“Azərbaycanda sərt karantin rejiminin yenidən tətbiq oluna bilər”

45

Adil Qeybulla: “Fikir versək görərik ki, koronavirusun ikinci mərhələsi başlayır”

Azərbaycanda koronavirusa yoluxmada yenidən artmaqdadır. Yoluxma sayının gündən-günə kəskin şəkildə artdığını müşahidə edirik. Bəs, Azərbaycanda koronavirusa yoluxma sayı niyə artır?

Mövzuyla bağlı tibb elmləri üzrə professor Adil Qeybullayla danışdıq. O, “Hürriyyət”ə açıqlamasında Azərbaycanda sərt karantin rejiminin yenidən tətbiq oluna biləcəyini deyib:

– Ümumiyyətlə, fikir versək görərik ki, koronavirusun ikinci mərhələsi başlayır. Buna ikinci dalğa yox, mərhələ demək olar. Çünki, virus mutasiyaya uğrayıb. İtaliyada, Fransada və digr ölkələrdə yoluxma sayıyla bağlı yeni rekordlar müəyyən olunub. Təbii ki, bu artım dünya üzrə baş verir. Azərbaycanda yoluxmanın artım statistikasını bir neçə faktora əsaslanıb demək lazımdır. Birincisi, Dağlıq Qarabağda Vətən uğrunda gedən döyüşləri qeyd etmək lazımdır. Sanki, insanlar koronavirusu arxa plana atıb. İkincisi isə, bu gün ictimai nəqliyyatda çox pis vəziyyət yaranıb. Yoluxmanın əsas mənbələrindən biri də ictimai nəqliyyatdır. Xüsusilə də metro bağlandıqdan sonra, nəqliyyatda daha da xoşagəlməz vəziyyət yaranıb. Digər tərəfdən, qapalı mühitdə insanlar karantin davranışlarına əməl etmir. Yəni, maketlərdə və müxtəlif mağazalarda vətəndaşlar maska taxmırlar. Bununla da yoluxma sayının artmasına şərait yaradırlar. Eyni zamanda, insanların rayonlara getməsi də yoluxma sayını artıran faktorlardandır. Düzdür, bütün dünyada sərtləşdirmə gedir. Azərbaycanda da ümumi istiqamətdə sərt karantin rejimi tətbiq oluna bilər. Yəgin ki, hazırda təkliflər hazırlanır. Ön cəbhədə virusun tüğyan etməməsi üçün bütün tədbirlər görülməlidir. Çünki, bizim ümumi işimizə bu kölgə sala bilər. Bu baxımdan, çox diqqətli olmaq lazımdır.

– Azərbaycanda yoluxmalarda statistika niyə kəskin şəkildə artıb?

– Dediyim kimi, yoluxma tendensiyası dünya üzrə baş verir. Mən buna ikinci dağla yox, ikinci mərhələ deyərdəm. Bəzi yerlərdə bu üçüncü dalğa da adlandırılır.

– Azərbaycanda virusun zəifləyib tamamilə yox olması nə zamana proqnozlaşdırılır?

– Ümumiyyətlə, dünya üzrə bu prosesin ilin sonuna başa çatması planlaşdırılır.

– COVID-19-u adi soyuqdəymədən və ya qripdən fərqləndirə bilmək üçün hansısa üsul var?

– COVID-19-u adi soyuqdəymədən fərqləndirən cəhətlər var. Bu öskürək, burun axması və s. olmamasıdır. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər. Bu simptomların sizdə olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir.

– Tam sağalmış şəxs COVID-19-a yoluxmayan insanları yoluxdura bilərmi?

– Bəli, yoluxdura bilər. Bu sübut da olunub. Daimi imunitet yaranmır. Hər halda tam sağalan insan yenidən digər şəxsi yoluxdur bilər. Buna dünya üzrə az rast gəlinir.

– Sizcə, sərt karantin rejiminin yenidən tətbiq edilməsinə artıq ehtiyac yaranıb?

– Bəli, hesab edirəm ki, artıq buna ehtiyac var.

– Metroların fəaliyyəti dayandırılıb. Lakin avtobuslar fəaliyyətdədir. Bu səbəbdən avtobuslarda kəskin şəkildə sıxlıq əmələ gəlir. Sizcə, metronun bağlanılması virusun qarşısını almaq üçün effektiv üsuldur?

– Düşünürəm ki, metronun bağlanılması düzgün addımdır. Sadecə olaraq, avtobusların sayı artırılmalıydı ki, sıxlıq yaranmasın. İctimai nəqliyyat ilk gündən çox pis vəziyyətdə oldu.

YƏHYA