Azərbaycandan Rusiyaya şərt: “Yalnız bir neçə rayon qaytarılsa…”

138

“Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında baş tutan görüşdə ən böyük fayda son zamanlar münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın və Rusiyanın son baxış bucaqlarının bir-birinə çatdırılması oldu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, yeni xarici işlər nazirinin təyinatından sonra Azərbaycanın xarici siyasətindəki prioritetləri Lavrova aydın olub:

“Görüşdə Ceyhun Bayramov Lavrovun diqqətinə çatdırıb ki, Rusiyanın Tovuz təxribatından sonra bir neçə dəfə Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların bərpası təklifi o halda mümkündür ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Yeri gəlmişkən, Rusiya XİN rəhbəri ilə danışıqlardan sonra Lavrov erməni həmkarına zəng edib.

Görüş zamanı Lavrovun narahat olduğu, Azərbaycanın bundan sonrakı xarici siyasətindəki vurğular məsələsinə də aydınlıq gətirilib. Hesab edirəm ki, yeni xarici işlər nazirinin gəlişindən sonra Azərbaycanın xarici siyasətindəki prioritetlər Lavrova aydın olub.

Məlum olub ki, regiondakı geoiqtisadi münasibətlərdə dəyişikliklər baş verməyəcək. Eyni zamanda, Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatında bizə təklif etdiyi müşahidəçi statusu hələ də öz qüvvəsindədir”.

Zaur Məmmədov bildirib ki, Rusiya xarici işlər naziri mətbuat qarşısında çıxışı zamanı Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlara cəlb edilməsini yolverilməz sayıb: “Buna baxmayaraq, düşünürəm ki, Lavrov Ceyhun Bayramovun Moskvaya münaqişənin nizamlanmasında yetərli səylər göstərmədikləri ilə bağlı iradını ciddi qəbul etdi. Yaxın həftələr ərzində yenidən “Lavrov planı”nın Ermənistanda müzakirə predmeti olacağını istisna etmirəm.

Digər yandan, Rusiya hərbi sənayesi bir neçə ildir ki, Azərbaycanla silah sazişinin imzalanmasını gözləyir. Azərbaycan bu məsələdə prinsipiallıq nümayiş etdirərək silah sazişi müqabilində bir neçə rayonun azad olunmasını istəyir və hələ ki vaxtı uzadır.

Ümumilikdə, Azərbaycan-Rusiya münasibətlərini təhlil edərkən, biz “pis” və ya “yaxşı” formulundan uzaq olmalıyıq. Siyasətdə maraqlar var və bu maraqların müzakirəsi üçün diplomatların səylərinə ehtiyac var. Heç nə ağ və qara olaraq qəbul edilməməlidir. Çünki siyasi proseslərdə rənglər dəyişkəndir. Baş verəcək proseslərə gəlincə, tərəflərin baxış bucaqları bəllidir. Bundan sonra Azərbaycan və Rusiyanın bir-birinə təklifləri – bazarlıqları üzərində iş davam etməlidir”.