“Qarabağ” klubunun kolimbiyalı futbolçusu Kevin Medina “Report”un suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
– Çempionatdakı son oyunlarınızda “Neftçi”ni 6:0, “Sumqayıt” və “Keşlə”ni isə 6:1 hesabı ilə məğlub etdiniz. Rəqibləriniz bu qədər zəifdir?
– Mən elə düşünmürəm. Premyer Liqada zəif rəqib yoxdur. Biz komanda olaraq, yaxşı formadayıq. Növbəti matçlarda da bu çıxışımızı davam etdirmək istəyirik.
– Avropa Liqasının qrup mərhələsinin IV turunda “Sivasspor”la qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədən ibarətdir?
– Yaxşı komanda ilə qarşılaşacağımızı bilirik. Hazırda bu matça köklənməliyik. Qarşımızda bizim kimi motivasiyalı rəqib olacaq. Nəticə qazanmaq üçün çalışacağıq.
– Heyətinizdə zədəli və koronavirusa yoluxmuş futbolçular var. Bu, sizə Türkiyə təmsilçisi ilə görüşdə necə təsir edəcək?
– Yaxşı oyunçularımız və heyətimiz var. Həmin futbolçuların yerini doldura bilərik. Biz bir ailəyik. Bunu necə edəcəyimizi matçdan sonra dəyərləndirə bilərik.
– Qrupdakı ilk 3 matçda xal qazana bilməmisiniz. Bunun əsas səbəbi nədir?
– Əslində çox amillər var. Hansısa birini qabartmaq çətindir. Bütün səhvlərimizi analiz etmişik. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq.
– Azərbaycanın cəhbədə qazandığı qələbə barədə nə deyə bilərsiniz?
– Bütün xalqınızı, sizi təbrik edirəm. Hazırda Azərbaycan xalqının xoşbəxtliyi – mənim də xoşbəxtliyimdir.