“Azərbaycanla yenə də əvvəlki qaydada danışmaq cəhdləri var…”

105

Qubad İbadoğlu: “Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ-ın edəcəyini gözləməyə dəymir, xüsusilə də Ermənistanın istədiyini Qərbdən alması Putin hakimiyyətinin marağında olmayacaq”

Məhəmməd Əsədullazadə: “Ermənistan tərəfi humanitar atəşkəsdən istifadə edərək, toparlanmaq və Azərbaycanın bölmələrinə qarşı diversiya hücumu təşkil etmək niyyətindədir”

Nazim Cəfərsoy: “Prezidentin hərbi geyimdə Müdafiə Nazirliyindəki çıxışındakı “sona qədər gedəcəyik” mesajı bu atəşkəs prosesində xalqda və orduda yarana biləcək narahatlığa cavab vermək mahiyyəti daşıyır”

Xəbər verdiyimiz kimi, oktyabrın 23-də ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla ayrı-ayrılıqda görüşüb. Məhz həmin görüş zamanı 26 oktyabr səhər saat 8-dən yeni, artıq sayca üçüncü humanitar atəşkəs rejiminin elan olunması barədə razılığa gəlinib. Lakin buna baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi, bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur. Həmçinin, o da qeyd olunub ki, dünən səhər saatlarından başlayaraq, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub: “Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır”.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə sözügedən məsələyə dair çıxışında, bütün bunların Ermənistanın humanitar atəşkəsi sözdə dəstəklədiyini, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə etdiyini göstərdiyini bildirib. O əlavə edib ki, Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir: “Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir. Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

“Rusiya və Fransadan sonra eyni məzmunlu çağırışın ABŞ-dan gəlməsi məsələni bir az da qəlizləşdirir”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, ermənilər ABŞ-ın dövlət katibi Mayk Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa biliblər: “Qubadlının qələbə sevincinin dadını çıxarmamış okeanın o tayından yeni xəbər gəldi. Bu dəfə də Tramp tərəfləri atəşkəsə çağırdı. Ermənilərin ABŞ-da əli uzundur, görünür ki, Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər. Trampa “twitter”də bunları yazdırmağa nail oldular: “Mən gecəyarısı qüvvəyə minən atəşkəsə riayət edilməsinə razılıq verən Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi təbrik edirəm. Çoxlu insanın həyatı xilas olacaq. Komandamla fəxr edirəm”. Bu tvitdən açıq görünür ki, mesaj daha çox seçkidə ermənilərdən səs almaq üçün verilib. ABŞ-da seçkiyə 1 həftə qaldı. Bu həftə ən kritik həftədir, həm Trampın, həm də Baydenin yeganə marağı noyabrın 3-ə təyin olunan seçkini nə yolla olursa-olsun udmaqdır. Bunu onların arasında keçirilən final debat da çılpaqlığı ilə göstərdi”.

ADR Hərəkatının sədri hesab edir ki, Rusiya və Fransadan sonra eyni məzmunlu çağırışın ABŞ-dan gəlməsi məsələni bir az da qəlizləşdirir: “Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ-ın edəcəyini gözləməyə dəymir. Xüsusilə də Rusiyadan gözləntiləri doğrulmayan Ermənistanın istədiyini Qərbdən alması Putin hakimiyyətinin marağında olmayacaq. Ona görə də böyük ehtimalla, Rusiya ermənilər vasitəsilə atəşkəsin pozulmasına nail olacaq. Azərbaycana gəlincə, xilaskar ordumuz ermənilərin atəşlərini cavablandırmaq məcburiyyətində qalacaq. Ona görə də atəşkəsə nail olunacağına inanmıram. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağ müharibəsi tarixində 15 dəfədən çox atəşkəs razılaşması olub, yalnız 2 dəfə – 1994-cü il may və 2016-cı il aprel aylarında- əməl olunub. Hər ikisində də Azərbaycan tərəfi birtərəfli qaydada atəşi dayandırıb, qalan vaxtlarda isə atəşkəsi həmişə ermənilər pozub”. Növbəti danışıqların oktyabrın 29-da olacağını, həmin gün Cenevrədə Minsk Qrupunun həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklərini vurğulayan Qubad İbadoğlu ümid edir ki, Azərbaycan ordusu tezliklə Laçını və Kəlbəcəri də işğaldan azad edəcək: “Bu arada, bir sıra ABŞ siyasətçisinin Ankaraya Azərbaycana dəstəyi ilə əlaqədar sanksiya tətbiq etmə təhdidlərinə toxunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur”. O çıxışını belə yekunlaşdırıb: “Ankaraya təzyiq Türkiyənin artan nüfuzunun nəticəsidir”. İnşallah, tezliklə Azərbaycanın xilaskar ordusu Laçını və Kəlbəcəri də işğaldan azad edər. Hədəfdə onlardır. Yolları açıq və aydın olsun!”

“Türkiyə faktoru ortadadır və bu, kənar qüvvələrin müdaxilələrini neytrallaşdıracaq”

“Hürriyyət”in məlumatına görə, “Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan humanitar atəşkəs aktiv döyüş əməliyyatlarının aparılmasını istisna edir” deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bir neçə saatlıq qüvvədə olan humanitar atəşkəs həlledici deyil: “Artıq Ermənistan tərəfi ilk dəqiqələrdən atəşkəsi pozur. Ermənistan tərəfi humanitar atəşkəsdən istifadə edərək, toparlanmaq və Azərbaycanın bölmələrinə qarşı diversiya hücumu təşkil etmək niyyətindədir. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə Ermənistan qoşunları ilə yanaşı, Qarabağda terrorçu Arayik Arutunyanın başçılığı ilə terrorçu qruplar var. İlk növbədə, Ermənistan özü sərhəddə atəşkəsə əməl etməlidir. Azərbaycan tərəfi buna əməl edir. Amma Qarabağda Arutunyanın terrorçuları bu atəşkəsə əməl etmir. Ona görə də belə bir atəşkəsin qüvvədə qalması mümkün deyil”. Politoloq qeyd edib ki, belə bir vəziyyətdə Arayik Arutunyanın terrorçularına qarşı hərbi əməliyyatlar davam etdirilməlidir: “Dövlət başçısı İlham Əliyev də proseslərin sürətlənməsi və tez bir vaxtda ərazilərin işğaldan azad edilməsini vurğuladı. Bizi atəşkəsə çağıranlar birtərəfli, yalnız Ermənistanın maraqlarından çıxış edir. ABŞ prezidenti Donald Trampın atəşkəs çağırışına gəldikdə isə bu, imitasiyadır və erməni seçicilərin dəstəyinə hesablanıb. Həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrləri iki gündən sonra baza prinsipləri üzrə danışıqlara başlamaq üçün Cenevrədə bir araya gələcəklər. Qeyd edim ki, Ermənistan baza prinsiplərini qəbul etmir və Qarabağın müstəqilliyində israrlıdır. Belə olan təqdirdə, bu danışıqlar da səmərəsiz və Azərbaycanı atəşkəsə məcbur etmək üçün bir plandır. Ümumiyyətlə, əməliyyatların həlledici vaxtında Azərbaycanın əməliyyatları dayandırması mümkün görünmür. Azərbaycanla yenə də əvvəlki qaydada danışmaq cəhdləri var. Ona görə də ərazilərin işğaldan azad edilməsi davam edəcək. Türkiyə faktoru ortadadır və bu, kənar qüvvələrin müdaxilələrini neytrallaşdıracaq”.

“Hazırda Azərbaycanın bu haqlı və beynəlxalq hüquqa uyğun tələblərindən imtina etməsinə səbəb ola biləcək mühit, güc tarazlığı yoxdur”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə hesab edir ki, Azərbaycan balans siyasəti apardığından atəşkəsdə də balans lazımdır: “Azərbaycan yeni atəşkəsi qəbul edib. Rusiya və Fransadan sonra ABŞ da olmazsa olmazdı. Unutmayın, biz balans siyasəti aparırıq, ona görə atəşkəsdə də balans lazımdır! Qarabağı azad etmək hərbi-siyasi məsələdir. Hərbini ordu, siyasəti isə prezident və diplomatiyamız edir. Bu arada, prezidentin hərbi geyimdə Müdafiə Nazirliyindəki çıxışındakı “sona qədər gedəcəyik” mesajı da bu atəşkəs prosesində xalqda və orduda yarana biləcək narahatlığa cavab vermək mahiyyəti daşıyır”. QAFSAM-ın sədr müavini onu da bildirib ki, Azərbaycan müharibəni dayandırmaq və müzakirəyə başlamaqla bağlı iki şərt irəli sürür: “Birincisi, Ermənistan ordusu BMT qətnamələrinə uyğun olaraq ərazimizdən çıxmalıdır və bunun üçün də təqvim verməlidir. İkincisi, Ermənistan rəhbərliyi Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etməlidir. Hazırda Azərbaycanın bu haqlı və beynəlxalq hüquqa uyğun tələblərindən imtina etməsinə səbəb ola biləcək mühit, güc tarazlığı yoxdur. Həmçinin, Ermənistanda bu iki şərti qəbul edəcək heç bir siyasətçi yoxdur. Bunu qəbul edən siyasətçinin həm siyasi karyerası, həm həyatı bitər, həm də öz tarixlərində xain kimi qalar. Buna görə də Paşinyan bunu qəbul etməyərək radikal mesajlar verir. Bu halda tək yol kimi Azərbaycanın müharibəni tam qələbəyə qədər aparması qalır. Eyni zamanda, humanitar atəşkəsin tətbiqi Ermənistana çoxlu sayda meyit getməsi deməkdir ki, bu da Paşinyanın iqtidardan devrilməsinə səbəb ola bilər. Ona görə Ermənistan buna maraqlı olmayacaq”.

Vazeh BƏHRAMOĞLU