“Azarkeşlər hələ əsl İbaranı görməyiblər”

207
Prins İbara: “Düşünürəm ki, indi ən düzgün davranış irəli baxmaq, növbəti matçlara fokuslanmaqdı
“Neftçi”nin hücumçusu Prins İbara “FutbolPress”ə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
– Son turda “Zirə” ilə qolsuz heç-heçə etdiz…
– Bu oyundakı nəticəyə görə çox üzüldük. Çünki qalib gəlmək istəyirdik. Belədə liderliyi ələ keçirə bilərdik. Hələ oynayacağımız matçlar var, daha çox xal toplamağımız, irəliləməyimiz mümkündü.
– Mövsümdə ilk qolunu iki tur əvvəl vurdun…
– Bəli, “Qəbələ” ilə oyunda fərqləndim. “Neftçi”də daha çox qol vurmaq istəyirəm. Düşünürəm ki, qol hesabını açmağım gələcək üçün çağırışdı, ardı gələcək.
– “Neftçi”yə gəlməzdən öncə burda çoxlu kuboklar qazanmaq istədiyini demişdin. Səncə, öz performansın bunun üçün kifayət qədər yaxşıdı?
– Mən həmişə oynadığım yerlərdə kuboklar qazanmağı hədəfləmişəm. Öz performansıma gəldikdə, hələ tam olaraq istədiyim oyunu göstərə bilməmişəm. Bunun üçün çalışıram. Ən yaxşısını etmək və növbəti matçlarda komandaya daha faydalı olmaq üçün əlimdən gələni edirəm.
– Deməli, azarkeşlər hələ əsl İbaranı görməyib…
– Bəli, azarkeşlər hələ əsl İbaranı görməyiblər, ancaq tezliklə onu meydanda izləyəcəklər.
– “Neftçi”də hələ ki, heç bir oyunu 90 dəqiqə tam meydanda olmamısan. Bu situasiya səni qane edir, yoxsa daha çox oynamağa layiq olduğunu düşünürsən?
– Mən bütün 90 dəqiqəni oynamağı sevən futbolçuyam. Eyni zamanda heyətə düşmək üçün rəqabət aparmaq xoşuma gəlir. Əgər baş məşqçi ehtiyat skamyada olmağımı daha doğru hesab edirsə, deməli, belə olmalıdı. Mənim üzərimə düşən daha çox işləyib, baş məşqçinin ilk seçimi olmağa çalışmaqdı.
– Qısa müddətdə “Neftçi”də iki baş məşqçi ilə işləmək imkanın olub. Samir Abasovun gəlişi ilə nə dəyişib?
– Həqiqətən, arada elə bir fərq görmürəm. Daha əvvəl komandasının meydanda yaxşı futbol oynamasının istəyən bir baş məşqçi var idi. İndi də eyni vəziyyətdi. Abasov da sistemi, taktikanı, heyət seçimini komandanın ən yaxşısını göstərə bilməsi üçün edir.
– Komanda 3-cü yerdədi. Mövsümün geridə qalan hissəsi barədə nələr demək olar? Azarkeşlər xüsusilə “Qarabağ”a böyük hesablı məğlubiyyətə görə narazıdı…
– Çempionat gərgin keçir. 3-cü yerdə olsaq da, rəqiblərimizdən çox geri qalmırıq. Qarşıda hələ oyunlarımız var, daha çox xallar toplaya bilərik, çox şeyin dəyişməsi mümkündü. “Qarabağ”a böyük hesablı məğlubiyyət bizi də üzüb. Ancaq bu da futbolun tərkib hissəsidi. Onlar bizdən daha mütəşəkkil oynadılar. Düşünürəm ki, indi ən düzgün davranış irəli baxmaq, növbəti matçlara fokuslanmaqdı.
– Koronavirusa yoluxmalar çox olduğu üçün “Sabah”la oyununuz təxirə salındı…
– Yeni yoluxmaların bu qədər çox olmasına təəccübləndim. Ümid edirəm ki, bundan sonra heç kim xəstələnməz. Hazırda testi pozitiv çıxan yoldaşlarımın müalicəsi davam edir. Hamısına şəfa diləyirəm. Ümid edirəm, “Sabah”la oyunumuz da tezliklə baş tutar.
– “Neftçi” azarkeşlərinə bir sözün var?
– Bəli. Bilirəm ki, “Neftçi”nin böyük azarkeş ordusu var. Hələ ki, onlarla görüşə blmədiyimə görə təəssüflənirəm. Azarkeşlər üçün darıxırıq, inanıram ki, tezliklə onları tribunada görə biləcəyik. Çünki onların dəstəyinin komandanın oyununda və yaxşı nəticələrində əvəzsiz rolu olur.