Azərbaycanın sərvətini talan edənlər…

90

Rəsmi Bakı Dağlıq Qarabağ ərazisini qanunsuz istismar edən xarici şirkətlər barədə nə kimi hüquqi tədbirlər görməlidir?

Və yaxud mülki əhalimizə qarşı terror həyata keçirəm Ermənistanın hərbi-siyasi rəhbərliyi Beynəlxalq Hərbi Tribunalda cəzalandırıla bilər?

Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərdə qalmışdır. Məlum olduğu kimi, bu ərazilərdə ölkənin iqtisadi potensialı üçün əhəmiyyətli olan 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl yatağı yerləşir.

Ekspertlərin təqribi hesablamalarına görə, Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalındakı digər ərazilərində, yəni 7 rayonda indiyədək kəşf olunmuş, resursları hesablanmış yataqlarla mədənlərin resursları minium 7.6 milyard dollar həcmindədir.

Bəs, işğal olunmuş ərazilərimizdə mövcud olan yataqların istismarını həyata keçirən xarici şirkətlərə və onların aid olduğu dövlətlərə qarşı hüquqi müstəvidə hansısa addımlar atılacaqmı?

Digər tərəfdən təkcə tentyabrın 27-də əks-hücum əməliyyatları başlayandan bu günə kimi, çarəsiz düşmənin müllki əhalini, yaşayış məntəqələrini mərmi və raketlərdən atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb. Bundan başqa, 341 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1846 yaşayış evi yarasız hala düşüb. Ali Baş Komandanın da dediyi kimi, bu məsələdə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbrəliyinin üzərinə düşür. Bəs, Ermənistanın siyasi-hərbi rəhbərliyini beynəlxalq qabunlara əsasən hansı cəza gözləyə bilər?

Tanınmış hüquqşünas Bəhruz Bayramov hesab edir ki, torpaqlar tam azad olunduqdan sonra həmin şirkətlər müəyyən olunmalıdır: “Torpaqlar azad olunandan sonra həmin şirkətlər müəyyən edilə bilər. Ümumiyyətlə, əvvəlcədən – onlara işə başlayan andan etirazlar etmək lazım idi. Vurulan ziyan müəyyən edilməli və həmin şirkətlər beynəlxalq məhkəmələrə verilməlidir. Onların ordan nə qədər gəlir əldə etməsi, ölkəmizə nə qədər ziyan vurulması, vergiylə bağlı və s. tələblər edilə bilər. Dediyim kimi, əvvəlcə sözügedən şirkətlər müəyyən olunmalıdır. Daha sonra, həmin şirkətlərin müqavilələri müəyyən olunmalı və qondarma “Dağlıq Qarabağ respublikası”na nə qədər vergi ödədikləri araşdırılmalıdır. Təkcə Qızıl Zod mədənindən bir il ərzində separatçı rejimə 52 milyon manat vergi ödənilib. Bütün bunlara isbat olunuqdan sonra, HAAQA tiribunalına çıxarılmalıdır. Fikrimicə, vurulan ziyan tələb oluna bilər. Çünki 30 ilə yaxındır orda qanunsuz tikillilər mövcudur”.

Bəhruz Bayramov deyir ki, Ermənistanın mülki əhalini hədəf seçməsiylə bağlı da beynəlxalq cinayət işinin başlanması üçün hüquqi tədbirlər görülməlidir: “Baş prokuror Kamran Əliyev bildirdi ki, mülki əhaliyə qarşı baş verən hadisələrlə bağlı 20-yə yaxın cinayət işi qaldırılıb. Bu, tədirəlayiq haldır. Şahbaz və Dilqəm öz ərazimizdə əsir götürülərkən, Baş Prokurorluğa müraciət etdim ki, onları qanunsuz həbs edənlərlə bağlı cinayət işi qaldırılmalıdır. Düzdür, cinayət işi qaldırılmadı. Daha sonra, yaxınlarının vasitəçiliyi ilə Kəlbəcər rayon Prokurorluğuna müraciət etdik. Onlar isə, könülsüz cinayət işi qaldırdılar və heç bir nəticəsi də olmadı. Ümumiyyətlə, beynəlxalq hüquq normaları əsasında cinayət işinin müəyyən edilməsi üçün əvvəlcə həmin şəxslər axtarışa verilməlidir. Daha sonra, beynəlxalq məhkəmə sayılan şəxs hərbi tirubunala, yəni HAAQA məhkəməsinə çıxarılır. Bunun üçün ilkin qayda Azərbaycanın cinayət işinin qaldırması və həmin şəxslərin müəyyən olunmasıdır. HAAQA məhkəməsində hərbi cinayət törədən şəxslərə daha çox ömürlük cəzalar verilir. Amma bu proses çox çətindir. Hüquqi müstəvidə buna nail olmaq üçün, müəyyən qaydalardan keçmək lazımdır”.

Hüquqşünas Roman Qaraşovun sözlərinə görə, işğal olunmuş ərazilərimizdə iqtisadi cinayətlərin demək olar ki, əksəriyyəti törədilib. O, vergi ödənişlərindən yayınma, sosial müdafiə ödənişlərinin edilməməsi və s. istiqamətdə iddia qaldırıla biləcəyini bildirir: “Dağlıq Qarabağ və işğal olunmuş bütün ərazilərimizdə qanunsuz fəaliyyət göstərən istənilən şirkətin fəaliyyəti qadağandır. Ona görə ki, onlar Azərbaycan hökümətindən icazə almalı və Azərbaycanın müvafiq vergi qurumlarında qeydiyyatdan keçməlidirlər.

Azərbaycanın qoyduğu qanunlara tabe olub, fəaliyyət göstərməlidirlər. Lakin onların hazırki fəaliyyəti qanunsuz sahibkarlıqdan ibarətdir. Eyni zamanda, dövlətə ödənməli olan külli miqdarda vəsaitdən yayınıblar. Digər tərəfdən, texniki normaların fəaliyyətinə düzgün əməl edilməyib. Bilirsiniz ki, dağ-mədən sənayesi müəyyən olunmuş standartlara əsasən çalışır. Həmin qaydalar kobud şəkildə pozulub. Azərbaycanın həmin şirkətlərlə bağlı iddia qaldırması mümkündür. Həmin dövlətlərə qarşı iddianın verilməsi isə sual doğurur. Şirkətlərlə bağlı həmin dövlətlərə müraciət olunduqda bildirilib ki, əgər, həmin şirkətlərin fəaliyyəti qanunsuzdursa, birbaşa özünüz müdaxilə edin. Lakin Azərbaycanın işğal olunmuş ərazilərdə həmin şirkətlərə müdaxilə etmək imkanı olmayıb. Həmin ərazilərdə iqtisadi cinayətlərin demək olar ki, əksəriyyəti törədilib. Vergi ödənişlərindən yayınma, sosial müdafiə ödənişlərinin edilməməsi və s. istiqamətində iddia qaldırıla bilər. Şirkətləri maddi məsuliyyət, onların vəzifəli şəxslərini isə cinayət məsuliyətinə cəlb etmək mümkündür”.

Hüquqşünas deyib ki, beynəlxalq qanunvericilikdə hərbi cinayət törədənlərin cəzalandırılması nəzərdə tutulsa da, bu, çox hallarda icra edilmir. O, bunun bir çox hallarda bəyanət verməklə və əməlləri pislənilməklə kifayətlənildiyini qeyd edib: “Hazırda beynəlxalq hüquq işlək deyil. Çünki konkret mexanizm işlənməyib. Beynəlxalq qanunvericilikdə hərbi cinayət törədənlərin cəzalandırılması nəzərdə tutulsa da, bu çox hallarda icra edilmir. Bir çox hallarda bəyanət verməklə və əməlləri pislənilməklə kifayətlənirlər. Ona görə də Azərbaycan dövlət olaraq, özünü müdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatları həyata keçririr. Düşmən əsasən, Ceneverə konvensiyasının müddəallarını pozur. Ərazi hüdudları və müharibə zolağı var. Düşmən də müharibə zolağından kənar mülki insanları atəşə tutur. Təbbii ki, onlar beynəlxalq qanun pozuntusu edir. HAAQA məhkəməsi bu işə baxa bilər. Lakin, bu zaman hər iki ölkənin razılığı olmalıdır. Hər iki ölkənin razılığı olmadığına görə, bu çətin prosesdurdur”.

Tanınmış vəkil Aqil Layic həmin şirkətlərə qarşı iddia qaldılmasında problem olmadığını deyir. O, mülki əhaliyə qarşı törədilən təxribat hadisələrinə də münasibət bildirib. Hüquqşünas Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu günə qədən 20-dən çox cinayət işinin qaldırıldığını bildirib: “İstənilən halda bu qaydalar çətin olacaq. Amma əvvəlcə həmin şirkətlərin hansı ölkələrə aid olduğu müəyyən edilməlidir. Həmin şirkətlər ərazinin Azərbaycana aid olduğunu bilirdilər. Bu baxımdan, həmin şirkətlərə qarşı iddia qaldırıla bilər. Burda problem görmürəm.

Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinyayət işi qaldırıb. Yəgin ki, cinayətkarların cəzalandırılması üçün axtarışa da veriləcək. Bu effektiv gösrənməyə bilər. Lakin hərbi cinayət faktoru olduğuna görə, beynəlxalq qanunlarla cəzalandırıla bilərlər”.

Respublikaçı Alternativ Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli isə həmin şirkətlərin cəzalandırılması üçün  Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmalı olduğunu deyib. O, həmin şirkətlərin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərindən əldə etdiyi qazancı kompensasiya şəklində ödəməli olduğunu xüsusi vurğulayıb: “Artıq hüquqi müstəvidə addımlar atılıb. Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə xəbərdalıqlar edib. Hətta bəzi şirkətlərin ərazidən çıxmasına nail də olunub. Çox güman ki, bölgədə döyüş getdiyinə görə, xarici şirkətlərin özləri də əraziləri tərk edəcəklər. Torpaqlarımız tamamilə işğaldan azad olunduqdan və təhlükəsizlik tam təmin edildikdən sonra, beynəlxalq investorların cəlb edilməsi mümkündür. Amma beynəlxalq investorların siyahısında Dağlıq Qarabağın işğal olunmuş torpaqlarında bu günə qədər fəaliyyət göstərən şirkətlərə qadağa qoyulmalıdır. Bu dünyaya da mesaj olmuş olar. Həmin şirkətlər bir daha həmin ərazilərdə bisnes layihələrində iştirak edə bilməyəcəklər. Bu işin hüquqi müstəvisi var. Bundan sonra, torpaqlar tam azad olunduqdan sonra təbii ki, həmin yataqlarda yeni tenderlər elan olunacaq. Həmin tenderlərdə eyni şirkətlərin iştirak etməsi mümkünsüz olacaqdır. Əlbəttə ki, həmin şirkətlərin cəzalandırılmasının hüquqi qaydası var. Buna görə də Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qoşulmalıdır. Ümid edirəm ki, tam qələbədən sonra bu işə yenidən baxılacaq. Bir sıra hüquqi təşkilatlara qoşulduqdan sonra, iddi qaldırıla bilər. Həmin şirkətlər işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərindən əldə etdiyi qazancı kompensasiya şəklində ödəməlidir”.

Natiq Cəfərli deyir ki, Ermənistan siyasi-həribi rəhbərliyinin cəzalandırılması üçün BMT-nin xətti ilə hərbi tribunal qurula bilər: “Bu da bir qədər çətin prosedur sayılır. Elə hüquqi təşkilatlar var ki, nə Azərbaycan, nə də Ermənistan qoşulmayıb. Çünki müharibə şəraitində olan ölkələrin qoşulması problem yaradır. Amma biz BMT-yə müraciət edə bilərik. BMT-nin bununla bağlı müəyyən mexanizmləri var. Balkan ölkələriylə bağlı bu həyata keçirilib. Əvvəlcə, BMT xəttiylə iş görüldü, daha sonra HAAQA məhkəməsi quruldu. Ona görə də BMT-yə indi müraciət edib, hüquqi zəmin hazırlamalıyıq. Hüquqi zəmin hazırladıqdan sonra, BMT-nin xətti ilə hərbi tribunal qurula bilər. Yalnız, bütün məsələlərə orda baxıla bilər. Ona da qeyd edim ki, bu çox uzun prosedurdur. Eyni zamanda. Bu işdə beyəlxalq medialarla işləmək lazımdır. Balkan ölkələrinin təcrübəsini nəzərə alsaq, orda rütbəli şəxslərə ömürlük cəza verilmişdir. Çünki beynəlxalq tribunallarda ölüm hökmü ləğv edilib”.

YƏHYA