Azərbaycanda ağciyər xərçənginin müalicəsində mühüm nəticələr əldə olunub

54

Azərbaycanda ağciyər xərçənginin müalicəsində mühüm nəticələr əldə edilib.

Musavat.com “e-tibb.az”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin açıqladığı məlumatda bildirilir.

Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun birgə məqaləsində bildirilir ki, MOM ilə Biofizika İnstitutu ağciyər karsinoması üzrə birgə fundamental və klinik tədqiqatlar aparır. Qeyd olunub ki, uğurlu tədqiqatların nəticəsi kimi Biofizika İnstitutunda MOM ilə müştərək Molekulyar və Hüceyrə Onkologiyası laboratoriyası yaradılıb. Tədqiqat işləri həm ağciyər karsinomasının qeyri-invaziv diaqnostikası, həm də insanın sağlam və ağciyər karsinoması toxuma hüceyrələrini fərqləndirən mühüm faktorların aşkarlanması istiqamətində aparılır: “Diaqnostika üzrə 80-dən çox venoz qan plazması (sağlam və ağciyər karsinoması xəstələri) nümunələrinin Furye Çevirici İnfra-Qırmızı (FÇİQ) spektral analizi aparılıb. Multivariat statistikanı tətbiq etməklə iki sinfə bölünən qrupun spektrlərinin prinsipial komponentləri təyin edilərək “sağlam-ağciyər xərçəngi” modeli yaradılıb. Model yoxlanılıb və optimallaşdırıldıqdan sonra  süni intellekt maşınında verilənlər bazası kimi istifadə olunub, “sınaq” nümunələrin klassifikasiyası aparılıb. Klassifikasiyanın dəqiqliyi 80-90% (müxtəlif statistik metodları tətbiq etməklə) təşkil edir ki, bu da çox yaxşı ilkin nəticə kimi qiymətləndirilə bilər. Alınan nəticələr artıq məqalə şəklində çapa göndərilib”.

Qeyd olunub ki, ağciyər karsinoması xəstəliyinin diaqnostikasının (klassifikasiyası) geniş miqyaslı tətbiqi üçün onun dəqiqliyini artırmaq zəruridir. Bunun üçün isə verilənlər bazasını daha da genişləndirmək lazımdır və hazırda bu istiqamətdə işlər aparılır. Bu metod minimal-invaziv, tez başa gələn, ucuz olduğundan əhalinin riskli yaş qrupundan olan təbəqəsinin genişmiqyaslı skrininqi üçün olduqca əhəmiyyətlidir:

“MOM və Biofizika İnstitutunun insanın ağciyər xərçəngi ilə əlaqədar iki ildən artıq bir müddətdə apardığı digər tədqiqatlar isə bu xəstəliyə qarşı istifadə edilən müalicənin effektivliyinin artırılmasına yönəldilib. Bu məqsədlə tədqiqatlar ağciyər xərçənginin müalicəsində istifadə olunan protokolların hər bir fərd üçün ən uyğun olanının seçilməsi və bu protokollarda istifadə edilən dərman preparatlarının daha effektli işləməsi üçün optimal şəraitin təyin edilməsidir. Bu zaman xəstənin sağlam və ağciyər karsinomasına məxsus toxuma hüceyrə membranlarının fiziki-kimyəvi xassələrindəki fərqli cəhətlər təyin edilir və bundan müalicə məqsədilə maksimum istifadə olunur. Hazırda bu istiqamətdə aparılan işlərin nəticəsi kimi klinikada tətbiq üçün bir neçə mühüm nailiyyət əldə olunub.

İlk növbədə, qeyd edək ki, xəstənin sağlam və ağciyər karsinoması toxumalarının hüceyrə membranlarının dinamikasındakı fərqlər, müxtəlif molekulların bu membranlara inkorporasiyasının müxtəlifliyi, eləcə də ətraf mühit faktorlarının bu sistemlərə təsiri hərtərəfli tədqiq edilib. Biz bu gün xəstələrdən götürülən ağciyər nümunələrində hazırda istifadə olunan dərmanların təsir kinetikasını izləyə və xərçəng hüceyrələrinin daha effektiv məhv olma şəraitini təyin edə bilirik. İlkin nəticələr göstərir ki, bu gün geniş istifadə olunan dərmanların bir qisminin ağciyər hüceyrələrinə daxil olması aktiv transport hesabına baş verir. Nəticə etibarilə metabolizmi daha yüksək olan hüceyrələr dərmanı daha sürətlə daxilə alır və məhv olur. Digər tərəfdən isə metabolizmi aşağı olan ağciyər karsinoma hüceyrələri dərman molekullarını hüceyrə daxilinə çox pis qəbul edir və onların təsiri zəif olur. Ona görə də, eyni dərmanın hətta eyni tip ağciyər karsinoması xəstələrinə təsiri müxtəlif ola bilər.

Aparılan birgə tədqiqatlar bir daha göstərir ki, xərçəng xəstəliklərinə qarşı effektiv mübarizə üçün onkologiyada fərdi təbabət prinsipləri tətbiq edilməlidir. Aldığımız mühüm nəticələrin kliniki tətbiqinin çox faydalı olacağına şübhə edilmir. Bunun üçün Biofizika İnstitutunun bazasında MOM və Biofizika İnstitutunun birgə istifadəsi üçün müasir hüceyrə texnologiyalarının yaradılması çox vacibdir. Artıq Biofizika İnstitutunda hüceyrə texnologiyalarının yaradılması proqramı AMEA-nın Rəyasət Heyətinə təqdim edilib.

Ümid edirik ki, AMEA-nın Rəyasət Heyəti bu işdə bizə dəstək verəcək və biz ictimaiyyət qarşısında görülən işlər üzrə hesabat verəcəyik”.