Azərbaycanın ilk kimyaçısı

78

Yusif Məmmədəliyevin həyat və yaradıcılığı

Azərbaycanın ilk kimyaçı akademiki Yusuf Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, ziyalı, maarifpərvər bir insan olan Hacı Heydər Məmmədəliyevin ailəsində dünyaya göz açmışdır. Yusuf Məmmədəliyevin anası Gülsüm xanım da mehriban, qayğıkeş, savadlı bir insan olmuşdur.

(Əvvəli ötən saylarımızda)

 

Y.Məmmədəliyev 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin rektoru təyin olunmuşdur. O, tədris və elmi–tədqiqat prosesində xeyli mütərəqqi dəyişikliklər həyata keçirdi. Universitetin təzə tədris korpusunu və poliklinikasını, yeni-yeni kafedralar, problem laboratoriyaları təşkil etdi. Dəqiq elmlər sahəsində son nailiyyətləri əhatə edən yeni tədris proqramları tərtib etdirdi, universitetin Sovet İttifaqının və xarici ölkələrin məşhur ali məktəbləri ilə əlaqəsini möhkəmlətdi. Bundan əlavə, universitetdə aparılan elmi işləri əks etdirən “Elmi məqalələr” jurnalını təsis etdi. Azərbaycan ali məktəblərinin bayraqdarı olan universitetdə “Sevinc” mahnı və rəqs ansamblı təsis etdi. Ayrı-ayrı fakültələrin, kafedraların və əməkdaşların planları, mövzuları daha aktual olaraq yeniləndi. Ehtiyacı olanlara yerindəcə operativ kömək göstərildi. O, hamıdan öz üzərində çox çalışmağı, tədrisi və elmi işləri yaxşılaşdırmağı tələb edirdi. Onun universitetdəki nümunəvi fəaliyyəti dövründə bu elm ocağı dövlət tərəfindən yüksək qiymətləndirilərək, Qırmızı Əmək bayrağı və Şərəf Nişanı ordenlərinə layiq görüldü.

Bir çox institutları və elmi-inzibati strukturları olan Akademiya şəhərciyinin də inşasına məhz Yusuf Məmmədəliyevın təşəbbüsü ilə başlanılmışdır. Yusuf Məmmədəliyevin təklif etdiyi Akademiya şəhərciyinin inşa layihəsi yüksək dairələrdə tezliklə təsdiq edilmiş və az bir zamanda həyata keçirilməsi qərara alınmışdı. Yusuf Məmmədəliyev bu layihənin də yüksək səviyyədə həyata keçirilməsinə ürəkdən çalışır və  işin istedadlı memar, SSRİ Memarlıq Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Mikayıl Hüseynova həvalə edilməsindən məmnunluq duyurdu.

Yusuf Məmmədəliyevin təşəbbüsüsü və səyləri nəticəsində Elmlər Akademiyasının nəzdində daha bir elmi mərkəz – Hesablama Mərkəzi yaradılmışdı. Hələ adi televizorun hər evdə olmadığı zaman Yusuf Məmmədəliyev informasiya texnologiyalarının əhəmiyyətini çox gözəl dərk etmişdi. Bu gün kompyuterdən istifadə geniş vüsət alıb. Lakin o dövrdə – informatika elminin yenicə dirçəlməyə başladığı zaman, hətta ilk elektron hesablama maşınlarını ancaq SSRİ Müdafiə Nazirliyinin sərəncamına verirdilər. Buna görə də müttəfiq respublikalardan hər hansı birinin hesablama mərkəzi üçün belə bir maşını əldə edə bilməsi çox müşkül məsələ idi. Lakin Yusuf Məmmədəliyev aşıb-daşan enerjisi və danılmaz nüfuzu ilə bunu da edə bildi…

Görkəmli alim Yusuf Məmmədəliyevin bəşər elminə verdiyi töhfələr dünyanın ən mötəbər mükafatlarına layiqdir. Ən alisi isə xalqının ona sonsuz məhəbbəti və ehtiramıdır ki, Yusuf Məmmədəliyev bu mükafatı hələ sağlığında qazana bilmişdi.

Yusuf Məmmədəliyevin Nobel mükafatına namizədliyi məsələsi qaldırılmışdı. SSRİ alimlərinin çoxunun Bakıdan olan “alkilləşdirmə kralı”nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Moskvadan, Leninqraddan (indiki Sankt-Peterburq), Bakıdan, Novosibirskdən olan alimlərə gəlincə, onlar seçimlərində yekdil idilər. Bu, elə bir dövr idi ki, alimlərin etdiyi kəşflərdən, kibernetikadan, biologiyadan tutmuş tarix və dilçiliyə qədər elmi fənlərin inkişafı Kommunist Partiyasının siyasəti, partiya funksionerlərinin iradəsi ilə müəyyənləşirdi.

Nobel Komitəsinin nizamnaməsinə rəğmən namizədliklə bağlı təkliflər Kommunist Partiyasının ciddi nəzarətində idi. Buna görə də Yusuf Məmmədəliyevin Nobel mükafatına namizədliyi Sov.İKP MK-nın Rəyasət Heyətinin 1957-ci ilin dekabrında çağırılmış iclasında müzakirə olunurdu. Onu da qeyd etmək lazımdır ki, belə iclasların gündəliyi əvvəlcədən ali partiya rəhbərliyinin böyük hissəsinə məlum olsa da, əslində Nobel Komitəsinin nizamnaməsinə tamamilə zidd idi.

 

Haqqında danışdığımız iclas rəvan keçirdi. Əksəriyyət, o cümlədən Sov.İKP MK-nın Baş katibi N.Xruşşov, MK-nın Rəyasət Heyətinin üzvləri və hətta üzvlüyə namizədlər artıq fikirlərini bildirmişdilər. Yusuf Məmmədəliyevin sənədlərinin Nobel Komitəsinə təqdim olunmasına Partiya funksionerlərinin ali areopaqı razılıq verdi. Elə bu vaxt iştirakçılardan birinin ucadan oxuduğu anonim məktub iclasın gedişini dəyişdirdi. Anonim muəllif yazırdı ki, Yusuf Məmmədəliyevin kəşfləri haqqında materiallar “dövləti və hərbi sirdir”, buna görə də onun Nobel mükafatına irəli sürülməsi “ölkənin mənafeyinə xələl gətirə bilər”. Bu cəfəngiyatı dinlədikdən sonra hətta SSRİ DTK-nın sədri, ölkədə bütün hərbi sirlərin və məxfi məlumatların baş muhafizi A.Şepilov qəti etirazını bildirdi. O, hər halda hamıdan yaxşı bilirdi ki, kəşfin elmi təfsilatı və kimyəvi reaksiyalarını təsvir edən məqalələr xüsusi elmi jurnallarda və Yusuf Məmmədəliyevin özünün monoqra­fiyasında, o cümlədən alimin alkilləşdirmə sahəsindəki tədqiqatlarının böyük rezonans doğurduğu xarici ölkələrin jurnallarında artıq çoxdan açıq mətbuatda dərc edilmişdi. ABŞ-ın “Neft texnologiyalarının icmalı” (“Reviews of petroleum technology”) jurnalı hələ 1946-cı ildə yazırdı: “Yusuf Məmmədəliyevin tədqiqatları böyük əhəmiyyətə malik­dir və elmin bu sahəsinin nəzəri məsələlərinin öyrənilməsində onun “Aviasiya yanacaqları istehsalında alkilləşdirmə reaksiyaları” monoqrafiyası xüsusi maraq doğurur”.

 

Sözügedən iclasda çıxış edən SSRİ Nazirlər Soveti sədrinin birinci muavini A.Mikoyan muəllifin hərbi sirlə bağlı “arqumentlərinə” diqqətlə yanaşmağı məsləhət gördü… Hər şey gözəl və müsbət ssenari üzrə tamamlana bilərdi. Yusuf Məmmədəliyevin unikal işləri bundan da yüksək mükafata layiq idi. Yeri gəlmişkən, unutmayaq ki, Nobel kapitalı Bakıda, Bakı nefti hesabına qazanılmışdı… Bakı neftinin şöhrətini dünyaya tanıdan Yusuf Məmmədliyevə isə bu mükafat qərəzli olaraq verilmədi…

Nobel mükafatı laureatı olmağın itirilmiş şansı Yusuf Məmmədəliyevin özünü kədərləndirmirdi. Onu şəxsi şöhrət məsələləri deyil, bütünlüklə qüvvə və biliklərini sərf etdiyi neft kimyasının vəziyyəti daha çox maraqlandırırdı.

Dahi alim Yusuf Məmmədəliyevin fəaliyyəti elmin çox sahələrini əhatə etmişdir. Əlbəttə o, ilk növbədə neft emalı və neft kimyası sahəsində misilsiz iz qoymuş, əsasən halogenləşmə, alkilləşmə, dealkilləşmə  reaksiyaları və bir çox neft kimya proseslərində və katalizdə etdiyi kəşflər ilə nəinki Azərbaycanda, həm də dünya elmində məşhurlaşmışdır. Yusuf Məmmədəliyev eyni zamanda polimer kimyası istiqamətinin əsasını qoymuş və dünyada polimer kimyasının banisi kimi tanınmışdır.

Yusuf Məmmədəliyevin bir çox nadir layihələri və Azərbaycan neft kimyasının inkişafına dair planları dəfələrlə ləngidilsə də, böyük alim heç vaxt nikbinliyini itirməz, öz həmkarları və tələbələrinin işini həmişə yüksək qiymətlən­dirərdi. Məqalə və çıxışlarında Yusuf Məmmədəliyev öz xidmətləri barədə söz açmaz, daha çox hamının adından danışardı. Məsələn, o, yazırdı: “Ölkədə plastik kütlənin, sintetik lifin, kauçukun, mineral gübrələrin, kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizə vasitələrinin istehsalı üzrə nəhəng zavodlar inşa edilir. Azərbaycan alimləri elmin bu vacib sahəsinə böyük töhfələr vermişlər”. Yusuf Məmmədəliyevin üslub tərzi belə idi.

Akademik Yusuf Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmlərinin banisi olaraq, bu sahələrdə apardığı uğurlu tədqiqatları və kəşfləri ilə haqlı olaraq dünya şöhrətini qazanmış və gələcək nəsillər üçün zəngin irs qoymuşdur. Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusuf Məmmədəliyev məktəbi”ni yaratmışdır. Bu məktəbin nümayəndələri  elmin yüksək zirvəsinə qalxaraq akademik, professor, elmlər doktoru kimi şərəfli adlara və elmi dərəcələrə layiq görülmüşlər. Yusuf Məmmədəliyevin elmin inkişafı naminə gördüyü işlər bütün insanlığa xidmət etmişdir.

Dahi kimyaçı alim, istedadlı tədqiqatçı, gözəl pedaqoq, görkəmli dövlət və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın Əməkdar Elm Xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı Yusuf Məmmədəliyev nadir şəxsiyyətlərdəndir. Onun ürəyi hər zaman xalqı ilə döyünmüş, fəaliyyətinin bütün dövrlərində doğma dilinə, milli-mədəni mənsubiyyətinə sadiq qalmışdır. Onun yaradıcı, elmi və təşkilati fəaliyyətində Vətən sevgisi daim ana xətt təşkil etmişdir. Y.H.Məmmədəliyevin qısa, lakin parlaq ömrünü düşündükcə bir daha əmin olursan ki, özü üçün deyil, vətəni üçün, xalqı üçün yaşayan insan xöşbəxtdir. Bəlkə elə bu səbəbdəndir ki, belə şəxslərin ömrü xalqının ömrü qədər uzundur. O, zaman etibarilə bizdən uzaqlaşdıqca, ruhən bizə yaxınlaşır, doğmalaşır.

Akademik Yusuf Məmmədəliyev bir çox təltif və fəxri adlara layiq görülmüşdür: 1944-cü il Böyük Vətən müharibəsi dövründə cəbhəni və xalq təsərrüfatını mühüm neft məhsulları ilə təchiz etməkdə iştirakına görə “Lenin” ordeni; 1945-ci il “Qafqazın müdafiəsi uğrunda” və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Şərəfli əməyə görə” medal; 1946-cı il “SSRİ-nin Stalin mükafatı laureatı” adı; 1951-ci il “Şərəf nişanı” ordeni; 1954-cü il “Qırmızı Əmək Bayrağı” ordeni; 1955-ci il Faşizm üzərində qələbənin 10 illiyi ilə bağlı medal; 1956-cı il “Azərbaycan SSR Əməkdar Elm Xadimi” fəxri adı; 1957-1958-ci illər Polşanın dövlət medalı; 1959-cu il Ümumdünya Sülh Şurasının Fəxri Fərmanı; 1960-cı il SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalı; 1961-ci il “M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 1711-1961” nişanı.

1998-ci il sentyabrın 16-da akademik Yusuf Məmmədəliyevin xatirəsini əbədiləşdirmək üçün Bakının mərkəzində, Elmlər Akademiyasının Rəyasət Heyətinin əsas binasının qarşısında heykəli ucaldılmışdır. Yusuf Məmmədəliyevin abidəsinin burada ucaldılması əsaslıdır və ədalətlidir. Yusuf Məmmədəliyev şəxsiyyətini, simasını əks etdirən bu heykəl həm onun xatirəsinə, həm də Azərbaycan elminin inkişafına, keçmişinə və gələcəyinə böyük ehtiramın nümunəsidir. Ulu öndər Heydər Əliyev alimin Azərbaycan elminin təşkilində, bütün elmlərin mütəşəkkil inkişafındakı xidmətləri haqqında demişdir: “Yusuf Məmmədəliyev həddindən artıq mədəni və eyni zamanda, çox təvazökar bir insan, millətini, xalqını həddindən artıq sevən adam, vətənpərvər bir insan idi. Vətəni, milləti, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi. Təkcə biliyinə görə yox, davranışına görə də, zahiri görünüşünə görə də, insanlarla danışıq tərzinə görə də, münasibətlərinə görə də ziyalı idi. Ona baxdıqda insan onun nə qədər yüksək mədəniyyətə malik olduğunu hiss edirdi. Mən yenə də bu ifadəni tam dolğunluğu ilə sizə çatdırmaq üçün demək istəyirəm ki, o, sözün əsl mənasında ziyalı idi. Yusuf Məmmədəliyev kimi şəxsiyyətlər daim yaşayırlar. O, heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə Əlyazmalar İnstitunun qovşağında, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, doğma Naxçıvan diyarında, Ordubaddakı ev muzeyində, Şamaxı Astrofizika Rəsədxanasında Yusuf Məmmədəliyevin abidələri vardır. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu, Şamaxıdakı astronomlar qəsəbəsi, Naxçıvan Muxtar Respublikasında və Bakıda prospeklər onun adını daşıyır.

Akademikin adını fəxrlə daşıyan Neft Kimya Prosesləri İnstitutunda “Akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyi” fəaliyyət göstərir.

Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.H.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçirilmişdir.

Bu böyük insanın fəaliyyəti və bu fəaliyyətin dərin mahiyyəti haqqında nə qədər məlumatlar verilsə də, bir ümmanın damlası olacaqdır. Yusuf Məmmədəliyevin 56 illik həyatı boyu bəlkə də bir əsrə bərabər əldə etdiyi nailiyyətlər sonsuz və hüdudsuzdur. Yusuf Məmmədəliyev fenomenini nə qədər öyrənməyə çalışsaq da, o yenə də vaxtdan ucalığı ilə əlçatmaz qalacaqdır. Yüksək mədəniyyətli, geniş, ensiklopedik bilikli, iliyinə-qanına kimi Vətənə, millətə bağlı şəxsiyyət və alim Yusuf Məmmədəliyev XX əsr bəşər elminin yaradıcılarından biri, başımızın tacı, Azərbaycanımızın əsl ziyalısı kimi qəlbimizdə əbədi yaşayacaqdır!

Təqdim etdi: Məmməd MİRZƏLİYEV