“Azərbaycanda peşəkar futbolçu olmaq şansı olan gənclər çoxdur”

171
Mirbağır İsayev: “Ölkə futbolunun önəmli simalarının üzərində əziyyətim olub” 

“Səbail” Futbol Akademiyasının direktoru Mirbağır İsayev klubun saytına müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

– “Səbail” klubunun Futbol Akademiyasının gələcək planları nələrdir?
– Mənim təyinatımdan sonra klubun rəhbərliyi ilə iclasda akademiyadan perspektivli və potensialı olan uşaqları hazırlayıb, A komandamıza yönləndirməyi prioritet olaraq müəyyənləşdirdik. Turnirlərdə nəticə baxımından ancaq U-19 yaş qrupundan gözləntimiz var. Çünki həmin yaş qrupu yerli çempionatda qalib gəldikdə, UEFA Gənclər Liqasında iştirak edə bilər. Digər komandalarla bağlı məqsədimiz isə oyunçu yetişdirməkdir. Həmin komandaların düzgün və operativ iş planını qurmuşuq. Bütün məşqlər videoya çəkilir. Həmin videolara baxılaraq, futbolçular analiz edilir. Bununla da, biz bütün futbolçuların müsbət və mənfi cəhətlərini tanıyırıq. “Səbail”in təzə yaranan klub olmasına baxmayaraq, məqsədlərimizdən biri də A komandası ilə paralel milli komandalara futbolçu hazırlamaqdır. Gələcək planlarımız bu məqsədlər üzərində qurulub.

– Yeni nəsil oyunçuları necə yetişdirmək lazımdır ki, Azərbaycan futboluna töhfə versin?
– Peşəkar futbolçu olmaq üçün məşqçilərin göstərişi ilə özlərinin yanaşması üst-üstə düşməlidir. Azərbaycanda peşəkar futbolçu olmaq şansı olan gənclər çoxdur. Əsas onları görmək, regionlarda olanları da gətirmək lazımdır. Biz Gəncədən, Tovuzdan və s. regionlardan gənc futbolçuları cəlb edərək, hər bir şəraitlə təmin edirik. Futbolçuların savadı da çox önəmlidir. Məşqləri elə qururuq ki, onların təhsilinə maneə yaratmasın. Avropada oynamaq üçün xarici dil bilməkləri vacibdir. Öncə Azərbaycan dilini mükəmməl bilməli, daha sonra rus, ingilis dillərində danışmağı bacarmalıdırlar. Məşqlərdə seçilən futbolçuları isə biz məşqçilər dəyərləndirməliyik.

– Gənc futbolçuların motivasiya olunması üçün hansı addımları atırsız?
– Akademiyamızın U-14,U-15, U-16 yaş qruplarında yüksək potensiyalı olan uşaqları yığaraq, qrup yaradıb, özüm onlarla əlavə olaraq çalışıram. Fikrimcə, birinci motivasiya onlar üçün bayrağımızın ucada dalğalanması və himnimizin səslənməsidir. Onların qarşısına əsas komandada oynamaq və legioner olmaq fikirlərini məqsəd qoyuruq. Bunun üçün möhkəm nizam-intizam lazımdır. Bizim akademiyada məşqçilər sadəcə məşq keçmir, bütün bildiklərini öyrədirlər.

– Həm futbolçu, həm də məşqçi kimi uzun müddətdir futbol sahəsindəsiz. Hansı məşqçidən örnək almısız?
– 2000-ci ildə aldığım zədəyə görə, futbolçu karyeramı bitirdim. 2005-2006-cı illərdə artıq Premyer Liqada “Neftçi”də köməkçi məşqçi idim. O vaxta qədər isə milli komandada U-15 komandasının baş məşqçisi idim. Şəxsi fikrimə görə, bu günə qədər Azərbaycana gələn və birlikdə işlədiyim ən çox təcrübəsi olan mütəxəssis Serpil Həmdi Tüzün olub. Mən çox şeyi ondan öyrənmişəm və hələ də bundan bəhrələnirəm. Onunla birgə işləyərək, futbola uğurlu simalar qatmışıq ki, hazırda karyeralarına yüksək səviyyədə davam edirlər.

– Akademiyadan milliyə gedən futbolçuların olması qürurvericidir. Bu barədə nə düşünürsüz?
– Rauf Əliyev, Maksim Medvedev, Emin Musafayev, Səlahət Ağayev, Araz Abdullayev, Qara Qarayev, Rahid Əmirquliyev, Elçin Sadıqov və s. kimi Azərbaycan futbolunun önəmli simalarının üzərində əziyyətim olub. Rahid Əmirquliyev və Rauf Əliyev hazırda bizim komandadadır. Fikrimcə, onlar bu gün də milli komandaya namizədlərdir. Potensialı olan futbolçulardan biri də Qara Qarayevdir. Hal-hazırda olduğu kimi, biz də onu yığma komandada kapitan təyin etmişdik. Bu ilin ən yaxşı futbolçusu məhz o seçilib. Bu da bizə göstərir ki, seçimimizdə yanılmamışıq. Azərbaycanda hər zaman potensialı olan futbolçular var sadəcə onları seçib və düzgün istiqamət vermək lazımdır.

– Bildiyimiz kimi, pandemiya dövründə futbola bir müddət ara verildi. Gənc futbolçuların formada qalması üçün hansı tədbirləri gördüz?

– Pandemiya nəinki futbolda, bütün dünyada problemlər yaratdı. Akademiyadan iki futbolçu koronavirusa yoluxmuşdu. Klubun rəhbərliyi və baş məşqçi ilə məsləhətləşdik ki, futbolçular məşqsiz qalmasın deyə qruplara bölünərək məşqlərə davam edək. Müvafiq yaş qruplarında milliyə namizəd olan futbolçularla məşqlərə davam edirdik. Xəstəliyin davam etməsi futbola böyük zərbə oldu. Oyunlar keçirilmədiyinə görə, məşqlərin effektivliyi azalırdı. Pandemiya səbəbilə planlarımız pozuldu. Əsas sağlamlığımız yerində olsun, yaranmış fasilədə olan boşlıuqları bərpa edəcəyik.

– “Səbail” Peşəkar Futbol Klubunun akademiyanın yetirməsi Şamil Cəfərov ilə peşəkar müqavilə imzalaması barədə fikirlərinizi öyrənmək istəyirik.
– Hər kəs öz ailəsinin güzgüsüdür. Şamil çox tərbiyəli, nizam-intizamlı, hər şeyin yerini bilən futbolçudur. O həm də bizim milli komandanın oyunçusudur. “Səbail”in əsas komadası ilə peşəkar müqavilə imzalamasına çox sevindik və uğurlar arzulayırıq! A komadasındadır deyə arxayınlıq yaranmamalı və ona olan etimadı doğrultmalıdır. Şamilin bu uğuru akademiyanın digər futbolçularına stimul olacaq və onlar daha da həvəslənəcəklər.