“Azərbaycanda “5-ci kolon” son nəfəsini verməkdədir”

324

Dilavər Əzimli: “Rusiyanın dövlət orqanlarında çox sayda casusları var

“İran bu layihələrə qoşuldu-qoşulmadı Güney Azərbaycan azad olacaq”

“Yeni sistemdə ermənilər türklərin ortasında yaşaya bilməyəcəklər. Onlar köçüb gedəcəklər və erməni dövləti yoxa çıxacaq”

“Mənim fars millətindən dostlarım var, onlar da istəyirlər ki, İran parçalansın, ya da türk birliyinə qoşulsun”

 

“…Dünya yenidən şəkillənir. Bu ərazilər bizə qayıdacaq. Gürcüstan isə Azərbaycan-Türkiyə ittifaqına qoşulacaq. Güney Azərbaycan mütləq azad olacaq. Sadəcə fars şovinizmi bunu anlamır, ermənilər kimi köhnə zamanda qalıblar”

“Güney Azərbaycan istiqlalını əldə edəndən sonra Azərbaycan bütövləşib Kəngər körfəzinə çıxışı olan böyük, demokratik dövlət, “türkün qızıl alması” olacaq. Bu xəttin qoyulmasına görə mən şəxsən R.T.Ərdoğana və İlham Əliyevə təşəkkür edirəm”

Bu günlərdə Azərbaycanda əsas gündəm türk ordusunun Qarabağa yeridilməsidir. Hansı ki, bununla Cənubi Qafqazda və ümumiyyətlə Qafqaz regionunda ciddi siyasi dəyişikliklərin olacağı gözləniləndir. Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, İrəvan Türk Cümhuriyyətinin qurucularından biri, tarixçi alim Dilavər Əzimli ilə bu barədə fikir mübadiləsi apardıq.

 

(Əvvəli ötən sayımızda)

Loru-Pəmbək bölgəsinin bizdən alınıb gürcüslərə verilməsini, gürcülərdən də alınıb ermənilərə verilməsini əsas götürsək, bu ərazinin yenidən Azərbaycana qaytarılması ədalətli deyilmi? İrəvan Türk Cümhuriyyətinin burada rolu nədir?

– Dünya yenidən şəkillənir. Bu ərazilər bizə qayıdacaq. Gürcüstan isə Azərbaycan-Türkiyə ittifaqına qoşulacaq. Güney Azərbaycan mütləq azad olacaq. Sadəcə fars şovinizmi bunu anlamır, ermənilər kimi köhnə zamanda qalıblar.

– İran bu iqtisadi layihələrə qoşulsa, bütöv qala bilərmi?

– İran bu layihələrə qoşuldu-qoşulmadı Güney Azərbaycan azad olacaq. Bu, insanların arzusudur. Sadəcə, İran üçün bu sakit keçə bilər. İran türk dilinə dövlət dili statusu verməlidir, türkdilli universitetlər açılmalıdır, məktəblər, bağçalar açılmalıdır. İran yalnız belə xilas ola bilər.

– İranın – fars şovinizminin buna gedəcəyini düşünürsünüzmü?

– Xeyr, fars şovinizmi ermənilər kimi buna getməyəcək. Buna görə parçalanma ilə üzləşəcək. Mən Türkiyədə İzmir universitetinin 25 illik yubileyinə gedəndən sonra Elçibəyin millətçi tələbələrlə görüşündə o, bu fikirləri səsləndirdi ki, Rusiya, İran, Çin, Hindistan çökəcək, Azərbaycan müstəqil olacaq. Sizə deyim ki, növbəti qurban İran olacaq. Madlen Olbrayt bir vaxt demişdi ki, 2025-ci ildə dünyada imperiyalar sıradan çıxacaq. Bunu Elçibəy də 90-cı illərdə açıqlamışdı. Üstəlik bildirmişdi ki, Azərbaycan İrəvana sahib olacaq, Türkiyə ilə birləşəcək, bütövləşəcək.

Loru-Pəmbək məsələsinə gəldikdə isə, bu bölgə Səfəvilər dövründə 9 mahala malik olub. Çox zəngin təbiəti var. Borçalının dağlıq hissəsi olduğu üçün Dağ Borçalı da adlandırılır. 1918-ci ildə ermənilər işğal edəndən sonra Tiflisdəki konfransdan sonra AXC başçıları ərazilərimizin, o cümlədən Loru-Pəmbəyin qaytarılmasına çalışsalar da Rusiya mane oldu. Əslində bizdən alınıb Gürcüstana, sonra da Ermənistana verilməsi səhv addım idi. İTC də təkcə İrəvanla yox, Loru-Pəmbəklə də məşğul olmalıdır. Tarixi sənədlərlə həm digər ərazilərin, həm buranın xəritəsi, əhali sayı hazırlanmalıdır. Konfrans keçirməlidir, sənədlər dünyanın bütün ölkələrinə göndərilməlidir. Ardınca rəsmi iddia qaldırmalıdır. Biz işağl edilmiş ərazilərdə vurulmuş ziyana görə təzminat kimi Zəngəzurun və digər ərazilərin geri verilməsi gündəmə gətirməli və tələb etməliyik. İTC fəallaşmalıdır. Yeni sistemdə ermənilər türklərin ortasında yaşaya bilməyəcəklər. Onlar köçüb gedəcəklər və erməni dövləti yoxa çıxacaq. Təklif edirəm ki, həm digər ərazilər, həm də Loru-Pəmbəklə bağlı elmi-konfrans keçirilsin.

– Azərbaycanın Qarabağ qələbəsi dövlətimizin regionda və post sovet məkanında nüfuzunun artmasını necə şərtləndirəcək?

– Qarabağ zəfəri çox böyük zəfərdir, amma ciddi maneəmiz var. Bu “5-ci kolon”un fəaliyyətidir. Lakin demək istəyirəm ki, “5-ci kolon” son nəfəsini verməkdədir. Fəaliyyətləri Rusiyadan, Avropadan dəstəklənir. Xaindən istifadə olunsa da, onlara nifrət edirlər. Bu yaxınlarda Rusiya Azərəbaycan mediasındakı casus şəbəkəsinin adlarını açıqladı. Çoxları deyir ki, bu dezinformasiyadır. Amma belə deyil, informasiya doğru informasiyadır. Rusiyanın çox miqdarda təhsil, müdafiə və s. dövlət orqanlarında çox sayda casusları var. Rusiya sizi qurban verəcək. Milli düşərgə onların qarşısını almaq üçün hərəkətə keçməlidir. Azərbaycan dövlət başçısına minntdarlıq edirəm ki, bu prosesi apardı. Bunun nəticələrini ilk 5 ildə görəcəyik.

3-cü Qarabağ savaşı iqtisadi müstəvidə gedəcək və erməni dövlətinin yox olması ilə nəticələnəcək. Rusiya həm də Orta Asiya coğrafiyasının itirilməsi ilə barışmalıdır. Türk birliyinin-Turanın mərkəzi Azərbaycan olacaq. Dünya türkün ədalətli sisteminə doğru gedir. “Qızıl alma”nı Türkiyədə də başa düşürlər. Amma Güney Azərbaycan alınmasa, azad olmasa, Bütöv Azərbaycan yaranmasa Turan qurula bilməz. Mənim fars millətindən dostlarım var, onlar da istəyirlər ki, İran parçalansın, ya da türk birliyinə qoşulsun.

– Necə düşünürsünüz, Güneyin İrandan ayrılıb bizə birləşdirilməsi lazımdır, ya İranın bütöv halda türk dövlətinə çevrilməsi?

– Əbülfəz Elçibəyin bu barədə fikirləri var. Bu fikirlər Güneyin İrandan ayrılıb bizə birləşməsi yönündədir. Fars şovinizm ideologiyası-şuubiyyə sistemi o qədər güclüdür ki, buna imkan verməyəcək. Bunu dəyişdirmək, dağıtmaq mümkün deyil. Maraqlıdır ki, bizim güneyli türk qardaşlarımız bu şuubiyyənin alətləridir. 1000 il ərzində elə dərin kök atıblar ki, dağıtmaq olmur. Bizim öz alimlərimiz-Mahmud Əfşari, İrəc Əfşari, Kəsrəvi  kimi şuubiyyəyə xidmət edən, beyni yuyulmuş adamların sayəsində orada türk dili, türk dövləti alınmır, alına bilməz. Amma sıravi güneylilər molla rejimindən beziblər. Onlar yeni iqtisadi sistemə inteqrasiya arzusundadırlar. Həmçinin bəluclar, kürdlər, ərəblər. Qardaş kürdlərin isə PKK-ya aidiyyatı yoxdur, 19-cu əsrdə kürdlərlə toqquşmanı yaradan Rusiya, İngiltərə olub. PKK birmənalı şəkildə erməni örgütüdür. S.C.Pişəvəri zamanında yaranan kürd dövləti ilə əməkdaşlıq olub. Yeni sistemə onlar bizimlə bir yerdə inteqrasiya olacaqlar. Güney Azərbaycan istiqlalını əldə edəndən sonra Azərbaycan bütövləşib Kəngər körfəzinə çıxışı olan böyük, demokratik dövlət, “türkün qızıl alması” olacaq. Bu xəttin qoyulmasına görə mən şəxsən R.T.Ərdoğana və İlham Əliyevə təşəkkür edirəm.  

Ülviyyə ŞÜKÜROVA