Azərbaycanda analoqu olmayan məhkəmə qərarı

1206

Hakim Mübariz Məmmədov 5 il həbsdən sonra azadlığa çıxan Astara sakininə eyni ittiham faktı üzrə bu dəfə 10 200 AZN pul cəzası kəsdi

Üstəlik, Mübariz Məmmədov keçmiş məhkumun atasından 2 min AZN rüşvət almaqda da ittiham olunur

Astara sakini Bəhruz Baxşıyev məhkəmə ədalətsizliyi ilə üzləşib. “Hürriyyət”ə müraciət edən şikayətçi başına gələnləri danışıb:

“2012-ci ildə Astara sakini Baxşıyev Xanəlidən 7800 azn pul almışdım. Bu şəxsin oğlu Ramal Baxşıyev narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğuna görə həbs edilmişdi. Mən də pulu almışdım ki, oğlunu həbsdən buraxdırım. Lakin elə oldu ki, həmkin şəxsi həbsdən buraxdıra bilmədim. Bundan sonra qarşı tərəf polisə şikayət etdi və mən 2012-ci il, avqustun 2-də həbs olundum.

Həbs olunmazdən əvvəl mənə verilən pulu tam olaraq qaytarsam da, onlar şikayət edib, məni həbs etdirdilər. Ağır Cinayətlər Məhkəməsində on il həbs cəzası aldım. Yəni heç bir fakt olmadan, məni həbs etdilər.

Məni ancaq təhdidlə qorxudurdular. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində mənə işgəncələr verildi. Dedilər, qol çəkərək bildirməlisən ki, on doqquz min manat vətəndaşdan pul almışam. Mən isə, o qədər məbləğdə pul almadığımı bildirdim. Uzun təzyiqlərdən sonra, sənədə qol çəkdirdilər.

İş Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Orda hakim Zeynal Ağayevin sədrliyi ilə proses baş tutdu. Mənə on il cəza verildi. Daha sonra, Ali Məhkəməyə müraciət etdim. Cəzam doqquz ilə endirildi. Beş ilə yaxın həbsdə olduqdan sonra, ölkə başçısı dələduzluqla bağlı cəzanın yüngülləşdirilməsi haqda qərar verdi. Nəticədə cəzam beş illə əvəz olunaraq, 2017-ci ildə azadlığa buraxıldım.

Azad olunduqdan bir müddət sonra, Xanəli Baxşıyevin qardaşı Mehdi Baxşıyev məni əsassız yerə məhkəməyə verdi. Bu zaman məlum oldu ki, məni şərləyib həbs etdirən Baxşıyev Xanəli Astara rayonu Məhkəməsinin hakimi Mübariz Məmmədovla birləşərək, mənə ilk olaraq 10 200 AZN pul cəzası verdi. Birinci prosesdə qarşı tərəfin iddiası ləğv edildi. Hakim Mübariz Məmmədov atamı çağıraraq, 2000 AZN rüşvət istəyərək, işi ləğv edəcəyini bildirdi.

Diqqətinizə çatdırım ki, hakim Mübariz Məmmədovla mənə qarşı yalan iddia qaldıran Xanəli Baxşıyevin yaxın ailə dostluqları var. Atam əlacsız qalıb, 2000 AZN-i hakim Mübariz Məmmədova verdi. Bütün danışıqlar gizli səs yazısında da var. Pulu aldıqdan sonra, bizim xeyrimizə qərar çıxardı. Qərarda deyilirdi ki, iddia əsassız olduğuna görə, qərar ləğv olunsun. Sonradan əsassız yerə mənə 10 200 azn pul cəzası kəsdi. İş hazırda icra mərhələsindədir. İcra da polisə göndərib.

Atam hakimin yanına gedərək, bildirdi ki, 2000 AZN pul alandan sonra niyə belə qərar çıxarıb?… Amma hakim öz ədalkətsiz qərarına haqq qazandırmağa çalışır.

Hazırda heç yerdə işləmirəm. İki uşaq atasıyam. Uşaqlarıma da atam baxır. Hakimin ədalətsiz qərarıyla üzləşmişəm. Heç bir cinayıt faktı da ortalıqda yoxdur. Mən vəsadət vermişəm ki, əgər fakt varsa, ortalığa qoyulsun. Lakin heç bir fakt təqdim edilmir.

Mən hakim Mübariz Məmmədova səs yazılarının olduğunu bildirdik də, məni tutduracağıyla hədələyir. Cənab Prezidentdən, Vitse-prezident Mehriban xanım Əliyevadan, Ədliyyə Nazirliyindən və Dövlət Təhlükəsizlik Xidmətindən məsələnin obyektiv araşdırılmasını xahiş edirəm”.

Qeyd edək ki, şikayətçi tərəf redaksiyamıza Astara rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun rüşvət istəməyini əks etdirən bir neçə səs yazısını təqdim edib. Onun iddiası ilə bağlı hakim Mübariz Məmmədovun münasibətini dəfələrlə öyrənməyə çalışsaq da, zənglərimizə cavab verilmədi.

YƏHYA

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.