Azərbaycanın dünya ilə bütün olmaq hədəfləri – LAYİHƏ

2

Və yaxud ölkəmizin beynəlxalq idman və turizm əlaqələri

Müasir dövrdə Azərbaycanda idmanın vəziyyəti və beynəlxalq əlaqələrində onun yeri idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi problemi ancaq müstəqilliyə qovuşduqdan sonra həyata keçirilib. İdman siyasəti yeni məktəblərin açılmasına, köhnəlmiş idman qurğularının bərpasına, yeni idman obyektlərinin istifadəyə verilməsinə, müxtəlif yarışların keçirilməsinə, olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya, o cümlədən istedad tələb edən idman növlərinin tərəqqisinə xüsusi diqqət yetirilməsinə yönəldilmişdi. Ölkəmizdə ilk dəfə olaraq 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılmış, 23 dekabr 1997-ci ildə bütün idman mütəxəssislərinin, idman təşkilatlarının gözlədiyi “Bədən tərbiyəsi və idman haqqında” qanun qəbul edilmişdi. 3 fevral 2000-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bədən tərbiyəsi və idmanın inkişafına dair dövlət proqramı” ölkə vətəndaşlarının bədən tərbiyəsi və idmanla məşğul olmaq hüquqlarını qorumuş və Azərbaycanda bədən tərbiyəsi və idman sisteminin fəaliyyəti və inkişafı üçün hüquqi zəmin yaratmışdı.

Dünya ilə bütün olmaq hədəfləri

Azərbaycanın idman əlaqələrini üç hissəyə-dünya dövlətləri, beynəlxalq və regional təşkilatların müvafiq qurumları və idman təşkilatları ilə əlaqələrinə bölmək olar. Çağdaş dövrdə bu işi həyata keçirmək üçün BMT, o cümlədən UNESCO, Avropa

Şurası, Avropa Birliyi, Avropa Gənclər Forumu, Avropa İdman Konfransı, BOK, ÜTT və b. beynəlxalq təşkilatların proqramlarına qoşulmaq, xarici ölkələrin, xüsusən MDB ölkələrinin müvafiq qurumları ilə birbaşa əlaqələr yaratmaq əsas vəzifələrdən biri olmuşdu. Mühüm beynəlxalq təşkilatların üzvü olan Fransa, İngiltərə, Almaniya, İtaliya və Avstriyanın dəstəyinə ölkəmizin ciddi şəkildə ehtiyacı olduğu üçün respublika rəhbərliyi bu ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi fikir verirdi. Bu əlaqələrdə idmanın payı az olmamışdır və ölkəmizin idman sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq əlaqələrin qurulması idi. Ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, idmançılarımızın, mütəxəssislərimizin, idman xadimlərimizin beynəlxalq yarışlarda və tədbirlərdə iştirakına şərait yaradılmasına, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xeyli kömək edirdi. Azərbaycanla Rumıniya, Polşa, Macarıstan, Çexiya, Sloveniya, Xorvatiya, Finlandiya, Yunanıstan və Bolqarıstanın arasındakı beynəlxalq idman əlaqələri də diqqəti cəlb edir. Bu ölkələrlə idman əlaqələri inkişaf etdirlmiş, idman qurumlarının nümayəndələri vaxtaşırı Azərbaycanda keçirilən idman tədbirlərinə, ölkəmizin idmançıları isə bu ölkələrdə keçirilən idman yarışlarına dəvət olunmuşlar. Bu baxımdan Azərbaycanla  qardaş Türkiyə arasında beynəlxalq idman əlaqələri, təbii ki, xüsusi maraq kəsb edir. Ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin, gənclər, idman və turizm sahəsindəki əlaqələrin genişlənməsi xüsusi əhəmiyyətə malik olduğundan hər iki dövlət bu sahələrə ciddi diqqət yetirilib. Bu əlaqələrin güclənməsi baxımından Türkiyə-Azərbaycan arasında 9 fevral 1994-cü il fevralın 9-da və 1996-cı il fevralın 4-də imzalanmış idman sahəsində əməkdaşlığa dair saziş və protokolun əhəmiyyəti böyük olmuşdur. Türkiyə-Azərbaycan idman əlaqələrində hər iki ölkənin dövlət başçılarının da qarşılıqlı səfərləri az rol oynamamışdı. İdman sahəsində əlaqələri daha da genişləndirmək məqsədilə 9 fevral 1994-cü ildə imzalanmış protokola

əlavə olaraq 1997-ci il mayın 5-də Ankarada “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında gənclər və idman sahəsində əlavə protokol” imzalanmışdı. Məhz bu saziş ölkələrimiz arasında gənclər və idman sahəsində əməkdaşlığın artmasına və möhkəmləndirilməsinə böyük imkanlar yaratdı.

İdman siyasətində Azərbaycanın güclənən mövqeləri

Azərbaycanla Türkiyə arasında idman əlaqələri təkcə ikitərəfli əsas üzərində deyil, həm də onların üzv olduğu müxtəlif təşkilatlar çərçivəsində aparılıbdır. Bu dövrdə Azərbaycanla ABŞ arasında beynəlxalq idman əlaqələri də xüsusi əhəmiyyətə malik olmuşdur. Ancaq ABŞ-la Azərbaycanın məsafəcə bir-birindən uzaqda yerləşməsi

idman sahəsində sıx əlaqələr yaradılmasına xeyli çətinlik törədir. Buna baxmayaraq, Azərbaycanın idman qurumları ABŞ-ın əlaqədar qurumları ilə əlaqələr yaratmış və idmançılarımızın müxtəlif tədbirlərdə iştirak etməsi üçün bütün imkanlardan istifadə etməyə çalışmışlar. Azərbaycan-ABŞ idman əlaqələri idmanın müxtəlif sahələrini

əhatə etmişdi. Azərbaycanla Asiya və Afrika ölkələri arasında beynəlxalq idman əlaqələrinə gəldikdə isə demək lazımdır ki, ölkəmizlə Çin arasında əməkdaşlığın əsası respublika prezdenti H.Ə.Əliyevin 1994-cü ildə martın 7–11-də Çinə səfəri zamanı qoyulmuşdu. Səfər zamanı Azərbaycanla Çin münasibətlərinin əsasları haqqında birgə bəyanat qəbul edilmiş və bir sıra sahələrdə əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanmışdı. Məhz bundan sonra Azərbaycanla Ümumçin Gənclər Federasiyası, Çinin Dövlət İdman Baş İdarəsi, Azərbaycan və Çin idmançıları arasında əməkdaşlıq əlaqələri daim inkişaf etmiş və genişlənmişdir.

Dünyanın aparıcı dövlətlərindən biri olan Yaponiya ilə idman sahəsində əməkdaşlığa Azərbaycan idmançıları həmişə böyük əhəmiyyət vermişlər. Yaponiyanın bir sıra qurum və təşkilatları ilə birgə layihələrdə, Azərbaycan və Yaponiya idmançıları qarşılıqlı olaraq hər iki dövlətin ərazisində keçirilən idman yarışlarında fəal iştirak etmiş, birgə təlim-məşq toplanışları həyata keçirmiş, gənclərimiz müxtəlif proqramlar çərçivəsində Yaponiyaya səfərlər etmişlər.
Azərbayacanla Pakistan arasında beynəlxalq idman əlaqələri də öz miqyasına görə diqqəti cəlb edir. Bu dövlətlər arasında 30 oktyabr 1995-ci ildə Bakıda imzalanmış “Mədəni, elmi və humanitar əlaqələr haqqında saziş”in səkkizinci maddəsində tərəflər idman, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi, gənclər təşkilatları, qadın cəmiyyətləri və başqa qeyri-hökumət təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsinə kömək etməyi qərara almışdılar. Bu sazişin yerinə yetrilməsi və genişmiqyaslı qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsi məqsədilə hər iki tərəf Azərbaycan–Pakistan birgə komissiyasının yaradılması haqqında 9 sentyabr 1995-ci ildə Bakıda razılığa gəlmişdir. 1996-cı il aprelin 10-da İslamabadda idmana aid Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonar ərəb dünyası ilə də əlaqələr (o cümlədən idman sahəsində) qurmuşdur. Bu istiqamətdə İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, Liviya ilə də əlaqələr yaradılmış və müəyyən irəliləyişlər əldə olunmuşdur.

Beynəlxalq Olimpiya Hərəkatına doğru

1992-ci ildə ölkədə respublikamızın milli federasiyalarının və Milli Olimpiya Komitəsinin (MOK) yaranması zərurəti də dövlətin suverenliyinin tələbi kimi meydana çıxmış və operativ surətdə həll olunmuşdu. Lakin 1992-ci ildə Barselonada Olimpiya oyunları başlananda ölkəmizin Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən hələ tanınmamışdı. Ona görə də ölkəmizin yalnız dörd idmançısı MDB-nin yığma komandasının tərkibində Barselona oyunlarında iştirak edə bilmişdi.

Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də ümumrespublika konfransında təsis edilmiş, MOK həmin ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş, 1992-ci ilin noyabrında Avropa Olimpiya Komitəsinin Akapulkoda keçirilmiş Baş Assambleyasında Azərbaycan MOK-nun qitə təşkilatına daxil olması haqqında qərar qəbul edilmiş, 1993-cü ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilmiş Baş Assambleyasında BOK Azərbaycan MOK-nu tanımışdı. Respublikamızın müvafiq idman təşkilatları 1994-cü ildə Avropa Futbol Birliyinə (UEFA) və başqa beynəlxalq idman təşkilatlarına üzv qəbul olunmuşdu. MOK-un yaradılması ilə ölkəmizin Olimpiya hərəkatında yeni bir dövr başlamışdı. Artıq ölkəmiz müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etmişdi. 1997-ci il iyulun 31-də MOK-un yeni idarə heyətinin seçilməsi komitənin fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə olimpiya hərəkatının sürətli inkişafına təkan vermiş və onun fəal surətdə Beynəlxalq Olimpiya Hərəkatına qoşulmasını təmin etmişdir.

Dünya idman arenası və turizmin inkişafı prosesləri

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə xarici turist qəbulunda MDB ölkələri birinci yerdə durmuşdur Bu ölkələrdən gələnlərin də böyük əksəriyyətini Rusiya, Ukrayna, Orta Asiya respublikaları və Gürcüstanda yaşayan azərbaycanlılar təşkil etmişdir. Ölkəmizə gələn turistlər içərisində ikinci yeri İran vətəndaşları tutmuşdu. İrandan Azərbaycana üz tutanların böyük əksəriyyətini sərhədyanı ticarət məqsədilə gələnlər təşkil etmişdir. Iranla müqayisədə Türkiyədən Azərbaycana gələn turistlərin sayı az olmuş və azalmağa meyllilik müşahidə olunmuşdur. Avropa ölkələrindən, habelə ABŞ, Kanada və İsraildən gələnlərin sayı isə 1997-ci ildən sonar tədricən azalmışdır. Turizmin inkişafı üçün 18 aprel 2000-ci ildə yaradılmış Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən çoxlu işlər görülmüşdür.  Demək olar ki, ölkənin bütün ərazisini əhatə edən və turizm, mədəni-tarixi obyektlərinin əksəriyyəti daxil edilən, şəhər və rayonlardan keçən yeddi marşrut təsdiq olunmuşdur. Azərbaycanın bütün ərazisində turizmin inkişafı və vətənimizin beynəlxalq turizm üçün maraqlı bir ölkə kimi imicinin yüksəldilməsi məqsədilə 6 aprel 2001-ci ildə içtimai birlik olan Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı (ATSİİ) yaradıldı. 2001-ci ildən başlayaraq ölkəmizin turizm potensialını əks etdirən sərgilər və reklam məhsulunun buraxılışı üzrə böyük iş aparılmışdı. Turizm sahəsində beynəlxalq əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün turizmə dair əməkdaşlıq üzrə beynəlxalq müqavilələrin bağlanmasına xüsusi diqqət yetirilmişdi. Azərbaycan prezidentinin 27 avqust 2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2002-2005-ci illər üçün Turizmin İnkişafının Dövlət Proqramı” təsdiq olunmuş və proqrama dair “Tədbirlər proqramı”hazırlanmışdı. 2004-cü ildə Bakıda 50 turizm agentliyi, 10 mehmanxana fəaliyyət göstərmiş, içtimai iaşə müəssisələrinin sayı xeyli artmışdır.

Dövlətin turizm sahəsində yeritdiyi daxili və xarici siyasət, görülən işlər turizmin maddi-texniki bazasını möhkəmləndirmiş, daxili və xarici turizmin inkişafı üçün şərait formalaşdırmış, beynəlxalq turizm əlaqələrini genişləndirməyə imkan vermişdi.

Ölkəmiz beynəlxalq aləmdə bərabərhüquqlu üzv kimi tanındıqdan sonra xarici ölkələrin turizm təşkilatları ilə ikitərəfli əməkdaşlıq haqqında müqavilələr və protokollar əsasında birgə əməkdaşlığın yaradılması, turist mübadiləsi, xarici ölkələrdə sərgilərin keçirilməsi, turizm nümayəndəliklərinin yaradılması və Beynəlxalq Turist Təşkilatına (BTT) üzv olmaq imkanı əldə etdi. Respublikamızın öz turizm potensialını beynəlxalq aləmdə tanıtdırmaq üçün fəaliyyətində geniş imkan və şərait yarandı.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.