“Azəriqaz”dan deputatın iradlarına CAVAB

87

Deputat Məşhur Məmmədov bu gün parlametdə çıxışı zamanı “Azəriqaz” İtehsalat Birliyindən şikayətçi olduğunu bildirib.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-a bildirib ki, millət vəkilinin  müraciəti Masallı rayonu, Şərəfə kəndində yerləşən yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub:

“Məktuba 1 sentyabr 2020-ci il tarixində yazılan cavabda açıq-aydın qeyd edilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Dövlət Büdcəsindən ayrılan maliyyə vəsaiti ilə mərhələli şəkildə icra olunur. Növbəti mərhələdə Masallı rayonunun təbii qazla təmin olunmayan yeni yaşayış massivlərinin, o cümlədən qeyd olunan ərazinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrıldıqdan sonra həmin yaşayış sahəsinin qaz təminatı məsələsi mərhələli şəkildə öz həllini tapa bilər”.

Qurum rəsmisi deyib ki, deputatın qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində “Azəriqaz” İB-nin adının hallandırılması düzgün deyil:

“Birlik ödənişli qaz çəkilişləri həyata keçirmir. “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşın qanuni icazəsi (lisenziyası) olan 100-dən çox podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaq imkanı var. Seçim onun öz öhdəsinə qalır. Vətəndaş fərdi sifarişi ilə öz vəsaiti hesabına qazlaşmanı aparır və podratçı təşkilatla onun arasındakı münasibətlərə “Azəriqaz” İB müdaxilə etmir. Bu halda Birliyimiz yalnız fərdi yaşayış evlərinin qazlaşdırılması üçün qaz sayğaclarını və texniki şərti ödənişsiz verir. Əgər millət vəkilinin dediyi kimi kimdənsə bizim əməkdaşlarımız vəsait tələb edibsə, o, bunun araşdırılması üçün müvafiq dövlət orqanlarına korrupsiya halı kimi təqdim edə bilər.

Lakin bütün bunlara baxmayaraq, abonent məmnuniyyətini daim üstün tutan Birliyimizin rəhbərliyi yuxarıda adı çəkilən yaşayış massivinin sakinləri üçün öz daxili imkanları hesabına daşıyıcı xəttin çəkilməsini həyata keçirəcək”.

Qeyd edək ki, deputat açıqlama verərək bildirib ki, “Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur:

“Masallıda seçicilər deyir ki, bir qaz çəkilməsi üçün 16400 manat tarif qoyulub. Halbuki heç o evin qiyməti 5000 manat deyil”.