Azərbaycanda orqanik kənd təsərrüfatı məhsulları və beynəlxalq təcrübə – LAYİHƏ

23

II Yazı

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 2011-ci ildə Azərbaycanda kənd təsərrüfatı və ərzaq sənayesi haqqında dərc etdiyi hesabatda süd məhsulları, meyvə və tərəvəz, üzümçülük, şəkər məhsulları, içkilər, heyvandarlıq, balıqçılıq, arıçılıq, yağlar, çay, fındıq, taxılçılıq və konservləşdirilmiş ərzaq haqqında statistik göstəricilər öz əksini tapmışdı. Hesabatda həmçinin, investisiya imkanları və Azərbaycanda kənd təsərrüfat və ərzaq sənayesinə sərmayə yatırmağın üstünlükləri haqqında məlumat əks olunmuşdu.

Orqanik kənd təsərrüfati: Dünyada və Azərbaycanda

Orqanik kənd təsərrüfatı aqrosənaye resurslarının (aqrotexnika, kimyəvi gübrələr, pestisidlər) geniş istifadəsinə arxalanan intensiv aqro-təsərrüfata alternativ olan kənd təsərrüfat üsuludur. Belə kənd təsərrüfatı üsulları “orqanik”, “bioloji” və ya “ekoloji təmiz” adlanır; müvafiq standartların böyük əksəriyyətində bu məfhumlar sinonimlər kimi qəbul edilir. Orqanik kənd təsərrüfatının müxtəlif müsbət aspektlərini vurğulayan fərqli təriflər olsa belə, onların hamısı eyni təməl prinsiplər üzərində qurulub. ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Milli Orqanik Proqramı istifadəsinə icazə verilən yaxud məhdudiyyət qoyulan metodlar vasitəsi ilə orqanik istehsalı müəyyən edir, bu isə, “istehsal sistemi” kimi sintetik tərkibli gübrələrdən, pestisidlərdən, boy tənzimləyicilərindən və heyvandarlıqda yem əlavələrindən uzaq durmağa yaxud ondan istifadəni əhəmiyyətli dərəcədə istisna etməyə imkan verir. Orqanik kənd təsərrüfatı sistemləri torpaq məhsuldarlığını və şumu qoruyub saxlamaq, bitkiləri qidalandırmaq, həşəratları, alaq otlarını və digər ziyanəvərləri nəzarət altında saxlamaq üçün maksimal dərəcədə əkin dövriyyəsi, bitki qalıqları, heyvan peyini, paxlalar, yaşıl peyin, ferma orqanik tullantıları və ziyanvericilərlə bioloji mübarizə üsullarına arxalanır.” Bu tərifdə həmçinin qeyd edilir ki, “orqanik” ticarət nişanı ərzaq və sair kənd təsərrüfatı məhsullarının icazə verilmiş aqronomik, bioloji və mexaniki üsullarla istehsal edilməsini təsdiq edir. Söz gedən kənd təsərrüfatı üsulları təbii ehtiyatların təkrar istifadəsini dəstəkləyir, ekoloji tarazlığı sövq edir və biomüxtəlifliyi qoruyur. Orqanik kənd təsərrüfatında sintetik (kimyəvi) gübrələr, kanalizasiya şlamı, irradiasiya və genetik mühəndislik üsullarından istifadəyə yol verilmir. Codex   Alimentarius ekosistem yanaşmasına üstünlük verir. Burada orqanik kənd təsərrüfatı “sağlam aqro-ekosistem inkişafına, o cümlədən biomüxtəlifliyə, bioloji sikllərə və torpağın bioloji fəaliyyətinə rəvac verən və onları gücləndirən bütöv istehsal idarəetməsi sistemi” kimi başa düşülür. O, “fermadan kənar vasitələr yerinə müvafiq idarəetmə praktikalardan istifadəni və regional fərqləri nəzərə almaq üçün yerli şəraitə uyğun olan sistemlərin tətbiq edilməsini vurğulayır”. Orqanik Kənd Təsərrüfatı Hərəkətlərinin Beynəlxalq Federasiyasının (IFOAM-ın) tərifi insan və sosial aspektləri ön plana çəkir və qeyd edir ki, orqanik kənd təsərrüfatı “torpaq, ekosistem və insanların sağlamlığını qoruyan istehsal sistemidir. Fəsadlar yaradan kənar vasitələr əvəzinə o, ekoloji proseslərə, biomüxtəlifliyə və yerli şəraitə uyğunlaşdırılan sikllərə arxalanır. Ənənələri, yenilikləri və elmi birləşdirərək, orqanik kənd təsərrüfatı şərik çıxdığımız ətraf mühiti təkmilləşdirir, ədalətli münasibətləri sövq edir və bütün iştirakçılar üçün yaxşı həyat keyfiyyətini təmin edir”. Yuxarıdakı anlayışlardan göründüyü kimi, orqanik kənd təsərrüfatı üçün həllər həm ekosistem funksiyalarını, həm də sosial-iqtisadi şərtləri nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış üsulların tətbiqindən ibarət olmalıdır. Faydalar təmiz ətraf mühit və təhlükəsiz qida ilə məhdudlaşmır: orqanik idarəetmə həmçinin təbii ehtiyatları indiki və gələcək nəsillərin xeyrinə idarə etməyə imkan verir. Beləliklə, orqanik kənd təsərrüfatı anlayışlarında əsas diqqət texniki yanaşmadan daha çox ekosistem idarəçiliyinə əsaslanan bütöv bir sistemə keçidə yönələ bilər. Milli və/ya beynəlxalq səviyyədə qəbul olunmuş standartlarda və ümumi tərif və yanaşmalarda bu cür fərqlərə rəğmən, orqanik kənd təsərrüfatının ümumi prinsipləri dəyişməz qalaraq onun nəzəri və praktiki aspektləri üçün təməl təşkil edir. IFOAM bu prinsipləri orqanik kənd təsərrüfatının 4 sütunu adlandırır: sağlamlıq, ekologiya, ədalət və qayğı. İstənilən ölkədə orqanik kənd təsərrüfatının inkişafı yerli ənənələrə, əxlaqa və sosial-iqtisadi şəraitə əsaslanmalı, yerli ehtiyatları və müxtəlif yerli ekosistemləri nəzərən qurulmalıdır. Beləliklə, hər bir ölkə qlobal prinsiplər və normalar çərçivəsində orqanik kənd təsərrüfatının milli sistemini yaratmalıdır.

Azərbaycanda orqanik kənd təsərrüfatı

Azərbaycanın əsas rəsmi statistik məlumatlar mənbəyi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsidir (DSK). Demoqrafik, sosial, iqtisadi, ekoloji və digər statistikalar məhz bu qurum tərəfindən toplanaraq mütəmadi olaraq yenilənir. Kənd təsərrüfatı, meşəçilik və balıqçılığın müxtəlif sahələri üzrə çoxsaylı statistik göstəricilərin olmasına baxmayaraq, orqanik məhsullar haqqında konkret statistika aparılmır. Kənd təsərrüftı sektoru üzrə əsas statistik məlumatlar ümumi məlumatları, həmçinin, bitkiçilik və heyvandarlıq təsərrüfatı ilə bağlı məlumatları özündə əks etdirir. Regionlar üzrə məlumatlarda isə, kənd təsərrüfatı bitkilərinin əkildiyi sahələr, kənd təsərrüfatı məhsuldarlığı və heyvandarlıq təsərrüfatları haqqında məlumatları öz əksini tapır. Qurumun rəsmi saytında (http://www.stat.gov.az/source/agriculture/indexen.php) təkcə yenilənmiş milli statistik göstəricilər deyil, həm də beynəlxalq müqayisələr, kənd təsərrüfatı müəssisələri və özəl sahibkarlığın əsas iqtisadi göstəriciləri təqdim edilir. Azərbaycanın rəsmi qurumları/təşkilatları, konkret olaraq, Kənd Təsərrüfatı Nazirliyi (KTN), Iqtisadiyyat və Sənaye Nazirliyi (İSN) və Ekologiya və  Təbii sərvətlər Nazirliyi (ETSN) kənd təsərrüfatının və əlaqəli sektorların müxtəlif sahələri üzrə statistik məlumatları toplayaraq yeniləyir. Qanunvericilikdə bu barədə maddə olmasına baxmayaraq, 2017-ci ilin mayına olan məlumata əsasən, orqanik kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, marketinqi, istehlakı, idxalı və ixracı haqqında məlumatları sistemli olaraq toplayan və yeniləyən xüsusi sistem, yaxud qurum mövcud deyil. Mövcud qanunvericilik sertifikatlaşdırma qurumlarını məlumat bazası, Dövlət Statistika Komitəsini isə, KTN vasitəsilə məsul milli qurum kimi müəyyən edir. Azərbaycanda orqanik məhsullar haqqında rəsmi məlumat olmadığından, məlumatlar daha çox orqanik məhsullarla işləyən özəl/ictimai təşkilatlardan, o cümlədən, Gəncə Aqrobiznes Assosiasiyası (GABA), AZERSUN-dan, həmçinin, dünya üzrə toplanan statistik göstəricilərdən əldə edilmişdir. Sağlam ərzaqların satışına maraq göstərən və/yaxud gələcəkdə orqanik məhsulların satışını həyata keçirməyi planlaşdıran əsas pərakəndə satış nümayəndələri satdıqları məhsullar və istehlakçıların daha çox maraq göstərdikləri məhsullar haqqında şəxsi məlumatlara malikdirlər. Azərbaycanda ixrac məlumatları Dövlət Gömrük Komitəsi vasitəsilə toplanır. 2014-cü il üzrə Azərbaycanda orqanik ərazilərin ümumi sahəsi 24,391 ha təşkil etmişdir ki, bunun 23,331 ha hissəsini becərilən torpaqlar, 937 hektarı yabanı meyvə, qoz-fındıq, giləmeyvə, həmçinin, müalicəvi və ətirli bitkilər üçün nəzərdə tutulmuş ərazilər, 123 hektarını isə, meşələr təşkil etmişdir. Pərakəndə satış bazarı 3.0 milyon avro dəyərində qiymətləndirilir. Azərbaycanda orqanik şəkildə əsasən illik və çoxillik bitkilər becərilir. Orqanik ərazilərdə daha çox taxıl əkilsə də, ümumi istehsalda orqanik meyvələrin həcmi daha çoxdur. Keçid dövründə meyvə bağlarının da Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcəyi gözlənilir. Azərbaycanda istehsal edilən yeganə orqanik heyvandarlıq məhsulu baldır ki, 2014-cü ilin məlumatlarına əsasən, ölkədə 932 arı pətəyi qeydiyyata alınmışdır. 2014-2015-ci illər ərzində orqanik kimi təsdiq edilmiş torpaq sahələrinin həcmi 14,299 ha artmışdır. Artım daha çox subtropik və mülayim iqlim meyvələrinin, habelə tərəvəzlərin becərilməsi üçün nəzərdə tutulmuş torpaqlarda, daha az həcmdə isə, yağlı dənli bitkilər və dənli-paxlalı bitkilər üçün ayrılmış torpaqlarda qeydə alınmışdır. 2015-ci ildə orqanik arı pətəklərinin sayı 932 olmuşdur. 2015-ci il üzrə təsvirlərdə həm balıqçılıq, həm də meşəçilik üçün 123 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Ölkədə fəaliyyət göstərən xarici sertifikatlaşdırma qurumları Azərbaycanda 305 istehsalçı, 50 emalçı və 50 idxalçı qeydə almışlar.

İxrac bazarlarında kənd təsərrüfatının rolu

Azərbaycan iqtisadiyyatı böyük ölçüdə (92.8%) neft ixracından asılıdır. Lakin iqtisadi böhran, həmçinin, OPEK kimi qlobal oyunçuların qərarları bu sahəyə asanlıqla təsir göstərmək gücündədir. Kənd təsərrüfatı və ərzaq məhsullarının ixracından daxil olan gəlirin səviyyəsi çox aşağıdır. 2016-cı ilin yanvar ayında baş vermiş iqtisadi böhran və yüksək devalvasiya bir daha göstərdi ki, xam neftdən savayı digər gəlir qaynaqlarına, o cümlədən, daxili istehsala əsaslanan güclü kənd təsərrüfatı və ərzaq, həmçinin, əlaqəli digər sahələrə ehtiyac vardır. Məhsulların ixracı daha çox qonşu ölkələrin bazarlarına yönəlsə də, bəzi gec xarab olan məhsullar daha uzaq bazarlara ixrac edilir. Orqanik məhsulların istehsal və ixracını Azərbaycanın imkanları sırasına daxil etmək olar, belə ki, bunun üçün ölkə həm uyğun ekoloji şəraitə, həm də təbii sərvətlərə malikdir. Müəyyən qiymət artımı ilə hətta daha mürəkkəb bazarlara da çıxmaq mümkündür.

Kənd təsərrüfatı məhsullarının ixrac və idxalını müqayisə etdikdə, idxal olunan məhsulların daha çox olduğunun şahidi olarıq ki, bu da idxaldan asılılığı nümayiş etdirir. Azərbaycanın müxtəlif heyvan və bitki məhsulları üzrə idxal tərəfdaşlarının ilk 3-lüyü aşağıdakı kimi bölünmüşdür: Diri mal-qara, Gürcüstan, Rusiya və Ukrayna; Diri quşlar, İran, Türkiyə, Niderland; Mal-qara əti- Hindistan, Ukrayna, Braziliya; Quş əti və əlavə ət məhsulları, ABŞ, Braziliya, Türkiyə; Təzə və buzlu balıq, Vyetnam, İslandiya, Rusiya; Süd və qaymaq, Ukrayna, Rusiya Federasiyası, Belarus; Kərə yağı və süddən hazırlanmış digər yağlar, Yeni Zellandiya, Litva, Belarus; Pendir və qaymaq, Danimarka, Rusiya, Almaniya; Yumurta, Türkiyə, Çexiya, İran; Kartof, Rusiya, İran, Niderland; Tər tərəvəz, Türkiyə, İran, Özbəkistan; Tər meyvə, Ekvador, İran, Tailand; Çay, Şri Lanka, Hindistan, İran; Buğda, Rusiya, Qazaxıstan, Türkiyə; Düyü, Rusiya, Hindistan, Tailand; Buğda unu, Rusiya, Qazaxıstan, Türkiyə; Bitki yağı, İndoneziya, Rusiya, ABŞ. Onu da qeyd edək ki, son illərdə Azərbaycanda aparılan islahatların nəticəsində ölkəmiz artıq idxal edən ölkə statusundan ixrac edən dövlət modelinə keçməyə başlayıbdır. Bunun əsil səbəblərindən biri kənd təsərrüfatı sektorunda aparılan islahatlardır. Artıq “Made in Azerbaijan” brendi ilə dünya bazarına  çıxışdır. Çoxsaylı beynəlxalq sərgilərdə iştirak nəticəsində ölkəmizin kənd təsərrüfatı sektorunda istehsal olunan orqanik bitki məhsullarına olan maraq dairəsi beləcə artmaqdadır.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.