Azərbaycanı deyil, korrupsiyanı, Moskvanı təmsil edən nazirlik… – “XİN-də ermənilərlə işbirliyində olanların mövcudluğuna şübhələr də artır”

162

Dövlət təhlükəsizlik orqanlarının Xarici İşlər Nazirliyində apardığı əməliyyatların ilkin sonucuna görə, bir neçə görəvli bürokratın korrupsiya cinayətinə yuvarlanaraq həbs olunduqları aydın olur. Həbs olunanların açıqlamasından anlaşılır ki, nazirlik xarici işlərdən daha çox, dövlətdən maliyyələşən “özəl biznes şirkəti”dir.

Bu durumu gördükdə 2014-cü ildə ABŞ Xarici İşlər Nazirliyində olduğum gün nazirlikdə gördüklərimi xatırladım. Dünyada dış maraqlarının gerçəkləşməsi üçün milyardlarla maliyə ayıran ABŞ Xarici İşlər Nazirliyinin binası təmirsiz və otaqdakı mebellərin əski olduğunu gördüm. Sanki sovetlər birliyindən ayrılan respublikaların universitetlərini xatırladırdı.

Biz bu duruma maraq etdiyimizdə, orada olan yetkililərdən biri həmin il büdcədən maliyyə ayrılmadığından, binanın təmirsiz qaldığını bildirdi.

Belə bir binası olan ABŞ Xarici İşlər Nazirliyi dünyanın hər yerində duruma hakimdir, Amerika dövlətinin maraqlarını qoruyaraq, kiməsə toz qondurmasına imkan vermir.

Azərbaycan Xarici İşlər Nazirliyinin binası sarayı xatırladır, içində ən bahalı mebellər və var. Amma deyə bilməzsiniz ki, orada Azərbaycan uğrunda çalışma olsun. Əksinə, Avropada, ABŞ və digər dövlətlərdə olan səfirliklər daha çox Azərbaycana qarşı çalışır.

Söhbətimizin birində dostumuz danışırdı ki, ermənilərin Azərbaycana qarşı təbliğat kampaniyasına qarşı çoxsaylı kitablarla Avropa ölkələrindən birində səfirliyimizdə olduq və bu kitabların digər ölkə səfirliklərinə paylanmasını istədik. Səfir bizə “bunu edə bilmərik, biz bu kitabları o səfirliklərə versək, daha o səfirlər bir daha bizim tədbirlərə gəlməz”, – dedi. Bu, bütün Avropa ölkələri üçün keçərlidi.

2013-cü ildə Dağıstanın, Dərbəndin Rusiyaya birləşməsinin 200 İlliyini Moskva bayram tədbiri kimi keçirəndə, Azərbaycan səfiri Bülbüloğlu o tədbirdə çıxış edərək, “bayram” münasibəti ilə Rusiyanı təbrik etmişdi. Bu zavallı 1813-cü ildə Azərbaycanın Quzeyinin Rusiya tərəfindən işğalını alqışlayırdı. Belə acınacaqlı durum əksər səfirlik və nazirliklərimiz üçün keçərlidir.

Xarici İşlər Nazirliyi sanki Müstəqil Azərbaycanı deyil, Moskvanı təmsil edir. Burada Azərbaycan Türkcəsində danışılmır, bürokratlar rusdilidir və s.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun və digər diplomatların açıqlamasından, bu nazirlikdə olan həbslər daha çox xarici ölkələrin kəşfiyyatlarıyla işbirliyində olmaları fikrini gündəmə gətirib. Belə bir durumda ilk ağlımıza gələn Moskva olur. Demək, Moskvanın hər ölkələrdə bir neçə “səfirliyi” var. Məhz buna görə ciddi ölkələrin yetkililəri Azərbaycan səfirliklərində danışıqlar aparmırlar, Moskavanın biləcəyindən ehtiyatlanırlar. Bele olduğundan, Azərbaycan Xarici İşlər Nazirliyində ermənilərlə işbirliyində olanların mövcudluğuna şübhələr də artır.

Azrbaycan dövlət olaraq köklü dəyişkənliyə getməli, dövlətə, vətənə xəyanət cinayətinin cəzası daha da ağırlaşdırılmalıdır.

Cahandar Bayoğlu,

Turan Partiyası GK Başqanı