Azərbaycanı birləşdirən 10 əsrlik abidə 

84

Məlum olduğu kimi, srağagün şanlı Azərbaycan Ordusu əfsanəvi Xudafərin körpüsündə bayrağımızı dalğalandırıb. Bununla bağlı Prezident İlham Əliyev öz tvitter hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, – sözlərini yazıb.

Bu məqamda sözügedən körpünün tarixi ilə bağlı məlumatı oxucularımıza təqdim edirik:

Azərbaycanı birləşdirən rəmzi abidə və ya Xudafərin körpüsü…

Xudafərin Azərbaycanı və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən, Araz çayı üzərində salınmış iki körpüdən ibarətdir. Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də var ki, bu da Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir. Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir. Birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

Körpü tağlarının dayaqları təbii özüllər — qayalar üzərində ucaldığndan aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb.

Araz üzərində çoxlu körpülər atılsa da onlardan ən bəllisi Xudafərin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olub. Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Bu körpülər yüzillərcə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil, qitələrarası qarşılıqlı ilişgilərdə də yararlı olub. Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılıb ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir. Bu iki materialın uyarlığı körpüyə özümlü bədiilik və konstruktiv görkəm verir.

Tikinti materialı və memarlıq biçinlərinə görə daha monumental görünən onbiraşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri də aşkar edilmişdir. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı Xudafərin körpülərinin xüsusilə Sınıq körpünün güclü bədii ifadəliliyi də var. Onlar öz ətrafında Arazın hər iki sahilində olan Azərbaycan torpağındakı çoxlu mədəni dəyərləri – müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birləşdirirdi. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.

Xudafərin ədəbiyyat nümunələrində də geniş təsvir olunub: “Xudafərin körpüsünün üstündən 1068-ci ildə böyük səlcuq sultanı Alp Arslan qələbə yürüşü ilə, XVI yüzildə isə Aşıq Qurbani əsir kimi keçib:

Qolubağlı keçdim Xudafərindən.
Üzüm gülməz, heç açılmaz, ah, mənim!”

Uzun onilliklər boyu Azərbaycanı dünyanın ölkələri, qitələri ilə birləşdirən karvan yolları Araz çayı yatağında – Xudafərin dərəsində bir-birinə qovuşub. Uzun zaman idi ki, bu dərə əlçatmaz, ayaqdəyməz yer idi. Amma artıq 30 ilə yaxın həsrətə son qoyulur, Şanlı Ordumuzun qələbəsindən sonra azərbaycanlıların əfsanəvi körpünü görməyi artıq xəyal yox, bir reallıqdır…