Azərbaycanda yaşayan yəhudilər “mədəni soyqırım”la bağlı narahatlıqları əbəs sayır

381
THE JERUSALEM POST, İsrail
30.12.2020

Müəllif: Şneor Seqal (Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini)

Dağlıq Qarabağda ötən ay elan olunmuş sülhün Azərbaycan paytaxtı Bakının küçələrində bayram edilməsi gözlənilən idi. Hər halda, təxminən 30 illik işğaldan sonra 700 min azərbaycanlı məcburi köçkün doğma evinə qayıtmaq imkanı əldə edirdi…

Qələbənin qeyd olunduğu günlərdə Bakıda Azərbaycan bayrağı ilə birgə İsrail bayrağı da qürurla dalğalanırdı. Yəqin ki, bu, xaricdə yaşayan insanlar üçün gözlənilməz hadır. Amma bu, məni, azərbaycanlı yəhudini qətiyyən təəccübləndirmədi.

Bəzi xarici KİV-in iddialarının əksinə olaraq, Azərabaycan qətiyyən “xristian ölkə olan Ermənistanla dini münaqişəyə cəlb olunmuş qeyri-tolerant dövlət” deyil. Əksinə, o, etnik və dini gərginliklərin hökm sürdüyü bir regionda dini-mədəni tolerantlığın, inklüzivliyin mərkəzidir.

Bu gün Azərbaycanda 25 min yəhudi yaşayır – aşkenazi yəhudiləri, Gürcüstan yəhudiləri və unikal, qədim dağ yəhudiləri. Burada biz yəhudilər şiə və sünni müsəlmanlarla, həmçinin kiçik katolik icması daxil olmaqla, müxtəlif xristian qrupları ilə birgə yaşayırıq. Bundan başqa, Azərbaycanı burada bir neçə nəsildir xoşbəxt yaşayan 30 min erməni də doğma evi adlandırır.

Bir sözlə, biz bir yerdə yaşayır və işləyirik. Təsəvvür edin ki, Azərbaycan dövləti ölkədə yaşayan katolik icması üçün yeni kilsənin tikintisinə torpaq sahəsi ayırdıqda, yəhudilərlə müsəlmanlar kilsənin inşasına maliyyə yardımı göstərib. 2016-cı ildə Azərbaycana səfər etmiş Roma Papası Fransisk məhz bu kilsədə messa – dini mərasim keçirib, ölkəmizdəki müxtəlif dini qruplar arasındakı sıx əlaqələrə heyran olduğunu deyib: “Bu gözəl əlaqələr sülh şəraitində birgəyaşayış və bütün dünyada sülhün bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Papa hesab edir ki, bütün bunlar müxtəlif konfessiyalar arasında ümumi amala xidmət etmək məqsədilə mehriban münasibətlərin, hörmət və əməkdaşlığın ola biləcəyini göstərir.

Mən Azərbaycanı məhz belə tanıyıram. Xarici mediada ölkəmizlə bağlı təsvir edilən mənfi məqamlar mənə tanış deyil. Məsələn, guya Azərbaycan sülh sazişindən sonra ona qaytarılmış ərazilərdə ermənilərə məxsus xristian irsini məhv etməyə çalışır. Guya o, “qisas hissi ilə alışıb-yanan müsəlman işğalçı”dır. Mən Azərbaycanla bağlı belə fikirləri qətiyyən qəbul etmirəm. Qeyd olunan məqalələrin bəzilərinin başlığında “mədəni soyqırım” kimi iyrənc ifadədən belə, istifadə edilir. Bu cür xəbərlər yerlərdə isteriyanın artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, ermənilər Azərbaycana təhvil verilmiş rayonları tərk etməmişdən qabaq kilsələrdəki xaçları çıxarıb, hətta evləri yandırıb. Məsələn, Kəlbəcər rayonunda yaşamış bir erməni “Bloomberg”ə deyib ki, “bu evləri partladacağıq və ya yandıracağıq. Onları müsəlmanlara saxlamayacağıq”.

Bəlkə də əvvəllər mən bu mövqeyə fərqli münasibət göstərə bilərdim. Xatırladım ki, mən İsraildən Azərbaycana köçdükdən sonra burada baş ravvin olmuşam. Bu gün dünyada yəhudilərlə müsəlmanlar arasında münasibətlərin daha da yaxşılaşdırılmasına ehtiyacın olduğu sirr deyil. Əvəllər bunun universal olduğunu düşünürdüm. Amma bu, səhv yanaşma imiş. Açığı, mənə nominal müsəlman dövləti olan Azərbaycanda baş ravvin kimi çalışmaq təklif edildikdə bundan imtina etmək haqda da düşünürdüm. Azərbaycana səfərimdən sonra fikrim dəyişdi. Mən burada tolerantlıq tapdım. Demək, bütün dünyada ibrahimi dinləri arasında əlaqə qurmaq mümkündür. Azərbaycanda bu fikirləri yüksək səviyyəli rəsmilərdən də eşidəbilərsiniz.

Digər tərəfdən, bu, özünü küçələrdə də tam aydın şəkildə göstərir. Məsələn, Azərbaycanda yəhudilər kipada böyük qürurla gəzirlər. Mənim sinaqoqumun qapısı da hər zaman açıqdır. Halbuki, bu gün Avropada yerləşən sinaqoqların əksəriyyəti hücum təhdidləri üzündən bağlıdır.

Yəhudilər xarici KİV-də haqlarında ədalətsiz fikirlərin yer almasına vərdişlidirlər. Odur ki, mən azərbaycanlı müsəlman bacı-qardaşlarımın tərəfində dayanmalı, onların müdafiəsi üçün bəzi həqiqətləri ifadə etməliyəm.

Son dövrədək Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Qarabağda çox sayda dəyərli xristian mədəni irsi mövcuddur. Məsələn, minlərlə qəbirstanlıq, kilsə, monastır və s. Bütün dəyərli mədəni abidələr kimi, onlar da qorunmalıdır. Bəs Dağlıq Qarabağda azərbaycanlı müsəlmanlara məxsus mədəni-dini abidələr qorunub saxlanıbmı? Xeyr. Amma bu, azərbaycanlıların da belə davranacağını düşünmək üçün əsas deyil. Müxtəlifliyin olduğu Azərbaycanda ayrı-ayrı mədəniyyətlərə aid abidələrin qorunması milli prioritetdir. Deyilənləri dövlətin bu sahədə indiyədək gördüyü işlər də təsdiqləyir. Azərbaycan hətta beynəlxalq səviyyədə xristian abidələrinin və artefaktların bərpasını maliyyələşdirir. Buna çox misal göstərmək olar. Yalnız Vatikandakı Müqəddəs Pyotr bazilikasının, Romadakı San-Sebastian katakombalarının, Strasburq kafedralının XIV əsrə aid olan pəncərələrinin bərpasını xatırlatmaq kifayətdir.

Bu gün isə Azərbaycan hökuməti Dağlıq Qarabağda xristian irsinin qorunması və bərpası məqsədilə UNESCO ilə əməkdaşlığa başlayıb.

Bütün bunlara rəğmən, “mədəniyyət müharibəsi” ilə bağlı narahatlıqlar davam edir. İnsanlar Qarabağda müharibə bitdikdən sonra yaranmış xəbər vakuumunu doldurmaq üçün nəsə axtarırlar. Tərəflər arasında sülh sazişi imzalanıb. Lakin həqiqi sülhün bərqərar olmasına zaman lazımdır. Təəssüf ki, bu gün tərəflər arasında fikir ayrılığı qalır. Amma biz onu qızışdırmamalıyıq.

Müxtəlifliyə malik Qarabağ regionu bu gün dağıdılmış vəziyyətdədir. Bu region müxtəlif xalqları, dinləri və mədəniyyətləri özündə cəmləşdirir. Odur ki, biz də bu gün diqqətimizi onların birliyinə yönəltməliyik. Doğrudur, bu, çətin iş kimi görünə bilər. Amma şəxsən mən bunun mümkün olduğunu bilirəm. Bunun sübutu elə Azərbaycanın özüdür.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST