Azad olunan ərazilərin bərpası on minlərlə iş yerinin yaranmasına gətirəcək

159

Rusiyada işçi çatışmır, oradan gələnlər Azərbaycanda nə edir?..

Koronavirus pandemiyası üzündən ölkəyə girişin məhdudlaşdırılması, həmçinin əmək bazarında yaranmış böhranı aradan qaldırmaq üçün Rusiya hökumətinin əmək miqrantları ilə bağlı qanunları sərtləşdirməsi nəticəsində bu ölkədə işçi qıtlığı yaşanmağa başlayıb.

Müvafiq dövlət orqanlarının məlumatına əsasən 2020-ci il ərzində Rusiyada  işləyən miqrantların sayı 25 faiz azalıb. Bunun nəticəsində əmək bazarında ağırlıq yerlilərin üzərinə düşüb ki, onlar da bunun öhdəsindən tam gələ bilmirlər. Hər şeydən əvvəl tikinti sahəsində işçi çatışmazlığı var, bu mövsüm obyektləri vaxtında təhvil vermək üçün əmək haqqı 20-30 faiz artırılsa da, işçi sayını zəruri həddə qədər artırmaq mümkün olmayıb.

Müxtəlif mənbələrin hesablamalarına görə, Rusiya Federasiyasına qazanc dalınca gələn miqrantlar ölkə əhalisinin 7-12 faizinə qədərini təşkil edir. Bəzi sahələrdə xarici işçilər ümumi işçi sayının 80 faizə qədərini təşkil edir. Rəsmi rəqəmlər ölkəyə il ərzində leqal yollarla 2 milyon əmək miqrantının gəldiyini deyir. Lakin 2020-ci ilin martında sərhədlər bağlananda aydın oldu ki, Rusiyada qalan qanuni əməkçi miqrantların sayı 2,5 milyon nəfərdir. Onlardan 1 milyon 14,5 min nəfəri Özbəkistan, 507 min nəfəri Tacikistan, 353 min nəfəri Qırğızıstan, qalanları digər ölkələrin vətəndaşları idi.

Rusiya Daxili İşlər Nazirliyinin 2020-ci ilin 30 sentyabrına olan məlumatına görə, ölkə ərazisində qanuni yolla işləyən əməkçi miqrantların sayı 1,8 milyon nəfər olub. Bu isə ötən ilin eyni dövründəkindən 500 min nəfər azdır. Bunlar hələ rəsmi yolla gələn işçilərdir. Rusiyada onlardan əlavə xeyli sayda qeydiyyata alınmadan bu ölkədə yaşayan və işləyən şəxslər də var.

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək?

Rusiyada işləyən Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq məlumat demək olar ki, heç bir mənbədə yoxdur. Belə ki, xeyli sayda Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşlığına sahibdir. Eyni zamanda Rusiyada müvafiq qurumlarda qeydiyyatdan keçib rəsmi iş icazəsi almadan yaşayanlarımız da kifayət qədər çoxdur. Təsadüfi deyil ki, koronavirus pandemiyasına görə iş yerləri bağlandıqdan sonra Rusiyadan ölkəmizə qayıtmaq istəyənlərin sayı on minlərlə idi. Onların böyük əksəriyyəti Dağıstan sərhədində toplanaraq Azərbaycana daxil olmağa çalışırdılar. Bəzi məlumatlara görə, hələ də Dağıstanla sərhəddə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaratdığı düşərgədə yüzlərlə azərbaycanlı var.

İş və qazanc arxasınca Rusiyaya gedən soydaşlarımızın xeyli hissəsi pandemiya ilə bağlı sərhəddən keçməyə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra ölkəmizə qayıdıb. Nəzərə alsaq ki, Azərbaycanın özündə də pandemiya kifayət qədər ciddi böhrana, iş yerlərinin bağlanmasına gətirib çıxarıb, onda Rusiya və digər ökələrdən gələn soydaşlarımızın işlə təminatında problemlərin olduğunu görə bilərik.

Pandemiya başlanandan Azərbaycan hökuməti işsizlik probleminin dərinləşməməsi üçün bir sıra addımlar atıb: işçiləri ixtisar etməyən sahibkarlara əmək haqqı fonduna dövlət tərəfindən 50-100 faiz həcmində yardım edilib, sahibkarlıq subyektlərinə vergi və sosial ödənişlərdən güzəştlər, tətillər verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində - YENİ TƏYİNATLAR | ENA.az

Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin ötən dövrü ərzində 75 634 nəfər münasib işlərlə təmin edilib. Bu ilin 10 ayında 800-dək şəxs Agentlik tərəfindən peşə hazırlığı kurslarına cəlb olunub: “Peşə hazırlığına cəlb olunmuş şəxslərə aylıq təqaüd (250 manat) verilir və pandemiyaya görə peşə hazırlığında fasilə yaranmış şəxslərə bu təqaüdün verilməsi davam etdirilib”.

Prezident İlham Əliyevin təşəbbüsü ilə İctimai işlər proqramı genişləndirilib, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb: “Agentlik tərəfindən əsasən həssas əhali qruplarından (əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, qadınlar və b.) olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilib. 2020-ci ildə 12 min ailənin proqrama cəlb olunmaqla  kiçik biznesinin yaradılması nəzərdə tutulub. Bu ilin ötən dövründə 9700-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Proqrama cəlb olunanlara aktivlər verilməklə onların kiçik ailə biznesi yaradılır.

Özünüməşğuluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyan Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi”nə 2020-2025-ci illərdə 22 min şəxsin cəlb olunması nəzərdə tutulub. Bundan əlavə, Nazirlik tərəfindən BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin aktivlərlə təmin edilməsi işləri aparılır”.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma əsasən özünüməşğulluq proqramının genişləndirilməsində banklarla da əməkdaşlıq davam etdirilir. Banklar tərəfindən bu ilin ötən dövründə 500-ə yaxın şəxsə mal və materialar formasında aktivlər verilməklə onların kiçik müəssisələri yaradılıb və proses davam edir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun ”Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsi 2020-ci il də davam etdirilib. Bağçılıq üçün əlverişli şəraiti olan 16 rayon (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) üzrə qeydiyyat aparılıb. Hazırda bağ təsərrüfatlarının salınması üçün hazırlıq işləri aparılır. Layihənin 2020-ci il üzrə 250 aztəminatlı ailəni əhatə etməsi nəzərdə tutulur”.

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək?

Həmçinin Agentlik tərəfindən “Sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı” icra olunur. Proqrama son 1 ildə fəaliyyətdə olan, Agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər müraciət edə bilər. İşsiz şəxslərə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək.

Əlavə olaraq, COVİD-19 dövründə Azərbaycanda  məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbirdən biri kimi, işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Ümumilikdə, bu ilin aprel-may aylarında, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və son günlərdə 5-ci dəfə birdəfəlik ödəmələr verilib. Ümumilikdə, bu il işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramının icrası məqsədilə 350 milyon manatdan çox vəsait sərf olunub.

Nazirliyə məxsus “Məşğulluq” altsistemi üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib. Hazırda “Məşğulluq” altsistemində 31 minə yaxın vakansiya mövcuddur.

Sahib Məmmədov: “Təhsil müəssisələrindəki bəzi peşələrə ehtiyac olmayacaq”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda işçi qüvvəsi həmişə təklifdən yüksək olub: “Bu da demoqrafik məsələlərlə bağlıdır. Məsələn, hazırda əhalinin az qala 70 faizə qədəri əmək qabiliyyətlidir. Bunu məsələn, Avropa ilə müqayisə etmək belə olmaz. Bu gün Azərbaycanda 64 faiz əhali 40 yaşına çatmayanlardır. Belə göstəricilərlə əmək bazarında tələb həmişə təklifdən çox olacaq. Buna görədir ki, hələ Sovet dövründə SSRİ-nin müxtəlif ərazilərində icra olunan böyük tikinti layihələrində azərbaycanlılar üstünlük təşkil edirdi. İndi pandemiya dövründə müxtəlif ölkələrdə olan əmək miqrantlarımızın bir xeyli hissəsi ölkəyə qayıdıblar. Onların çoxu pandemiyanın aradan qalxmasını gözləyirlər və şərait yaranan kimi yenidən getmək niyyətindədirlər. Lakin ola bilsin ki, bir qismi getməsin. Bu isə Azərbaycanın əmək bazarında müəyyən çətinliklər yarada bilər”.

Qeyd edək ki, Vətən Müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan ərazilərinin mühüm hissəsi azad olunub. Dövlət qısa müddət ərzində erməni vəhşiləri tərəfindən dağıdılan həmin ərazilərin bərpasına başlamaq niyyətindədir. Bu isə ölkədə tezliklə çoxminlik iş yerlərinin yaranacağı deməkdir. Artıq Füzulidən Şuşaya yol çəkilişi layihəsi üçün vəsait ayrılıb. Bundan əlavə, “Azərenerji” ASC azad olunmuş ərazilərin enerji təchizatı işləri üçün fəhlədən tutmuş mühəndisə qədər işçi tələb olunduğuna dair elan verib. Lakin aydın məsələdir ki, bu işlər ən yaxşı halda bir neçə aydan sonra başlanacaq.

S.Məmmədov bildirir ki, ərazilərin bərpası total tikintilərin, yenidənqurma layihələrinin başlanmasına səbəb olacaq: “Böyük ehtimalla, pandemiyaya görə ölkəyə qayıdan şəxslərdən də bu işlərə cəlb olunanlar olacaq. Ölkədə hazırda Məşğulluq Strategiyası və onun icrası üçün Tədbirlər Planı həyata keçirilir. Strategiyada bir sıra boşluqlar olsa da, müəyyən işlər görülür. Bərpa prosesi dövlətin işsizliklə bağlı yaranmış problemini xeyli dərəcədə həll etməyə imkan verəcək. Bərpadan sonra isə azad olunmuş ərazilərdə kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı on minlərlə şəxsin işlə təminatına imkan verəcək”.

Dünya SAKİT,
“Yeni Müsavat”