“Azərbaycanda siyasi amnistiya elan olunmalıdır”

180

Taliyət Əliyev: “İnanırıq ki, müharibədən sonra iqtidar-müxalifət münasibətləri çox sivil səviyyədə davam edəcək

““5-ci kolon” sıradan çıxdıqca sanki buzlar əriməyə başladı, hakimiyyətlə müxalifət arasında istiləşmə hiss etdik

“Bizə kənardan investor lazım deyil. Biz öz soydaşlarımıza qucaq açsaq, onlar gəlib Qarabağı qısa müddətdə quracaqlar”

Müzəffər ordumuzun işğal altından olan torpaqlarımızı azad etmək üçün apardığı hərbi əməliyyatlar davam edir. İki gün əvvəl Zəngilan şəhərinin və ümumilikdə 24 kəndin işğaldan azad olunması haqda məlumat verildi. O da məlum oldu ki, Cəbrayıl, Füzuliu və Ağdərə istiqamətində gərgin döyüşlər gedib və düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Sözsüz ki, bütün bunlar cəmiyyətimizdəki birliyin nəticəsində mümkün olub. Bəs, əməliyyatlar uğurla başa çatdırıldıqdan sonra hakimiyyət siyasi amnistiya elan etməlidirmi? Bu və digər suallara Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyevlə söhbətimizdə cavab tapmağa çalışdıq.

– Taliyət bəy, necə düşünürsünüz, müharibə bitdikdən sonra hakimiyyətlə müxalifət arasında hazırkı isti münasibətlər davam edəcəkmi? Etiraf olunalıdır ki, 27 ildir münasibətlər heç də xoş olmayıb. Bundan sonra normal münasibətlərə qayıdış olacaqmı?

– Qeyd etdiyiniz kimi, 27 ilə yaxın müddətdə Azərbaycanda iqtidar-müxalifət mövqeləri düşmənçilik səviyyəsinə çatmışdı və bu, cəmiyyəti də, müxalifət partiyalarını da çox cidd narahat edib. Çünki əslində münasibətlərin bu qədər dərinləşməsində biz cəmiyyət olaraq uduzurduq. Amma nə baş verdi? Bu ilin əvvəllərində hakimiyyətdə islahatlara yönəlik nəhəng addımların atılması, ardınca isə Azərbaycan iqtidarında kök salmış “5-ci kolon”un təmizlənməsi prosesi başlandı. Bununla da qarşımızda çox maraqlı bir mənzərə açıldı. Görünən o oldu ki, doğrudan da içəridə Azərbaycan cəmiyyətinin arxaya çəkən bir qüvvə olub. Bu qüvvə sıradan çıxdıqca sanki buzlar əriməyə başladı, hakimiyyətlə müxalifət arasında istiləşmə hiss etdik. Biz bu prosesi aydın şəkildə müşahidə etdik. O cümlədən hakimiyyətin içində kök atmış “5-ci kolon”un sıradan çıxarılması üçün müxalifətdən də dəstək verildi, ADP birmənalı şəkildə prezident İlham Əliyevin yanında olduğunu bildirdi.

Həqiqətən də, gördük ki, “5-ci kolon” sıradan çıxdıqca Azərbaycanda yeni bir mənzərə açıldı və hakimiyyət, başda İlham Əliyev olmaqla, ortaya böyük siyasi iradə qoydu və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində şərəfli bir mübarizəyə başladı. Bu, cəmiyyətimizi üçün yuxuya bənzəyirdi ki, yəni doğrudanmı belə bir şey ola bilər?! Faktiki “5-ci kolon” üzvlərinin sıradan çıxarılması ilə görün nə qədər şərəfli bir mübarizəyə qalxdıq, necə uğurlar əldə etdik. Hansı ki, 30 ilə yaxın müddətdə Azərbaycan cəmiyyəti buna tamarzı idi. Bəlkə də çoxları üçün bu xəyal idi. Bu gün isə toplum olaraq bu istəkləri reallaşdırırıq.

Sualınıza gəldikdə ki, müharibədən sonra bu vəziyyət davam edəcəkmi, əlbəttə, bizim gözləntilərimiz var. İnanırıq ki, müharibədən sonra iqtidar-müxalifət münasibətləri çox sivil bir səviyyədə davam edəcək. Bunun başqa bir alternativini görmürəm və mən son baş verən hadisələrdə də görürəm ki, Ali Baş Komandanın ortaya qoyduğu siyasi iradə var. Düşmənə qarşı, çətin olmasına baxmayaraq, şərəfli bir missiyanı çiyinlərinə götürən Ali Baş Komandan nədən belə bir siyasi missiyanı yerinə yetirməsin?! Bu daha sadə bir şeydir və buna görə, hesab edirəm ki, müharibədən sonra sivil iqtidar-müxalifət münasibətləri formalaşacaq.

Hətta bizim görəcəyimiz işlər daha çoxdur. Müharibə bitəndən sonra cəmiyyətin toparlanması, quruculuq işlərinin yerinə yetirilməsi uğrunda mübarizə yenidən başlayır. Bizim bir etnos olaraq psixologiyamız tamamilə fərqli olacaq. Yəni bunu istəsək də, istəməsək də cəmiyyətin gözləntiləri də daha böyükdür. İlham Əliyevdən də daxildə gözləntilər çox böyükdür ki, problemlər ortadan qalxsın. Mən bu iradəni ortalıqda görəndən sonra ümidliyəm ki, Azərbaycanın toplum kimi parlaq bir gələcəyi var. Nədən də olmasın?! Azərbaycan xalqı buna layiq xalqdır. Biz bu gün görürük ki, bu mərhumiyyətlərə, cəmiyyətdə olan incikliklərə  baxmayaraq Azərbaycan cəmiyyəti birmənalı olaraq Ali Baş Komandanın arxasında durub. Cəmiyyətdən başqa bir səs çıxmır. Bunu da Ali Baş Komandan dəyərləndirir və dəfələrlə öz çıxışlarında da deyib ki, mən öz xalqıma güvənərək mübarizə aparıram. Mən qətiyyətlə inanıram ki, bu belə də olacaq.

– Hansısa səbəblərdən narazılığı olan qüvvələr də haqlı mübarizəyə görə Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirdi və dəstəyini göstərdi…

– Bəli, biz də müşahidə edirik ki, bu hakimiyyətə qarşı bu və digər şəkildə “5-ci kolon”un apardığı yarıtmaz siyasətin qurbanları olan şəxslər sözsüz ki, məsuliyyəti dövlət başçısında – İlham Əliyevdə görürdülər. Çünki dövlət başçısı ölkədə olan bütün problemlərə görə məsuliyyət daşıyır…

– Yeri gəlmişkən, Avropada yaşayan Çeçenlərin Ağsaqqallar Şurasının da bu günlərdə prezident İlham Əliyevə bir müraciəti ünvanlanmışdı. Müraciətdə bildirilirdi ki, 90-cı illərdə rus-çeçen müharibəsi zamanı çeçenlərə dəstək olmuş Azərbaycanın yanındayıq. Orada xüsusi olaraq vurğulanmışdı ki, Avropada mühacir həyatı yaşayan hərbçilərin də geri qayıdıb, vətənlərinin müdafiəsində iştirak etməsinə icazə verilsin. Həqiqətən də, ən azından polkovnik İsa Sadıqov kimi hərbçilərin 90-cı illərdə göstərdiyi xidmətlər danılmazdır.

– Sözsüz ki, hər hansı bir məmurun etdiyi haqsızlıqlar dövlət başçısının ayağına yazılırdı. Bu tipli səbəblərdən də “5-ci kolon”un apardığı anti-demokratik, avtokratik rejimin qurulmasına cəhdlər hakimiyyətlə xalq arasında uçurum yaratmışdı. Nəticə etibarilə yaranan uçurum daha da dərinləşdi və bundan da sözsüz ki, məcburiyyətdən ölkəni tərk edən kifayət qədər soydaşlarımız var. Bu say 100 minlərlədir. Bundan əvvəl həmin şəxslərin sosial şəbəkələrdə hakimiyyəti kəskin şəkildə tənqid edən statuslarını görürdük, amma bu gün onların arasından ən radikal şəxslərin belə, Ali Baş Komandana birmənalı dəstəyini görürük. Hətta deyirlər “əlinizi öpməyə hazıram”. Onlar uzaqda olduqları üçün bu məsələləri daha həssaslıqla izləyirlər. Mən onlardan bəziləri ilə telefon əlaqəsi yarada bildim. Onlar qruplar yaradıblar və ermənilərə qarşı elə bir mübarizə aparırlar ki… Bunu Azərbaycan dövləti öz diplomatik kanalları, həmçinin diaspora vasitəsilə araşdıra bilir. Amma həmin adamlar bu proseslərə elə həvəslə qoşulublar ki, Allaha şükr edirəm ki, belə bir xalqımız var. Əlbəttə, həmin şəxslərə bir siyasi amnistiya tətbiq oluna və onlara qucaq açıla bilər. Onlar da bizim soydaşlarımızdır.

Ali Baş Komandan bu gün cəmiyyətdən çox böyük bir dəstək qazanıb. Bu dəstəyin də müqabilində İlham Əliyev həmin soydaşlarımıza nədən qucaq açmasın, onları əfv etməsin, onları sahib çıxmasın?!

– Bununla biz həm də ölkədən getmiş beyin axınını yenidən Azərbaycana qazandıra bilərik…

– Əlbəttə, Azərbaycanda “5-ci kolon”un apardığı yarıtmaz siyasət nəticəsində son illər ölkədən çox güclü beyin axını, bizim dəyərli alimlərimiz gedib. Qarabağ problemi birdəfəlik həll olunandan sonra, onları yenidən geri qazanmaqla Azərbaycanın gücünə güc qatmış olarıq. Bu da Azərbaycanın müharibədən sonrakı problemlərinin daha qısa müddətdə, daha operativ şəkildə həll olunması üçün əvəzsiz resursdur. Biz bu resursdan maksimum şəkildə istifadə etməyi bacarmalıyıq.

Xaricdə iş adamlarımız var, keçmiş MTN hadisələri zamanı nə qədər iş adamlarımız ölkədən küsüb gediblər. Onların maliyyəsini Azərbaycana cəlb etməliyik. Quruculuq işlərinə cəlb etməliyik. Azərbaycanın işğal altında qalmış torpaqlarında vandal ermənilər daşı-daş üstündə qoymayıb. Biz bu torpaqları abadlaşdırmalıyıq. Bu işlər üçün öz soydaşlarımızı cəlb etməliyik. Bizə kənardan investor lazım deyil. Biz öz soydaşlarımıza qucaq açsaq, onlar gəlib Qarabağı qısa müddətdə quracaqlar. Çünki Azərbaycan xalqı qurucu xalqdır.

Bizim elm sahəsində nə qədər alimlərimiz başqa ölkələrin ali təhsil ocaqlarında dərs deyir. Rafiq Əliyev, Qubad İbadoğlu kimi. Bunların potensialından nəyə görə istifadə etməyək?! Təsəvvür edin, mən 18 oktyabrda “Niaqara” şəlaləsində Azərbaycan bayrağının əks olunmasından qürur duydum. Bu xalq bu aksiya üçün pullar xərcləyib. Bütün dünya ölkələrində böyük bir toplumumuz var ki, diaspora onun təşkil etmədən soydaşlarımız çox işləri təşkil etdilər. Yəni “5-ci kolon”un üzvlərinin səsi çıxmır, amma onların antixalq siyasəti nəticəsində ölkədən didərgin düşmüş, “vətən xain”i damğası vurulmuş şəxslər isə bu gün sinələrini qabağa verib, informasiya cəbhəsində ermənilərlə müharibə aparırlar. Reallıq budur.

– Bu insanlara siyasi amnistiya tətbiq edilməlidir…

– Bizim bir partiya olaraq gözləntimiz ondan ibarətdir ki, həqiqətən İlham Əliyev bu addımları atacaq. Həm də İlham Əliyevin Ali Baş Komandan kimi siyasi iradəsini ortaya qoyduğunu görürəm. Dediyim kimi, Dağlıq Qarabağ kimi problemi həll edən dövlət başçısı nədən belə bir asan məsələni həll etməsin?!..

Bütün mənalarda bu addım Azərbaycan dövlətçiliyini də, cəmiyyətini də gücləndirəcək. Bayaq qeyd etdim ki, qarşımızda problemlər də var. Onların qısa müddətdə həllinə nail olmaq üçün hökmən bu addımın atılması vacibdir.

– Taliyət bəy, bildiyimiz kimi, yaxın günlərdə ölkənin xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-a səfəri gözlənilir. Səfər çərçivəsində Ermənistan xarici işlər naziri ilə görüş ehtimalı da var. Sizin bu səfərdən gözləntiləriniz nədir?

– Bundan əvvəl Bayramovun Moskva səfəri oldu və Azərbaycan cəmiyyətinin ona münasibətini gördünüz. Cəmiyyət artıq bu tipli görüşlərdən bezib. Amma sözsüz ki, cəmiyyətdə belə görüşlərə münasibətlərin birmənalı olmasına baxmayaraq, onlar keçirilməlidir. İkinci dünya müharibəsində də belə görüşlər olub. Azərbaycan diplomatik korpusu da bu tip görüşləri aparmalıdır. Bundan gözləntilərimizə gəldikdə isə, studiyaya gəlməmişdən öncə xəbər tutdum ki, görüşdə iştirak edəcək erməni xarici işlər naziri artıq Moskvaya gedib, yəni təlimat almağa. Yəni orada təlimatı alsın, sonra getsin ABŞ-a. İndi orada həm də ATƏT-in Minsk qrupunun həmsədrləri olacaq. Görüşün də təşkilatçısı Pampeodur. Mən əslində bu görüşlərdən də heç nə gözləmirəm, çünki 30 illik görüşlər təcrübəsi gözümüzün qabağındadır. 30 ildə aparılan görüşlərin nəticəsi olmayıbsa, 31-ci ildə də aparılan danışığın heç bir nəticəsi olmaz. Burada həssas bir məqam var. ATƏT-in Minsk qrupu 1994-cü ildə yarananda ilk dəfə Finlandiya və Rusiya orada təmsil olunub. Sonra Rusiya və İsveç təmsil olunub. 1997-ci ildən üzübəri 23 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Fransa, ABŞ-dır. Sual olunur, niyə bu 23 ildə onların gördüyü işin nəticəsi yoxdur? Bəs bu həmsədrlər niyə dəyişilmir? ATƏT-in Minsk qrupunun həmsədrliyi ancaq sizin boynunuza biçilib? Son günlər Türkiyənin orada təmsil olunması ilə bağlı tələb irəli sürülsə də, Rusiya buna razı deyil. Guya Türkiyə Azərbaycana tərəfdir. Bəs sən kimsən ay Rusiya, sən guya bitərəfsən?…

Erməni diasporunun güclü olduğu 3 ölkə var – Rusiya, ABŞ, Fransa. Rusiyada 3 milyona yaxın erməni yaşayır. ABŞ-da 1 milyon yarım, Fransada da 1 milyondan çox erməni yaşayır. Həmin bu erməni lobbilərinin də dövlət siyasətinə təsir etmək imkanları var. Belə dövlətlərin Dağlıq Qarabağ münaqişəsində bitərəf mövqedə durması məntiqlidirmi?

– Qətiyyən. Son günlər biz belə halların da şahidiyik ki, hətta Fransa prezidenti Makron da dünyaya çağırış edir ki, Qarabağın müstəqilliyini tanıyın. Üstəlik də, bu adamlar utanmadan sülhməramlı missiyadan danışırlar…

– Deyir, ən yaxşı tərbiyə nümunə göstərməkdir. Ermənilər Dağlıq Qarabağda maksimum 100 min olub. Rusiya sən doğrudan da mənə dərs keçmək istəyirsənsə, ərazində 2,5 milyon erməni var, onlara muxtariyyət ver. Niyə vermirsən? Sənin ərazilərin daha çoxdur. Niyə vermirsən? Zatən Krasnodarı da istəyirlər.

Götürək ABŞ-ı. Ərazisində 1,5 milyon erməni var, bizim ərazimizdə bir ovuc erməniyə muxtariyyət istəyirsən, amma öz ərazindəki ermənilərə muxtariyyət vermirsən.

Yaxud götürək Fransanı…

Doğrudan da dünyada beynəlxalq hüququn nihilizmi yaşanır. Bu çox mənfi presedentdir. Belə davam edəcəksə, dünyada xaos yarancaq. Ukraynadakı separatçıların Avropaya çıxışlarına qadağa qoyulub. Bəs Qarabağdakı separatçı separatçı deyil? Özləri bu terroristləri ABŞ-a, Rusiyaya, Fransaya çağırıb, ərazilərində maliyyə marafonları təşkil edib pul toplayırlar. Sən bir separatçını ölkənə buraxmırsan, o biri separatçıya isə maliyyə dəstəyi verirsən. Hətta aparıb bir şəhərlə qardaşlıq müqaviləsi imzaladırsan. 30 il ərzində şahid olmuşuq ki, həmsədr ölkələr bu separatçılar ilə əlaqələr qurub. Qondarma “Dağlıq Qarabağ dövləti”nin passiv legitimləşdirilməsi siyasətini aparıblar. Bu separatçılar gedib bu ölkələrin şəhərləri ilə müqavilələr bağlayıblar, amma ölkə başçıları deyirlər ki, bu ölkə siyasəti deyil. Sənə tabe olan bir ərazi sənin ştatındır, necə sənin dövlət siyasətin deyil? Həm də həmsədr ölkəsən, deyirsən ki, gəl mənə inan, mən sənin məsələni ədalətli həll edəcəm. Mən buna inanaram?

Artıq cəmiyyətə məğlubiyyətlərini yedizdirmək üçün erməni cəmiyyətinə informasiya verilir. Paşinyanın qızı dünən deyirdi ki, xəyallarımız puç oldu, Azərbaycan görünməmiş qələbə çaldı. Həqiqətən görünməmiş bir şeydir ki, ordumuz təpədən-dırnağa kimi silahlanıb. 5-10 gündən sonra öz məğlubiyyətlərini elan etmək üçün baza hazırlayırlar. Amma yenə də öz murdar siyasətlərindən əl çəkmirlər, deyirlər ki, biz Qarabağa yenə qayıdacağıq, “Artsax” müstəqil olacaq. Əvvəlcə dedilər ki, Dağlıq Qarabağ müstəqil olmalıdır. Sonra dedilər ki, bir millət bir dəfə öz müqəddəratını təyin edir. İndi də deyirlər ki, Qarabağ erməniləri fərqli xalqdır, buna görə öğz müqəddəratlarını təyin etməlidirlər. Görün bunlar nə qədər həyasız millətdir…

– Dünən Makronla Putin arasında da Qarabağ müzakirəsi olyb. Bundan nələr gözləməliyik?

– İki gün əvvəl Ərdoğanın bir açılaması oldu. O, Minsk üçlüyünə münasibət bildirərkən dedi ki, Azərbaycan öz torpaqlarının bütövlüyü uğrundan mübarizə aparır. Deyir ki, bir dövlət, bir cəmiyyət üçün bundan doğal nə ola bilər ki… Biz bu gün haqq mübarizəsinə qalxmışıq. Həm milli, həm dini, həm əxlaqi baxımdan. Haqq bizim tərəfimizdədir. İstər Putinin, istər Makronun nə deməsindən asılı olmayaraq, biz bu mübarizəmizi sona qədər davam etdirməliyik. Sözsüz ki, Putinin də “müharibə Azərbaycan ərazisində gedir” açıqlaması buna sübutdur.

Zəngəzurdakı sərhədə də rus bayraqlarının taxılması erməni hiyləsidir. İstəyirlər ki, üçüncü qüvvəni bura cəlb etsinlər. Nə Rusiya, nə Fransa dövlətinin başında duranlar da elə sadəlövh deyil. Amma bunu bilməlidirlər ki, rus gəncləri gəlib ermənilərə görə vuruşmaq istəmirlər.

Mən rusdilli erməni saytlarına baxıram, görürəm ki, biz nə qədər murdar, həyasız, alçaq düşmənlə üz-üzəyik, qonşuyuq. Yazırlar ki, Ermənistan xristian dünyasının sonuncu qalasıdır, Türkiyə Osmanlını quracaq. Bilmirlər necə etsinlər ki, üçünücü qüvvəni bura cəlb etsinlər. Bizim Rusiyanın HMS-ni vurmağımıza isə deyirlər ki, bu Azərbaycanın Rusiyanın üzünə vurduğu şilləsidir. Ermənilərin bütün dediklərinə baxmayaraq mən hesab edirəm ki, biz qardaş Türkiyə ilə Qarabağ probleminin həllində və sonrakı dövrdə paralel siyasət yürütməliyik. Bunun alternativini görmürəm. Danışıqlarla bağlı da qardaş Türkiyənin yaxşı bir sözü var: “İşğal altındakı torpaqlar azad edilməyincə qurulacaq hər bir masa tələdir”. Bunu Dövlət Baxçalı demişdi. Ali Baş Komandanın da dəfələrlə bəyan etdiyi kimi biz sülh danışıqlarına hazırıq. Amma torpaqlardan çıxandan sonra.

– Mən erməni xalqının heç vaxt bizimlə sülh şəraitində yaşayacağına əmin deyiləm. 1904-cü ildən bu yana ermənilərin 6 dəfə xəyanəti ilə qarşılaşmışıq. Onlar özlərinə yer edən kimi, bizdən sonra hədəf Gürcüstandır…

– Gürcü xalqı anlamalıdır ki, erməni virusundan qurtarmaq üçün bizimlə əməkdaşlıq etməlidir. Ermənilərin əməllərinə baxanda görürsən ki, bunlarla bir yerdə yaşamaq olmaz. Bunlar yırtıcı millətdir.

Ülviyyə ŞÜKÜROVA

Kamran GÜLLƏR