“Azərbaycan dili” dərsliyi, yaxud müəllif səriştəsizliyi – II HİSSƏ

111

Hər bir dərslik, kitab, əsər ağır bir zəhmətin məhsuludur. Kitabın-dərsliyin dəyərinin  yüksək olub-olmamasından asılı olmayaraq bu işi yerinə yetirmək gərgin əmək və zəhmət tələb edir.Ancaq bu ağır və gərgin iş rejiminin nəticəsində əldə olunan dərslik-kitab onun istifadəçiləri tərəfindən necə qarşılanır? Bu tamamilə başqa məsələdir.

Ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün nəşrə hazırlanan “Azərbaycan dili” (tədris dili kimi) dərsliyi də bu qəbildəndir.

(Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/azerbaycan-dili-dersliyi-yaxud-muellif-seristesizliyi/)

Dərsliyin 82-ci səhifəsində tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında məna əlaqlərindən  danışan müəlliflər bununla bağlı yazırlar: “Bağlayıcılar tərkib hissələri əlaqələndirməyə kömək etsə də, onların yaratdıqları qrammatik mənalar bir-birindən fərqlənir.Qarşılaşdırma bağlayıcıları tərkib hissələr arasında mənaca qarşılaşdırma, ziddiyyət yaradır. Məsələn:“Gün çıxmışdı, amma hava soyuq idi” .

Bu izahı yazan müəllif kimdirsə,hələ bağlayıcının cümləyə, yoxsa cumlənin bağlayıcıya xidmət etdiyini aydınlaşdıra bilmir.Müəllif bilmir ki,bağlayıcının qramma,tik mənası olsa da,  o cümlənin  məzmununda qarışılıq yarada bilməz. Biz yuxarıda nümunə verilmiş cümlədəki “amma” bağlayıcısını cümlədən çıxartsaq belə,  onun məzmununa heç bir xələl gəlməyəcəkdir.

Yaxud, yenə orada yazılır: “Bölüşdürmə bağlayıcıları hadisələrin növbə ilə  bir-birini əvəz etməsi və ya müxtəlif  hadisələrdən birinin mümkünlüyünü bildirir”. Müəlliflər düşünmürlər ki,köməkçi nitq hissəsi olan  bağlayıcı “hadisələrin növbə ilə bir-bririni əvəz etməsi”ni bildirə bilməz, yalnız bu cür məzmun  bildirən cümlələr arasında əlaqə yarada bilər.

Həmin mövzunun daxilində onların ardınca yazılır: “ Tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrdən biri ümumilik bildirir, digəri onu aydınlaşdırır.Belə cümlələrin tərkibində bəzən “yəni” bağlayıcısından istifadə olunur”. (Yenə orada)

Müəlliflər bu hissədə tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında olan  aydınlaşdırma əlaqəsini nümunələrlə göstərmək   istməyə çalışıblar, lakin hər seyi qatıb –qarışdırıblar.Mən elə düşünürəm ki, bu sahə ilə məşğul olan müəllif lap son dövrlərdə nəşr olunan qrammatika kitablarını  (Q.Ş.Kazımov, “Müasir Azərbaycan dili”, sintaksis, Ali məktəblər üçün dərslik, Elm və təhsil, Bakı-2010, səh.287-309, Buludxan  Xəlilov:  “Müasir Azərbaycan dili”, sintaksis. Dərslik, Bakı-2017, səh.252-268) oxumasaydılar belə, heç olmasa, 2010-cu ildə qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün  nəşr olunan vəsaitin 398-ci səhifəsindən 404-cü səhifəsinə qədər oxumalı idilər.

Müəlliflər dərslikdə tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr arasında  hansı və necə əlaqənin olduğunu göstərib aydınlaşdırmasalar da, onlara aid verilən tapşırıqların şərtində şagirdlərin qarşısına  başqa tələblər qoyulur. Məsələn, verilən nəzəri materialda səbəb və nəticə, qarşılaşdırma əlaqələri haqqında danışılmasa da, 17-ci çalışmada həmin növ cümlələrə aid nümunələri seçib yazmaq tələb olunur.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini biri-birine bağlayan vasitələrlə bağlı ayrı-ayrı mövzular şəklində üç mətn verilib. (səh.90,91,92)

Mən belə başa düşürəm ki, tabesiz mürəkkəb cümlələrin tərəflərini bir-birinə bağlayan vasitələrdən əvvəl və sonra durğu işarələrinin işlənməsi qaydalarını bir mətn daxilində vermək daha məntiqli görünərdi.

Dərsliyin tabeli mürəkkəb cümlələrdən bəhs edən bölməsinə daxil edilən mətnlərdki məlumatlar  da çox məntiqsiz və savadsız formadadır.

Dərslikdə tabeli mürəkkəb cümlələrin izahı ilə bağlı (səh.  110, 115, 117, 123, 132, 140, 147) 8 mətn verilmişdir, lakin bu mətnlərin heç birində  budaq cümlələrin  növünün sayı ilə bağlı bir cümlə də yazılmamışdır .Bu mətnlərdə  budaq cümlələrin növlərindən yox , yalnız tabeli mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələri bir-birinə bağlayan vasitələrdən danışılmışdır. Bu mətnlərdə də tabesiz mürəkkəb cümlələrlə bağlı verilən mətnlərdəki kimi, ancaq tərəflər arasında işlənən tabelilik bağlayıcıları ilə bağlı məsələlər qabardılır.

Məsələn, səhifə 115-də verilən mətndə yazılır: “Tabeli mürəkkəb cümlələrin tərkib hissələri: baş və budaq cümlələr bir çox vasitələrlə, əsasən də intonasiya və tabelilik bağlayıcıları ilə bağlanır”.

Bundan sonra intonasiya ilə bağlanan sadə cümlələr  arasında , “ki” aydınlaşdırma bağlayıcısı ilə bağlanan cümlələrdə isə “ki” bağlayıcısından sonra vergül qoyulduğu qeyd edilir.

117-ci səhifədə verilmiş mətndə isə “ki” bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlələrin bəzisində budaq cümlənin baş cümlədən  əvvəl gəldiyi göstərilir.

123-cü səhifədə verilən mətndə tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən , yəni bağ cümləni budaq cümləyə bağlayan –sa2  şərt şəkilçisi və

-sa 2 şərt şəkilçisi + da2 ədatından söhbət açılır.

124-cü səhifədə şərt şəkilçisi+belə ədatı ilə də bağlı məlumat verilir.132-ci səhifədə verilən mətndə isə yazılır: “ Tabeli mürəkkəb cümlədə baş və budaq cümlələri əlaqələndirən qarşılıq-güzəşt bağlayıcılarından əvvəl və sonra vergül işarəsi qoyulmur. (Fikrin ifadə formasına bax-S.Z) Tabeli mürəkkəb cümlədə baş ve budaq cümlələri əlaqələndirən səbəb bağlayıcılarından  əvvəl vergül işarəsi qoyulur”.

140-cı mətndə isə şərt bağlayıcıları aydınlaşdırılır və bununla bağlı yazılır: “Şərt bağlayıcıları da tabeli mürəkkəb cümlənin  tərkib hissələrini əlaqələndirən vasitələrdən biridir. Şərt bağlayıcıları budaq cümlənin tərkibində iştirak edir, onlardan əvvəl və sonra vergül qoyulur”.

147-ci səhifədə tabeli mürəkkəb cümlələrlə bağlı verilən son mətndə isə tabeli mürəkkəb cümlənin  tərəflərini bir-birinə bağlayan bağlayıcı sözlər işıqlandırılır.Təsvirini verdiyimiz bu mətnlərin məzmunundan da göründüyü kimi müəlliflər tabeli mürəkkəb cümlələrdən bəhs edərkən bir yerdə də olsa, tabeli mürəkkəb cümlələrin tərkibindəki budaq cümlələrin  adları , onların sayı,nəyi izah etdikləri, yəni tərifləri haqqında bir kəlmə də danışmayıblar. Bütün mətnlərin məğzini tabeli mürəkkəb cümlələrin tərkibini təşkil edən  sadə cümlələri  bir-birinə bağlayan  vasitələrin izahı təşkil edir.Əgər şagird tabeli mürəkkəb cümlələrin tərkibindəki budaq cümlələrin adları, onların  xüsusiyyətləri və yaranma yolları ilə bağlı bilik əldə etmirsə,  onda haqqında danışılan bağlayıcılar  haqında verilən məlumatın nə əhəmiyyəti var?!

Bünövrəsi zəif qoyulan elmin sonrasından müvəffəqiyyət gözləmək boş bir xülya və öz-özünü aldatmaqdan başqa bir şey deyildir.

Dərsliyin son bölməsi olan 4-cü bölmədə isə vasitəli  və vasitəsiz nitq məsələləris aydınlaşdırılır.

Bölmənin əvvəlində qoyulan suallardan birində  yazılır:“Dərsliyin ideyasını müəyyənləşdirə bildinizmi? Bu ideya sizə nə verdi?”

Görəsən , müəlliflər bu sualı verəndə qarşılığında nə alacaqlarını özləri  dərk edə bilirlərmi?!

Əgər söhbət bölmədən gedirsə, dərsliyin ideyasından  niyə danışılır?Bu bölmədə vasitəli və vasitəsiz  nitq anlayışlarının  aydınlaşdırılmasında da  müəlliflər qəbul edilməsi mümkün  olmayan səhvlərə yol verilmişlər. Mətnin girişində “vasitəsiz nitq” haqqında yazılır: “Başqasının nitqinin həm məzmun, həm də formaca dəyışiklik edilmədən , olduğu kimi verilməsinə vasitəsiz nitq deyilir.

Vasitəsiz nitq iki hissədən ibarət olur:

1) müəllif sözündən

2) vasitəsiz nitqdən “. (səh. 176)

Bu tərifi və izahı oxuyanda hiss edirsən ki, dərsliyi yazan  müəlliflər dilçiliklə bağlı son otuz ildə irəli sürülən fikirlərdən və yeniliklərdən  xəbərsizdirlər. Necə ola bilər ki,vasitəsiz nitq işlənən cümlənin bir hissəsini nitq, digər hissəsini söz adlandırasan?! Hələ XX əsrin  90- cı illərində bu məsələlərlə bağlı neçə-neçə elmi işlər və məqalələr işıq üzü görüb , fərqli yanaşmalar ortaya çıxıb.

90-cı illərdə nəşr olunan jurnallarda  “vasitəsiz nitq”ə belə bir tərif verilmişdir: “Müəllifin nitqi içərisində heç bir dəyişiklik edilmədən verilən digər nitqə vasitəsiz nitq deyilir”.

Tərifdən də görünür ki, tərkibində vasitəsiz nitq işlələn cümlələr iki hissədən- müəllifin nitqi və başqasının nitqinin birləşməsindən ibarətdir.Ona görə də vasitəsiz nitqdən danışanda cümlənin hissələrinə fikir vermək lazımdır.Bilmək lazımdır ki, vasitəsiz nitq əgər başqasinin nitqindən ibarətdirsə, o iki hissədən ibarət  ola bilməz.Vasitəsiz nitq adlandırdığımız başqasının nitqi ancaq müəllifin nitqi içərisinə daxil olduqda iki hissədən ibarət ola bilər.

Vasitəsiz nitq işlənən cümlələrdə işlənən durğu işarələri ilə bağlı üç mətn (177,178,184) verilib.Ancaq  anlayışlar o qədər yayğın verilib ki, konkret olaraq nə deyildiyi başa düşülmür.

Vasitəsiz nitqlə bağlı 184-cü səhifədə verilmiş mətndə yazılır: “Yazdığınız nümunələr əsasında qrammatik qayda tərtib edin və nümunələrlə əsaslandırın”.

Şagirdlər dilçiliyin ən mürəkkəb bölmələrindən biri hesab olunan vasitəli və vasitəsiz  nitqin işlənməsi ilə bağlı qarammatik qaydalar tərtib edə bilərmi?!

Şagirdləri  demirəm, heç o müəlliflərin  özləri belə  vasitəsiz nitqin yazılışı ilə bağlı yeni qaydalar tərtib edə bilməzlər.Müəlliflərin özləri vasitəsiz nitqdə durğu işarələri ilə bağlı əvvəlki  dərsliklərdə verilən beş qaydanın  ikisini ixtisara salıb yalnız üçünü dərsliyə daxil ediblər.

Dərslikdə vasitəli nitqə verilən tərif də yanlış və qəbulediməzdir.Dərslik müəlliflərinin özləri də qeyd edirlər ki, “vasitəsiz nitq iki hissədən ibarət olur” (səh.176) Ancaq anlayışa tərif verərkən tərifdə yalnız başqasının nitqi əsas obyekt kimi öz əksini tapır.

Vasitəli nitqə belə bir tərif verilib: “Başqasının nitqinin məzmununun saxlanması şərtilə dəyişilmiş formada verilməsinə vasitəli nitq deyilir” (səh.199)

Bu tərif də başdan-başa yanlış ifadə olunmuşdur. Ona görə ki,başqasının fikrini ifadə edən cümlə istər olduğu kimi, istər dəyişilmiş formada verilməsindən asılı olmayaraq, onlar yalniz  müəllifin, yəni onu söyləyən şəxsin nitqi içərisində vasitəsiz, yaxud vasitəli  nitq adlanır.

Ona görə də vasitəli nitqə “Müəllifin nitqi içərisində müəyyən dəyişikliklər edilməklə verilən digər nitqə vasitəli nitq deyilir” forma və məzmunda tərif vermək,  elə başa düşürəm ki,daha məqsədəuyğun hesab edilməlidir.

Dərslik kurikulumun tələbləri əsasında yazılsa da, (əslində kurikulumun  tələbləri şagirdləri getdikcə savadsızlığa sürükləyən tələblər kimi özünü iflasa uğratmaqdadır) dərslikdə bu tələblər  özünü hiss etdirməyəcək dərəcədədir.

Dərslikdə verilən mətnlərin bəziləri rəqəmlərlə (məs, 1,2,3,4) işarələnən hissələrə  bölünür(Məsələn, səh 60-da verilən “Azərbaycanı Avropada tanıdan  ilk kimyaçı alim” (mətnində olduğu kimi) və sonra şagirddən həmin hissələri ardıcıl olaraq düzüb öyrənmək tələb olunur.Şagird bu mənasız tələbin ucbatından dəqiqələrlə “baş sındırır”, əvəzində onun həmin mətn vasitəsilə öyrənəcəyi məlumat,  əxz edəcəyi dərs və qazanacağı yeni bilik də yaddan çıxıb gedir.

Dərsliyin ikinci bölməsinin əvvəlində şagirdlərə müəlliflər belə bir sual ünvanlayır: “Nailiyyət cəmiyyətə həmişə xeyir gətirirmi?” (səh.55)

Şagird göz açandan həmişə “nailiyyət” sözünü müsbət mənada qəbul edib, yəni  çalışıb əldə etmək itəyinə sahib  olmaq  kimi, (Bu söz ərəb dilində  (nail) yetişən , əli çatan, müvəffəq olan  deməkdir) müsbət  mənada başa düşdüyündən, onu şagirdin başqa səmtə yozması qeyri-mümkündür. Eyni zamanda “nailiyyət” sözü “Müvəffəqiyyət və cəmiyyət” bölməsinin giriş hissəsində  də öz əksini tapıb. “Nailiyyət” sözü dildə səslənəndə, ilk növbədə yada  “müvəffəqiyyət” düşür. “Müvəffəq” sözü də ərəb dilində  nail olan, uğurlu olan , işi rast gələn” olduğundan , şagirdlərin  “nailiyyət” sözünün mənfi mənada  işlənməsini başa düşmələri qeyri-mümkündür. (Bunu heç müəllimlərin də izah etməsi asan məsələ deyildir).

Dərslikdə bu cür qeyri-səlis sual və tapşırıqlar olduqca çoxdur. Dərsliyə daxil edilən mətn, tapşırıq və şagirdlərin qarşısına qoyulan tələblərlə tanış olduqca kitabın cox tələsik və dövrün tələblərinə cavab verəcək səviyyədə hazırlanmadığı diqqəti cəlb edir. Ona görə də dərslik yenidən işlənməli, kitaba daxil edilən mətnlər xalq arasında populyarlıq qazanmış məzmunlu mətnlərlə zənginləşdirilməli və şagirdlərin həll etməsi üçün  nəzərdə tutulmuş tapşırıqlar primitivlikdən uzaqlaşdırılmalı, günün tələblərinə cavab verməlidir.

Kamil dərs almadan, kamil dərs vermək qeyri-mümkündür.Ona görə də bu dərsliyi hazırlayanalar əvvəlcə Azərbaycan dilinin qrammatikası ilə bağlı ortaya çıxıb əksəriyyət tərəfindən qəbul edilən son nailiyyətlərlə tanış olmalı və onların müasir dərsliklərdə öz əksini tapmasına çalışmalıdırlar.

Deyildiyi kimi, müəllim üçün qaranlıq olan şagird üçün  zülmətdir.

Sərdar Zeynal,

filologiya üzrə elmlər doktoru