“Azərbaycanda Türkiyənin hərbi bazasını rəsmiləşdirmək lazımdır”

363

Elxan Şahinoğlu: “Biz Türkiyə hərbçilərinin Şuşada, Laçında, Kəlbəcərdə və ya Ağdamda yerləşlədirilməsini istəsək, Rusiya buna mane ola bilməyəcək”

Qubad İbadoğlu: “Azərbaycanda atəşkəs bəyanatına münasibətdə sərgilənən qeyri-adekvat mövqelər, nümayiş etdirilən yersiz dəstək tədbirləri ermənilərin lehinə işləyir”

Natiq Cəfərli: “Rusiya Ermənistanda mövqelərini itirib, hakimiyyətə öz adamlarını gətirə bilmir, imzalarını yerinə yetirməsələr Azərbaycanı da birdəfəlik itirəcəklər”

Məhəmməd Əsədullazadə: “Moskva Qarabağ məsələsində Türkiyə ilə ortaq məxrəcə gəlməsə, Rusiyaya yeni cəbhə açılacaq, onun Suriya, Liviyada mövqeləri zəifləyəcək və nəticədə ciddi itkilərə məruz qala bilər”

Nazim Cəfərsoy: “Azərbaycan-Ermənistan müharibəsini ermənilər və Moskvadakı havadarlarının istədiyi kimi Azərbaycan-Rusiya müharibəsinə çevirmək böyük strateji səhv olar”

Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Onu da qeyd edək ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan baş nazirinin imzaladığı bəyannamənin şərtlərinə əsasən Kəlbəcər noyabrın 15-də boşaldılmalı idi. Ancaq Azərbaycan tərəfi Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Ermənistana 10 gün, yəni 25 noyabra qədər vaxt verib. Bundan başqa, axar.az-da yer alan informasiyaya görə, Rusiya Müdafiə Nazirliyi 19 avtobusla daha 475 nəfərin Xankəndiyə gəldiyini bildirib.

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə təqdim edildi

Bu arada, hər kəsi maraqlandıran məsələyə, yəni Türkiyə ilə bağlı məqama gəlincə, qardaş ölkənin hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən sənəd artıq Türkiyə Prezident Administrasiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə məlumatı şərh edərkən, “Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi ilə bağlı prezident Rəcəb Rayyib Ərdoğanın fərman layihəsi respublikanın qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur”, deyə bildirib. APA-nın məlumatına görə, Azərbaycan ərazisində monitorinq mərkəzi olacağını vurğulayan Peskov ora Türkiyə hərbçilərinin göndərmək lazım olduğunu da əlavə edib: “Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Bu, Türkiyənin daxili işidir. O ki, qaldı Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılığa, bu, Rusiya və Türkiyə ikitərəfli razılaşmasının məhsuludur”.

“Rusiya Dağlıq Qarabağda bildiyini edir, bəyanatda nəzərdə tutulmayan “işlərlə” məşğuldur”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, rus hərbçilərinin Dağlıq Qarabağa qəfil gəlişi və separatçılarla əlaqələrini genişləndirmələri rahatlığımızı pozub: “Kiminlə söhbət edirəmsə, hamı eyni sualı verir: “Niyə belə oldu?” Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Bu qanunun icrasını sürətləndirmək lazımdır. Əks halda Moskva Dağlıq Qarabağda bildiyini edəcək. İllərdir deyirdim və yazırdım ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının olması vacibdir. Rusiya öz qarşısında ondan çəkinməyən güc görməlidir”. Politoloqun sözlərinə görə, ruslar tarixən özündən zəifi əzməyə çalışıblar, yalnız qarşılarında ondan çəkinməyən güc gördükdə iştahlarını azaldıblar: “Bu güc Türkiyədir! Bəzi dostlar yazır ki, Türkiyə hərbçiləri Rusiya hərbçiləri ilə birlikdə atəşkəsə nəzarət üzrə mərkəzdə yer alacaqlar. Başqa sözlə, noyabrın 10-da qəbul edilən bəyanata görə, Türkiyə hərbçilərinin sülhməramlı əməliyyatda iştirakı nəzərdə tutulmayıb. Tükiyə hərbçilərinin Azərbaycanda hansı statusda iştirak etməsi bizdən asılıdır. Rusiya Dağlıq Qarabağda bildiyini edir, bəyanatda nəzərdə tutulmayan “işlərlə” məşğuldur, Kəlbəcərin boşaldılmasını 10 gün uzatdılar. Biz Türkiyə hərbçilərinin Şuşada, Laçında, Kəlbəcərdə və ya Ağdamda yerləşlədirilməsini istəsək, Rusiya buna mane ola bilməyəcək. Rusiya istəyərdi ki, NATO dövlətinin hərbi təyyarələri Azərbaycanda yerləşsin? Əlbəttə ki, yox. Ancaq Türkiyənin F-16 hərbi təyyarələri aylardır Azərbaycan ərazisindədir və elə bu məsələni də həll edib, strateji müttəfiqimizin ərazimizdə hərbi hava qüvvələrinin bazasını rəsmiləşdirmək lazımdır”.

“Rusiyanın vasitəçiliyi ilə hazırlanan atəşkəs bəyanatının icrasında kobud pozuntular müşahidə olunmaqdadır”

“Hürriyyət” xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə bu qənaətdədir ki, Rusiyanın vasitəçiliyi ilə hazırlanan atəşkəs bəyanatında nəzərdə tutulan tədbirlərin Azərbaycan ordusunun qələbəsinə simmetrik olmamasına baxmayaraq, onun icrasında da kobud pozuntular müşahidə olunmaqdadır: “Kənardan baxanda elə görsənir ki, ruslar bununla həmin bəyanatdan guya narazı qalan ermənilərin könlünü alaraq qısa müddətdə onların maraqlarının ifadəçisinə çevriliblər. Cəmisi 5 gün ərzində qüvvədə olan bəyanatın ermənilərin xeyrinə aparılan dəyişiklərlə icra edilməsi sanki Ermənistanda yaranmış hiyləgər anti-rus əhval ruhiyyəsinin aradan qaldırılmasına və onların razı salınmasına xidmət edir. Təəssüflər olsun ki, Azərbaycanda atəşkəs bəyanatına münasibətdə sərgilənən qeyri-adekvat mövqelər, nümayiş etdirilən yersiz dəstək tədbirləri də ermənilərin lehinə işləyir”. ADR Hərəkatının sədri qeyd edib ki, Azərbaycanın bəyanata pozitiv münasibətini görən ruslar Qarabağdakı vasitəçilik fəaliyyətlərində yalnız erməni maraqlarından çıxış etməklə onların özlərinə münasibətlərini yaxşılaşdırmaq xətti yeridirlər: “Unutmayın ki, mövcud durumun bizim üçün ideal olması kimi yalnış təsəvvürlərin yaradılması rusları ermənilərin mənafeyinə yönələn addımlar atmağa sövq edir”.

“Noyabrın 10-da imzalanan sənəddə 4 yerdə “Dağlıq Qarabağ” sözü keçir, mətnin məntiqindən həmin söz tək coğrafi anlamda işlənmədiyi görülür”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə hesab edir ki, biz imza atdığımız sənədi yaxşı öyrənmədik, həmən eyforiyaya qapıldıq: “Noyabrın 10-da imzalanan sənəddə 4 yerdə “Dağlıq Qarabağ” sözü keçir, mətnin məntiqindən həmin söz tək coğrafi anlamda işlənmədiyi görülür. Biz imza atdığımız sənədi yaxşı öyrənmədik, həmən eyforiyaya qapıldıq, sonra da, “Niyə Rusiya “sülhməramlıları” Arayiklə görüşür”, “Niyə görüş otağında qondarma qurumun bayrağı var”, “Nədən Rusiya prezidenti qurumlararası yeni mərkəz yaradır”, “Nə səbəbə həmin fərmanla Rusiya kommunikasiyalar inşa edəcək, qaçqınları İrəvandan Xankəndinə gətirir”, kimi suallar veririk. Çünki imzalanan sənəd bunun üçün azacıq əsas yaradır, Kreml isə o az əsası böyük təmələ çevirir. İndi nə etməli?! Məncə, dekabrın 2-nə qədər səbrlə və ehtiyat tədbirləri görməklə gözləyirik, hər 3 rayondan Ermənistan ordusu çıxmalıdır”. Politoloq bildirib ki, bunun başqa alternativi yoxdur, çünki ortada Putinin və Kremlin reputasiyası var: “Çox qısa zamanda bunu xərcləsələr, bütün bölgəni itiricəklər. Zatən, Ermənistanda mövqelərini itiriblər, hakimiyyətə öz adamlarını gətirə bilmirlər. Bizdə isə cəmiyyətin təməldən Şimala güvəni və Moskvadan pozitiv gözləntisi olmayıb. İmzalarını yerinə yetirməsələr Azərbaycanı da birdəfəlik itirəcəklər”.

“Əgər Putin imza atdığı sənədlərdən irəli gələn bəndlərə riayət etməsə, Rusiyanın regionda mövqeyi kifayət qədər zəifləyəcək, Türkiyə və Azərbaycanla ciddi konflikt yaşanacaq”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Rusiyanın Qarbağla bağlı mövqeyində müəyyən təzadlar üzə çıxır: “Diplomatik müstəvidə Kreml imza atdığı bəyannamədən irəli gələn məsələləri həll etməyə tələsmir. Bu bəyannamənin imzalanması Azərbaycan xalqının qarşısında televiziyada canlı efirdə olub. Məhz xalqın qarşısında Vladimir Putin imza atmaqla birbaşa prosesi müsbətə doğru aparacağı üzrə öhdəliklər götürdü. Azərbaycan ictimaiyyəti qarşısında Putin imza atdığı bəyannamədən irəli gələn öhdəlikləri yerinə yetirməsə, Rusiya Azərbaycan ictimaiyyəti qarşısında tamamilə hansı statusda olacaq o, dekabrın 1-dən sonra aydın olacaq”. Politoloq onu da əlavə edib ki, Rusiyanın Ermənistanda etimadı tükənib: “Ermənistanda həm hakimiyyət, həm də siyasi-ictimai cameə Qarabağ məsələsində Moskvaya artıq ümid etmir. Zamanla bu ölkədə anti-Rusiya isterikası pik həddə çatacaq. Qeyd edək ki, Rusiya Qarabağda yeni mərkəzlər yaradır və Putin sərəncamlar verməklə, burada humanitar məsələlərin həllinə çalışır. Rusiya Qarabağda avtonom bir idarəetmə yaratmaqda israrlı görünə bilər. Türkiyə ilə iki gündür aparılan danışıqlar nəticəsizdir. Rusiya sülhməramlı prosesdə tək olmaq istəyir. Çünki burada Türkiyə onu neytrallaşdıracaq. Bu da Moskva üçün arzuolunan deyil. Ona görə də bəyannamədə göstərilən vaxtda Kəlbəcəri boşaltmamaq Moskvanın siyasətidir. Onsuz da Kəlbəcər, Laçını və Ağdamı boşaltmağa məcburdur. Sadəcə, Putin Azərbaycan xalqı, Ermənistan və Rusiya ictimaiyyət önündə öz imzasına hörmət edəcəkmi?! Bu sual olaraq qalır. İlkin mərhələdə bu, görünmədi. Azərbaycan prezidenti İlham Əliyev öz imzasına sadiqdir və Qarabağ məsələsində prinsipial mövqeyə malikdir. Azərbaycan ictimaiyyəti Ali Baş Komandanı dəstəkləyir. Əgər Rusiya rəhbərliyi imza atdığı sənədlərdən irəli gələn bəndlərə riayət etməsə, Rusiyanın regionda mövqeyi kifayət qədər zəifləyəcək, Türkiyə və Azərbaycanla ciddi konflikt yaşanacaq. Bu da Kreml üçün arzuolunan deyil”.

Rusiya prezidenti Vladimir Putinin strateji deyil, taktiki siyasət apardığını vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, ABŞ başda olmaqla, NATO gələn ildən Rusiyaya qarşı yeni həmləyə başlayacaq: “Moskva Qarabağ məsələsində Türkiyə ilə ortaq məxrəcə gəlməsə, o zaman Rusiyaya yeni cəbhə açılacaq. Onun Suriya, Liviyada mövqeləri zəifləyəcək və nəticədə ciddi itkilərə məruz qala bilər. Odur ki, Rusiya Qarabağ məsələsini beynəlxalq məsələyə çevirir. Əgər Rusiya rəhbərliyi dekabrın 1-nə kimi praqmatik qərarlar alarsa, Türkiyə ilə ortaq məxrəcə gələrsə, bu Ankara-Moskva və Bakı oxunda yeni pozitiv bir mərhələyə gətirə bilər. Bu, Rusiya üçün də uğurlu seçim ola bilər. Amma tarix göstərir ki, Rusiya rəhbərliyi bəzən gözlənilməz gedişlər edərək, etimad mühitini zədələyir”.

“Rusiyada və Ermənistanda bu bəyannamənin tətbiq edilməməsi üçün ciddi cəhdlə çalışan güclər var”

“Hürriyyət”in məlumatına görə, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə hesab edir ki, Naxçıvan sərhədində helikopterin təhrik edici uçuşu və sonunda özünü vurdurması, eyni zamanda Xırdalana atıldığı deyilən raket 10 noyabr bəyannaməsinin imzalanmasını pozmaq cəhdidir: “Bu prosesdə “köhnə Rusiyaçılar”ın, Ermənistandakı “Qarabağ klanı”nın və Azərbaycandakı “5-ci kolon”un ortaq maraqları və səyləri var. Bəyannamənin gecə yarısı elan edilməsinin səbəblərindən biri də razılaşmanın pozulması riski ola bilər. İndi də Rusiyada və Ermənistanda bu bəyannamənin tətbiq edilməməsi üçün ciddi cəhdlə çalışan güclər var. Məqsəd rus sülhməramlıları qalsın, ancaq bəyanat tətbiq edilməsin. Kəlbəcər gecikməsi, rus rəsmilərinin Arayiklə görüşləri, Rusiya mətbuatında Türkiyə əleyhinə yayınların artması və Qarabağı Rusiyanın ələ keçirməsi kampaniyası bu mənzərənin müxtəlif parçalarıdır”. QAFSAM-ın sədr müavininin qənaətincə, bu proses 44 günlük müharibədə Ermənistanın Gəncə, Mingəçevir, Xızı və Bərdəni bombalamasının fərqli versiyasıdır: “O prosesi acılı da olsa qərarlı, ağıllı və təmkinli qərarlarla uğurla bitirmişdik. 2 dekabra qədər bu cür təhriklər güclənərək davam edəcək. Odur ki, hüquqlarımızı qorumada qərarlı, ancaq ağıllı və təmkinli addımlar atmalıyıq. Azərbaycan-Ermənistan müharibəsini tam da ermənilər və Moskvadakı havadarlarının istədiyi kimi Azərbaycan-Rusiya müharibəsinə çevirmək böyük strateji səhv olar”.

Vazeh BƏHRAMOĞLU