Azərbaycanın beynəlxalq idman arenasında yeri – LAYİHƏ

17

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ­dövrü hər birimiz yaxşı xatırlayırıq. Həmin dövrdə digər sahələr kimi, idmançılarımız və idman yarışları da tamamilə unudulmuşdu. Tanınmış idmançılarımız öz üstalıqlarını artırmaq, beynəlxalq miqyaslı yarışlarda iştirak etmək üçün xarici ölkələrə üz tuturdular. 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Respublikamızın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Müxtəlif adamlar stadionda bazar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Ancaq, o da bəllidir ki, müstəqilliyimiz gücləndikcə, bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.

1997-ci ildən başlanılan zəfərlər və beynəlxalq idman siyasəti

1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Xüsusilə Milli Olimpiya Komitəsinin fəaliyyətinin canlanması bu istiqamətdə yeni üfüqlərə yol acid. Beləliklə idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açıldı. İdman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində qətiyyətli addımlar atdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşması, idmanın kütləviliyi təmin edildi. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir.

Dünya arneasında dalğalanan Azərbaycan Bayrağı

İdman sahəsində qazanılan qələbələr, Azərbaycanın bayrağının yüksəkliyə qaldırılması, Dövlət himnimizin səsləndirilməsi hər bir gəncdə qürur hissi yaradır. Müxtəlif növlər üzrə federasiyaların, idman klublarının, cəmiyyətlərin uğurla fəaliyyət göstərməsi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər müvafiq qurumların vahid siyasət aparmaları uğurlarımızı zənginləşdirir. Dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələri xüsusi qeyd edilməlidir. Azərbaycan yığma komandası “London-2012”də 10 medal qazanan Azərbaycan komandası “Rio-2016” Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq, 18 medal əldə etdi. Bu nəticə ilə yığmamız medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 14-cü yeri tutdu. Dünyanın idman arenasında özünə layiqli yer tutan Azərbaycan həm də bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilmişdir.

Yeniyetmə cüdoçuların Avropa çempionatı: 2003-cü ildə Bakıda, Heydər Əliyev adına İdman – Konsert Kompleksində yeniyetmə cüdoçuların Avropa çempionatı keçirilmişdir. Yarışda qitənin 30 ölkəsindən 300-dək cüdoçu iştirak etmişdir.
Bədii gimnastika üzrə dünya kuboku : 2004-cü ildə Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kuboku mərhələ yarışı keçirilmişdir. Yarışda dünyanın 22 ölkəsindən 47 gimnastı iştirak etmişdir.

Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri: 2004-cü ildə Bakı İdman Sarayında taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri keçirilmişdir. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparmışdır.

Bədii gimnastika üzrə 27-ci dünya çempionatı: 2005-ci ildə Bakıda, Heydər Əliyev adına İdman-Konsert kompleksində bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilmişdir. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak etmişdir.
Hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı: 2006-cı ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçilər arasında sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı keçirilmişdir. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparmışdır.

Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı: 2007-ci il sentyabr ayında Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı keçirilib. Çempionatda 102 ölkədən 2500-dən çox idmançı iştirak etmişdir.

Paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı: 2007-ci ildə Bakıda görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı keçirilmişdir. Qitə çempionatı Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış olmuşdur. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstandan 100-dən çox idmançı iştirak etmişdir.

Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı: 2009-cu ildə Bakıda, Heydər Əliyev adına İdman Konsert Kompleksində bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilmişdir. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak etmişdir.
Qaydasız döyüş üzrə Dünya kuboku: 2009-cu il Bakı İdman Sarayında Yarışda Pankration-qaydasız döyüş üzrə üçüncü Dünya kuboku yarışı keçirilmişdir. Yarışda Azərbaycan millisi də daxil olmaqla, ümumilikdə 25 ölkədən olan 120-dən çox idmançı baş mükafat uğrunda mübarizə aparmışdır.

Qılıncoynatma üzrə gənclər arasında dünya çempionatı: 2010-cu il Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı keçirilmişdir. Yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançısı iştirak etmişdir.

Gənclər arasında boks üzrə dünya çempionatı: 2010-cu ildə Bakıda Sərhədçi Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə dünya çempionatı keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak etmişdir.

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı: 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı keçirilmişdir. Yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı iştirak etmişdir.
Cüdo üzrə “World Masters” beynəlxalq turnir: 2011-ci ildə Bakıda reytinq xalları verən ―World Masters seriyasından beynəlxalq turnir keçirilmişdir. Turnirdə 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparmışdır.

Cüdo üzrə Dünya Kuboku: 2011-ci il Bakıda, Sərhədçi İdman Olimpiya Mərkəzində 2012-ci il London Yay Olimpiyadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya Kuboku yarışları keçirilmişdir.

Boks üzrə XVI Dünya Çempionatı: 2011- ci il Sentyabrın 26-dan oktyabrın 8-dək Bakı şəhərində təşkil olunan boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparmışdır. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Bu çempionat həm də 2012-ci il London olimpiyadasına lisenziya xarakteri daşımışdır.

Yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı: 2012-ci il 21-27 avqust tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirilmişdir. Dünya çempionatında 41 ölkədən 850 idmançı iştirak etmişdir.

17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı: FIFA U-17 Qadınlararası Dünya Çempionatı 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında keçirilmiş və yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak etmişdir. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olmuşdur.

“GT3 və klassik Formula 1” yarışı: 2012-ci il oktyabrın 26-28-də Bakıda ilk dəfə olaraq keçirilən “GT3 və klassik Formula 1” yarışlarının “City Challenge” Bakı avtoparadı keçirilmişdir. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak etmiş və 2,1 kilometrlik yarış zolağını qət etmişlər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.

Qeyd edək ki, bu və digər beynəlxalq idman yarışları Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin inkişafı, turizm və idman sektorunun ortaq şəkildə inkişafı strategiyasına hesablanmış hədəflərdən biridir. Bəzən idman aləmindəki dostluq və sülh münasibətləri bir dövlətin beynəlxalq aləmdə strateji hədəflərinin aparıcı roluna çevrilir. Bu mənada, Azərbaycan bir dövlət olaraq, beynəlxalq idman yarışlarının təşkili və iştirakı baxımından son illərdə dünya dövlətləri arasında özünə strateji baxımdan çoxlu müttəfiqlər qazanıbdır. Bu, həm də Azərbaycanın idman siyasəti ilə bağlı apardığı düzgün strateji planların sayəsində əldə olunmuşdur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.