Azərbaycanın 14 rayonunda aqrar sektorun inkişafına təkan verəcək qələbə

48

Suqovuşan su anbarı ilkin olaraq 3 rayonun su təchizatına töhfə verir

Torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoymaq məqsədilə başlanan Vətən müharibəsində Azərbaycan ordusu tarixi qələbələr qazanmağa davam edir. Bu qələbələr yalnız torpaqlarımızın işğaldan azad olunması deyil, Azərbaycanın bütöv bir bölgəsinin ekoloji fəlakətdən qurtarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, qəhrəman ordumuzun qətiyyətli əməliyyatları nəticəsində Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan kəndi və eyni adlı su anbarı erməni işğalından azad olunub. Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı bölgənin əkinəyararlı torpaqlarının suvarılmasında mühüm rol oynayacaq.

Su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481 hektar, Ağdərə rayonunun 14380 hektar, Goranboy rayonunun 6938 hektar, Yevlax rayonunun 5912 hektar, Bərdə rayonunun 12620 hektar, Ağdam rayonunun 29886 hektar və Ağcabədi rayonunun 2000 hektar, ümumilikdə 96217 hektar torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı.

Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.

Sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində Şanlı Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.

Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.

Vüqar Hüseynov nazirliyin mətbuat katibi təyin edildi

Vüqar Hüseynov

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun “Yeni Müsavat”a dediyinə görə, ermənilərin həyata keçirdiyi ekoloji terror nəticəsində 30 ilə yaxındır Tərtər rayonunda xüsusilə təsərrüfat suyu ilə təminatda ciddi problemlər yaşanırdı: “Azərbaycan dövləti bu problemi subartezian quyularının qazılması yolu ilə həll etməyə çalışırdı. Bildiyiniz kimi, Tərtər torpaqları çox bərəkətli torpaqlardır. Məsələn, pambıqçılıqda ən yüksək orta məhsuldarlıq Tərtərdə əldə olunur. Baxmayaraq ki, bu rayonda pambıq sahələri elə də çox deyil, məhsuldarlığın yüksəkliyi buradan daha çox məhsul əldə etməyə imkan verir. Texniki bitki olan pambıq çox su tələb edən bitkidir. Sovet dövründə Tərtər əsas pambıqçılıq rayonlarında biri idi. Bu baxımdan, su təminatı tam təmin olunarsa, bu rayonda yalnız pambıçılığın deyil, bütövlükdə kənd təsərrüfatının yüksək inkişafına nail olmaq mümkündür. Suqovuşan su anbarının işğaldan azad olunması və Tərtər çayına suyun verilməsi iki istiqamətdə problemlərin həllinə imkan verəcək. Birincisi, mövcud əkin sahələri yetərincə suvarma suyu ilə təmin olunacaq. İkincisi isə indiyədək məhz su olmadığına görə əkib-becərilməyən torpaqların əkinə cəlb edilməsi imkanı yaranacaq”.

Nazirlik rəsmisi bildirir ki, Suqovuşan anbarından rayonlara su axınını təmin edən kanal sistemi mövcuddur: “Bu sistem sovet dövründən yaradılmışdı. Lakin anbar işğal olunduqdan sonra bu sistem istifadəsiz qalmışdı. Tərtər çayının yatağı tamamilə qurumuşdu. İndi isə Suqovuşandan verilən su bu problemin xeyli dərəcədə həllinə imkan verəcək. Bundan əlavə, bildiyiniz kimi, yalnız Tərtərin deyil, 12 rayonumuzun su təchizatında Sərsəng su anbarı mühüm rol oynayırdı. Bu anbarın su tutumu 560 milyon kubmetr təşkil edir. İnşallah, müzəffər ordumuz yaxı  vaxtlarda Sərsəng su anbarını da erməni işğalından azad edəcək və 12 rayonumuzun su çatışmazlığı problemi tam şəkildə həllini tapmış olacaq”.

Meliorasiya və Su Təsərrüfatı" ASC: Kür çayında su ehtiyatları azalmaq  üzrədir

Elxan Hüseynov

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Hüseynovun sözlərinə görə, Suqovuşan su anbarı 1976-cı ildə istismara verilib: “Su anbarı Tərtərçay və Turağaçay çaylarının suyundan formalaşır. Ümmumi həcmi 5 milyon 860 min kubmetr olan su anbarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrini suvarmaq imkanı var. Anbarın yaradılmasında məqsəd bu torpaqları suvarma suyu ilə təmin etmək idi. Lakin Ermənistanın işğalı nəticəsində bu proses yarımçıq qalmışdı”.

ASC rəsmisinin sözlərinə görə, hazırda su anbarından verilən suyun tənzimlənməsi nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına su verilişi bərpa olunub: “Anbarın işğal olunması ərazidə ekoloji tarazlığın bərpası ilə yanaşı, uzun illər su qıtlığı yaşayan ərazilərdə kənd təsərrüfatının inkişafına şərait yaradacaq. Öz axını ilə suyun verilməsi subartezian quyularının fəaliyyətinə ehtiyacın azalmasına, sərf olunan elektrik enerjisinə qənaət olunmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, ötən il qondarma “DQR” rejimi Suqovuşan su anbarından Ağdam şəhərinə kanal çəkmək planını açıqlamışdı. 100 milyon dollar dəyərə malik kanalın sayəsində mənfur düşmən işğal altındakı torpaqlarımızı suvarmaq niyyətindəydi.

Bir neçə il əvvəl su anbarında İsveçrədən olan erməni əsilli iş adamı Vardan Sermakeş tərəfindən qara kürü istehsalı müəssisəsi yaradılıb. İndi isə bu müəssisə ölkəmizin iqtisadiyyatına xidmət edəcək.

Azərbaycanın üç rayonu Suqovuşan su anbarından istifadəyə başlayıb »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Onu da bildirək ki, son illərdə qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycan ərazisində kəskin quraqlıq müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalıb. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər. Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. Azərbaycan ərazisinə düşən yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalıb.

Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, cari ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az – 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir.

Azərbaycan üzrə suvarma suyu ilə təchizat illik 6,3 milyarddan 6,7 milyard kubmetrə qədər dəyişir. Ölkə üzrə orta hesabla əslində, il ərzində 3,2 dəfə suvarma olmalıdır. Lakin bu il 28 rayonda 671 min 264 hektar kənd təsərrüfatı torpaqlarının 50 faizində suvarma ortalama həddən aşağı olub. Daha kritik vəziyyətdə olan Qobustan rayonunda 1,2 dəfə, Ağsuda 1,4 dəfə, Şamaxıda 1,6 dəfə və Füzuli rayonunda 1,8 dəfə suvarma işləri həyata keçirilib.

Suqovuşan və Sərsəng hidroqovşağına daxil olan digər su anbarlarının işğaldan azad edilməsi kənd təsərrüfatının inkişafı potensialı yüksək olan 14 rayonda suvarm suyu ilə təminatda yaranan problemlər həll oluna bilər. Bu isə qeyri-neft iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafını prioritet seçən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Dünya SAKİT,
“Yeni Müsavat”