“Azarkeşsiz futbol klounsuz sirkə bənzəyir”

45

“Azarkeşlərin tribunalardan fitə basmalarını sevirəm. Bu, məni daha da motivasiya edir”. “Report”un məlumatına görə, bu fikirləri İtaliya “Yuventus”unda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İsveçi səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra “Record”a açıqlamasında deyib.

35 yaşlı hücumçu matçların azarkeşsiz keçirilməsinə toxunub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarının önəmli olduğunu sözlərinə əlavə edib: “ÜST azarkeşləri qəbul etməklə bağlı şəraitin olmadığını deyirsə, deməli, belədir. Sağlamlıq və insanların həyatı birinci yerdədir. Ancaq tribunalarda azarkeşsiz oynamaq – sirkə getmək və orada klounları görməmək kimi bir şeydir”.

Qeyd edək ki, qarşılaşmada dubl edən Kriştianu Ronaldu vurduğu birinci qolla milli komandalarda 100-cü qola çatan ikinci futbolçu olub. Ronaldu bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən geri qalır. Veteran futbolçunun aktivində 109 qol var.