“Azərbaycanda kadr təyinatı məsələsində çox ciddi problemlər var” – SƏRDAR CƏLALOĞLU

69

“…Bu iqtidardan həddindən çox savadlı kadrların hakimiyyətə gətirilməsini tələb edir, qohumluğa, yerlibazlığa görə kadr təyin etməyi yox”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnataskanyanın Azərbaycana heç bir ərazi güzəşti edilməyəcəyini bəyan etməsi və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ona zəif cavabı ölkədə bir çox ictimai-siyasi xadimləri, deputatları qəzəbləndirib, onlar xarici işlər nazirini kəskin tənqid edərək, onun istefasını tələb edirlər. Maraqlıdır ki, xarici işlər nazirinin bu qədər kəskin tənqid edilməsi, onu istefasının tələb olunması üçün əsas var? Ölkənin  xarici siyasi kursunu yalnız xarici işlər naziri  yürüdürmü? Hurriyyet.org-un bu və digər suallarına cavab almaq üçün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

(Əvvəli  bu linkdə: https://www.hurriyyet.org/xeber/m%c9%99mm%c9%99dyarov-erm%c9%99nistana-qarsi-nec%c9%99-disli-siyas%c9%99t-apara-bil%c9%99r-s%c9%99rdar-c%c9%99laloglu/)

– Ermənistan tərəfi heç bir güzəştə getmirsə, biz hələ də nəyi yaxud kimi ğözləyirik? Ölkə rəhbərliyi bu məsələdə həlledici rol oynamalı deyil?

– Açığını deyim ki, indiki halda, biz dövlət olaraq çox pis durumdayıq. Çünki həm tarixi dövr belədir, bu dəqiqə könə dünya nizamından yeni dünya nizamına keçid baş verir və bu keçiddə müəyyən bölgələr, dövlətlər, dünyanın müxtəlif geopolitik nöqtələri bir qədər də nəzarət olunan halda deyil, çox asanlıqla proseslər pozula, dövlət üçün çox ziyanlı olan tendensiyalar yarana bilər. Yəni yeni dünya nizamı hələ formalaşmayıb, dünyada güc nisbəti müəyyənləşməyib. Bu baxımdan, Rusiya özünün köhnə imperiya ambisiyalarını həddindən artıq açıq və biabırçı bir şəkildə ortaya qoyub. Bilirsiniz, bu yaxınlarda da SSRİ-nin bərpası ilə bağlı fikirlər mətbuatda yayılmışdı. Rusiyada tez-tez bu istiqamətdə fikirlər ortaya atılır. Rus xalqının marağı heç cürə bunu tələb etmir. Amma məsələ burasındadır ki, Rusiyada çox biabırçı bir hakimiyyət var. Rusiya iqtisadiyyatı çöküb, beynəlxaq nüfuzunu itiribdir. Hakimiyyət də xalqın narazılığı fonunda ölkədəki problemləri həll etmək əvəzinə, daha çox bu cürə xarici intriqalara meyllənir və xalqın diqqətini yayındırmağa çalışır. Əslinə baxsan, Rusiya özünün imkanlarına görə, dünyanın ən güclü dövləti olmaq imkanına malikdir. Çünki əvvələr yer kürəsinin quru hissəsinin 1/6 idi, indi isə 1/8 hissəsi Rusiyadır. Rusiya dünyanın ən zəngin ölkələrindən biridir, amma pis idarəçilik onu dünyada sözü keçməyən, nüfuzu olmayan dövlətlər siyahısına gətirib çıxarıb. Məsələn, korrpusiyaya görə, Rusiya öndə gedən ölkələrdən biridir. Siyasi, iqtisadi inkişafına görə isə dünyada ən geridə qalmış ölkələrdən biridir. Ölkədə də getdikcə narazılıq artır. Bu biabırçılığı kompensasiya etmək üçün isə hökumətin yeganə bir yolu qalıb, o da xarici münaqişələr yolu ilə xalqın diqqətini yayındırmaq, guya, mübarizəni ölkədən kənarda yönəltməyə cəhd edir. Azərbaycanın çətin durumda olmasının birinci səbəbi budur.

– İndiki çətin durumun başqa səbəbləri var?

– Təbii ki, ikinci səbəb Azərbaycanın özü ilə bağlıdır, Azərbaycanda ciddi milli həmrəylik yoxdur, milli maraqlar ətrafında birləşilmir. Bu da daxildə iqtidarın arxayın bir siyasət aparmasına imkan vermir. Yəni daxili siyasət də yanlış olduğuna görə bu vəziyyət yaranır. Xarici siyasət də daxili siyasətin davamıdır. Müəyyən qədər problemin özü ilə bağlıdır. Obyektiv şəkildə deməliyəm ki, bu problem qloballaşdırılıb, beynəlmiləl bir xarakter alıb. Xüsusən Lissabon sammtindən sonra Dağlıq Qarabağ mübahisəli ərazi statusu kim tanınır. Azərbaycan iqtidarı gərək, bundan əvvəlki müqavilələrə yenidən baxa və Ermənistanı cilovlaya. Təbii ki, Qarabağın azad olunması ilə bağlı Azərbaycan hökuməti aktiv siyasət aparmır.

-Niyə?

-Bunun bir səbəbi odur ki, dolayısı yolla Dağlıq Qarabağ probleminin həlli hakimiyyət üçün daha ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, müxalifətin mübarizəsindən daha çox Dağlıq Qarabağ problemində hakimiyyətin tutduğu mövqe hakimiyyətin taleyini həll edə bilər deyə, hakimiyyət bu məsələdə bizim indi gördüyümüz mövqeyi nümayiş etdirir. Digər tərəfdən aprel döyüşlərində məlum oldu ki, Rusiya açıq şəkildə Azərbaycanın öz ərazilərinin azad edilməsində maraqlı deyil. Rusiyanın iradəsinə zidd addımlar atılacağı təqdirdə Azərbaycanı pis vəziyyətdə qoya bilər. Bu tərəfdən bizim ən böyük strateji müttəfiqimiz Türkiyə ilə münasibətlər bir o qədər də ürəkaçan şəkildə deyil, getdikcə zəifləmə istiqamətində gedir. Yəni çoxlu ciddi problemlər var. Dünya nizamının sarsılması, çox qütblü dünyaya keçidin hələ baş verməməsi, həm regional, həm də qlobal siyasətdə baş verən problemlər təbii ki, Azərbaycanda da bu və başqa şəkildə öz əksini tapır və Azərbaycan xarci siyasətdə bu cürə milli maraqlara uyğun olmayan bir mövqe nümayiş etdirir.

– Bəs, Dağlıq Qarabağın işğaldan azad olunması üçün nə etmək lazımdır?

– Dağlıq Qarabağın azad olunması üçün birinci növbədə iqtidarın beynəlxalq nüfuzu qalxmalıdır. Biz bəzən hakimiyyətlərin nüfuzunu bir o qədər qiymətləndirmirik, hansı ki, biz əgər dünya təcrübəsinə baxsaq, görərik ki, milli problemlərin həlli dövlətlərin, hakimiyyətlərin, liderlərin nüfuzundan çox asılı olub. Məsələn, Qavenin Avropadakı rolu, rəhbərlik etdiyi ölkənin imkanları onun öz şəxsi nüfuzu ilə bağlıdır. Eləcə də dünyanın bir çox ölkələrinin tarxində biz görürük ki, liderlərə görə, ölkənin qarşısında duran problemlərin həllinə beynəlxalq dəstək verilir, yaxud da liderin nüfuzuna görə, atdığı addımlar dünya ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir. Bu da başqa bir problemdir.

-Sərdar bəy, bu problem nədən qaynaqlanır?

-Hakimiyyətin legitimliyi, xalqa bağlılığı məsələsi var, xalqla hakimiyyətin konselidasiyası, iqtidarla müxalifətin münasibətlərinin normal qurulması məsələləri var. Amma hər dəfə seçkilərdən sonra Azərbaycan nüfuzunu itirə-itirə gedir, qeyr-stabil dövlət statusu alır. Nüfuzu düşdüyünə görə, təbii ki, öz maraqlarını belə müdafiə etməkdə böyük problemlərlə üzləşir. Yəni Dağlıq Qarabağ problemi yalnız bir Ermənistanla münaqişə zəminində həll olunan məsələ deyil:

1. Ölkə iqtisadiyyatı güclənməlidir.

2.  Ölkənin siyasi nüfuzu bərpa olunmalıdır.

3. Ölkə geosiyasətdə və qlobal siyasətdə öz yerini dəqiq müəyyən etməlidir və həmin yerə uyğun da siyasət aparmalıdır. Bu gün Azərbaycan ümumiyyətlə, strateji istiqamətlərini müəyyənləşdirə bilməyib. İqtidarın bir qrup aktiv hissəsi var ki, açıq şəkildə Azərbaycanı Rusiyanın yenidən boyundurğuna salmaq istiqamətində fəaliyyət göstərir. Belə iqtidarın Qərbdən, Amerikadan, hətta Çindən belə, dəstək alması qeyri-mümkündür. Belə bir imkan olmayacağı təqdirdə öz problemlərini də həll etməyə nə kömək edəcəklər, nə də yaxşı baxacaqlar. 5 ölkə var ki, dünyanın geosiyasi inkişafında açar nöqtələridir. Bunlar Ukrayna, Koreya, Azərbaycan, İran, Türkiyədir. Təsəvvür edin, balaca ölkə, əhalimizin az olduğuna baxmayaraq, elə bir coğrafiyada yerləşirik ki, bu yerin əhəmiyyəti dünyada mövcud 250 ölkə arasında dünyanın gələcəyi baxımındab 5 həlledici ölkədən biridir. Bu da Azərbaycan iqtidarının üzərinə ölkənin həcmindən, ölçülərindən asılı olaraq qlobal siyasətdə daha fəal mövqe tutmaq tələb edir. Çox təəssüf ki, Azərbaycanın geosiyasi roluna uyğun Azərbaycan iqtidarı siyasət apara bilmir.

– Səbəb nədir?

-Çünki Azərbaycan iqtidarı nə də heç milli çərçivədə siyasət aparır. Azərbaycan isə geosiyasi əhəmiyyətli ölkə olduğuna görə, bu iki siyasət arasında ziddiyyət var. Halbuki, geosiyasi rolu nədir, Azərbaycan o rolu oynamağı bacarmalıdır. Bunun üçün həddindən artıq aktiv siyasət aparmalıdır. Orta Asiya dövlətləri ilə əlaqələr, Yaxın Şərq hadisələrində bu və başqa şəkildə iştirak etmək, Qafqazdakı siyasi güclərin formalaşması baxımından, istər Gürücüstanla, istər Ermənistanla əlaqələr olsun, GUAM-ın çərçivəsində fəaliyyət, türk sammitinin inkişaf etdirilməsi baxımından Azərbaycan özü istəməsə də, bir dövlət kimi ölçülərində əks olunan nəhəng qlobal vəzifələri var. Bu baxımdan, o vəzifələrə uyğun bir siyasət aparılmalıdır. Bu da iqtidardan həddindən çox savadlı kadrların hakimiyyətə gətirilməsini tələb edir, qohumluğa, yerlibazlığa görə kadr təyin etmək yox. Çox təəssüf ki, bu istiqamətdə Azərbaycanda çox ciddi problemlər var.

Şamo EMİN, Hurriyyet.org