“Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı bərpa olunsun” – QUBAD İBADOĞLU

24

“Son 3 ildə dərs verdiyim kurslarda Azərbaycanlı tələbə qarşıma çıxmayıb”

“Yaz semesteri başladı. Siyasi elmlər bölümündə apardığım ilk dərsdən xoş təəssüratlarla ayrıldım. Tərkibi əsasən ştat sakinlərindən olan qrupda yerli koreyalılar, ərəblər, hindistanlılar, cənubi amerikalılar və gəlmə avropalılar ibarət sinifdə həmişəki kimi özümüzünküləri axtardım. Təəssüflə deməliyəm ki, həmişəki kimi məyus oldum, artıq üçüncü ildir ki, bu istiqamətdə 2017/18-ci tədris ilində Princetonda, 2018/20-ci tədris illərində isə Rutgers Universitetində axtarışlarım nəticə vermir. Belə ki, son 3 ildə dərs verdiyim kurslarda Rusiyadan, Ukraynadan, Türkiyədən, hətta Ermənistandan da tələbələrə rast gəlsəm də, Azərbaycanlı tələbə qarşıma çıxmayıb”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokrat partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

“ABŞ-da oxuyan azərbaycanlılara nadir hallarda rast gəlmək olur”

“Bunun başlıca səbəbi odur ki, bütövlükdə xaricdə təhsil alan Azərbaycanlıların sayının az olduğundan, onlardan ABŞ-da oxuyanlara demək olar ki, nadir hallarda rast gəlmək olur. Bu da ABŞ-da Universitet təhsilinin digər ölkələrlə müqayisədə baha olması ilə əlaqədardır. Elə bu və digər səbəbdən də hazırda 500-dək tələbə yalnız Çində, elə o qədər də tələbə Macarıstanda təhsil alır, demək olar ki, onlardan da çox Azərbaycanlı tələbələrə Rusiyada, Türkiyədə və Ukraynada rast gəlmək mümkündür”,-deyə  ADR sədri əlavə edib.

“Bu, beft gəlirlərinin insan kapitalına çevrilməsi sahəsinə ən səmərəli sərmayə ola bilər”

Q. İbadoğlu hesab edir ki, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə ikinci dövlət proqramı qəbul olunmalı və növbəti tədris ilindən istedadlı tələbələrin dünyanın nüfuzlu universitetlərində təhsili bu proqram çərçivəsində maliyyələşdirilməlidir: “Düşünürəm ki, bu, neft gəlirlərinin insan kapitalına çevrilməsi sahəsinə ən səmərəli sərmayə ola bilər. Odur ki, bir daha Təhsil Nazirliyinə müraciət edərək, onları Azərbaycan gənclərinin xaricdə təhsili üzrə 2020-2025-ci illəri əhatə edən ikinci dövlət proqramının qəbulu təşəbbüsü ilə çıxış etməyə çağırıram”.

 Şamo EMİN, Hurriyyet.org