Azərbaycanda Türkiyə hərbi məktəbləri yaradıla bilərmi?

288

Türkiyə  və Azərbaycan Silahlı Qüvvələri ilə birgə 2011, 2013, 2015, və 2016-cı illərdə geniş miqyaslı hərbi təlimlər keçirib. Cənubi Qafqazda bu cür hərbi fəallıq rəsmi Moskvanın və rəsmi Tehranın maraqlarına zidd olsa belə Azərbaycanın milli təhlükəsizliyi baxımından həyati önəm daşıyır. Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

Bəs, Azərbaycanda Türkiyə hərbi məktəbləri yaradıla bilərmi?

Mövzuyla bağlı Hurriyyet.org-a professor, Milli Məclisin deputatı Jalə Əliyeva açıqlama verib. O, Azərbaycanda türk hərbi məktəblərin yaradılmasına ehtiyacın olub-olmaması qərarını birbaşa ordu quruculuğu ilə məşğul olan səlahiyyətlilərin və ölkənin Ali Baş Komandanın verə biləcəyini deyib:

“Son 44 günlük müharibə tarixi onu göstərdi ki, Azərbaycanın çox güclü ordusu var. Ordumuzda çox gülcü nizam-intizam var. Eyni zamanda, ordumuzun strategiyası və taktikası çox müvəffəqiyyətlidir. Bunu tək biz demirik, dünya ekspertləri də etiraf edir. Hətta, Azərbaycanın hərb modelindən istifadə olunmasıyla bağlı məsələlər gündəmdədir. Bu Azərbaycan üçün çox əhəmiyyətli bir nüansdır. Bunun da əsrlərə söykənən kökü var. İllər əvvəl, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin iradəsiylə yaradılmış olan Naxçıvanski  adına hərbi liseyin məzunlarının əksəriyyətindən ibarət olan güclü ordumuz və rütbəlilərimiz var. Onların Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirtdiyi əməliyyatların uğurlu olması, onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan  güclü orduya sahibdir. Azərbaycan dünyanın bir çox əhəmiyyətli modellərini də tətbiq edərək, öz ordusunu qurub yarada bilmişdir. Bildiyimiz kimi Vətən müharibəmizdə dronların çox böyük bir əhəmiyyəti oldu. Müharibədə sadecə texnika deyil,  birbaşa əsgərin özünün gücü də çox əhəmiyyət daşıyır. Ən azından, Şuşanın alınmasında əsgərlərimiz üz-üzə qarşı tərəflə mübarizə aparıb. Yəni, müharibədə texnikayla yanaşı, əsgərlərin döyüş qabiliyyəti də öz sözünü deyir. Bütün bunlara Azərbaycan tam hazırlıqlı vəziyyətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən paradda Azərbaycanın ordusunun və texnikasının gücünü bir daha döyüş meydanında dünyaya nümayiş etdirdik. Bu gün ordumuz çox yüksək səviyyədədir. Azərbaycanda türk hərbi məktəblərin yaradılmasına ehtiyacın olub-olmaması qərarını isə birbaşa ordu quruculuğu ilə məşğul olan səlahiyyətlilər və ölkənin Ali Baş Komandanı verir. Düşünürəm ki, bu məsələ gündəmə gələrsə, yenə də veriləcək qərar Ali Baş Komandanın qərarıdır”.

 

YƏHYA