Azərbaycanlı alim: “Koronavirusun dərmanını tapmışıq”

162

TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi Elmi Komitənin növbəti iclası keçirilib. İclasda müzakirə olunan məsələlər – Covid-19 əleyhinə vaksin tətbiqinin strategiyası və digər məsələlərlə bağlı Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Akif Qurbanov Teleqraf.com-un suallarını cavablandırıb.

 

– Doktor, Tibbi Elmi Komitə nə zaman yaradılıb? Qurumun əvvəllər iclası, toplantısı keçirilibmi?

 

– Elmi Komitə bu ilin may ayından fəaliyyət göstərir. Elmi araşdırmaları aparmaq üçün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının xüsusi əmri ilə Elmi Komitə yaradılıb. Komitənin tərkibində tibbin müxtəlif sahələrinin mütəxəssisləri yer alır. Ayda bir neçə dəfə olmaqla Komitə üzvlərinin iştirakı ilə iclaslar keçirilir.

 

TƏBİB tərəfindən bizə təqdim olunan məsələləri müzakirə edib, təkliflər veririk. Həmin təkliflərdən həm TƏBİB öz fəaliyyətində istifadə edir, həm də Operativ Qərargahda nəzərə alınır.

 

– Son iclasda COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar nəzərdən keçirilib. Bu yanaşmalar nədən ibarətdi?

 

– Biz bu məsələni çoxdan müzakirə edirik. COVID-19 xəstəliyində ölümün əsas səbəbi pnevmoniyadır ki, bunun da nəticəsində tənəffüs çatışmazlığı baş verir. COVID-19 xəstəliyinin patogenezi ilə əlaqədar araşdırmalar nəticəsində mənim tərəfimdən COVID-19 xəstəliyinin müalicəsində bir preparatın istifadəsi təklif olunub. Bu preparat COVID-19 xəstəliyinin müalicəsinin effektini artıra bilər və həm də ola bilsin ki, ölüm hallarını da azalda bilər.

 

– Söhbət hansı preparatdan gedir?

 

– Preparatın adını çəkmək istəməzdim. Çünki insanlar həkim nəzarətindən kənarda alıb ev şəraitində qəbul edə, bu isə əks-göstərişlərə səbəb ola bilər. Qeyd edim ki, bu preparat hazırda digər xəstəliklərin müalicəsində istifadə olunur. Bu, xəstəliyin yüngül gedişinin təmin edilməsi, ölüm hallarının azaldılması, ölüm faizinin aşağı düşməsi və xəstənin tez sağalmasını təmin edən preparat ola bilər. Preparat nəzəri cəhətdən əsaslandırılıb, amma bunu sübut etmək lazımdır. Sübutu üçün isə müşahidələr aparılmalıdır.

 

Gözləntilərimiz özünü doğrultduğu təqdirdə, bu təklif Azərbaycan alimlərinin COVID-19 xəstəliyinin müalicəsinə yeni bir yanaşması kimi qiymətləndirilə bilər.

 

– Koronavirusun yeni mutasiyaları nədən xəbər verir?

 

– Virusun bu günə qədər yalnız bir mutasiyası qeydə alınıb. Bu mutasiya virusun yoluxdurma qabiliyyətini artırır və son bir ay ərzində baş verən yoluxma hadisələrində qeydə alınıb. Koronavirusun yoluxma qabiliyyəti digər viruslarla müqayisədə daha yüksəkdir. Məsələn, onun yoluxma qabiliyyəti qrip virusundan 2-3 dəfə çoxdur. Bu hal isə mutasiya nəticəsində bir qədər də artmışdır.

 

Bu mutasiya nəticəsində koronaviruslu xəstə ilə təmas etmiş şəxslərin 50-60 faizi, hətta daha çoxu virusa yoluxa bilər. Hazırda virusda başqa bir mutasiya, yəni onun xəstəlik törətmə qabiliyyətində, infeksionluğunda və sairədə heç bir dəyişiklik aşkarlanmayıb. Rəsmi olaraq açıqlanan budur ki, virusun indi yoluxma qabiliyyətini artıran mutasiya var və mutant virus dünyanın hər yerinə yayılacaq. Lakin bu mutasiya xəstəlyin gedişinə təsir etməyəcək.

 

Ümumiyyətlə, son zamanlar sanki bütün həkimlər virusun xüsusiyyətlərindən, onun mutasiyasından və s. danışır. Qeyd etmək istəyirəm ki, bu kimi məlumatlar ancaq mütəxəssis həkimlər tərəfindən verilməlidir. İstənilən həkim bu sahədə müsahibə verib, mühakimə yürüdursə bəzən səhvlərə yol verərək müəyyən anlaşılmazlıqlar yaradır.

 

– Rusiya vaksininə dünya şübhəylə yanaşır. Bunun özəl səbəbləri varmı?

 

– İstənilən vaksinin hazırlanması ən azı 1 il vaxt alır. Vaksin istehsalında 3 əsas mərhələ var. Bunlardan birincisində vaksinin orqanizmə zərərsiz olması öyrənilir. İkinci mərhələdə virusun immunugenliyi, yəni, vaksinin orqanizmdə virusa qarşı immunitet yaradıb-yaratmaması aşkara çıxarılır. Üçüncü isə klinik sınaqlar mərhələsidir.

 

Hazırda dünyada yüzlərlə vaksin üzərində iş gedir. Onlardan cəmi 6-sı klinik sınaqlar mərhələsinə keçib, əgər Rusiyada hazırlanan vaksini də əlavə etsək, bu say 7 olur.

 

Rusiyada hazırlanan vaksinə birmənalı yanaşılmır. Çünki üçüncü sınağı keçirməmiş vaksinin artıq hazır olması, qeydiyyatdan keçirilməsi və kütləvi istehsalına başlanması haqqında xəbərlər yayıldı. Elm isə belə halları qəbul etmir. Əgər üçüncü mərhələni də uğurla keçsəydi, mütəxəssislər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yəqin ki, bəyənilərdi. Rusiyada hazırlanan vaksin cəmi 2 mərhələni keçdikdən sonra klinik sınaqlara başlamamış vaksin hazırlaması haqqında elan verildi. Artıq bunu kütləvi istehsal edib, növbəti aydan vaksinasiyaya başlayacaqlarını dedilər.

 

Vaksin hazırlanmasına hamı çox həssaslıqla yanaşır. Hazır olmayan, klinik sınaqlar mərhələsini keçməyən vaksini insanlara vurmaq, onları nə qədər qoruyacağı haqqında heç bir məlumat olmadan, vaksini kütləvi istehsala çıxarıb, istifadə etmək olmaz. Əslində heç kəs Rusiyada hazırlanan vaksinə qısqanclıqla yanaşmır. Kimsə hesab edə bilər ki, Rusiya daha tez vaksin istehsal etdiyindən ona görə də ona belə bir münasibət göstərilir, bu, doğru deyil.

 

Rusiyada vaksin hazırlığı gedir, bu təqdirəlayiq haldır. Amma Rusiya bir qədər tələsdi, üçüncü mərhələni də uğurla keçib, vaksinin hazır olduğunu elan etməli idilər.

 

– Necə düşünürsüz, ilk hansı ölkənin vaksini ÜST tərəfindən təsdiqlənib, satışa çıxarılacaq?

 

– Bayaq da qeyd etdiyim ki, 6 namizəd vaksin var. Sanki hazırda bir yarış var, yüzlərlə vaksin arasından 6-7-si finala yaxınlaşır. Bu vaksinlərin hansı daha zərərsiz və daha effektli olcaqsa, o vaksinə üstünlük veriləcək.

 

Azərbaycanda vaksinin ölkəyə gətirilməsi və onun tətbiqi məsələləri ilə TƏBİB məşğul olacaqdır. Elmi Komitənin sonuncu iclasında bu barəndə xeyli müzakirələr aparıldı, TƏBİB idarə heyətinin sədri Ramin müəllim də müzakirələrdə iştirak edirdi. 2 saatlıq müzakirədə hansı vaksinin istifadə oluna bilməsi, bu vaksinin hansı tələblərə cavab verməli olduğu, gələcəkdə vaksinasiya başlayanda hansı prinsiplərin gözlənilməsi məslələri çox ətraflı müzakirə edildi.

 

Hələ ki, əlimizdə vaksin olmadığına görə ümumi müzakirələr aparılır. Vaksin hazır olan kimi, Azərbaycan vaksin sifarişi verdiyi halda, bu məsələləri daha dərindən müzakirə edəcəyik.

 

– Azərbaycanda koronavirusdan ölüm faizi digər ölkələrlə müqayisdə azdı, bunun səbəbləri barədə nə deyərsiz?

 

– Azərbaycanda pandemiyanın ilk günlərindən əks-epidemik tədbirlərlərin həyata keçirilməsində səhiyyə qurumlarına TƏBİB rəhbərlik edir və düşünürəm ki, bu işi uğurla icra edir. Mən özüm də pandemiya dövrü başlayandan görülən işləri izləyirəm, yeni yaradılmış qurum olmasına baxmayaraq, çox böyük işlər görülüb.

 

İlk növbədə onu deyim ki, Azərbaycanda COVID-19 xəstəliyinin müalicəsində TƏBİB tərəfindən ən son protokollar tətbiq edilir. Təsəvvür edin ki, ABŞ, Yaponiya kimi ölkələrdə hansı preparatlar tətbiq edilirsə, Azərbaycanda da onlar tətbiq edilir. Müalicə protokolları çox müasirdir və bu, xəstəliyi effektli müalicəsinə imkan yaradır.

 

Digər tərəfdən isə Azərbaycanda əksepidemik tədbirlər dərhal başlanıldı və bu günə qədər davam edir. Doğrudur, yoluxmaların sayını nəzarətdə saxlamaq üçün sərtləşmələr, yumşalmalar oldu. Bu gün də kütləvi yerlərin açılması xeyli müzakirələrə səbəb olur. Biz yoluxmaların sayını nəzarətdə saxlayırıq və buna görə də xəstələnmələrin sayı çox olmur.

 

Yoluxmaların sayı artdıqda, ağır xəstələrin də sayı çox ola bilər. Ağır xəstələrin sayı çox olanda səhiyyə sistemi yüklənir və bəzən xəstələri xəstəxanaya yerləşdirməyə yer tapmaq belə çətin olur. İtaliyada və İspaniyada bunun şahidi olduq, yoluxma sayı o qədər çox oldu ki, xəstələri yerləşdirməyə klinikalar tapılmırdı. Azərbaycanda isə belə bir hal baş vermədi, çünki qabaqlayıcı tədbirlər vəziyyətin nəzarətdən çıxmasına imkan vermədi. Ona görə də, yoluxmaların, ağır xəstələrin sayı da həddən artıq çox olmadı. Ağır xəstələr isə vaxtında klinikalarda müalicə olundu, əksəriyyəti isə sağaldı. Ona görə də, ölkəmizdə ölüm faizi çox aşağı – 1,2 – 1,4 faiz arasındadır.

 

– Koronavirusun öldürücülük xüsusiyyəti nədən asılıdır?

 

– COVID-19 virusunun öldürücülüyü elə virusun öz xüsusiyyəti ilə əlaqədardır. Virusun pnevmotropluq xüsusiyyəti var, yəni bu virus ağciyər hüceyrələrini sevir. Bildiyiniz kimi, ağciyərlərdə qazlar mübadiləsi gedir, yəni aldığımız havadakı oksigen qana keçir, qandakı karbon qazı isə nəfəs verdiyimiz havaya qayıdır. Qazlar mübadiləsi ağciyərlərimizdə olan alveol hüceyrələri vasitəsilə həyata keçirilir. Virus isə həmin hüceyrələri məhv etdiyi üçün xəstədə tənəffüs çatışmazlığı, boğulma, ağır hallarda isə ölüm baş verir.