Azərbaycan hərbi təyyarənin qəzasından sonra təlim uçuşlarını dayandırdı

    3

    Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə Azərbaycan Ordusunun bütün aviasiya texnikalarının təlim uçuşları dayandırılıb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə ordu.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib.

    “MiQ-29-un qəzaya uğramasının səbəbləri dəqiqləşdirilməyincə, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya texnikalarının bütün uçuşları müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda döyüş növbətçiliyi planlı şəkildə yerinə yetirilir”- deyə V. Dargahlı bildirib.

    Xatırladaq ki, 24 iyul saat 22:00 radələrində təlim uçuşu həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi Xəzər dənizi üzərində qəzaya uğrayıb. Müdafiə Nazirliyi pilotun axtarışı və xilas edilməsi üçün təcili addımlar atır. Müdafiə nazirinin göstərişi ilə qəzanın səbəbləri ilə əlaqədar araşdırma aparan komissiya yaradılıb.