“Azərbaycanda manatın bahalaşma yox, ucuzlaşma perspektivi var”

156

Samir Əliyev: “Əvvəl-axır manat dollara münasibətdə ucuzlaşacaq, uzun müddət bu səviyyədə qala bilməz”

“İdxalın məhdudlaşdırılması nəticəsində bu gün ölkədən çıxan dolların həcmində xeyli azalma var”

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumatda deyilir ki, 2020-ci ilin avqust ayı ərzində fond tərəfindən valyuta hərraclarında 478 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bildirilir ki, avqustda valyuta satışında iyul ayı ilə müqayisədə 7,3 faiz azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin iyul ayı ərzində ARDNF tərəfindən 515,5 mln. dollar məbləğində vəsait satılıb. Bu ilin yanvar-avqust aylarında ARDNF tərəfindən 5 003,7 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 28,5 faiz çoxdur.

Heç şübhəsiz ki, bu ilin mart ayında Mərkəzi Bankın kommersiya banklarına valyuta satışı ilə bağlı verdiyi tapşırıqlar da dollar satışına təsirsiz ötüşməyib. Belə ki, sözügedən sənədə görə, banklar bir müştəriyə 15 min manat ekvivalentindən (8823 dollardan) yüksək məbləğdə dollar satmamalıdırlar. Digər bir məhdudiyyətə görə, 500 dollardan yuxarı mübadilə zamanı müştəri haqqında xüsusi forma doldurulur.

“Mərkəzi Bankın atdığı bir sıra addımlar nəticəsində inzibatı olaraq dollara tələbat azalıb”

Beləliklə, mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən iqtisadçı ekspert Samir Əliyev isə bildirdi ki, ötən ilin avqust ayında Dövlət Neft Fondu tərəfindən valyuta satışı bu ilin avqust ayı ilə müqayisədə az qala iki dəfə çox olub: “Yəni keçən il dollar satışı 815 milyondan bir qədər çox olub. Təbii ki, az satışın səbəbi dollara olan tələbatın azalmasıdır. Azalma dedikdə bu, o demək deyil ki, camaatın təlabatı azdır. Sadəcə olaraq, Mərkəzi Bankın atdığı bir sıra addımlar nəticəsində inzibatı olaraq dollara tələbat azalıb. Bundan başqa, bildiyiniz kimi, hazırda əsasən dərman preparatları və ərzaq məhsulları üzrə idxala yaşıl işıq yandırılıb. Digər sahələrdə isə bir sıra məhdudiyyətlər var. Məhz bu amil də dollara olan tələbatı azaldır. Digər tərəfdən, məlumdur ki, vətəndaşlar dollar aldıqda onun qeydiyyatı aparılır, il ərzində limit qoyulub və 20 min manatdan artıq dollar almağa qoymurlar. Yəni bu da vətəndaşların dollar almasını məhdudlaşdırır”. Bir qayda olaraq, ölkədə yay aylarında dollara tələbatın atrdığını deyən iqtisadçı ekspertin sözlərinə görə, bu, turizmlə bağlıdır: “Yəni vətəndaşlar yay aylarında turist qismində xarici ölkələrə gedirlər və zaman özləriylə dollar aparırlar. Hazırda bu, demək olar ki, yoxdur, minimuma enib. Odur ki, qeyd etdiyim səbəblərə görə dollara tələbat azalıb. Hətta bu ilin avqust ayında son 3 ildə ən aşağı həddə dollar satılıb”.

İndiki məqamda manatın möhkəmlənməsi baş verərsə, Mərkəzi Bank buna imkan verməyəcək

Samir Əliyev onu da əlavə etdi ki, bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondu tərəfindən satılan 5 milyard dollar məbləğində vəsaitin 2 milyardı mart ayına təsadüf edir: “Təkcə mart ayında 2 milyard dollar satılıb ki, bu da indiyədək satılan vəsaitin 40 faizi edir. Digər aylarda isə 500 milyon civarında olub. Əlbəttə, məhdudlaşdırma nəticəsində belə vəziyyət yaranıb. Yəni dollar alışı əhali və iri idxalçı şirkətlər tərəfindən həyata keçirilib. Lakin onu da qeyd etmək lazımdır ki, idxalın məhdudlaşdırılması nəticəsində bu gün ölkədən çıxan dolların həcmində xeyli azalma var”.

Bu arada, dünya bazarında dolların dəyər itirdiyini vurğulayan iqtisadçı ekspert bildirdi ki, bunun səbəbi ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərinin açıqlaması ilə bağlıdır: “Həmin açıqlamada deyilir ki, uçot dərəcələri hələ uzun müddət aşağı qalacaq. Bu məlumat isə bazara təsir göstərdi və nəticədə dollar ucuzlaşmağa başladı. Çünki bu açıqlamadan belə nəticəyə gəlmək olar ki, dollar yaxın dövrdə ucuz qalacaq. Əlbəttə, bu, şərtidir. Bir neçə aydan sonra proseslərin necə davam edəcəyini bilmək olmaz. Bildiyiniz kimi, manatın məzənnəsi digər valyutalara münasibətdə çarpaz müəyyən edilir. Yəni manat dollara bağlıdır. Dünya bazarında dollar digər valyutalara münasibətdə özünü necə aparırsa, manat da analoji aparır. Odur ki, əgər dünya bazarında dollar avroya, yenə, funt sterlinqə qarşı ucuzlaşır və ya bahalaşırsa, manat da avtomatik olaraq eyni trayektoriya ilə hərəkət edir. Bu sırf texini bağlılıqdır. Görürsünüz ki, dollar dünyada ucuzlaşır, lakin Azərbaycanda dəyişmir. Düşünmürəm ki, manatın dollara münasibətdə möhkəmlənməsi baş versin. Manatın məzənnəsi ona görə sabitdir ki, dolların bahalaşması Azərbaycanda böyük problemlər yarada bilər. 2015-ci ildə bunu gördük. Biz idxaldan asılı ölkəyik və bu, qiymətlərin qalxmasına gətirib çıxara bilər. Ona görə də Mərkəzi Bank bütün valyuta ehtiyatlarından və inzibati addımlardan istifadə etdi ki, manatı qorusun. İndiki məqamda manatın möhkəmlənməsi baş verərsə, Mərkəzi Bank buna imkan verməyəcək. Hesab edirəm ki, Azərbaycanda manat heç vaxt dollara münasibətdə bahalaşmayacaq. Bu həm də səhf etmir. Çünki biz əgər qeyri-neft sektorunun inkişafını istəyiriksə manatın mövcud məzənnəsi problem yaradır. Onsuzda manat bahadır və buna görə Azərbaycan bazarı idxalatçı şirkətlər üçün cəlbedici olaraq qalır. Bu səbəbdən düşünmürəm ki, Mərkəzi Bank manatın bahalaşmasına imkan verər. Odur ki, Azərbaycanda manatın bahalaşma yox, ancaq ucuzlaşma perspektivi var. Əvvəl-axır manat dollara münasibətdə ucuzlaşacaq, uzun müddət bu səviyyədə qala bilməz”.

Valeh TÜRKSOY