Azərbaycanın ilk kimyaçısı

54

Yusifa Məmmədliyevin həyat və yaradıcılığı

Azərbaycanın ilk kimyaçı akademiki Yusuf Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, ziyalı, maarifpərvər bir insan olan Hacı Heydər Məmmədəliyevin ailəsində dünyaya göz açmışdır. Yusuf Məmmədəliyevin anası Gülsüm xanım da mehriban, qayğıkeş, savadlı bir insan olmuşdur.

(Əvvəli ötən sayımızda)

Müharibə ərəfəsində cəbhə səfərbərliyini gündəlik iş rejiminə çevirən Yusuf Məmmədəliyevin rəhbərliyi altında strateji əhəmiyyətə malik alkilbenzolların alınması üzrə aparılan silsilə tədqiqatlar daha da intensivləşdirildi. 1941-ci ilin iyununda Yusuf Məmmədəliyevin rəhbərliyi ilə AzETNİ öz tərkibində 18-dən çox yaxşı təchiz edilmiş laboratoriyanı, 2 təcrübə zavodunu, yardımçı emalatxanaları və xüsusi təsərrüfatları birləşdirirdi. Müharibənin ilk günlərindən fəaliyyətini cəbhənin tələbatlarına uyğunlaşdıran Yusuf Məmmədəliyev artıq 1942-ci ildə benzolun alkilləşdirmə üsulunun əhatəli və intensiv öyrənilməsi nəticəsində toluolun yeni səmərəli sintez proseslərini işləyib hazırladı.

Yüksək strateji əhəmiyyətə malik olan toluolun bu alınma üsulu üzrə istehsal olunmasına SSRİ Neft Sənayesi Kollegiyası və Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən birbaşa qərar verilmişdir. Yusuf Məmmədəliyevin Azərbaycan KP MK-nın rəhbərliyinə yazdığı məktub əsasında SSRİ Neft Sənayesinin rəhbəri Nikolay Baybakova məlumat verilmiş, onun qərarına əsəsən xüsusi komissiya yaradılaraq, Bakıya göndərilmış, bu üsulun yüksək səmərəli olması bir daha təsdiq edilmişdir. Buna əsasən SSRİ Neft Sənayesi Kollegiyası bu üsulun nəinki Azərbaycanda hətta  SSRİ məkanında belə neft-kimyası və neft emalı sənayesi üzrə mövcud olan əksəriyyət müəssisələrində tətbiq olunmasına qərar vermişdir.

Toluolun istehsalı təşkil ediləndən sonra həmin zavodda Yusuf Məmmədəliyevin işləyib hazırladığı üsulla top mərmilərinin və minaların istehsalında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsi alınmağa başlayır və cəbhəyə göndərilirdi.

Bununla yanaşı, Yusuf Məmmdəliyev daha bir yandırıcı qarışığın – “Molotov kokteyli”nin yeni tərkibdə və yeni konstruksiyada hazırlanmasına nail olur. Yusuf Məmmədəliyevin ixtiraçılıq bacarığı burada da öz sözünü dedi və o, «Molotov kokteyli»nin alışma qabiliyyətini artırmaq və asan istifadə etmək üçün şüşə qabın qapaq hissəsindəki xüsusi dəlikdə güclü oksidləşdirici maddə ilə doldurulmuş kiçik ampula yerləşdirilməsini təklif etdi. Yusuf Məmmədəliyevin konstruksiyası sadə prinsipə əsaslanırdı, yəni, şüşə qabı yalnız uzaq məsafəyə atmaq lazım idi. Bakının Keşlə qəsəbəsi yaxınlığında tikilmiş zavodda Yusuf Məmmədəliyevin rəhbərliyi ilə konstruksiya olunmuş qurğularda «Molotov kokteyli» hazırlanır və cəbhəyə göndərilirdi. Qeyd etmək lazımdır ki, müxtəlif cəbhələrin komandanlıqları tərəfindən məhz bu tərkibin ən qaynar nöqtələrdə tətbiq olunmasına qərar verilmişdi. Məhz bu tərkibi Uiston Çörçil “Molotov kokteyli” adlandırmışdır. Bakı zavodlarının gərgin fəaliyyəti cəbhənin bütün istiqamətlərində döyüş qüvvəsini əhəmiyyətli dərəcədə artırmaq və qələbəyə yaxınlaşmaq üçün əlverişli imkan yaratmışdı.

Müharibə zamanı keyfiyyətli yanacağa, xüsusilə hərbi aviasiyada kəskin ehtiyac duyulurdu. Yusuf Məmmədəliyev ilk dəfə olaraq izostrukturlu benzinin – alkilbenzinin alınmasına nail oldu. Bunun üçün xüsusilə izomerləşmə proseslərinə üstünlük verdi və oktan ədədini artıra bilən izoquruluşlu birləşmələrin alınması üçün lazım olan şəraiti işləyib hazırladı. Tetraetil qurğuşunu əlavə etdikdə alkilbenzinin oktan ədədi 96-98 olurdusa, 100-150°C temperatur intervalında qaynayan fraksiyanın oktan ədədi hətta 100-dən çox oldu. Sonradan o, aviayanacağın oktan ədədini 120-yə çatdırmış və onun şaxtayadavamlı olması üçün yeni aşqarlar işləyib hazırlamışdır.

Yusuf Məmmədəliyev növbəti tədqiqatlarda göstərdi ki, izoalkiləvəzolunmuş aromatik karbohidrogenlərdən ibarət benzin motorda daha yaxşı işləyir, nəinki əsasını şaxələnmiş izoparafinlər təşkil edən alkilbenzin. Bu halda mühərrik yanacağının donma temperaturunu da aşağı salmaq mümkün olur. Qısa müddətdə sənaye miqyasında yüksək oktanlı aviasiya benzini komponenti olan kumolun alınması da təşkil edildi. Bu, aviasiya yanacağına yüksək effektli əlavənin yaradılması aromatik karbohidrogenlərin katalitik alkilləşdirməsi üzrə çoxsaylı araşdırmaların nəticəsində mümkün olmuşdu. Dərhal SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən bu iş yoxlanılmış və Moskvada müvəffəqiyyətlə sınaqdan keçdikdən sonra Neft Sənayesi Komissarlığına göstəriş verilmişdir ki, tezliklə Bakıda yüksəkoktan ədədli yanacaqların alınmasında istifadə olunan alkilbenzollar istehsal edən zavod tikilsin. Beləliklə, Bakıda dəyəri 12 milyon manat olan zavod tikildi. Yusuf Məmmədəliyevin bu ixtirası ölkədə yüksək oktan ədədli benzin istehsalını təmin etdi. Məhz belə cəsarətli ideyanın nəticəsidir ki, 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə 10 milyon 42 min ton yüksək keyfiyyətli benzin verdilər. Gizli ad altında (zavod №10) fəaliyyət göstərməyə başlayan zavodda Yusuf Məmmədəliyev alkilləşdirmə proseslərində aşağı oktan ədədli benzinləri neft məhsullarının termiki krekinqindən alınan doymamış (etilen, propilen, butilen və başqa) birləşmələr ilə alkilləşdirərək izoquruluşlu (şaxəli quruluşlu) benzin istehsalına başladı. Belə benzinin daxili yanma mühərrikində sınağı göstərdi ki, onun oktan ədədi çox yüksəkdir və aviasiya sənayesində istifadə oluna bilər. Faşist Almaniyası üzərində Qələbəni təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə deyirdilər: Müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu!

Bu rəşadətlərinə və xüsusilə cəbhəni aviasiya benzini ilə təchiz etdiyinə görə 1944-cü ilin yanvarında Yusuf Məmmədəliyev Lenin ordeni ilə təltif olunur. Müharibədə göstərdiyi bu fədakar əməyə və alınan nəticələrin dərin elmi və praktiki əhəmiyyətinə görə 1946-ci ildə Yusuf Məmmədəliyev SSRİ Dövlət (Stalin) Mükafatına layiq görülür.

1941-1945-ci illər Böyük Vətən müharibəsində müxtəlif mühərriklər, o cümlədən zirehli hərbi texnika və təyyarələr üçün yeni növ keyfiyyətli yanacaqların işlənib hazırlanmasında misilsiz xidmətləri olan akademik Yusuf Məmmədəliyevin sonra Dünya elminə, aviakosmik tədqiqatlar sahəsinə, hərbi-müdafiə sənayesinə daha bir əvəzolunmaz töhfəsi strateji raketlər üçün yaratdığı “duru” və “bərk” yanacaqlar (o zaman məşhur “топливо-1» Т-1) idi. Bu yanacaqlar dəfələrlə müxtəlif raket konstruksiyalarında sınaqdan keçirilmiş və Yusuf Məmmədəliyev bu haqda akademik S.P.Korolev ilə hələ 40-cı illərdə müzakirələr aparmışdır.

Yerin ilk Süni Peykinin buraxılmasında və insanın kosmosa ilk uşusunda bu yanacaqlardan geniş istifadə olunmuşdur. Bütün bunlar Bakı nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcısı olan Yusuf Məmmədəliyevin elmdə qəhrəmanlığı və fədakar əməyi sayəsində baş tutmuşdu. Bu işlərin elmi səciyyəsi ölkə daxilində və xaricdə böyük şöhrət qazanmışdı. Məhz buna görə, Moskvanın Qırmızı meydanında dünyanın ilk kosmonavtının – Yuri Qaqarinin şərəfinə təntənəli parad keçirilərkən, Kremlin rəhbərlərinin dəvətinə əsasən tribunada SSRİ hökumət üzvlərinin arasında Yusuf Məmmədəliyev (xüsusi buraxılış vəsiqəsi №3367) dayanmışdı. O, həm də xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransının iştirakçısı olmuş, ona verilən sualları yüksək səviyyədə cavablandırmışdır. Şübhəsiz ki, bu əlamətdar hadisədə azərbaycanlı alimın nail olduğu böyük müvəffəqiyyətlərin əvəzolunmaz yeri vardır.

1945-ci il martın 27-də SSRİ Nazirlər Sovetinin qərarına uyğun olaraq, Azərbaycan SSR-də Elmlər Akademiyası təsis edildi. Bu tarix Azərbaycan EA-nın təvəllüd günü oldu. Azərbaycanda Elmlər Akademiyası yaradıldı və istedadlı kimyaçı alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək-oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Yusuf Məmmədəliyev onun həqiqi üzvlərinin birinci tərkibinə haqlı olaraq daxil edildi. Doktorluq dissertasiyasının müdafiəsindən 3 il sonra professor Yusuf Məmmədəliyev Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir və 1945-ci ildə Azərbaycanda ilk kimyaçı akademik olur.

Akademik Yusuf Məmmədəliyev 1947-ci ildə Azərbaycan EA-nın prezidenti seçilmişdir. Bu böyük alimin qeyri-adi təşkilatçılıq qabiliyyəti bu işin də öhdəsindən gəldi. Əslində, bu gənc alim artıq çoxdan “canlı akademiya”ya çevrilmişdi. Onun çox gözəl yaddaşı (Yusuf Məmmədəliyev apardığı bütün kimyəvi təcrübələrin nəticələrini yadda saxlayar, lazım gəldikdə rəqəmləri dərhal əzbər söyləyərdi), ensiklopedik biliyi, strateji düşüncə tərzi, sintez və təhlildə nadir qabiliyyəti, xeyirxahlığı, iradə və qətiyyəti ətrafdakıları valeh edirdi.

Akademiyanın problematikasını dərindən bilən Yusuf Məmmədəliyev xırda, perspektivsiz mövzuları ləğv etməklə, günün tələblərinə cavab verən fundamental tədqiqatları hər vasitə ilə inkişaf etdirməyi təbliğ və tələb edirdı. Məhz belə düzgün tədbirlər nəticəsində onun Akademiyanın prezidenti olduğu 6 il ərzində (1947-1950, 1958-1961) 20-dən çox azərbaycanlı alim Lenin və SSRİ Dövlət mükafatına layiq görüldü. 1948-ci ildə Yusuf Məmmədəliyevin təşəbbüsü ilə respublikamızda siyası və elmi bilikləri yayan, sonradan “Bilik” adlandırılan cəmiyyət təşkil edildi.

Azərbaycan Elmlər Akademiyasının prezidenti olduğu dövrdə Yusuf Məmmədəliyev tanınmış bir alim oıaraq SSRİ Elmlər Akademiyasının prezidenti akademuk S.İ.Vavilov tərəfindən 1950-ci ildə imzalanmış qərara əsasən SSRİ neft sənayesinə elmi kömək komissiyasına üzv təyin edilmişdir.

1958-ci ildə daha bir əlamətdar hadisə baş verir. Yusuf Məmmədəliyev həmin ilin iyun ayında SSRİ Elmlər Akademiyasının kimya ixtisası üzrə müxbir üzvü seçilir. Əslində, bu, çoxdan olmalı idi. Çünki bu barədə hələ 1946-1947-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyi SSRİ Elmlər Akademiyasının seçki komisiyasına akademik N.D.Zelinskinin tövsiyə məktubu ilə birgə təqdimat göndərmişdi. Lakin o zaman bəzi bədxahların “səyi” nəticəsində dəqiq yazılmış və dəfələrlə yoxlanılmış sənədlər hansısa mərhələdə təhrif edilir. Sənədlər başqa ixtisas üzrə olan seçki komissiyasına təqdim edilir. Bu hadisə alimin işlərinin Nobel mükafatına təqdimatı zamanı da baş vermişdi. Təəssüf ki, bəzən bədniyyətli insanların bəd əməlləri bir müddət nəticə verə bilir.

Yusuf Məmmədəliyevin 1958-1961-ci illərdə Akademiyanın prezidenti olduğu dövrdə gərgin əməyi, bilavasitə iştirakı və rəhbərliyi ilə bir sıra fundamental və böyük praktiki əhəmiyyətə malik elm ocaqları yaradılır. Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyası, Kibernetika, Genetika və Seleksiya, İqtisadiyyat, Elmi-Tədqiqat Kliniki Təbabət, Neft-Kimya Prosesləri, Neft və Qaz Yataqlarının İşlənilməsi, Su Problemləri, Şərqşünaslıq, Fizika, Riyaziyyat və Mexanika İnstitutları, Şamaxı Astrofizika Rəsədxanası, Xəzər dənizini təbii şəraitdə kompleks şəkildə öyrənmək üçün “Elm” üzən gəmisində bioloji stansiya, Əlyazmalar Fondunun daha da genişləndirilməsi və yeni binaya köçürülməsi akademik Yusuf Məmmədəliyevin elmi təşkilatçılıq fəaliyyətinin miqyasını göstərən mühüm faktlardır.

Nəinki kimya sahəsinin, hətta humanitar elmlərin, elm tarixinin mahir bilicisi olan akademik Yusuf Məmmədəliyev yüksək vətənpərvərlik hissi ilə Azərbaycanda hələ o dövrdə Əlyazmalar Fondunun yaradlması, Qobustan abidələrinin qorunub saxlanılması, qədim Azərbaycan eposu olan “Dədə Qorqud” dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqi, “Nizamişünaslıq” elminin əsasının qoyulmasına, Böyük Şərq şair və mütəffəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin ucaldılmasına daha nələrə-nələrə nail olmuşdur! Bununla bərabər o dövrdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadə edilməsi üçün heç nədən çəkinməyərək bütün qüvvəsi ilə çalışmış və bu istiqamətdə müstəsna rol oynamışdır.

(Ardı var)

Təqdim etdi: Məmməd MİRZƏLİYEV

***

Gənc yaşlarından murəkkəb və cəlbedici elm dünyasına yol açdığı, laboratoriya yaratdığı və kəşflər etdiyi zəngin tarixə malik olan Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunun (AzETNİ) taleyi hər zaman Yusuf Məmmədəliyevi düşündürürdü. Yusuf Məmmədəliyev bu institutun hələ 1929-cu ildən Azneftin tərkibində yaranma tarixini, illərdən bəri zəngin elmi nailiyyətlərini, orada çalışmış elm korifeylərinin irsini dərindən bilir, bunun nəticəsində formalaşan elmi potensiala yüksək əminliklə inanırdı. Yusuf Məmmədəliyevin özünün yaratdığı elmi məktəbin nümayəndələrinin çoxu həmin institutda elmi fəaliyyətə başlamış və orada çalışmaqda idi. Lakin qeyd etmək lazımdır ki, AzETNİ-nin tabe olduğu mərkəzdə aparılan dəyişikliklər onun bölünməsinə, mövzularının səpələnməsinə gətirib çıxarır, neft kimyası, neft emalı, bir sıra texnoloji istiqamətlər tez-tez ayrılır və ya əlaqələndirilmədən yenidən birləşdirilirdi. Belə olan halda vəsait və avadanlıqlar səpələnir, tədqiqatlar paralel aparıldığı üçün çox vaxt təkrarlara yol verilir, kadrların əksəriyyəti isə bir neçə strukturda fəaliyyət göstərməli olurdu. Bəzən bir nəfərin nailiyyəti həm Akademiyanın, həm universitetin, həm də AzETNİ-nin hesabına yazılırdı. Yusuf Məmmədəliyev bunları bilir və görürdü. O, neft-kimya sahəsinin səpələnmiş qüvvələrini vahid orqanizmdə birləşdirmək və dəqiq struktur yaratmaq arzusunda idi. Bu məsələyə biganə qalmayan Yusuf Məmmədəliyev zəngin tarixə malik aparıcı elmi institut olan AzETNİ-nin Akademiyanın tərkibinə daxil olması haqqında dərhal qərar qəbul olunması üçün əməli tədbirlərə başlayır. Beləliklə, 1958-ci ildə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarına əsasən AzETNİ və Yusuf Məmmədəliyevin 1945-ci ildə Akademiyanın tərkibində yaratdığı Neft İnstitutu əsasında Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu (AMEA NKPİ) təşkil olunur və SSRİ miqyasında neft-kimyasının bir sıra mühüm problemləri üzrə aparıcı baş elmi müəssisə kimi təsdiq olunur. Yusuf Məmmədəliyevin neft-kimyası və neft emalının səpələnmiş quvvələrini bir yerə yığmaq arzusu həyata keçir. Təsəvvür edin, alim hansı nüfuz və istedada malik olmalıdır ki, strateji ideyaları nəhəng bir ölkənin planlarına çevrilsin!

Y.H.Məmmədəliyev 1951-1954-cü illərdə Respublika Elmlər Akademiyasında fizika, kimya elmləri və neft üzrə akademik-katib işləmişdir.

Y.H.Məmmədəliyev 1952-ci ildən Respublika Sülhü Müdafiə Komitəsi Rəyasət Heyyətinin üzvü idi. Humanist amallı alim bu təşkilatda xeyli səmərəli fəaliyyət göstərmişdi. Sülhün carçısı kimi o, atom və nüvə silahlarının təhlükəsini qabaqcadan görərək, nüvə enerjisinin ancaq sülh məqsədləri üçün, bəşəriyyətin xeyrinə istifadə olunmasını tələb edirdi: “Atom və istilik nüvə silahlarının qadağan edilməsi, nüvə enerjisindən müharibə və təxribat üçün istifadə etmək cəhdlərinə yol verilməməsi zəmanəmizdə bütün tərəqqipərvər bəşəriyyəti düşündürən ən mühüm problemlərdən biridir. Atom silahları istehsalına son qoyulmasını, nüvə sınaqlarının dayandırılmasını və bu silahların qanundan kənar elan edilməsini tələb edən tərəqqipərvər insanların zəhmli səsi getdikcə ucalır”. Alimin neçə il bundan öncə söylədiyi bu sağlam fikirlər indiki mürəkkəb beynəlxalq şərait üçün də aktualdır.

Y.Məmmədəliyev 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin rektoru təyin olunmuşdur. O, tədris və elmi–tədqiqat prosesində xeyli mütərəqqi dəyişikliklər həyata keçirdi. Universitetin təzə tədris korpusunu və poliklinikasını, yeni-yeni kafedralar, problem laboratoriyaları təşkil etdi. Dəqiq elmlər sahəsində son nailiyyətləri əhatə edən yeni tədris proqramları tərtib etdirdi, universitetin Sovet İttifaqının və xarici ölkələrin məşhur ali məktəbləri ilə əlaqəsini möhkəmlətdi. Bundan əlavə, universitetdə aparılan elmi işləri əks etdirən “Elmi məqalələr” jurnalını təsis etdi. Azərbaycan ali məktəblərinin bayraqdarı olan universitetdə “Sevinc” mahnı və rəqs ansamblı təsis etdi. Ayrı-ayrı fakültələrin, kafedraların və əməkdaşların planları, mövzuları daha aktual olaraq yeniləndi. Ehtiyacı olanlara yerindəcə operativ kömək göstərildi. O, hamıdan öz üzərində çox çalışmağı, tədrisi və elmi işləri yaxşılaşdırmağı tələb edirdi. Onun universitetdəki nümunəvi fəaliyyəti dövründə bu elm ocağı dövlət tərəfindən yüksək qiymətləndirilərək, Qırmızı Əmək bayrağı və Şərəf Nişanı ordenlərinə layiq görüldü.

Bir çox institutları və elmi-inzibati strukturları olan Akademiya şəhərciyinin də inşasına məhz Yusuf Məmmədəliyevın təşəbbüsü ilə başlanılmışdır. Yusuf Məmmədəliyevin təklif etdiyi Akademiya şəhərciyinin inşa layihəsi yüksək dairələrdə tezliklə təsdiq edilmiş və az bir zamanda həyata keçirilməsi qərara alınmışdı. Yusuf Məmmədəliyev bu layihənin də yüksək səviyyədə həyata keçirilməsinə ürəkdən çalışır və  işin istedadlı memar, SSRİ Memarlıq Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Mikayıl Hüseynova həvalə edilməsindən məmnunluq duyurdu.

Yusuf Məmmədəliyevin təşəbbüsüsü və səyləri nəticəsində Elmlər Akademiyasının nəzdində daha bir elmi mərkəz – Hesablama Mərkəzi yaradılmışdı. Hələ adi televizorun hər evdə olmadığı zaman Yusuf Məmmədəliyev informasiya texnologiyalarının əhəmiyyətini çox gözəl dərk etmişdi. Bu gün kompyuterdən istifadə geniş vüsət alıb. Lakin o dövrdə – informatika elminin yenicə dirçəlməyə başladığı zaman, hətta ilk elektron hesablama maşınlarını ancaq SSRİ Müdafiə Nazirliyinin sərəncamına verirdilər. Buna görə də müttəfiq respublikalardan hər hansı birinin hesablama mərkəzi üçün belə bir maşını əldə edə bilməsi çox müşkül məsələ idi. Lakin Yusuf Məmmədəliyev aşıb-daşan enerjisi və danılmaz nüfuzu ilə bunu da edə bildi…

Görkəmli alim Yusuf Məmmədəliyevin bəşər elminə verdiyi töhfələr dünyanın ən mötəbər mükafatlarına layiqdir. Ən alisi isə xalqının ona sonsuz məhəbbəti və ehtiramıdır ki, Yusuf Məmmədəliyev bu mükafatı hələ sağlığında qazana bilmişdi.

Yusuf Məmmədəliyevin Nobel mükafatına namizədliyi məsələsi qaldırılmışdı. SSRİ alimlərinin çoxunun Bakıdan olan “alkilləşdirmə kralı”nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Moskvadan, Leninqraddan (indiki Sankt-Peterburq), Bakıdan, Novosibirskdən olan alimlərə gəlincə, onlar seçimlərində yekdil idilər. Bu, elə bir dövr idi ki, alimlərin etdiyi kəşflərdən, kibernetikadan, biologiyadan tutmuş tarix və dilçiliyə qədər elmi fənlərin inkişafı Kommunist Partiyasının siyasəti, partiya funksionerlərinin iradəsi ilə müəyyənləşirdi.

Nobel Komitəsinin nizamnaməsinə rəğmən namizədliklə bağlı təkliflər Kommunist Partiyasının ciddi nəzarətində idi. Buna görə də Yusuf Məmmədəliyevin Nobel mükafatına namizədliyi Sov.İKP MK-nın Rəyasət Heyətinin 1957-ci ilin dekabrında çağırılmış iclasında müzakirə olunurdu. Onu da qeyd etmək lazımdır ki, belə iclasların gündəliyi əvvəlcədən ali partiya rəhbərliyinin böyük hissəsinə məlum olsa da, əslində Nobel Komitəsinin nizamnaməsinə tamamilə zidd idi.

Haqqında danışdığımız iclas rəvan keçirdi. Əksəriyyət, o cümlədən Sov.İKP MK-nın Baş katibi N.Xruşşov, MK-nın Rəyasət Heyətinin üzvləri və hətta üzvlüyə namizədlər artıq fikirlərini bildirmişdilər. Yusuf Məmmədəliyevin sənədlərinin Nobel Komitəsinə təqdim olunmasına Partiya funksionerlərinin ali areopaqı razılıq verdi. Elə bu vaxt iştirakçılardan birinin ucadan oxuduğu anonim məktub iclasın gedişini dəyişdirdi. Anonim muəllif yazırdı ki, Yusuf Məmmədəliyevin kəşfləri haqqında materiallar “dövləti və hərbi sirdir”, buna görə də onun Nobel mükafatına irəli sürülməsi “ölkənin mənafeyinə xələl gətirə bilər”. Bu cəfəngiyatı dinlədikdən sonra hətta SSRİ DTK-nın sədri, ölkədə bütün hərbi sirlərin və məxfi məlumatların baş muhafizi A.Şepilov qəti etirazını bildirdi. O, hər halda hamıdan yaxşı bilirdi ki, kəşfin elmi təfsilatı və kimyəvi reaksiyalarını təsvir edən məqalələr xüsusi elmi jurnallarda və Yusuf Məmmədəliyevin özünün monoqra­fiyasında, o cümlədən alimin alkilləşdirmə sahəsindəki tədqiqatlarının böyük rezonans doğurduğu xarici ölkələrin jurnallarında artıq çoxdan açıq mətbuatda dərc edilmişdi. ABŞ-ın “Neft texnologiyalarının icmalı” (“Reviews of petroleum technology”) jurnalı hələ 1946-cı ildə yazırdı: “Yusuf Məmmədəliyevin tədqiqatları böyük əhəmiyyətə malik­dir və elmin bu sahəsinin nəzəri məsələlərinin öyrənilməsində onun “Aviasiya yanacaqları istehsalında alkilləşdirmə reaksiyaları” monoqrafiyası xüsusi maraq doğurur”.

Sözügedən iclasda çıxış edən SSRİ Nazirlər Soveti sədrinin birinci muavini A.Mikoyan muəllifin hərbi sirlə bağlı “arqumentlərinə” diqqətlə yanaşmağı məsləhət gördü… Hər şey gözəl və müsbət ssenari üzrə tamamlana bilərdi. Yusuf Məmmədəliyevin unikal işləri bundan da yüksək mükafata layiq idi. Yeri gəlmişkən, unutmayaq ki, Nobel kapitalı Bakıda, Bakı nefti hesabına qazanılmışdı… Bakı neftinin şöhrətini dünyaya tanıdan Yusuf Məmmədliyevə isə bu mükafat qərəzli olaraq verilmədi…

Nobel mükafatı laureatı olmağın itirilmiş şansı Yusuf Məmmədəliyevin özünü kədərləndirmirdi. Onu şəxsi şöhrət məsələləri deyil, bütünlüklə qüvvə və biliklərini sərf etdiyi neft kimyasının vəziyyəti daha çox maraqlandırırdı.

Dahi alim Yusuf Məmmədəliyevin fəaliyyəti elmin çox sahələrini əhatə etmişdir. Əlbəttə o, ilk növbədə neft emalı və neft kimyası sahəsində misilsiz iz qoymuş, əsasən halogenləşmə, alkilləşmə, dealkilləşmə  reaksiyaları və bir çox neft kimya proseslərində və katalizdə etdiyi kəşflər ilə nəinki Azərbaycanda, həm də dünya elmində məşhurlaşmışdır. Yusuf Məmmədəliyev eyni zamanda polimer kimyası istiqamətinin əsasını qoymuş və dünyada polimer kimyasının banisi kimi tanınmışdır.

Yusuf Məmmədəliyev ona xas olan uzaqgörənliyi ilə bildirdi ki, polimer materialları neft kimya sənayesinin ən mühüm, ən geniş miqyaslı yekun məhsuludur. Polimer maddələrinin əsasını təşkil edən plastik kütlə, sintetik kauçuk və sintetik liflər sahəsində tədqiqat aparan laboratoriyalar ilk dəfə AzETNİ-da yaradıldı. Yusuf Məmmədəliyev AzETNİ-də rəhbərlik etdiyi laboratoriyanın istiqamətini dəyişib, onu “1 saylı plastik kütlə laboratoriyası” adlandırdı və həmin laboratoriyada bilavasitə özünün elmi rəhbərliyi altında müxtəlif növlü polimerlərin xassələrinin tədqiqatına başlandı. O özünü “canlı elm”dən kənarda təsəvvür etmirdi və yalnız irəli getməli idi. Yeni açılmış plastmas laboratoriyasında Yusuf Məmmədəliyev katalizatorların “qaynar təbəqəsi”ndə etilenin yüksək temperatur altında xlorlaşdırılması ilə alınan vinilxloridin polimerləşməsi proseslərini də tədqiq etməyə başladı. Bu, tamamilə yeni bir sahə idi: Yusuf Məmmədəliyevin tədqiqatları, həmişə olduğu kimi, yalnız novatorluğu və orijinallığı ilə deyil, həm də perspektivli olması ilə seçilirdi.

Yusuf Məmmədəliyev polimerlərin istehsalı üçün real baza hazırlayırdı. O, planlaşdırırdı ki, müxtəlif neft məhsullarının alınmasının nəzəri və sənaye problemləri ilə yanaşı, burada polimer materialların əsasında dayanan monomerlərin istehsalına yönəlmiş neft-kimya proseslərinin işlənib hazırlanması da həyata keçiriləcəkdir.

Yusuf Məmmədəliyevin bir çox nadir layihələri və Azərbaycan neft kimyasının inkişafına dair planları dəfələrlə ləngidilsə də, böyük alim heç vaxt nikbinliyini itirməz, öz həmkarları və tələbələrinin işini həmişə yüksək qiymətlən­dirərdi. Məqalə və çıxışlarında Yusuf Məmmədəliyev öz xidmətləri barədə söz açmaz, daha çox hamının adından danışardı. Məsələn, o, yazırdı: “Ölkədə plastik kütlənin, sintetik lifin, kauçukun, mineral gübrələrin, kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizə vasitələrinin istehsalı üzrə nəhəng zavodlar inşa edilir. Azərbaycan alimləri elmin bu vacib sahəsinə böyük töhfələr vermişlər”. Yusuf Məmmədəliyevin üslub tərzi belə idi.

Akademik Yusuf Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmlərinin banisi olaraq, bu sahələrdə apardığı uğurlu tədqiqatları və kəşfləri ilə haqlı olaraq dünya şöhrətini qazanmış və gələcək nəsillər üçün zəngin irs qoymuşdur. Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusuf Məmmədəliyev məktəbi”ni yaratmışdır. Bu məktəbin nümayəndələri  elmin yüksək zirvəsinə qalxaraq akademik, professor, elmlər doktoru kimi şərəfli adlara və elmi dərəcələrə layiq görülmüşlər. Yusuf Məmmədəliyevin elmin inkişafı naminə gördüyü işlər bütün insanlığa xidmət etmişdir.

Dahi kimyaçı alim, istedadlı tədqiqatçı, gözəl pedaqoq, görkəmli dövlət və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın Əməkdar Elm Xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı Yusuf Məmmədəliyev nadir şəxsiyyətlərdəndir. Onun ürəyi hər zaman xalqı ilə döyünmüş, fəaliyyətinin bütün dövrlərində doğma dilinə, milli-mədəni mənsubiyyətinə sadiq qalmışdır. Onun yaradıcı, elmi və təşkilati fəaliyyətində Vətən sevgisi daim ana xətt təşkil etmişdir. Y.H.Məmmədəliyevin qısa, lakin parlaq ömrünü düşündükcə bir daha əmin olursan ki, özü üçün deyil, vətəni üçün, xalqı üçün yaşayan insan xöşbəxtdir. Bəlkə elə bu səbəbdəndir ki, belə şəxslərin ömrü xalqının ömrü qədər uzundur. O, zaman etibarilə bizdən uzaqlaşdıqca, ruhən bizə yaxınlaşır, doğmalaşır.

Yüksək mədəniyyətli, geniş, ensiklopedik diapazonlu biliyə malik, iliyinə-qanına kimi Vətənə, millətə bağlı şəxsiyyət və alim Yusuf Heydər oğlu Məmmədəliyev XX əsr bəşər elminin yaradıcılarından biri, başımızın tacı, Azərbaycanımızın ziyalısı əbədi yaşayacaq oğullardandır. Yusuf Məmmədəliyevin qısa, lakin parlaq ömrünü düşündükcə bir daha əmin olursan ki, o, özü üçün deyil, Vətəni, xalqı üçün yaşayan xoşbəxt insandır. Bəlkə elə bu səbəbdəndir ki, belə şəxslərin mənəvi ömrü xalqının ömrü qədər uzundur. O, zaman etibarilə bizdən uzaqlaşdıqca, ruhən bizə yaxınlaşır, doğmalaşır.

Akademik Yusuf Məmmədəliyev bir çox təltif və fəxri adlara layiq görülmüşdür: 1944-cü il Böyük Vətən müharibəsi dövründə cəbhəni və xalq təsərrüfatını mühüm neft məhsulları ilə təchiz etməkdə iştirakına görə “Lenin” ordeni; 1945-ci il “Qafqazın müdafiəsi uğrunda” və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Şərəfli əməyə görə” medal; 1946-cı il “SSRİ-nin Stalin mükafatı laureatı” adı; 1951-ci il “Şərəf nişanı” ordeni; 1954-cü il “Qırmızı Əmək Bayrağı” ordeni; 1955-ci il Faşizm üzərində qələbənin 10 illiyi ilə bağlı medal; 1956-cı il “Azərbaycan SSR Əməkdar Elm Xadimi” fəxri adı; 1957-1958-ci illər Polşanın dövlət medalı; 1959-cu il Ümumdünya Sülh Şurasının Fəxri Fərmanı; 1960-cı il SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalı; 1961-ci il “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 1711-1961” nişanı.

Daim elmə və alimə yüksək dəyər verən dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və Sərəncamına əsasən 1998-ci il sentyabrın 16-da akademik Yusuf Məmmədəliyevin xatirəsini əbədiləşdirmək üçün Bakının mərkəzində, Elmlər Akademiyasının Rəyasət Heyətinin əsas binasının qarşısında heykəli ucaldılmışdır. Yusuf Məmmədəliyevin abidəsinin burada ucaldılması əsaslıdır və ədalətlidir. Yusuf Məmmədəliyev şəxsiyyətini, simasını əks etdirən bu heykəl həm onun xatirəsinə, həm də Azərbaycan elminin inkişafına, keçmişinə və gələcəyinə böyük ehtiramın nümunəsidir. Ulu öndər Heydər Əliyev alimin Azərbaycan elminin təşkilində, bütün elmlərin mütəşəkkil inkişafındakı xidmətləri haqqında demişdir: “Yusuf Məmmədəliyev həddindən artıq mədəni və eyni zamanda, çox təvazökar bir insan, millətini, xalqını həddindən artıq sevən adam, vətənpərvər bir insan idi. Vətəni, milləti, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi. Təkcə biliyinə görə yox, davranışına görə də, zahiri görünüşünə görə də, insanlarla danışıq tərzinə görə də, münasibətlərinə görə də ziyalı idi. Ona baxdıqda insan onun nə qədər yüksək mədəniyyətə malik olduğunu hiss edirdi. Mən yenə də bu ifadəni tam dolğunluğu ilə sizə çatdırmaq üçün demək istəyirəm ki, o, sözün əsl mənasında ziyalı idi. Yusuf Məmmədəliyev kimi şəxsiyyətlər daim yaşayırlar. O, heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə Əlyazmalar İnstitunun qovşağında, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, doğma Naxçıvan diyarında, Ordubaddakı ev muzeyində, Şamaxı Astrofizika Rəsədxanasında Yusuf Məmmədəliyevin abidələri vardır. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu, Şamaxıdakı astronomlar qəsəbəsi, Naxçıvan Muxtar Respublikasında və Bakıda prospeklər onun adını daşıyır.

Akademikin adını fəxrlə daşıyan Neft Kimya Prosesləri İnstitutunda “Akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyi” fəaliyyət göstərir.

Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.H.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçirilmişdir.

Bu böyük insanın fəaliyyəti və bu fəaliyyətin dərin mahiyyəti haqqında nə qədər məlumatlar verilsə də, bir ümmanın damlası olacaqdır. Yusuf Məmmədəliyevin 56 illik həyatı boyu bəlkə də bir əsrə bərabər əldə etdiyi nailiyyətlər sonsuz və hüdudsuzdur. Yusuf Məmmədəliyev fenomenini nə qədər öyrənməyə çalışsaq da, o yenə də vaxtdan ucalığı ilə əlçatmaz qalacaqdır. Yüksək mədəniyyətli, geniş, ensiklopedik bilikli, iliyinə-qanına kimi Vətənə, millətə bağlı şəxsiyyət və alim Yusuf Məmmədəliyev XX əsr bəşər elminin yaradıcılarından biri, başımızın tacı, Azərbaycanımızın əsl ziyalısı kimi qəlbimizdə əbədi yaşayacaqdır!

Təqdim etdi: Məmməd MİRZƏLİYEV