AZƏRBAYCANI “KLANLAR”A PARÇALAMAQ CƏHDİ – Mehdiyev-Usubov-Həsənov “üçlüyü” hansı haqla naxçıvanlılar, qarabağlılar və qərbi azərbaycanlılar adından çıxış etməyə cəhd edirlər?! / III HİSSƏ

97

Azərbaycan olduqca gərgin bir dönəm yaşayır. Bunun gözlə görünən tərəfi bütün dünyanı iflic edən koronavirus pandemisyasının bizim ölkəyə də təsirsiz ötüşməməsidir. Amma cəmiyyətimiz daha təhlükəli bir “siyasi virus”la da üz-üzədir ki, bunun fəsadları daha böyük ola bilər…

 (Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/muhdiyev-usubov-h%c9%99s%c9%99nov-ucluyu-prezident%c9%99-qarsi/)

 Sabiqlərin gerçək niyyəti…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, keçmiş daxili işlər naziri Ramil Usubov və sabiq baş prokuror Eldar Həsənovun əvvəlki nüfuzlarını geri qaytarmaq, hakimiyyətdə yenidən söz sahibi olmaq üçün öz aralarında gizli anlaşma əldə etdikləri haqda ötən yazımızda qısaca məlumat vermişdik. Qeyd etmişdik ki, prezident İlham Əliyevlə heç bir halda anlaşma əldə edə biləməyəcəyinə əmin olan bu qruplaşma, öz aləmlərində Birinci vitse-prezident Mehriban Əliyevaya dəstək verib, onu prezident postuna gətirməklə, özlərinə yeni hakimiyyətdə yer etməyə çalışırlar. Onların öz niyyətlərini Birinci xanıma çatdırmaq və onun razılığını əldə etmək məqsədilə hazırda yollar axtardığı haqda informasiyalar var.

Amma bu planın arxasında daha təhlükəli maraqların durduğunu da xüsusi vurğulamalıyıq. Söhbət ondan gedir ki, bu günə qədər Birinci vitse-prezidentə qarşı barışmaz mövqe sərgiləyən mehdiyevçilərin, məlum planları baş tutacağı halda, dövlətçiliyimizə və M.Əliyevaya sədaqətlə xidmət edəcəyinə inam çox azdır. Hansı ki, ötən yazımızda da qeyd etdiyimiz kimi, mərhum dövlət başçısı Heydər Əliyev dünyasını dəyişdikdən sonra, onun oğluna – İlham Əliyevə boyun əymək istəməyərək hakimiyyəti ələ keçirməyə cəhd edən Ramiz Mehdiyev və rəhbərlik etdiyi şəbəkənin bu gün onun xanıma sədaqətlə xidmət edəcəyi inandırıcı deyil.

Bu fikrimiz oxucularımıza aydın olsun deyə xatırladaq ki, 2003-cü ilin avqust ayında İ.Əliyev baş nazir vəzifəsinə təyin olunan ərəfədə R.Mehdiyevin göstərişi ilə bütün tərəfdarları silahlandırılmışdı. Mötəbər mənbə silahlı şəxslərin sayının 3 min nəfərdən artıq olduğunu bildirir. Onun sözlərinə görə, məqsəd İlham Əliyevin baş nazir vəzifəsinə gətirilməsinin qarşısını almaq və hakimiyyəti ələ keçirmək olub. Hətta Milli Məclisdə İ.Əliyevin baş nazir vəzifəsinə təsdiq ediləcəyi gözlənilən günün əvvəlki gecəsi bir qrup silahlı şəxsin R.Mehdiyevin şəhərin mərkəzindəki evinin qarşısına toplaşdığı bildirilir. Mənbə deyir ki, həmin vaxt Ramiz Mehdiyevin bu niyyətinin qarşısı prezidentin mərhum əmisi Cəlal Əliyev tərəfindən alınıb.

Belə ki, “Mehdiyev klanı”nın hakimiyyəti götürmək istədiyindən xəbərdar olan C.Əliyev gecə ilə R.Mehdiyevə xəbər göndərib ki, 1 saat içərisində evinin ətarfına toplaşan silahlı tərəfdarları dağılışmasa, onun özü qarışıq hamısı məhv ediləcək. Görünür, bu zaman güc balansını hesablayan Ramiz Mehdiyev, qarşı tərəfin üstünlüyün qəbul edərək, geri çəkilmək göstərişi verib.

Əlbəttə, sual oluna bilər ki, həmin ərəfədə sıradan deputat olan Cəlal Əliyev Prezident Administrasiyası rəhbərinin 3 min nəfərlik silahlı dəstəsini necə məhv edə bilərdi?! Üstəlik, bütün zamanlarda olduğu kimi, daxili işlər naziri Ramil Usubov da birbaşa onun əmrində idi. Amma mənbə bildirir ki, həmin dönəmdə ölkədə mövcud olan bir çox kriminal şəbəkələr, eləcə də “AMAY Abdulla” kimi tanınan Abdulla Abdullayevin, “Quska” ləqəbli Hüseyn Abdullayevin və digər Naxçıvan əsilli şəxslərin rəhbərlik etdiyi, əksəriyyəti idmançılardan təşkil olunmuş qruplaşmalar C.Əliyevin xidmətində dayanmışdılar və onun bir göstərişi ilə mehdiyevçiləri qısa müddətdə darmadağın edə bilərdilər.

Haşiyə çıxaq ki, məhz bu hadisədən sonra bu qruplaşma rəhbərlərinin bəzilərinin ölkədən qaçmağa məcbur olması, Abdulla Abdullayevin həbsi, daha sonra Hüseyn Abdullayevin deputat mandatının ləğvi və onun ölkədən didərgin salınaraq, sonradan prezidentə yanlış və şişirdilmiş məlumatlar verməklə, həbsinə nail olunması heç də təsadüf deyil və bütün bunlar Mehdiyevin çox böyük peşəkarlıqla həmin gecənin qisasını aldığının bariz nümunəsi hesab olunur.

Mehdiyevçilərin prezidentə qarşı dirənişi

Ramiz Mehdiyev və onun tərəfdarlarının prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya heç zaman sadiq olmadıqlarını sübut edən yüzlərlə fakt sadalamaq olar. Bu şəbəkəni daha yaxşı tanıyan, uzun zaman R.Mehdiyevlə birgə çalışan və mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyəti dönəmində dövlət müşaviri postuna sahib olan Eldar Namazovun sonuncu “Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası…” sərləvhəli yazısı da məlum qruplaşmanın iç üzünü tam çılpaqlılğı ilə ortaya qoyur. Həmin yazıdan bəzi sitatları oxucularımıza təqdim edirik:

“Bu hakimiyyəti içəridən tanıyan bir adam kimi bilirəm ki, islahatlara qarşı çıxan “köhnə qvardiya” əslində “dövlət içində dövlət” deməkdir. Bu qüvvə Heydər Əliyevin idarəçiliyi dövründə və hazırda İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə real olaraq dəfələrlə prezidentə, həmçinin dövlət maraqlarına qarşı çıxaraq meydan oxuyub. Onun gücünü və təsirini qardaş Türkiyədə məşhur FETÖ ilə müqayisə etmək olar. Orada da dövlət çevrilişi cəhdi baş verənə, yüzlərlə mülki şəxsin qanı tökülənə qədər çoxları bu təşkilatın təhlükəli olmasının şişirdildiyini hesab edirdi. Türkiyədə FETÖ bütün dövlət və ictimai institutlara öz köklərini elə dərindən atıb ki, indiyədək dövlət orqanlarının bu təşkilatın üzvlərindən təmizlənməsi davam edir və bu prosesin sonu görünmür”.

Maraqlıdır ki, E.Namazov “Azərbaycan FETÖ-sü” kimi təqdim etdiyi “Mehdiyev klanı”nı Fətullahçı terror təşkilatından (FETÖ) daha təhlükəli hesab edir: “Məncə, Azərbaycan FETÖ-sü türkiyəli “həmkarı”ndan daha təhlükəlidir. Orada FETÖ dövlət orqanlarına illərlə aşağıdan daxil olmuşdu və yenicə yüksək dövlət vəzifələrinə üz tuturdu. Türkiyə analoqundan fərqli olaraq, Azərbaycanda bu qeyri-formal, lakin çox sıx və sərt nəzarət olunan şəbəkə Prezident Administrasiyası, onun bəzi bölmələrində, bir çox nazirliklərdə, xüsusilə hüquq-mühafizə blokunun başında durub, parlamentdə böyük “fraksiya”ya malik olub, KİV-in böyük hissəsinə rəhbərlik edib, faktiki olaraq, yerli icra hakimiyyətini nəzarətində saxlayıb. R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olarkən başçılıq etdiyi “köhnə qvardiya”nın nəzarətində olmayan azsaylı dövlət orqanlarını onun nəzarətində olan təşkilatlardan daha rahat sadalamaq olardı”.

E.Namazovun yazısından hər zaman bizim üçün də aktual olan daha bir fikri təqdim edək: “Təsadüfi deyil ki, müxalifətin böyük mitinqlərinin çoxu Azərbaycan FETÖ-sünə lazım olan zamanda məhz sifarişlə baş verirdi və R.Mehdiyev, Ə.Həsənov hakimiyyətdən uzaqlaşdırılandan sonra bütün bu fəal, hətta icazəsiz mitinqlərə, polislə toqquşmalara can atan partiyalar və liderlər birdən-birə susdular və heç bir mitinq fəallığı göstərmirlər”.

Zənnimizcə, bütün bunlar Ramiz Mehdiyev və tərəfdarlarının qaranlıq fəaliyyətinə kifayət qədər aydınlıq gətirir. Hansı ki, biz də bu haqda illərdir “Hürriyyət”in səhifəsində açıq və ya dolayı şəkildə çoxsaylı yazılar yazmış, o cümlədən müxalifətin adı ilə keçirilən bir çox aksiyaların ruspərəst qüvvələrin göstərişi ilə təşkil olunduğunu da dəfələrlə dəyərli oxucularımızın diqqətinə çatdırmışıq. Odur ki, E.Namazovun məlum açıqlaması bizim zamanında  nə dərəcədə haqlı olduğumuzu bir daha ortaya qoyur.

“Klanlar”ın birliyi

Qeyd edək ki, Ramiz Mehdiyev, Ramil Usubov və Eldar Həsənovun bir araya gəlməsi, yaxud onların Rusiya tərəfindən yenidən siyasi güc mərkəzi kimi ortaya çıxarılmasına cəhdlər edilməsi planı çərçivəsində regionçuluq, bölgəçilik və bölücülük amili əsas prinsip olaraq qəbul edilib. Şübhəsiz, burada Əli Həsənov faktoru da diqqətdən qaçmamalıdır. Amma prezidentin sabiq köməkçisi siyasi cəhətdən tamamilə sıradan çıxarıldığı üçün, ona bu planda ikinci dərəcəli rol verilib. Bu rol isə hələ də nəzarətində olan bəzi media nümayəndələri və sosial şəbəkədəki “troll şəbəkəsi” vasitəsilə prosesə informasiya dəstəyi verməkdir. Məsələn, “Ramiz Mehdiyevin Elmlər Akademiyasında oturub, hələ də hakimiyyəti idarə etdiyi” haqda fikirlərin zaman-zaman meydana çıxması heç də təsadüf deyil.

Məlum “üçlüyün” roluna gəldikdə isə, burada əsas məqsəd kimi əsasən o tezis qabardılır ki, guya, Qarabağ, Naxçıvan və Qərbi Azərbaycan “klanları” bu şəxslərin timsalında biraraya gələrək, yeni bir güc mərkəzi formalaşdırılıb. Yeri gəlmişkən qeyd edək ki, Ramiz Mehdiyev illərdir özünü “Naxçıvan klanı”nın rəhbəri kimi görməklə yanaşı, son dönəmlər həm də Qərbi Azərbaycan bölgəsinin ağsaqqalı kimi qəbul etdirməyə çalışır. Məsələn, zaman-zaman onun əslən Qərbi Azərbaycandan olması haqda informasiyaların gündəmə atılmasını sıradan bir xəbər hesab etmək olmaz. Bütün bunlara paralel olaraq, son günlər Ramiz Mehdiyevin qərbi azərbaycanlıların “lideri” kimi təqdim olunan sabiq səhiyyə naziri Əli İnsanovla birləşdiyi haqda informasiyalar da gündəmə atılır ki, bu faktor da diqqətlərdən qaçmamalıdır…

Məlum “üçlüyün” ikinci başı – Ramil Usubov isə “Qarabağ klanı”nın rəhbəri kimi bu prosesdə yer alır. O cümlədən Eldar Həsənov da həm qarabağlı, həm də “kürd qruplaşması”nın lideri kimi önə çəkilib. Belə düşünürlər ki, arzu etdikləri hakimiyyət dəyişikliyi baş tutarsa, hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun rəhbərliyi altında fəaliyyət göstərən və kifayət qədər böyük maliyyə kapitalına sahib olan kürd qruplaşması başsız qalmasın və onlar E.Həsənovun ətrafında birləşsinlər. Xatırladaq ki, Eldar Həsənov hələ baş prokuror olduğu dönəmdə onun Azərbaycanda kürd qruplaşmasına rəhbərlik etdiyi iddia olunurdu.

Bütün bu faktorları nəzərə alan məlum “üçlük” əmindir ki, Birinci vitse-prezident Mehriban Əliyeva hakimiyyət başına keçərkən onların təklifini qəbul etməyə məcbur olacaq və nəticədə “hakimiyyət bölgüsü”ndə onlara da böyük “pay” düşəcək.

“Hürriyyət”in analitik qrupu

P.S. Sonda bir daha qeyd edək ki, bütün deyilənlər sadəcə məlum “üçlüyün” – R.Mehdiyev-R.Usubov-E.Həsənov şəbəkəsinin boş xülyalarından başqa bir şey deyil. Yəqin ki, oxucularımız da bizimlə razılaşar ki, artıq Azərbaycanı bölgələrə bölmək, müxtəlif klanlar adından siyasi hakimiyyətdə yer qazanmaq dönəmi geridə qalıb. Həmçinin, insanların təfəkküründə də artıq o cür bölücü fikirlərə yer olmadığı bəllidir. Belə bir vəziyyətdə kimlərinsə hansısa bölgənin adından öz siyasi maraqlarını əldə etmək istəyi, şübhəsiz, mənasız cəhddən başqa bir şey deyil.

P.P.S. Bu gün bir reallığı da qəbul etmək lazımdır ki, hazırda bütün bölgələr prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ətrafında birləşib və artıq hansısa köhnə düşüncəlilərə mövcud və gələcək siyasi komandalarda yer ola bilməz. Məsələn, bu gün naxçıvanlıların adından danışan istər Ramiz Mehdiyev, istər də Əli Həsənov bilməlidir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov hər zaman olduğu kimi, indi də dövlət başçısına böyük sədaqət nümayiş etdirirsə, eləcə də bu bölgədən olan dövlət adamları, biznesmenlər və sıravi insanlar ölkə başçısının arxasında dayanırlarsa, mehdiyevlərin və həsənovlarun dəstəyinə heç bir zərurət qalmır…