“Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan qadağa siyasi qərardır”

1668

Qubad İbadoğlu: “Pomidor və alma qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”

Natiq Cəfərli: “Bu, Rusiyanın taktiki gedişidir və zaman-zaman bir çox ölkələrə qarşı tətbiq etdiyi siyasi təzyiq vasitələrindən biridir”

Məhəmməd Əsədullazadə: “Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı, birgə keçirilən parad, Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlişi fonunda bu qadağa təsadüfi deyil”

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyduğunu açıqlayıb. Bununla bağlı publika.az-da yer alan informasiyaya görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar edilib və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Həmçinin qeyd edilir ki, təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri “Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin – Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu”nun 17 dəfə aşkarlanıb. “Bununla əlaqədar olaraq, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”, – deyə xidmətdən bildirilib.

Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir. Buradan da belə qənaətə gəlmək olar ki, Rusiyanın məlum qərarı Azərbaycandakı fermerlərə, o cümlədən digər iqtisadi subyektlərə ciddi mənada təsir edəcək.

“Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bu qənaətdədir ki, Rusiya bazarına pomidor və almanın buraxılmaması təzyiq vasitəsidir: “Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir.

Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib. Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir”. ADR Hərəkatının sədri hesab edir ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi var: “Çünki Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və alma qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar.

“Həm Türkiyə-Azərbaycan yaxınlaşması, həm də dekabrın 10-da Bakıda keçiriləcək qələbə paradı Rusiya tərəfindən qıcıq doğurur”

“Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli də qeyd etdi ki, Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan qadağa məhz siyasi qərardır: “Çünki Rusiya dəfələrlə belə qərarlar verib. Odur ki, bu, Azərbaycana qarşı birinci qərar deyil. Belə ki, 2016, 2017, 2018-ci illərdə də bu cür qərarlar olub. Səhv etmirəmsə, yalnız keçən il belə qərar olmayıb. Hesab edirəm ki, bu, Rusiyanın taktiki gedişidir və zaman-zaman bir çox ölkələrə – Moldova, Gürcüstan, Ukrayna, Belarus, o cümlədən Azərbaycana qarşı tətbiq etdiyi siyasi təzyiq vasitələrindən biridir. Yəni, Rusiya bu cür təzyiq vasitələri hesabına müəyyən mesajlar ötürməyə, müəyyən istədiklərini almağa çalışan bir ölkədir. Ona görə də təbii ki, Azərbaycan pomidoru və almasında heç bir problem yoxdur. Odur ki, onların qadağan olunmasının əsas səbəbi siyasi konyekturla bağlıdır”.

REAL icra katibi  hesab edir ki, həm Türkiyə-Azərbaycan yaxınlaşması, həm də dekabrın 10-da Bakıda keçiriləcək qələbə paradı Rusiya tərəfindən qıcıq doğurur: “Bununla yanaşı, çox güman ki, Azərbaycan Rusiyaya Qarabağ ərazisində apardığı fəaliyyətlə bağlı bizim bilmədiyimiz, yaxud da ictimaiyyətə məlum olmayan müəyyən iradlarını da bildirə bilər. Çünki orda sülhməramlıların fəaliyyəti, yumşaq desək, birmənalı qarşılanmır. Ona görə də böyük ehtimalla, bu, siyasi qərardır və təbii ki, bunun iqtisadi fəsadları olacaq. Çünki Rusiyanın pomidor bazarında Azərbaycan bir neçə ildir ki, birinci yerdə idi. Yəni Azərbaycan ixracatının böyük bir hissəsi Rusiyaya nəzərdə tutulub. Kənd təsərrüfatı məhsullarında ixracatımızın 80-85 faizi Rusiya bazarınadır. Bu, öz-özlüyündə ciddi bir problem və təhlükədir. Əslində, biz çoxdan çoxşaxəli modelə keçməliydik ki, Rusiyanın şıltaqlığından asılı olmayaq. Amma hələlik biz bunu bacarmamışıq deyə, Rusiyanın bu tip addımları Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsirlər göstərə bilər”. Sözügedən qadağanın nə qədər davam edəcəyini deməyin çətin olduğunu vurğulayan Natiq Cəfərlinin fikrincə, son 11 ayın rəqəmlərinə baxdıqda, görürük ki, əgər pomidor və alma ixracı qadağası bir ay davam etsə, Azərbaycan təqribən, 20-25 milyon dollara yaxın vəsait itirəcək: “Yəni bir ayda itiriləcək vəsait bu qədərdir. Lakin bu qadağa uzun müddət davam edərsə, o zaman itkilər də çox olacaq və bu da fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan iş adamlarına ciddi mənfi təsir göstərə bilər”.

“Moskva yeni siyasi nizamda Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında görmək istəyir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də bildirib ki, Rusiyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağa qoyması Kremlin müəyyən təzyiq vasitəsidir: “Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı, birgə keçirilən parad, Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlişi fonunda bu qadağa təsadüfi deyil. Qəti şəkildə Rusiyaya güzəştə getmək lazım deyil. Rusiyaya güzəştə gedərsək, yenə də üstümüzə gələcək. Kreml Xocalı aeroportunun açılmasında maraqlıdır və Xankəndində möhkəmlənmək kursu götürüb. Bundan əlavə, Rusiya Azərbaycanın onun orbitində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqına üzv olmaq üçün bu kimi təzyiqləri genişləndirməsi gözlənilir. Azərbaycan Ermənistana görə bu təşkilatlara üzv olmurdu. İndi isə Ermənistan məğlub olub”. Politoloqun sözlərinə görə, Moskva yeni siyasi nizamda Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında görmək istəyir: “Lakin Azərbaycan Türkiyə ilə hərbi müttəfiqliyini inkişaf etdirməlidir. Ümumiyyətlə, Rusiyanın proyektlərində yer almaması Azərbaycanın təhlükəsizlik və milli maraqlarına cavab verir. Düşünürəm ki, Rusiyanın Qarabağda fəaliyyəti bir müddətdən sonra daha da qabarıq görünəcək. Rusiya ilə Azərbaycan arasında Qarabağla bağlı ciddi fikri ayrılıqları gözlənilir. Hesab edirəm ki, Moskvanın bu təzyiqlərini Türkiyə neytrallaşdıracaq”.

Vazeh BƏHRAMOĞLU