Azərbaycanda orqanik kənd təsərrüfatı məhsulları və beynəlxalq təcrübə – LAYİHƏ

21

I Yazı

Azərbaycan Cənub-Qərbi Asiyada, Xəzər dənizinin sahilində yerləşən ölkədir. Ölkənin böyük hissəsi Asiya qitəsinin, Qafqaz dağlarından şimalda yerləşən kiçik bir parçası isə, Avropa qitəsinin ərazisinə düşür. Kənd təsərrüfatı tarix boyu bu ərazilərdə əhəmiyyətli fəaliyyət sahəsi olmuşdur. Mədən sənayesinin sürətli inkişafı ilə kənd təsərrfatı və ərzaq sənayesi sektorunun milli iqtisadiyyatdakı payı mütənasib şəkildə azalmışdır. 2015-ci ilə aid statistikaya əsasən, ölkə əhalisinin 46.9%-i kənd yerlərində yaşayır, həmçinin, məşğulluğun 36.4%-i kənd təsərrüfatın hesabına təmin

edilir. Hazırda kənd təsərrüfatı məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əsas sahə hesab olunur. İqlim və topoqrafik fərqlilik zəngin təbii və kənd təsərrüfatı biomüxtəliyini şərtləndirir.Bu isə, çox geniş çeşiddə məhsulun həm yabanı halda bitməsinə, həm də becərilməsinə imkan verir. Burada sitrus meyvələri, çay və zeytun kimi subtropik, yaxud Aralıq dənizi bitkilərindən tutmuş, soyuq iqlimə xas qoz və almayadək bitkilər becərmək mümkündür. Bütün bu üstünlüklərə baxmayaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı və ticarətini yüksəltmək məqsəd ilə, mövcud bir çox problemləri həll etmək tələb olunur.

Dünya təcrübəsinin elmi üstünlükləri

Orqanik kənd təsərrüfatı, həmçinin, sertifikatlaşdırılmış orqanik kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Azərbaycanın kənd təsərrüfatı sahəsinə hansı üstünlükləri bəxş edə bilər? Bununla bağlı hazırki vəziyyət necədir? Bunun üçün kim, nəyi və necə etməlidir? Bütün bu suallara cavab tapmaq üçün, Azərbaycanda orqanik kənd təsərrüfatı üzrə mövcud məlumatlar və 2015-2017-ci illər ərzində FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyə hökumətinin maliyyələşdirdiyi “GCP/AZE/006/TUR: Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafı və institusional potensialın gücləndirilməsi” Layihəsinin FAO tərəfindən həyata keçirilməsi zamanı əldə edilmiş məlumatlar bir araya gətirilmişdir. Bir çox hallarda, ölkə, yaxud xüsusi sahələr üzrə etibarlı və yenilənmiş məlumatlar inkişafa və yeni sərmayə qoyuluşlarına təkan verir. Bu həmçinin, məsul qurumları mövcud boşluqları gözdən keçirməyə, tələbatı müəyyən etməyə və görülməli tədbirləri planlaşdırmağa vadar edir. Kənd təsərrüfatı istehsalı üzrə zəngin keçmişə və genetik müxtəlifliyə malik Azərbaycan, yerli/regional dəyərlərə malik orqanik idarəetmə sisteminə inteqrasiya etmək üçün böyük potensiala malikdir. Sosial-iqtisadi önəmi olduqca yüksək olduğundan, kənd təsərrüfatı Azərbaycanda ən vacib sahələrdən biridir. 2016 il məlumatlarına görə, ölkənin ümumi əhalisinin (9.7 mil) 47%-i (4.6 mil) kənd ərazilərində məskunlaşıb; kənd təsərrüfatı, meşəçilik və balıqçılıq əhalinin 36.4%- inin əsas məşğuliyyəti və gəlir mənbəyidir. Ölkənin 86,600 km2 ümumi ərazisindən istifadə olunan kənd təsərrüfatı torpaqları cəmi 0.055% (4,769,700 hektar) təşkil edir. Əhali artımı səbəbindən, son 15 il (2000-2015) ərzində adambaşına istifadə olunan kənd təsərrüfatı torpağı sahəsi 0.58 hektardan 0.49 hektara azalıb. Əkinçilikdən başqa, digər məqsədlərlə istifadə olunan ümumi torpaq sahəsi, demək olar ki, sabit qalmışdır.

Müstəqil dövlətin müstəqil aqrar siyasəti

Müstəqillik illərində torpaqlar özəlləşdirilib, orta təsərrüfat sahəsi xeyli azalmışdır. 2015 ildə fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları cəmi istehsal olunmuş kənd təsərrüfatı məhsullarının 92.7%-ini realizə ediblər. Bitkiçilik məhsullarında onların payı 95.2%, heyvandarlıq məhsullarında 90.3% təşkil edir. 2015 ilin məlumatında əsasən, bitkiçilik məhsullarının cəmi dəyəri 2.761 milyard manat, heyvandarlıq məhsullarının cəmi dəyəri isə 2.874 milyard manatdır. Beləliklə, 5.635 milyard manat olan toplam kənd təsərrüfatı məhsullarının dəyərində bitkiçilik və heyvandarlıq məhsulları, demək olar ki, bərabər paylara malikdirlər. Azərbaycanda 1,585,400 ha əkin torpaqlarının 90%-i suvarıla bilər. Suvarılan sahələrin həcmi 2000-ci ildə 1426 min hektara, 2006-cı ildə 1432,7 min hektara çatdırılmışdır. Azərbaycanda kənd təərrüfatının perspektiv inkişafı üçün mövcud ehtiyatlar hələ tükənməmişdir. Torpaq-iqlim şəraiti Azərbaycanda suvarılan torpaq sahəsini 3,0-3,5 mln. hektara qədər artırmağa imkan verir. Lakin su ehtiyatlarının çatışmamazlığı bunun həyata keçirilməsinə yol vermir. Suvarılan torpaqların əksər hissəsində (84.6%) birillik bitkilər becərilir; çoxillik bitkilər suvarılan torpaqların 11.4%-ini tutur. Suvarılan torpaqların cəmi və bölgüsü 1970 illərdən bəri əsasən sabit qalıb. Azərbaycanın su ehtiyatları 32.3 milyard m3 həcmində qiymətləndirirlir. Su ehtiyatlarının yalnız 31.9% ölkə ərazisində hasil olur; qalan sular qonşu ərazilərdən (əsasən Türkiyə üzərindən Cənubi Qafqazda doğru) axıb gəlir. Digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə, Azərbaycanın su ehtiyatları nisbətən qıtdır; üstəlik, ərazidən su buxarlanması yağıntıların həcmini 2.5 dəfə üstələyir. Su ehtiyatları çay, göl, bulaq və su anbarlarından təşkil olunur. Yeraltı suların toplam su ehtiyatlarında payı çox aşağıdır (0.4%). Azərbaycanda əsas su istifadəçiləri sənayedə (ildə 11,300 mil m3 su istilik elektrik stansiyaları, balıqçılıq və emal müəssisləri tərəfindən istifadə olunur) və kənd təsərrüfatında cəmləşir. Kənd təsərrüfatında başlıca su istifadə növləri suvarma (8,500 mil m3), şoran torpaqların yuyulması (330 mil m3) və sair ehtiyaclardır (430 mil m3) ki, onların cəmi 9,260 mil m3 təşkil edir. İnfrastrukturun vəziyyəti nəticəsində, suvarmada su itkiləri 90%-dək ola bilər. Ekoloji müxtəliflik Azərbaycanda subtropik bitkilərdən tutmuş sərin və mülayim iqlim şəraitində yetişən bitkiləri geniş çeşiddə becərməyə imkan verir. Ölkənin ən cənub rayonu olan Lənkəran sitrus bitkiləri, çay, tez yetişən tərəvəzlər, taxıl və üzüm yetişdirilməsinə görə məşhurdur. Şəki-Zaqatala regionunda fındıqçılıq, tütünçülük və heyvandarlıq inkişaf etmişdir. Şəmkirdə salınmış istixanalarda becərilən qeyri-mövsümi tərəvəzlər əsasən Rusiyaya ixrac edilir. Abşeron və Bakıətrafı ərazilərdə yetişdirilən tərəvəzlər daha çox daxili bazar üçün nəzərdə tutulmuşdur. Gəncə, pambıqçılıq və meyvəçilik baxımından məhsuldar ərazi hesab olunur. Gədəbəy özünün kartof və balına görə məşhurdur. Bu bölgələr bitkiçilik üçün münbit hesab olduğu bir zamanda, Aran rayonlarının əsas problemi şoranlaşmış torpaqlardır. Şimal-Şərq regionları hesab olunan Quba və Xaçmaz daha çox alma və digər meyvələrin becərilməsi üzrə ixtisaslaşmışdır. Hazırda əsas hədəf aşağı keyfiyyətli məhsul və təchizat zəncirinin idarə olunması problemləri ilə üzləşən emal sənayesinin inkişaf etdirilməsidir. Təsərrüfatlar əvvəlki nəsildən əldə edilmiş ənənəvi bilgilər əsasında fərdi qaydada idarə olunur. Xidmət sistemlərinin və fermer təşkilatlarının genişləndirilməsinə yenidən baxılır və bu sahədə fəaliyyət aktivləşdirilir. Almaçılıqla bağlı olduğu kimi soyuq zəncir sistemi dəyər zəncirini qurmaq, bazarlara çıxış əldə etmək və ixracatı təbliğ etmək üçün həyati əhəmiyyətə malikdir. Bununla belə, ilkin mərhələyə məhsulun dəqiq yetişmə dövrünü müəyyənləşdirməklə təsərrüfatlarda başlanılır.

Avropa İttifaqı ölkələrinin Azərbaycana marağı artmaqdadır

Yeni yaxşılaşdırılmış infrastruktur keyfiyyətin idarə olunması və təkmilləşdirmə işləri ilə uyğunluq təşkil etməlidir. İxracata təkcə keyfiyyət deyil, həm də, təhlükəsizlik məsələləri maneçilik törədə bilər. Son illərdə Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındığın tərkibində aflatoksinlərin səviyyəsinin Ərzaq məhsullarının və yemlərin keyfiyyəti üzrə Təcili Xəbərbarlıq Sisteminə əsasən (Rapid Alert System for Food and Feed http://www.nutfruit.org) Aİ ölkələrində icazə verilən səviyyədən yüksək olduğu aşkarlanmışdır. Bu səbəbdən AK Azərbaycandan idxal edilən fındığın sərhəddə daha tez-tez yoxlanması barədə qərar qəbul etmişdir. Gündəlik qəbul etdiyimiz kalorinin 50%-dən çox hissəsini əsas qida məhsulu olan buğdadan alırıq. Becərilən torpaqların 40%-dən çoxu taxıl bitkilərinin payına düşür və ərzaqla özünü-təmin etməyə verdiyi böyük töhfəyə görə bu sahəyə xüsusi diqqət ayrılır. Bununla əlaqədar olaraq, Azərbaycan hökuməti taxıl istehsalını hər ərazi vahidi üzrə birbaşa ödəmələr yolu ilə subsidiyalaşdırır. Bundan başqa, yanacaq və kimyəvi gübrələr üçün də ayrıca subsidiyalar ayrılır. Azərbaycanda təsərrüfatların 90%-dən çoxu (620,000) kiçik pay torpaqlarıdır və kənd təsərrüfatına ayrılan torpaqların 85%-ni əhatə edir.

Sahibkarların maraq dairəsindəki inkişaf

Demək olar ki, bütün kiçik sahibkarlar özlərinin ət, süd və bu cür məhsullarla təmin edən bir neçə heyvana malikdirlər. Bu həmçinin onlara heyvan peyinindən birbaşa torpaq sahələrində istifadə etmək imkanı verir. Təsərrüfatların kiçik olması və fermer kooperativlərinin/birliklərinin azlığı fermerlərin bazara çıxışında çətinliklər yaradır. Son zamanlar, fermer təşkilatları bazarın tələblərinə cavab verən birgə planlaşdırma və təcrübə məsələsini gündəmə gətirmişlər. Buğda, dəyər ifadəsi baxımından əsas idxal məhsuludur. 2015-ci ilin məlumatlarına əsasən, ölkəyə 296 milyon ABŞ dolları dəyərində 1350 min ton buğda idxal edilmişdir. Ərzaq və içki növlərinin tədarükçüsü qismində Rusiya, Ukrayna, Braziliya və Belarus çıxış edirlər. İdxal edilən ərzaq və kənd təsərrüfatı məhsulları ümumi idxalın 20%-ni təşkil edir. Əsas idxal edilən məhsullar isə, ev quşları, tütün, buğda, düyü, tərəvəz, meyvə, emal edilmiş ərzaqlar və quru süddür. Digər tərəfdən, Azərbaycandən xarici ölkələrə konservləşdirilmiş və tər meyvələr, tərəvəzlər, meyvə şirəsi, tez yetişən kartof və tütün xammalı ixrac edilir. Kənd təsərrüfatı və əlaqəli sektorlarla bağlı bir neçə hesabat mövcuddur.

Rəsmi araşdırmalara əsaslanan FAO-nun qısa hesabatında qeyd edilir ki, Azərbaycanın meyvə və tərəvəz, o cümlədən, günəbaxan tumları və qoz-fındıq istehsalında müəyyən üstünlükləri var. Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu (KTİETİ) Avropa Birliyinin Yeddinci Çərçivə Proqramı tərəfindən maliyyələşdirilən layihə vasitəsilə 2015-ci ildə ölkə üzrə hesabat hazırlamışdır. Bu hesabatda əks olunmuş əsas mövzu və məlumatlar:

  1. Makroiqtisadi mühit və siyasət;
  2. Kənd təsərrüfatı sektorundakı vəziyyət və inkişaf yolları;
  3. Hasilat və emal sektorlarındakı vəziyyət və inkişaf yolları;
  4. Kənd təsərrüfatı və ərzaq məhsullarının ticarəti və ticarətin inkişaf yolları;
  1. Kənd təsərrüfatı siyasəti və institusional mühit; və
  2. Kənd təsərrüfatı və ərzaq sektorları üzrə gələcək perspektivlər haqqında olmuşdur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.