Azərbaycanda büdcə müzakirələri niyə ləngiyir? – Türkiyə, Rusiya və Ermənistanda rekord kəsir gözlənilir

342

Əksər ölkələrdə ilin sonu büdcə müzakirələrinin bitdiyi dövr olsa da Azərbaycanda bu müzakirələr hələ başlamayıb. İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, post müharibə dövründə milli iqtisadiyyatın qarşılaşdığı yeni situasiyanın tələbləri və COVİD-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliklər Azərbaycan höküməti, konkret olaraq maliyyə nazirliyi üçün bu işi çətinləşdirib. 

“Baxmayaraq ki, hazırkı situasiya qonşu ölkələr üçün də büdcə proqnozlaşdırılmasını mürəkkəbləşdirsə də onlar növbəti ilin büdcəsini parlamentə təqdim edib, müzakirəyə start veriblər”-deyə ekspert bildirib.

Q. İbadoğlu Türkiyə, Rusiya və Ermənistanın növbəti ildə proqnozlaşdırılan büdcələri ilə bağlı təhlil hazırlayıb.

Onun sözlərinə görə, qardaş Türkiyədə gələn il üçün büdcə müzakirələrinə start verilib: “Belə ki, 2021 -ci üçün büdcənin xərcləri 1,4 trilyon lirə (179 milyard 323 milyon dollar), gəlirləri 1,1 trilyon lirə (140 milyard 897 milyon dollar), kəsiri 245 milyard lira (31 milyard 380 milyon dollar) planlaşdırılıb. Gələn ilin büdcəsində müdafiə xərcləri üçün 220 milyard lirə (28 milyard 181 milyon dollar) ayrılacağı gözlənilir ki, bu da cəmi büdcə xərcləmələrinin yüzdə 17-i deməkdir”.

İqtisadçı qeyd edib ki, Rusiyanın 2021-ci il büdcə gəlirləri 18,8 trilyon rubl (255 milyard 654 milyon dollar), xərcləri 21,52 trilyon rubl (292 milyard 613 milyon dollar), büdcə kəsiri 2,75 trilyon rubl (37 milyard 386 milyon dollar) məbləğində nəzərdə tutulub. Onun sözlərinə görə, Rusiyanın gələn il üçün müdafiə büdcəsi 3,1 trilyon rubl (42 milyard 145 milyon dollar) təşkil edəcək.

2021-ci il üçün Ermənistanın büdcə pqroqnozlarına gəldikdə iqtisaçı eksöert bu rəqəmin 1 trilyon 569 milyard dram (3 milyard 257 milyon dollar), xərcləri 1 trilyon 843.1 milyard dram (3 milyard 826 milyon dollar), kəsiri 274 milyard dram (568,9 milyon dollar) məbləğində nəzərdə tutulduğunu vurğulayıb: “Ermənistanın bu il üçün porqnozlaşdırılan hərbi büdcəsi 625 milyon dollar olub, gələn il üçün 83,1 milyon dollar artım planlaşdırılır. Belə olanda 2021-ci ildə 708,1 milyon dollar müdafiə büdcəsi gözlənilir”.

Qubad İbadoğlu bildirib ki, Azərbaycanda hələ 1-ci Qarabağ müharibəsindən əvvəl 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 24 milyard 327 mln. manat (14 milyard 617 milyon dollar), xərcləri 25 milyard 847,5 mln. manat (15 milyard 212 milyon dollar) məbləğində proqnozlaşdırılmışdı. Gələn il üçün müdafiə xərcləri 2 milyard 327 milyon dollar proqnozlaşdılırdı.

“Müqayisə üçün qeyd edim ki, ABŞ-ın bu il üçün müdafiə büdcəsi 740 milyard dollar, Yaponiyanın gələn il üçün müdafiə büdcəsi 51,5 milyard dollar təsdiq olunub. Ümid edirəm ki, yaxın günlərdə Azərbaycan parlamentində də büdcə müzakirələri nominal olsa da start götürər. Görünür, devalvasiya ilə bağlı hökümət daxilindəki fikri ayrılığı bu işi ləngidir”-deyə ekspert vurğulayıb.