Azərbaycanda girov qoyub azadlığa çıxmaq hüququndan niyə istifadə edilmir – hüquqşünas rəyi

111

Pul girovu müqabilində azadlığa buraxmaq, ev dustaqlığı, başqa yerə getməmək barədə iltizam almaq, zaminə buraxılmaq kimi qətimkan tədbirlərindən istifadə edilə bilər

Azərbaycan Cinayət Prosessual Məcəlləsində (CPM) qətimkan tədbirlərindən biri də girovdur. CPM-in tələblərinə görə, girov böyük ictimai təhlükə törətməyən cinayətlərə və az ağır cinayətlərə, ehtiyatsızlıq üzündən törədilən ağır cinayətlərə də tətbiq edilə bilər.

Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə isə qəsdən ehtiyatsızlığa görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmayan və ya qəsdən ehtiyatsızlıqdan 2 ilə qədər cəza nəzərdə tutulan cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Deməli, həmin maddəyə görə qəsdən ehtiyatsızlıqdan törədilməsinə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlər az ağır cinayətlərdir. Qəsdən ehtiyatsızlıqdan törədilməsinə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlərsə ağır cinayətlər sayılır. CPM-in 164-cü maddəsinə görə həbs qətimkan tədbirinin girovla əvəz edilməsi iki halda mümkündür. Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə 5 min manat miqdarında girov qoyula bilər. Az ağır və ehtiyatsızlıqdan ağır cinayətlər törədilməsinə görə 10 min manat miqdarında girov qoyulanda həbs qətimkan tədbiri məhkəmənin qərarıyla müdafiə tərəfinin vəsatəti əsasında girovla əvəz edilə bilər.

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov deyir ki, girov müqabilində zaminə buraxma Cinayət Prosessual Məcəlləsində yer alsa da, faktiki olaraq “ölü doğulmuş uşaq” statusundadır: “Problem Azərbaycanda məhkəmələrin hələ də hüquq-mühafizə orqanlarından gələn tapşırıqlara əməl etməsindədir. Məhkəmələr prokurorların təqdimatı ilə seçilən bu işə müdaxilə etməkdən çəkinirlər. Azərbaycan məhkəmə təcrübəsi girov müqabilində zaminə buraxma qətimkan tədbirinə müraciət etməyə sanki çəkinir, bununla bağlı qaldırılan vəsatətlərə olduqca həvəssiz yanaşır. Prezidentin ”Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncam ölkə başçısının həyata keçirdiyi humanist siyasətin davamı olaraq cinayət təqibi və cəza təyini prosesində azadlıq hüququnun daha səmərəli müdafiəsi, qarşıya qoyulmuş məqsədlərə çatmaqla cəzanın effektivliyinə nail olunması istiqamətində mühüm vəzifələr nəzərdə tutur. Azadlıq hüququ doğulduğu andan hər bir insanın təbii və ayrılmaz hüququdur və beynəlxalq hüquq normalarında azadlıq hüququ əsas insan hüquqları sırasında özünəməxsus mühüm yer tutur. Çox təəssüf ki, Azərbaycan məhkəmələri təməl hüquqları əsas götürməkdə çətinlik çəkir, əsasən kənardan verilən göstərişlərə əməl etməyə üstünlük verirlər”.

Natiq Ələsgərov deyir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu və 11-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsi və Konvensiyaya əlavə 4 saylı Protokolun 1-ci maddəsi azadlıq hüququnun təmini ilə bağlı müddəaları özündə ehtiva edir. Azərbaycan dövləti qeyd olunan beynəlxalq sənədləri qəbul edib və insan hüquq və azadlıqlarının ümumi qəbul edilmiş beynəlxalq prinsiplər çərçivəsində qorunması öhdəliyini götürüb. Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarında insan hüquq və azadlıqları, o cümlədən azadlıq hüququ müdafiə altına alınır, bu hüququn daha səmərəli təmini məqsədilə cinayət təqibi və cəza təyini sahəsində səlahiyyətlərə malik dövlət orqanları qarşısında konkret vəzifələr qoyulur”.

Ukraynada 4 azərbaycanlı həbs edildi

Natiq Ələsgərov deyir ki, çox təəssüf ki, məhkəmələr Azərbaycan dövlətinin tərəfdar çıxdığı və ölkə başçısının sərəncamında cinayət təqibi həyata keçirilən zaman zərurət olmadan şəxslərin həbs edilməməsi haqda qeydlərə laqeyd yanaşırlar: “Prezident sərəncamına görə həbsin seçilməsi hallarının aradan qaldırılması məqsədilə ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi kimi vəzifələr müəyyən edilib. Bu nə deməkdir? Yəni şəxsin törətdiyi ehtimal olunan cinayət ağır, xüsusilə ağır kateqoriyasına aid deyilsə, ibtidai istintaq zamanı həbs edilməsi mütləq deyil. Alternativ qəti imkan tədbiri kimi girov müqabilində zaminə buraxmaq tədbiri seçilə bilər. Cinayət Prosessual Məcəlləsində qətimkan tədbirinin anlayışı və növləri, eləcə də onların tətbiqi əsasları, seçilməsinin şərtləri, ümumi qaydası və bununla bağlı digər məsələlər ətraflı tənzimlənir”.

“Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun da girov müqabilində azad olunması haqda fikirlər var. Onun girov müqabilində azad olunması CPM-ə uyğundurmu” sualına Natiq Ələsgərov belə cavab verib: “Aparılmış araşdırmalar göstərir ki, cinayət təqibi həyata keçirilən zaman prosessual qanunvericilikdə təsbit olunmuş qətimkan tədbirləri sırasında daha çox həbs qətimkan tədbiri növünə üstünlük verilir, həbsə alternativ qətimkan tədbirləri növləri, demək olar ki, az tətbiq edilir. Bu baxımdan Eldar Həsənovun girov müqabilində azad ediləcəyi ehtimalının gerçək olması az inandırıcıdır. Əslində isə Eldar Həsənovun və digər təqsirləndirilən şəxslərin barəsində məhkəmə tərəfindən yekun qərar verilənədək digər qətimkan tədbirlərindən – pul girovu müqabilində azadlığa buraxmaq, ev dustaqlığı, başqa yerə getməmək barədə iltizam almaq, zaminə buraxılmaq kimi qətimkan tədbirlərindən istifadə edilə bilər”.

Xüsusi karantin rejiminin tətbiq olunduğu yerlərdə məhkəmələr təxirə salındı

Natiq Ələsgərov deyir ki, prezidentin ötən ilin aprelində imzaladığı sərəncam məhz bu sahədə problemlərin həllinə hesablanıb: “İstintaq və məhkəmə orqanlarına ünvanlanan, cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi üçün atılan addımdır. Törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsində müsbət dəyişikliklərə gətirib çıxarmalı sərəncamdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”