Azərbaycanın işğala qarşı zəfərindən sonra Qorbaçov: “Bu münaqişədə qaliblər və məğlublar olmamalıdır”

396

Hurriyyet.org xəbər verir ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “RİA Novosti” agentliyinə müsahibəsində “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi nin nizamlanmasına” kömək edə biləcəyini bildirərək deyib: “Ümidvaram ki, Rusiya kömək edə biləcəkdir. Lakin əsas rol münaqişənin tərəflərinə məxsusdur. Ermənistan ilə Azərbaycan onun nizamlanması ilə bağlı danışıqlar aparmaq vəzifəsini öz üzərlərinə götürüblər. Qərar hər iki tərəfin maraqlarına uyğun olmalı, qaliblər və məğlublar olmamalıdır”.

Xatırladaq ki, 2020-ci ilin dekabrında MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev “Dağlıq Qarabağ münaqişəsi” terminin artıq keçmişdə qaldığını dünyaya bəyan eləyərək demişdi: “Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də vacib açıqlamadır. Vladimir Vladimiroviç Putinin “Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışmalıyıq” fikri ilə tamamilə razıyam. Bu, artıq tarixdir”.

Bəlli olduğu kimi, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.