Azərbaycanda qismən səfərbərlik elan olundu

57

Zaur Abdullayev: “Hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər”

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qismən səfərbərliyə kimlər cəlb olunacaq?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə elan olunan qismən səfərbərliklə bağlı açıqlama verib. Onun sözlərinə görə, sərəncamla quruma tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin: “Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaq”.

Z.Abdullayev həmçinin bildirib ki, Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək imkanlarına malikdir: “Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər”.

“Döyüşə getmək istəyən böyük sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib”

General-mayor Zaur Abdullayev onu da deyib ki, son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirlər.

Onun fikrincə, bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcəklər.

Şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək

Onu da qeyd edək ki, srağagün Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

“Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”- deyə açıqlamada qeyd olunub.

Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmasına baxmayaraq “Bakı Metropoliteni” QSC isə adi rejimdə fəaliyyət göstərəcək.

Bununla bağlı metropolitenə xüsusi tapşırıq verilib.

Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”un sorğusuna cavab olaraq xəbəri təsdiq edib: “Bakı metrosu adi rejimdə işləməkdə davam edəcək”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, bu gecədən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.

Hazırladı: KƏNAN