Azərbaycanda yeni dövrün başlanğıcı

69

Bütün varlığımla əminəm ki, Xankəndi üzərində bayrağımız dalğalanan saatdan biz yeni dövrə qədəm qoyacayıq

Hələ indiyə qədər bir tarixçi cürət edib 11-ci ordunun ÇEKA-nın 20-ci illərin əvvəllərində Azərbaycanda törətdikləri müdhiş cinayətlər haqqında əməlli söz deməyib. Bütün rəhbər heyəti yəhudilərdən, latışlardan ibarət olan ÇEKA müsəlmanlara, türk mənşəli xalqlara patoloji nifrət bəsləyən erməni qatilləri ilə əlbir işləyirdi. Nə qədər arxivləri araşdırsanız istər ÇEKA-nın, istər OQPU-nun erməni banditləri əleyhinə mübarizə aparmaları haqqında bir fakta rast gəlməzsiniz. Bütün zərbələr ancaq və ancaq müsəlmanlara yönəlmişdi(OQPU, yəni Birləşmiş baş siyasi idarə, ÇEKA-dan sonra yaranmışdı. ÇEKA abbviaturası isə “Fövqəladə komissiya” sözünü bildirir). Fövqəladə komissiya (çerezvıçaynaya komissiya – ÇEKA) isə əksinqilaba, sabotaja, bütün təxribatlara, siyasi rəqiblərə qarşı açıq və gizli şəkildə amansız mübarizə aparmaq üçün yaradılmışdı. Daha sonralar OQPU-nu xalq daxili işlər komissarlığı əvəz etdi.

Bütün xalq bu amansız təşkilatı NKVD (Narodnıy komissariat vnutrennix del) kimi tanıyırdı və elə bu adla da çağırırdı. Milyonları məhv etmiş təşkilatın əməkdaşlarına verilmiş “çekist” adı bizim günlərə qədər gəlib çatmışdır.

1920-ci ildə Bakıda, ölkənin digər böyük yaşayış məntəqələ¬rində başlanmış talan, qarət, camaatın var-dövlətinin vəhşicəsinə müsadirə edilməsi təsvirə gəlməz miqyasda həyata keçirilirdi. Evlərə birinci olaraq bolşevik təşkilatçılarının fitvalarına uymuş bizim lümpenlər soxulurdular. Sinfi düşmənçiliyin dövlət siyasəti elan edilməsi indiyə qədər qisas odunda yanan məzlumlara imkan verdi ki, dövlətlilərlə haqq-hesab çürütsünlər. Hər kənddə, hər qəsəbədə yoxsullar komitələri yaradıldı və onlara hər cürə səlahiyyətlər verildi. Onların çıxartdıqları qərarlar əsasında siyasi idarələr günahkar bilinən şəxslərə divan tuturdular. Günlərin bir günü Bakının bütün sabiq neftxudaları, maqnatlar, tacirlər, milyonçu hacılar şərtləşdikləri kimi Təzə pir məscidinə yığışdılar. Artıq heç kimdə nə müqavimətə güc qalmışdı, nə də ümid. Respublikanın partiya aparatı ermənilərin və dünya inqilabı ideyaları ilə yaşayan avantürist trotskiçilərin əllərində idi. O ev yox idi ki, altını üstünə çevirib qızıl və qiy¬mətli şeylər axtarmasınlar, çekistlər həya-abır bilmədən qadınların otaqlarını da ələk-vələk edirdilər. Bellərində “Naqan”, “Mauzer” tapança gəzdirən qara meşin plaş və gödəkcə geymiş çekistlər çoxdan hama¬mın nə olduğunu bilməyən, üfu¬nət saçan başıpozuq əsgərlərin müşayəti ilə varlı müsəlmanların evlərinə soxulur “inqilab naminə” deyərək, istədiklərini qamarlayırdılar…

İllər uzunu yağ-bal içində yaşayıb neçə-neçə arvad saxlamış, harınlıqdan Qurana da, şəriətə də arxa çevirənlər başlarına döyə-döyə Təzə pirə sığınırlar. Bütün Bakıda və Abşeronda kəskin moizələri ilə ad-san qazanmış, qurşağında ağ sümük dəstəkli beybud gəzdirən, heç kimdən çəkinməyən Şeyx Qəni minbərə çıxaraq qısa duadan sonra üzünü ona ümidlə baxan dövlətlilərə, zavod-fabrik sahiblərinə, sabiq iri vəzifəli məmurlara, xəcil olmuş bəyzadə və xanzadələrə tutaraq azğından od püskürür – Bilirəm niyə gəlmisiniz… Allah, din-iman indi yadınıza düşüb… Hacı filankəs, dur ayağa, paraxodların, karxanaların, Urusetdə nə qədər varidatın, evlərin var idi. Pula vursan hamısının dəyəri neçə milyon qızıla çıxır. On illər ərzində hansı kasıb müsəlmana heç olmasa xüms, zəkat bəhanəsi ilə iki qəpik vermisən?…

Şeyx Qəni bu minvalla bütün məclis əhlini bir-bir ayağa qaldırır, bir müfəttiş, mühasib kimi hamının sərvətini açıqlayır. Heç ki¬min danışmağa sözü olmur… Əksəriyyəti ifşa edən Şeyx Qəni çıxışlarını belə yekunlaşdırır: – İmarətlər, saraylar tikdiniz, sərvəti-samanınızı xarici banklara ötürdünüz, ayaqlarınız altında qalan fəqir-füqəranı peyğəmbər ümməti saymadınız. Ticarət bəhanəsi ilə il on iki ay üz tutdunuz Urusetin şəhərlərinə, gül kimi müsəlman övrətləri burada gözləri yollarda qaldı, siz isə “qəs¬dinlərdə”, “şantanlarda” eyş-işrət qurub toxumlarınızı oralara səpdiniz. İndi sizin zinakarlıqla əkdikləriniz böyüyüblər “Ay dədə, bizim çörəyimizi ver!” deyərək, bura cumublar. Əgər vaxtında kisələrə yığdığınız qızıllardan elə xüms, zəkat kimi bu fəqir füqəraya versəydiniz, onlar indi dəhrə, balta ilə bu kafir ləşkərinin öhdəsindən gələrdilər.

…Bu əhvalatı mən həmin gün məsciddə olmuş bir neçə nəfər əməli-saleh, dindar adamdan çox-çox sonralar eşitmişəm. Bolşevik şüarlarına uyan minlərlə lümpenləşmiş azərbaycanlı əllərinə düşən fürsətdən bəhrələnərək, daha o zülm qalmadı ki, kübarlara, dövlətlilərə rəva görmə-sinlər. Dəhşətli tükürpədici əhvalatlar haqqında heç kim nə onda, nə də sonralar bir kəlmə də yazmadı. Amma OQPU-nun, NKVD-nin arxivlərində yetərincə məlumat var. İnanın ki, bildiklərimi yazmağa utanıram.

ÇEKA-da, partiya aparatında bütün rəhbər vəzifələri qamarlaya bilmiş sionistlər, ermənilər böyük təcrübə qazanmış kommunist təbliğatçı və və təşviqatçılarının köməyilə Azərbaycan fəqir-füqərasının qəlbində amansız sinfi nifrət dalğasını qaldıra bildilər. “Aclar və qullar dünyası” bolşevik hökumətinin razılığı və təhrikilə qisas almağa başladı. Mü¬səlmançılıq, kişilik kimi anlayışlar bilmərrə unuduldu. 1920-1940-cı illərdə partiya iclaslarında yazılmış protokolları oxumaq mənə nəsib olub, ilahi, insanlar bir-biri¬lərinə qarşı necə də amansız olublar?! Sanki ev yıxmaqdan, öz yaxın qohum-qonşusunu belə, gedər-gəlməzə yollamaqdan həzz alıblar. Cürətlə demək olar ki, göz qabağında olanlar bir amalla yaşayıblar, indi ki, ələ imkan düşüb, mənə nə vaxtsa pislik edəndən əvəz çıxmalıyam.

İndi məni kim qınayırsa, qınasın özü bilər. Mən o sinfi nifrətin cücərtilərini Azərbaycanda görürəm.

Amm, bununla belə sabaha ümidlə baxıram. Bütün varlığımla əminəm ki, Xankəndi üzərində bayrağımız dalğalanan saatdan biz yeni dövrə qədəm qoyacayıq. Gün o gün olacaq ki, şəhid məzarlarını ziyarət edənlər deyəcəklər, əzizlərimiz, ruhunuz şad olsun, qisasınız alındı, Qarabağ məscidlərinin bütün minarələrindən minacat səslənir, uşaq qatillərini bir-bir cəhənnəmə vasil ediblər, kini, küdurəti, cılız hissləri bir yana atıb, ələlə verərək xarabazara döndərilmiş kəndlərimizsi dirçəldirik.

Gözlərimi yaşardan bu süözləri yaza–yaza qərinələrdən, əsrlərdən keçərək aqil insanlardan bizlərə gəlib çatmış bir kəlamı hamınızın yadına salmaq istərdim, başına gəlmiş qəza-qədərlərdən, bəlalardan ibrət almayan xalq ikinci dəfə onları yaşayacaq.

Yenə də bir ricət

Ayın 2-də axşam həmişəki kimi telekanalları bir-bir gözdən keçiriridim. Qəzayi-nəhsdən yenə də “Zvezda” kanalı diqqətimi çəkdi… Kaş baxmayaydım… Ruslar Şuşadan reportaj hazırlamışdılar. Mən telerepartyorun açıq-aşkar ermənipərəstliyindən, ağzını Allah yoluna qoyub hərcayı-hərcayı danışmağından bir söz demirəm. Qulaqlarımız çoxdan dolub, biz belə təhqiramiz münasibətə öyrənmişik. Sadəcə olaraq illər boyu bir suala cavab tapa bilməmişəm, axı biz fələkzədələr bu Moskva irticasına neyləmişik, nə vaxt onların üzünə ağ olmuşuq?

Cavad xanın misilsiz mübarizəsini və 1920-ci ilin Gəncə üsyanını çıxmaq şərtilə Azərbaycanda rus əsarətinə qarşı diqqətəşayan bir müqavimət olmayıb. Beş-on qaçağın pərakəndə halda orda-burda pristavlara, qəza rəislərinə qarşı çıxması ümumxalq mübarizəsi sayıla bilməz. Şeyx Şamil hərəkatını qoyuram qırağa, ötən əsrin 90-cı illərində çeçen xalqının əfsanəvi müqaviməti tarixin annalarına düşüb. Qafqazın bu övladları rusların gözlərinin odunu elə alıblar ki, onlara Rusiya şəhərlərində söz deyən yoxdur.

Yanvar qətlamında xalq bircə dəfə birlik nümayiş etdirdi, şəhidlərin dəfnində iki milyona qədər adam küçələrə çıxdı. Paqonlarını çiyinlərindən qoparıb atan kişilərlə yanaşı, cəlladlara canla-başla nökərlik edib yüksək rütbələr alanları xalq yaxşı tanıyır. Onu da bilirəm ki, onların üzlərinə tüpürən də olmayıb.

Ümumi qətlama qarşı qalxmış nifrət tufanının vüsət aldığı günlərdə minlərlə adam partiya biletini tulladı. Və çox keçmədi ki, əksəriyyət utanıb eləmədən raykomlara gedib biletlərini təzədən aldı. Bu barədə heç kim danışmır…

Vəzirovun, Mütəllibovun “səltənət” sürdüyü qısa müddət ərzində Rusiyaya qarşı hücumlar olmayıb.

“Pambuq bəylərinin “ siyasi məzhəkəyə dönmüş bir illik hakimiyyəti dövründən danışmaq istəmirəm. Bu binəvalar kabinetlərinə öyrəşməmiş hücuma məruz qaldılar və devrildilər. Onların Rusiya əleyhinə çıxmağa heç vaxtları da olmadı.

Bütün bunlara görə istərdim ki, bir bəni-Adəm ortaya çıxıb bizləri bəzi sirrlərdən agah etsin. Moskvanı bizlərə patoloji bədxahlığa haradan qaynaqlanlr? Axı rus Azərbaycanda heç nədən korluq çəkməyib. Elə bir idarə olmayıb ki, orada qapıya gələn rusu get-gələ salsınlar.

Gürcüstanda, Ermənistanda rus heç vaxt cürət edib ağzına gələni deməyib, heç vaxt oradakı camaatın heysiyyətinə, adət-ənənəsinə toxuna bilən hərəkətə yol verməyib. Çünki bilib ki, fövrən cavabını alacaq. İllər ərzində Moskvada Şərq, İslam dini barədə yüzlərlə kitab nəşr olunurdu. Elə bir kitab yox idi ki, orada bizə qarşı təhqiramiz münasibət olmayadı, dinimiz, imanımız ələ salınmayaydı. 60-70 il ərzində bir dəfə görmədim ki, bizim ordenli, medallı, yerli yaltaqların tərifləyib ağac başına çıxartdıqları  “korifey” ordusundan bir kişi çıxıb Moskva şovinistlərini susdursun. Olmayıb belə şey…

Kino çəkəndə də ora mütləq bir müsbət rus personajını salmışıq. Utanıb qızarmadan ağalara xoş gəlmək xatirinə Üzeyir bəyin irsini də murdarlamışıq. (Vaxtilə bu barədə yazmışdım) .

Rus estradasının elə lotusu olmayıb ki, Bakıda xaltura çıxışları ilə ciblərini doldurub getməsin. Daha nələri sadalayım?

Gileylənəndə, ya da taledən şikayətlənəndə eşitdiyimiz söz bu olub, düşmən güclüdür, biz nə edə bilərik? Burada yadıma birinci Fransa inqilabının adlı-sanlı xadimi Mirabonun sözləri düşür: “Düşmən ona görə güclüdür ki, biz diz üstəyik”. Bizim də  faciəmiz onda olub ki, illərlə diz üstə qalmağımıza öyrənmişik və həyatı başqa cürə də təsəvvür etməmişik.

Bəs indi? Bəli, Vətən müharibəsi gedir, xalqın inandığı etibar etdiyi lider var, yüz minlik müsəlləh ordumuz və əsası da qələbənin dadını görmüş, Ali Baş Komandanın bir işarəsi ilə xariqələr yarada bilən yeni nəsil göz qabağındadır.

Bizim heç kimin qarşısında reverans etməyə, xəcil vəziyyətdə durmağa, imdad gözləməyə haqqımız yoxdur.

(Ardı var)