Azərbaycanın yardımsevrəliyi – LAYİHƏ

32

Ölkəmiz pandemiyadan əzab çəkən 29 ölkəyə humanitar yardım göstərib

Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib. O, həmçinin bildirib ki, pandemiya zamanı qlobal səviyyədə çox fəal çalışdıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda, hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə yardımı göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimizin bir hissəsi idi.

Qoşulmama Beynəlxalq Hərəkatında Azərbaycanın rolu

Silahlı münaqişələr, Ebola epidemiyası, quraqlıq və ərzaq qıtlığından əziyyət çəkən Afrika qitəsi COVID-19 pandemiyası nəticəsində humanitar fəlakət zonasına çevrilib. Avropa İttifaqı, ABŞ, Çin, Yaponiya, habelə BMT bu ağır dövrdə Afrika ölkələrinə yardım istiqamətində mühüm işlər görürlər. Qoşulmama Hərəkatının sədri kimi prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında bu il mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü köməyə ehtiyacı olan dövlətlər üçün nicat yolu oldu. Bunun ardınca Azərbaycanın  Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən imzalanmış Donor Sazişinə əsasən Azərbaycan tərəfindən ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsinin nəzərdə tutulması beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Zirvə görüşündəki çıxışında bildirmişdi: “İstərdik ki, biz bundan sonra da Qoşulmama Hərəkatının timsalında dəstəyi görək, onu alaq və əhaliyə çatdıraq. Pandemiyanın qarşısının vaxtında alınması üçün Afrika dövlətlərinə, xüsusən də bəzi ölkələrə bu dəstək göstərilsin. Əgər bu olmasa, həmin dövlətlər üçün fəsadlar çox ağır olacaqdır. Afrika nəinki öz imkanlarına, həmçinin öz tərəfdaşlarının dəstəyinə arxalanır”.

Rəsmi məlumatlara görə, Afrikada indiyədək koronavirusa 68 minə yaxın yoluxma halı qeydə alınıb, 2355 nəfər isə həyatını itirib. Lakin pandemiya dövründə qitə ölkələrinin üzləşdiyi ən ağır problem aclıq və səfalətdir. BMT Ərzaq Proqramının hesabatında qeyd olunub ki, COVID-19 virusunun fəsadları nəticəsində dünyada aclıq həddində olan insanların sayı 135 milyondan 265 milyon nəfərə çata bilər. Ərzaq qıtlığı olan ölkələrin arasında Konqo, Efiopiya, Cənubi Sudan, Nigeriya, Sudan da var. Koronavirus pandemiyası ilə əlaqədar humanitar yüklərin daşındığı aviasiya və dəniz nəqliyyatının iflic olması vəziyyəti daha da mürəkkəbləşdirib. Donor ölkələr və beynəlxalq təşkilatlar problemin həlli məqsədilə Afrika İttifaqı ilə birlikdə tədbirlər həyata keçirirlər. Artıq pandemiya və quraqlıq nəticəsində Qərbi Afrika və Sahil regionunda 19 milyon insanın aclıq fəlakəti ilə üzləşdiyi bildirilir. Dünya Bankının təhlillərinə görə, Afrika qitəsi ölkələrinin iqtisadiyyatı son 25 ildə ilk dəfə resessiya ilə üzləşə bilər. Əsas vəsaitləri COVID-19 pandemiyası ilə mübarizəyə yönəltməyə məcbur olan qitə dövlətləri milli valyutaların devalvasiyası, qiymətlərin kəskin şəkildə artması, ərzaq qıtlığı problemləri ilə üzləşib. Ötən il baş vermiş quraqlıq nəticəsində Afrikanın cənubunda aclıq fəlakəti ilə üz-üzə qalan 45 milyon insanın vəziyyəti koronavirus pandemiyası nəticəsində daha da ağırlaşıb. Dünya Ərzaq Proqramının Cənubi Afrika üzrə nümayəndəsi Lola Kastronun sözlərinə görə, Zimbabve, Malavi, Botsvana və Namibiyanın humanitar fəlakətdən xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir. O, tezliklə humanitar dəhlizin açılması və donorların yardımlarının bu bölgəyə çatdırılmasını təklif edib. Kastro əlavə edib ki, hazırda Afrikanın cənubunda 400 milyon insanın ərzaqla təmin edilməsi üçün əlavə yardımlar tələb olunur. Bu ölkələrdə pandemiyadan öncə də ağır sosial vəziyyət mövcud olub, insanların gündəlik orta qazancı 2 dollardan da azdır. Artıq Afrika ölkələrinin bir çoxunda karantin rejimi yumşaldılıb. Eyni zamanda, vəziyyət ağır olaraq qalır. Rəsmi məlumatlara görə, Afrika qitəsində əhalinin 85 faizinin rəsmi məşğulluğu, 66 faizinin bank hesabı yoxdur. Bu cür ağır vəziyyətdə Afrika liderləri Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzv dövlətlərinə böyük ümidlər bəsləyir. Bunu Zirvə görüşündə çıxışlarında Afrika İttifaqının əvvəlki və hazırkı sədrləri, Misir və Cənubi Afrika prezidentləri Əbdülfəttah əs-Sisi və Siril Ramafoza da vurğulayıblar. Hər iki lider Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyini yüksək qiymətləndirib.

Azərbaycan 29 ölkəyə humanitar yardım göstərib

Elmin bu qədər inkişaf etdiyi XXI əsrdə süni intellekt formalaşdıran müasir dünya insanı beş aydır bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus adlı bəlaya qarşı hələ də aciz durumda qalmaqdadır. Virusa qarşı vaksinin tapılmaması dünya iqtisadiyyatını getdikcə çökdürməkdədir. Bir tərəfdən insan tələfatı, digər tərəfdən isə iqtisadi tənəzzül dünyanın bəzi dövlətlərini acınacaqlı duruma salıb. Elə bu səbəbdən BMT və ÜST həmin ölkələrə yardımların edilməsi ilə bağlı çağırışlar edirlər. Qlobal pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görən, özünün xilas modelini yaradaraq əhalisini, iqtisadiyyatını qorumaqla təhlükədən az itki ilə çıxmağı qarşısına məqsəd qoyan bəzi dövlətlər bu çağırışa müsbət cavab verirlər. Sevindirici haldır ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da bu ölkələr sırasındadır.

Hazırda qlobal pandemiyaya qarşı mübarizə aparan, onun təsirindən az itki ilə çıxmaq üçün daxili imkanlarını səfərbər edən Azərbaycan dövləti hər zaman olduğu kimi məhz bu çətin dövrdə də xoşməramlı missiyasını davam etdirir.
İndiyədək Azərbaycan pandemiyadan əziyyət çəkən bir çox dövlətə kömək əlini uzadıb. İyunun 9-da növbəti modul tipli xəstəxanaların açılışında iştirak edən prezident İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizədə görülən işlərdən söz açaraq Azərbaycanın dünya dövlətlərinə etdiyi yardımlardan danışdı, həmçinin ölkəmizin bəzi dövlətlərlə müqayisəsini apardı.
Prezident öncə vurğuladı ki, pandemiya ilə mübarizədə əsas məsələ özünə qapanmamaqdır. Ancaq pandemiyanın ilkin dövründə bəzi ölkələr bu yola əl ataraq sonradan peşman oldular: “Həmin ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir”.

Buna paralel olaraq Azərbaycan fərdi qaydada 14, Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərib. Bu proses indi də davam edir. 15 ölkə hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı ÜST və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir. Bir sözlə, Azərbaycan dövləti müraciət edən bütün dövlətlərə əl tutaraq öz köməyini əsirgəməyib.

Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına da fərdi qaydada iki dəfə (ümumilikdə 10 milyon dollar) ianə verib və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib: “Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri”.

Uğursuzluq zolağı arxada qalıb

Hazırda bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyət davam edir. Ölkəmizdə və bəzi dövlətlərdə baş verən hadisələrə baxdıqda bir daha görünür ki, Azərbaycan bu sahədə öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Azərbaycandakı durumu işğalçı Ermənistandakı vəziyyətlə müqayisə edən prezident deyib ki, koronavirus bu ölkəni iflic duruma salıb. Ermənistanda gündən-günə yoluxma, ölüm faktları sürətlə artır. Bunun da səbəbi, əlbəttə ki, ölkə rəhbərliyinin qabaqlayıcı tədbirlər görməməsi, əhalinin sağlamlığını ciddiyə almamasıdır. Elə bunun səbəbidir ki, Azərbaycan prezidenti bu istiqamətdə gördüyü işlərə görə hər gün yüzlərlə təşəkkür məktubu alırsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir.
Prezident lham Əliyev həmçinin inkişaf etmiş ölkələrlə də müqayisə aparıb. Məsələn, bu gün inkişaf etmiş elə ölkələr var ki, ölənlərin sayı Azərbaycanda yoluxanların sayından çoxdur: “Bəzi inkişaf etmiş ölkələrinin  əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, – hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, – ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.

Bununla yanaşı ölkəmizdə qısa zaman ərzində tibbi klinikalar tikilib istifadəyə verilib. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanalar ayrılıb və bu xəstəxanaların sayı 20-dən çoxdur. 4 modul tipli xəstəxana quraşdırılıb. Bundan sonra hələ daha 6 belə xəstəxananın quraşdırılması nəzərdə tutulub. Həmçinin yeni laboratoriyalar alınıb. Hazırda laboratoriyaların sayı 20-dən artıqdır.

Bütün bunlar Azərbaycan dövlətinin qlobal pandemiya ilə mübarizədə gördüyü genişmiqyaslı işlərin tərkib hissəsidir. Elə bu uğurlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan postpandemiya dövründə də bəzi dövlətlərdən fərqli olaraq sosial-iqtisadi cəhətdən böyük problemlərlə üzləşməyəcək. Bunu beynəlxalq iqtisadi təşkilatlar da təsdiqləyirlər.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.