“Azərbaycanla iqtisadi əlaqələrin qurulmasından imtina olunmamalıdır”

528
Sputnik Armenia, Ermənistan
11.12.2020

Müəllif: Nelli Danielyan

İqtisadçı Vahaqn Xaçaturyan Sputnik Armenia”ya açıqlamasında bildirib ki, Ermənistanın yeni iqtisadiyyat naziri ictimaiyyətin bəzi nümayəndələrinin mənfi reaksiyasına görə ruhdan düşməməli, Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin qurulması ideyasından imtina etməməlidir.

Ermənistan Respublikasının yeni təyin olunmuş iqtisadiyyat naziri Vahan Kerobyan hesab edir ki, biz Azərbaycan bazarının imkanlarından və Türkiyə limanlarından istifadə imkanını nəzərdən keçirməliyik. Vahaqn Xaçaturyan nazirin ideyasını bəyənir. Sadəcə hesab edir ki, bəyanat doğru zamanda səsləndirilməyib.

“Bunu siyasi cəhətdən yox, sırf peşəkarlıq baxımından vaxtsız bəyanat hesab edirəm. Çünki bundan sonra nə baş verəcəyini bilmirik. Odur ki, hazırda bu məsələnin qaldırılmasını məqsədəuyğun saymıram”, – deyə Vahaqn Xaçaturyan bildirib.

İqtisadçı hesab edir ki, yeni iqtisadiyyat nazirinin təklifi peşəkarlar tərəfindən yaxşı öyrənilməlidir, çünki, bu fikrin arxasında nələrin dayandığını hələ heç kim bilmir: “Biz bu ölkələrə nə idxal, oradan nə ixrac edə bilərik? Bu bazarlar bizim üçün əlverişlidirmi? Biz hələ Azərbaycan bazarına yaxşı bələd deyilik. Onu araşdırmağa ciddi ehtiyac var. Əgər Azərbaycanla iqtisadi əlaqələrin qurulması məsələsi qaldırılırsa, yaxşı olardı ki, hökumət “Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda ciddi layihə təqdim etsin”.

Vahaqn Xaçaturyanın fikrincə, Ermənistanın Türkiyə ilə mümkün iqtisadi münasibətləri daha real görünür. Məsələ ondadır ki, bu iki ölkə arasında diplomatik münasibətlər olmasa da, iqtisadi əlaqələr var.

“Bir iqtisadçı kimi Azərbaycan iqtisadiyyatı haqda məlumat toplamağa çalışsam da, buna nail ola bilmədim. Bu məlumatlar məxfidir. Bizim ümumiyyətlə Azərbaycanın iqtisadi quruluşu haqda təsəvvürümüz yoxdur. Azərbaycan iqtisadiyyatı dedikdə ağlımıza ilk növbədə neft gəlir. Amma belə məlum olur ki, onların nəinki nefti, həmçinin çox güclü emal, maşınqayırma, dəqiq maşınqayırma, kimya sənayesi də var. Sumqayıtda bir sıra böyük müəssisələr fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan iqtisadiyyatı haqda dəqiq məlumatımız yoxdur”, – deyə Xaçaturyan qeyd edib.

Vahaqn Xaçaturyan hesab edir ki, yeni təyin olunmuş iqtisadiyyat naziri ictimaiyyətin bəzi nümayəndələrinin mənfi reaksiyasına görə ruhdan düşməməlidir. O, naziri bu ideyadan imtina etməməyə, müəyyən zaman keçdikdən sonra onu əsaslandıraraq yenidən ictimaiyyətə təqdim etməyə çağırıb: “Əminəm ki, nazir bu ideyanı yaxşı əsaslandırarsa, bu bəzi iş adamları üçün maraqlı olacaq. Ermənistan ilk növbədə öz daxili resurslarından düzgün istifadə etməyi bacarmalıdır”.

Xatırladaq ki, Vahan Kerobyan Ermənistanın iqtisadiyyat naziri təyin olunduqdan bir neçə gün sonra bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması ölkə iqtisadiyyat üçün çox faydalı olardı. O, perspektivdə Azərbaycan bazarının imkanlarından və Türkiyə limanlarından istifadəni istisna etməyib. Lakin nazirin bəyanatı Azərbaycana və Türkiyəyə qarşı 44 gün döyüşmüş Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

(Erməni dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Sputnik Armenia