Azərbaycanda beynəlxalq standartlar və qida təhlükəsizliyi – LAYİHƏ

25

Tarixən ictmai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı olmuşdur. Bu məsələ müasir dövr üçün aktuallığını itirməmiş, əksinə, daha da ciddiləşmişdir. Azərbaycan bir dövlət olaraq ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdir.

Konseptual qərarlar və strateji hədəflər

Azərbaycan ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Xüsusilə regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilmiş birinci Dövlət Proqramı bu sahədə böyük uğurların qazanılmasına şərait yaratmış, ölkə prezidentinin 14 aprel 2009- cu il tarixli fərmanı ilə təsdiq olunmuş “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın isə icrasına başlanmışdır. İkinci Dövlət Proqramının icrası da ərzaq təminatı sahəsində ciddi nailiyyətlərə səbəb olacaqdır. Bundan əlavə, prezidentin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş ”2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da uğurla icra olunur və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Müasir dövrdə tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Azərbaycan açıq və sərbəst iqtisadi sistemə, qloballaşan istehsal münasibətlərinə malik bir dövlətdir. Dünyada baş verən iqtisadi proseslər təbii ki, Azərbaycandan yan ötmür və öz təsirini göstərməkdədir. Ümumdünya ərzaq bazarının konyukturasında baş verən proseslər milli istehsalların strukturunun və bazar konyukturasının formalaşmasında mühüm rol oynayır. Son dövrlər yer kürəsində baş verən ekoloji və klimotoloji dəyişikliklər, kənd təsərrüfatı istehsalına yararlı torpaq və su resurslarının erroziya proseslərinin sürətlənməsi, dünya əhalisinin artım tempi ərzaq məhsullarına qlobal tələbatın yetərincə ödənilməsində ciddi çağırışlara səbəb olmuşdur. Ərzaq məhsullarına tələbatın artım tempi ilə mövcud istehsal resursları arasında yaranan kəskin disparitetlik artan dünya əhalisinin ərzaq təminatında bir sıra problemlər vəd edir. Son məlumatlara əsasən hazırda dünya əhalisi 6,7 milyard nəfəri ötmüş və 2050-ci ildə onların sayı 9,2 milyard nəfərə çatacaqdır. Belə bir şəraitdə istehsalın artım dinamikasının tələbatın harmonizasiyası, tələblə təklifin sinxronlaşdırılması müasir dünyanın ən aktual problemlərindən biri olaraq qalır. Bu səbəbdən ərzaq məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə gətirilməsi problemin həllində əsas vasitə və alət kimi istifadə olunmaqdadır. Bunlar arasında gen mühəndisliyi və genetik cəhətdən modifikasiya olunmuş mikroorqanizmlərdən, müxtəlif kimyəvi preparatlardan, qida əlavələrindən, əvəzedicilərdən və s. istifadə hazırda geniş yayılmışdır. Təbii ki, bu vasitələr və elmi-texniki nailiyyətlər istehsal həcminin artırılmasında mühüm rol oynamaqla yanaşı, bəzən düzgün istifadə edilmədikdə qida sağlamlığı üçün müəyyən təhlükələr yaradır.

Avropa standartları çərçivəsində sağlam qidanın əhəmiyyəti

Tələbatın artım tempi istehlak bazarında keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükə yarada biləcək ərzaq məhsullarının yer almasına da şərait yaradır. Keyfiyyətin və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin mövcud çağırışlara qeyri-adekvatlığı, qida təhlükəsizliyi sahəsində əhalidə bilik və informasiyaların yetərincə olmaması aqrar siyasətin bu komponentinə diqqətin artırılmasını zəruri edir. Bu məsələ, əsasən, inkişaf etməkdə olan və iqtisadi-siyasi sistemi transformasiyaya uğrayan ölkələrdə daha qabarıqdır. Azərbaycan Avropa İttifaqına və inkişaf etmiş dünyaya inteqrasiya yolunu seçmişdir. Qeyd etmək lazımdır ki, bu yolda xeyli uğurlar əldə edilmiş və hazırda işlər davam etdirilməkdədir. Respublikanın qanunvericilik və hüquqi-normativ bazasının Avropa İttifaqının qanunvericiyliyinə uyğunlaşdırılması, respublikanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə əlaqədar sanitar və fitosanitar tədbirlərin modernləşdirilməsi və s. üçün işlər görülmüşdür. Ölkənin  ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin müasirləşdirilməsi də olduqca aktualdır və həmin tədbirlər sırasındadır. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, Azərbaycanın istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısının alınması məqsədilə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas vəzifələrdən biridir. Lakin qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin modernləşdirilməsi xeyli vaxt və vəsait, bilik və informasiya, səriştə və bacarıq tələb etdiyi üçün qabaqcıl təcrübənin öyrənilməsi, Azərbaycan şəraitində səmərəli işləyə biləcək mexanizmlərin tətbiq edilməsi üçün seçim edilməsi və uyğun olanların təbliği üçün əsaslar yaradılması olduqca vacibdir. Qida təhlükəsizliyi ilə bağlı müasir idarəetmə sistemləri haqqında danışmazdan öncə qida təhlükəsizliyi ilə bir çox hallarda qarışdırılan və səhv salınan bir neçə digər amillərə aydınlıq gətirmək məqsədəmüvafiqdir. Bunlar ərzaq təhlükəsizliyi və ərzaq keyfiyyəti kriteriyalarıdır. Bir çox hallarda ərzaq təhlükəsizliyi və ərzaq keyfiyyəti anlayışları qida təhlükəsizliyi ilə səhv salınır və ya onları eyniləşdirirlər. Yəni, bu terminlərin eyni məna daşıdığını yəqin edir və sinonim sözlər kimi istifadə etməyə çalışırlar. Lakin bunlar tamamilə müxtəlif və fərqli terminlər olmaqla müxtəlif mahiyyət daşıyıcılarıdır. Ərzaq təhlükəsizliyi dedikdə istehlakçı üçün ərzağın əlyetərliyi – istehlak bazarında ərzağın fiziki mövcudluğu və istehlakçının öz tələbatını ödəməsi üçün həmin ərzağı almaq, əldə etmək imkanı başa düşülür. Ərzaq təhlükəsizliyi ərzağın istehlak bazarındakı miqdarı və istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti ilə səciyyələnir. Ərzaq keyfiyyəti ərzağın istehlakçı üçün dəyərliliyi ilə xarakterizə olunur. Qida təhlükəsizliyi hər hansı bir qidanın insan, heyvan və ətraf mühüt sağlamlığı üçün təhlükə mənbəyi olmaq ehtimalından azad olmasıdır. Qida təhlükəsizliyi – sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir. Təhlükəli qida məhsulunun təhlükəlilik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorlarla ölçülür. Yuxarıda qeyd olunduğu kimi, təhlükəli faktor üç qrupa – bioloji, kimyəvi və fiziki qruplara bölünür. Bioloji təhlükəli faktorlar qrupuna yoluxucu bakteriyalar, toksin ifraz edən orqanizmlər, parazitlər, viruslar və s. mikroorqanizmlər; kimyəvi təhlükəli faktorlar qrupuna təbii şəkildə yaranan toksinlər, qida əlavələri, pestisid qalıqları, baytarlıq preparatlarının qalıqları, ətraf mühit çirkləndiriciləri, kimyəvi çirkləndiricilər, allergenlər və s; fiziki təhlükəli faktorlar qrupuna metal qırıntıları, şüşə qırıntıları, işçilərə məxsus və istehsal prosesləri zamanı ərzaq məhsullarına düşmək ehtimalı olan zinət əşyaları, daş qırıntıları, sümük qırıntıları və s. daxildir.

Beynəlxalq təcrübənin əsasları

Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər. Məhsul xammalının istehsalı və saxlanması, xammalın daşınması, emalı və qablaşdırılması, hazır məhsulun saxlanması və daşınması, ticarət və ictimai iaşə obyektlərində məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli faktorlarla təmasda olmaq və ya yoluxmaq, bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir. Ona görə də qida təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün elə idarəetmə sistemi seçilməlidir ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş olsun. Hazırda dünyada qida təhlükəsizliyinin idarəedilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükəli Faktorların Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsizliyinin idarəedilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların identifikasiyası, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir. Təhlükəli faktor – insan sağlamlığı üçün təhlükə mənbəyi olub ərzaq məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya ərzaq məhsulunun vəziyyətidir. Kritik Nəzarət Nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, aradan götürmək və ya onu məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir. HACCP müasir dövrdə qida təhlükəsizliyinin idarəedilməsi üçün ən səmərəli sistem hesab edilir. Bir neçə beynəlxalq təşkilat bu sistemi beynəlxalq statuslu standart kimi qəbul etmiş və qida təhlükəsizliyinin idarəedilməsi üzrə texniki-normativ qaydalar hazırlanmışdır. Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization (ISO)) HACCP sistemini İSO 22000:2005 “Ərzaq məhsullarının təhlükəsizliyinin idarəedilməsi sistemləri – ərzaq məhsullarının istehsalı zəncirində iştirak edən təşkilatlara qarşı tələblər” adlı beynəlxalq statuslu standart kimi qəbul etmişdir. Bir çox ölkələr bu standartı milliləşdirmiş və özlərinin standartlar bazasına daxil etmişlər.

HACCP sistemini standartlaşdırmış beynəlxalq təşkilatlardan biri də Codex Alimentarius Komissiyasıdır. Codex Alimentarius (Ərzaq Kodeksi) Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə təsis etdiyi komissiyadır. Codex Alimentarius Komissiyası qida təhlükəsizliyi sahəsində dünyanın ən mötəbər təşkilatıdır. Bu komissiyanın standartları və qaydaları bütün dünyada istifadə olunur, dünya ölkələrinin çoxu bu komissiyanın üzvüdür. Codex Alimentarius Komissiyası ərzaq məhsullarına aid standartların hazırlanmasında və hormonizasiyası, onların qlobal miqyasda tətbiq edilməsində üzv dövlətlərin və beynəlxalq təşkilatların birgə əməkdaşlıq etmələri üçün geniş imkanlar açır. Azərbaycanın da bu komissiyaya üzvlüyü üçün müvafiq tədbirlər görülür. . HACCP kifayət qədər mürəkkəb bir sistemdir. Qida təhlükəsizliyinin idarəedilməsi mexanizmini sadələşdirmək məqsədilə Codex Alimentarius Komissiyası onu məqbul səviyyəyədə yeddi prinsipi əsas götürmüşdür. Təhlükəli faktorların analizinin aparılması; kritik nəzarət nöqtələrinin müəyyən edilməsi; kritik hədlərin təyin edilməsi; kritik nəzarət nöqtələrinin monitorinq sisteminin yaradılması; monitorinq zamanı kritik nəzarət nöqtəsinin nəzarətdən çıxdığı qeydə alındıqda istifadə edilmək üçün korrektəedici fəaliyyətlərin müəyyən edilməsi; HACCP sisteminin səmərəli işlədiyini təsdiqləmək üçün sınaq üsulunun müəyyən edilməsi; bu prinsiplərə və onların tətbiqinə aid olan üsulun və qeydiyyatın sənədləşdirilməsi qaydasının müəyyən edilməsi.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.