdır. Çünki onun açıqlamalarında indiyə kimi Minsk Qrupunun nəzarəti altında keçirilən danışıqlardan müəyyən qədər həm forma, həm də məzmunca kənara çıxmağa cəhd edilir. Əslində, qondarma Dağlıq Qarabağ respublikasının tərəf kimi danışıqlarda iştirak etməsinə cəhd edilməsi Minsk Qrupunun bu günə kimi fəaliyyətindən müəyyən qədər kənara çıxmaq, yeni bir formata cəhd etməkdir. Ancaq Azərbaycan tərəfi Minsk Qrupunun çərçivəsi daxilində keçirilən danışıqlardan kənara çıxılmasına yol verməməlidir və Paşinyanın o fəal diplomatik siyasətinə çox sərt cavablar verməlidir. Azərbaycan tərəfinin mövqeyi belə olmalıdır ki, BMT-nin qəbul etdiyi qətnamələr hökmən icra olunmalıdır. Dünya birliyi bunu təmin etməlidir, etməyəcəksə, Azərbaycan BMT-nin nizamnaməsindən irəli gələn ona verilən hüquqlardan istifadə edib, həm BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını, həm də özünün ərazi bütövlüyün təmin edilməsi istiqamətində addımlar atacağını bəyan etməlidir. Bu, həm Azərbaycanın rəsmi siyasətində yer almalıdır, həm də Azərbaycan cəmiyyəti bu mövqedən çıxış etməlidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin gec də olsa işğal edilmiş torpaqlarının qeyd-şərtsiz boşaldılması haqqında BMT qətnamələrinin həyata keçirilməsini tələb edir. Əgər dünya birliyi bunu təmin etməyəcəksə, Azərbaycan beynəlxaq sənədlərdən irəli gələn üstünlüklərini əsas götürərək özü təmin edəcək. Yəni konkret olaraq Azərbaycan çox fəal, sərt və güzəştsiz mövqe açıqlamalıdır, əks halda, Paşinyanın iddiaları getdikcə daha azğın xarakter alacaq”.

“Özlərini oyundan kənara çəkməyə və Azərbaycanı diplomatik müstəvidə zəiflətməyə çalışır”

“Paşinyanın bu bəyanatı daha çox gələcəkdə məsuliyyətdən yayınmaq üçün verdiyi görünür” dedikdə X. Cəfərli belə cavab verdi: “Qeyd etdiyim kimi, Ermənistan tərəfi Dağlıq Qarabağı danışıqların subyektinə çevirməyə, bununla da özünün işğalçılıq əməllərini ört-basdır etməyə çalışır. Qondarma Dağlıq Qarabağı tərəf kimi göstərməklə, özünü həm mümkün ola biləcək təzyiqlərdən qorumağa, həm də Azərbaycanı diplomatik müstəvidə üstələməyə çalışır. Eyni zamanda qondarma Dağlıq Qarabağ Respublikasını tərəf kimi qələmə verməklə, həm işğalçılıq siyasətini həll edir, həm də qazandığı o demokratik imici gücləndirməyə çalışır ki, torpaqların işğal olunması Ermənistanın deyil, Dağlıq Qarabağın addımlardır. Yəni özlərini müəyyən mənada oyundan  kənara çəkməyə və Azərbaycanı diplomatik müstəvidə zəiflətməyə çalışır”.

“Azərbaycan parlamentində Qarabağla bağlı komissiya, fraksiya yoxdursa..”

X.Cəfərlinin sözlərinə görə, bu gün İrəvanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan çox qətiyyətsiz siyasət apardığı üçün orada olan hakimiyyət bundan sui-istifadə edib, Azərbaycan tərəfinin çox güzəştli mövqeyindən bəhrələnib: “İstər Paşinyan, istərsə də ondan əvvəlki Ermənistan rəhbərləri Azərbaycana qarşı aqressiv, kəskin, qətiyyətli çıxışlar edirlər, mövqe sərgiləyirlər, Azərbaycan buna son qoymalıdır, çox kəskin, qətiyyətli mövqe bildirməlidir. BMT  nizamnaməsinin 51-ci maddəsi var. Bu maddə hər bir dövlətə imkan verir ki, özünün təhlükəsizliyini təmin etsin. Azərbaycan onu və digər sənədləri əsas götürüb, özünün ərazi bütövlüyünü təmin edəcəyini çox açıq şəkildə diplomatik danışıqlarda, beynəlxalq tədbirlərdə və ən əsas ölkənin siyasətində ortalığa qoymalıdır. Əgər bugünləri Azərbaycan parlamentində Qarabağla bağlı komissiya, fraksiya yoxdursa, bunlar hamısı Ermənistanı cürətləndirir ki, Azərbaycanda bu, bir nəfərin iradəsinə bağlı məsələdir və bir nəfərə təsir etməklə, üstünlük qazanmağa çalışırlar. Həm Azərbaycan hakimiyyəti Azərbaycan cəmiyyətinin potensialını toparlamalıdır, həm də cəmiyyət özü Qarabağla bağlı toparlanmalıdır. Əks halda, Ermənistan getdikcə daha da azğınlaşacaq, daha kəskin mövqedən çıxış edəcək. Çünki həyatın qanunudur, bir tərəf nə qədər ki sakit, güzəştli mövqedə dayanır, digər tərəf getdikcə azğınlaşır. Xüsusilə nəzərə alanda ki, Ermənistan 100 ildir Azərbaycana qarşı belə aqressiv siyasət aparır, aqressiyanın qarşısına sərt mövqe ilə çıxmasan o, getdikcə azğınlaşacaq”.

Şamo EMİN, Hurriyyet.org