Azərbaycan səfirliyi Rusiya Baş Prokurorluğuna etiraz məktubu göndərdi

3

Azərbaycanın Rusiyadakı səfirliyi fevralın 26-da “Tsarqrad TV” telekanalının saytında Vladimir Xomyakovun 1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə bağlı qərəzli və açıq-aşkar təhrif olunmuş məqaləsinə görə Rusiya Federasiyasının Baş Prokurorluğuna və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Xidmətinə (Roskomnadzor) etiraz məktubu göndərib.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfir Polad Bülbüloğlunun imzası ilə gedən etiraz məktublarında Azərbaycan tərəfinin qəti etirazı bildirilib və bu məsələ ilə bağlı dövlətimizin mövqeyi ortaya qoyulub: “Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə Bu faciəli hadisələrə siyasi-hüquqi qiymət verildiyi, 20 yanvar tarixinin ümummilli matəm günü elan edildiyi göstərilib. Yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya prezidentinin, xarici işlər nazirinin, eləcə də digər rəsmi şəxslərin Şəhidlər xiyabanının xatirə kompleksini ziyarət etdikləri və şəhidlərin xatirəsini ehtiramla yad etmək üçün abidə önünə əklil qoyduğu vurğulanıb. Bu cür yazılar Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət toxumları səpmək məqsədi güdür”.

Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 2006-cı il 27 iyul tarixli "İnformasiya, informasiya texnologiyaları və məlumatların qorunması haqqında" federal qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması iddiası ilə müvafiq araşdırma aparılmasını istəyib.