Azərbaycanın lobbiçilik və diaspor siyasəti – LAYİHƏ

87

Bu sahədə uğur əldə etmək üçün ilk növbədə analitik tədqiqatlara ehtiyac var

XIX yüzillikdə ABŞ, Kanada, Avstraliya, Şimali Afrika və bir çox bölgələrdə dövrə görə inkişaf etmiş dövlətlərin kolonial siyasətlərini əvəz edən lobbi təşkilatları və diaspor strukturları formalaşmağa başladı. XX yüzillikdə isə, artıq diaspor və lobbi siyasəti qlobal xarakter daşıyırdı. Belə ki, ABŞ-dakı alman, italyan, irland, meksikalı, yəhudi, rus, ukraynalı, afro-amerikan, ərəb, türk, hindli, çinli və digər icmalar həm də ölkədə siyasi, iqtisadi və sosial baxımdan öz təsir vasitələrini gündəmə gitrməyə başladılar. Belə bir proses Kanada, Avstraliya və digər dövlətlər müşahidə olunurdu. Bundan əlavə, postkolonial fransız, portuqal və ispandilli ölkələrdə yeni proseslər dalğalanmağa başladı. Fransa, Almaniya, İngiltərə, Hollandiya, İspaniya, Portuqaliya və İtaliyada yurd dışındakı soydaşlarla bağlı strateji araşdırmalar və gələcək üçün yeni planların həyata keçirilməsi istiqamətində milli mərkəzləri yaradıldı. Bu günədək fəaliyyətləri davam edən həmin mərkəzlər lobbiçilik və diaspor siyasətinin ayrılmaz bir parçasına çevriliblər.

Azərbaycanın lobbiçilik və diaspor siyasətinin mənzərəsi

1991-ci ildə dövlət müstəqilliyi qazandıqdan sonra, demək olar ki, ilkin mərhələdə yaxın xarici ölkələrdə və eləcə də Avropada yaşayan soydaşlarımız milli-mədəni maarifçilik baxımından uğurlu addımlar atmağa başladılar. Ukrayna, Litva, Latviya, Estoniya, Rusiya, Qazaxstan, Moldova, Özbəkistan, Qırğızstanla yanaşı, Almaniya, Fransa, Avstriya, Hollandiya, Polşa, Belçika, İsveç, Norveç, Finlandiya, Kanada və ABŞ-da çoxsaylı qəzetlər, dərgilər dərc etməyə başladılar. Hər bir qəzetin və ya dərginin ətrafında milli-mədəni təsisatlar formalaşırdı. Bu prosesdə sadəcə Şimali Azərbaycan əsilli deyil, həm də Cənubi Azərbaycanlı soydaşlarımız da bir araya gəlmişdilər. Bütün bu strukturlar Azərbaycan həqiqətlərini dünyaya tanıtdırmaq və həm də Şimali Azərbaycanın dövlət müstəqilliyinə inamı gücləndirmək məqsədi ilə həyata keçirilirdi. Hətta bir sıra ölkələrdə azərbaycandilli radio kanallar daha irəli gedərək, dünyanın bir sıra dövlətlərində milli mədəniyyətimizin təbliğatını daha da gücləndirmək üçün qəti addımlar atırdılar. Almaniyada çap olunan “Qaynarca”, “Ana dili”, “Dan Ulduzu”, Ukraynada “Odlar Yurdu”, Litvada “Savalan” qəzetləri, Polşada “Xudafərin” dərgisi  və digər mətbu orqanlar bu amala xidmət edirdilər. Rusiyanın bir çox bölgələrində ana dilimizdə nəşr olunan qəzetlər Azərbaycanın milli maraqlarını önə sürməklə həmin dönəmdə çox işlər gördülər.
Milli diaspor quruculuğumuz 1990-cı illərin ortalarında faktiki iki hissəyə bölünmüş durumdaydı. Bu, postsovet məkanına daxil olan ölkələrdəki diaspor və Qərbdə intişar tapan milli təşkilatlarımızdan ibarət idi. Postsovet məkanı respublikalarında təəssüflə qeyd etməliyik ki, bir sıra diaspor təşkilatları kriminal qruplaşmaların nəzarətinə keçmişdi. Həmin təşkilatlar kriminal ünsürlərdən təşkil olunmaqla yanaşı, həm də milli mənafelərimizə arxa çevirmişdilər. Qərb ölkələrindəki diaspor təşkilatlarımızın əksəriyyətini Güney Azərbaycan əsilli mühacirlər təşkil etdiyi üçün, onlar İran İslam Respublikasının mövcud iqtidarına qarşı müxalifətdə olanlardan ibarət idi. Belə bir ərəfədə Azərbaycan Respublikası ən ağır dönəmləri yaşamaqla üz-üzə qalmışdı. Bir yandan Qarabağ uğrunda xalqımızın apardığı mübarizə, digər yandan ölkədə daxili siyasi çəkişmələr, başqa bir yandan iqtisadi şəraitin dözülməz həddə gəlib çatması Azərbaycanın beynəlxalq səviyyədə diaspor quruculuğu və lobbiçilik fəaliyyətləri üçün arzu olunan səviyyədə deyildi.

2002-ci il zəfərinin uğurları

Həmin il dövlət başçısı Heydər Əliyevin qərarı ilə ilk dəfə olaraq, “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” yaradıldı. Bu dünyanın dörd bir bucağında yaşayan bütün soydaşlarımızla konsolidasiya siyasətini gündəmə gətirməklə yanaşı, həm də diaspordan lobbiyə doğru inkişafda yeni mərhələnin təməlini qoydu. Beləliklə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 300-dən çox birlik, cəmiyyət və assosiasiya bir araya gətirildi. Bu yöndə atılan addımlardan uğurlu addımlardan biri də, “Dünya Azərnbaycanlılarının Qurultayı” adı ilə paytaxt  Bakıda bir neçə dəfə dövlət səviyyəsində genişmiqyaslı tədbirlərin keçirilməsinə yol açdı. Dövlətmizin dəstəyi ilə xarici ölkələrdə Azərbaycanın milli maraqlarının təmin edilməsi iqtiqamətində bir sıra tədbirlər planları hazırlandı. Bu tədbirlərdən biri də xüsusilə Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı işğalçılıq siyasətini ifşa etmək idi.
Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli sərəncamında vurğulanmışdır ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası çox vacibdir. O, daha sonra bildirmişdir ki: “Yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz ana dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər”.
Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqaməti kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü dəfələrlə qeyd etmişdir.
Faktiki olaraq, “Dünya Azərbaycanlılarının II Qurultayı”ndan sonra, keçmişdən miras qalmış bir sıra neqativ halların aradan qaldırılması üçün çox ciddi addımlar atıldı. Xüsusilə, postsovet məkanında diaspor anlayışını özlərinin ucuz və bayağı maraqları çərçivəsində kriminal elementlərlə idarə etmək istəyən qruplar tədricən sıradan çıxarıldı. İntellektual səviyyədə diaspor işi ilə bağlı fəaliyyət göstərmək istəyənlərə geniş yer verildi. Demək olar ki, hər bir diaspor təşkilatı özünün səmərəli işi ilə cəmiyyət qarşısında hesabat verməli olduğunu gündəmə gətirməyə başladı. Hətta daha da irəli gedərək, Azərbaycanın milli maraqları çərçivəsində mövcud şəraitə görə çoxsaylı tədbirlər və aksiyalar həyata keçirildi. Rusiya, Ukrayna, Özbəkistan və Qazaxstandakı diaspor təşkilatlarımız arasında yaşanılan bəzi anlaşılmazlıqlar da aradan qaldırıldı. Avropa ölkələrindəki diaspor təşkilatlarımız daha da irəli gedərək beynəlxalq miqyaslı tədbirlərə imza atdılar. Bu, “Xocalı Faciəsinə Ədalət”, “Qanlı 20 Yanvar Faciəsi”nin tanınması, “Qarabağ həqiqətləri”nin ortaya qoyulması, bir sıra beynəlxalq təşkilatlar qarşısında aksiyaların təşkili, Azərbaycana real münasibətin tanınması və digər tədbirlər vasitəsilə həyata keçirildi.

2018-ci il aprel islahatlarının strateji hədəfləri

Aprel ayında başlanılan islahatlar ilk dəfə olaraq, Azərbaycanda “məmur oliqarxiya” təfəkkürü ilə idarəetmə sisteminin “menecer-texnokratiya” düşüncə sistemi ilə əvəz edilməsi ölkədə yeni idarəetmə mərhələsinin başlanğıcı kimi dəyərləndirildi. Beləliklə həm də ölkə daxilində, həm də xaricdəki diaspor və lobbiçilik siyasətimiz dəyişməyə başladı. Bu məzmunca yeni xarakter alan yanaşım tərzi kimliyindən asılı olmayaraq, ölkəmizin milli maraqları çərçivəsində görüləcək işlərin tamamilə fərqli texnologiya və innovasiyalarla gündəmə gəlməsi ilə müşahidə olundu.
Norveç, İsveç, Almaniya, Avstriya, Fransa, İngiltərə, Finlandiya, Belçika, Hollandiya, Polşa, Ukrayna, Moldova, Kanada, ABŞ, İsrail, Rusiya və digər ölkələrdə lobbiçilik  fəaliyyəti göstərən və diaspor təşkilatlarının özlərinə məxsus sosial şəbəkələri, həm də digər təbliğat vasitələri yaradılmağa başladı. Bu, şəbəkələr sadəcə ana dilimizdə deyil, həm də yerli dövlətlərin rəsmi dillərində özünü göstərməyə başladı. Beləliklə Azərbaycan həqiqətləri və dövlətimizə olan maraqların artması baxımında münasibət anlayışında xeyli dəyişikliklər yarandı. Bu gün Azərbaycanın strateji hədəflərinin həyata keçməsi istiqamətində aparılan islahatların səmərəli şəkildə baş tutmasının bir səbəbi də, vaxtilə diaspor siyasəti fəaliyətində baş vermiş bir sıra neqativ halların aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır. “Diasporla İş üzrə Dövlət Komitəsi”nin rəhbərliyinin dəyişməsi prosesi də məhz 2018-ci il aprel islahatlarından sonra, baş verən yeniliklərin sayəsində mümkün ola bilmişdir. Bu prosesdə diaspor gənclərinin daha da fəallaşması və onların aktiv şəkildə dövlətçiliyimizin maraqları çərçivəsində daha genişmiqyaslı tədbirləri həyata keçirməsi buna əyani sübutdur. “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq aksiya diaspor gənclərimizin ən böyük uğurlarından biri oldu.
Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Kanada və ABŞ-da diaspor təşkilatları arasında “Koordinasiya Şuraları”nın yaradılması irəli sürülən uğurlu addımlardan biridir. Hər bir ölkənin müxtəlif şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarının elə həmin dövlətdə bir arayab gələrək koordinasiya yaratmaqla vahid strateji hədəfləri ortaya qoyması proseslərə obyektiv şəkildə qiymətin verilməsi üçün münbit şəraitin yaradılması deməkdir. Artıq belə bir dönəmin postsovet məkanına daxil olan ölkələr üzrə həyata keçiriıməsi də müşahidə olunur.
Fikrimizcə bütün bunlar strateji baxımdan uğurlu addımlar olsa da, dünya praktikası ilə yanaşaraq, böyük təcrübələrə malik olan başqa xalqların diaspor və lobbiçilik adına atdıqları addımları dərindən təhlil etməli və müasir standartlar çərçivəsində bu istiqamətdə daha hansı uğurlu addımları ata biləcəyimizin strateji hədəflərini önə çıxarmalıyıq.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.