“Azərbaycana qarşı təxribatlar müharibənin qaçılmazlığını labüd edir”

186

Zaur Məmmədov: “Cənubi Qafqazda baş verəcək partlayış regional və qlobal ambissiyası olan qonşu ölkələrdəki sərhədyanı ərazilərə, onların dövlət təhlükəsizliyinə də bilavasitə təsir edəcək”

“Bu gün Cənubi Qafqazda ən azı 3 oyunçu – Türkiyə, İran və Rusiya ciddi şəkildə mübarizə aparır”

“İndi dünyanın müxtəlif regionlarına nəzər saldıqda, 100 il əvvəl baş verənlərin təkrarlandığını görmək mümkündür”

Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla birlikdə işğalçı ordunun buradakı qərargahına baş çəkib və infrastrukturların gücləndirilməsi üçün aparılan mühəndis işləri ilə tanış olub. Söz yox ki, onun öncəki səfərləri kimi, bu səfəri də beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, birbaşa təxribat xarakteri daşıyır. Paşinyanın bu cür addımları, o cümlədən Ermənistanın könüllülər adı altında muzdluları orduya cəlb etmə niyyəti ona dəlalət edir ki, rəsmi İrəvan heç bir halda işğal etdiyi torpaqları danışıqlar yolu ilə geri qaytarmayacaq. Bu isə yaxın vaxtlarda ikinci Qarabağ savaşının başlamasına səbəb ola bilər.

Qeyd edək ki, məsələyə məhz bu konteksdən yanaşan Türkiyə mətbuatının yazıdığına görə, Rusiyadan Ermənistana silah daşıyan təyyarənin uçuş trayektoriyası ortaya çıxıb. Bu barədə “Haber Qlobal” saytında yer alan informasiyada deyilir ki, Rusiya Ermənistanı silahlandırmaqla savaşa hazırlayır. Məlumata görə, avqustun 25-dən etibarən hər gün Rusiyaya məxsus İl-76 təyyarəsi Mozdok-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşurtu ilə uçuşlar həyata keçirib. Düzdür, bir neçə gün öncə Bakıda rəsmi səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə məlumatlara münasibət bildirərək bunu inkar edib və deyib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. Təbii ki, bu, ağ yalandan başqa bir şey deyil və buna görə də verilən cavab rəsmi Bakını qane etməyib. Aydın şəkildə görünür ki, Kreml Ermənistanın Azərbaycanın qarşısında duruş gətirə bilməsi üçün işğalçı ölkəyə hərtərəfli yardım edir. Məhz bu kimi hallar müharibə riskini birə-beş artırır.

“Son zamanlar regionda Azərbaycana, ölkə hakimiyyətinə qarşı artan təzyiqlərin və təhdidlərin şahidi olmaqdayıq”

Mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, son zamanlar regionda Azərbaycana, ölkə hakimiyyətinə qarşı artan təzyiqlərin və təhdidlərin şahidi olmaqdayıq: “Bu, əslində Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına qarşı artan təzyiqlərdir. Onu da qeyd edim ki, indi dünyanın müxtəlif regionlarına nəzər saldıqda, 100 il əvvəl baş verənlərin təkrarlandığını görmək mümkündür. Belə ki, o zaman qlobal güclərin regionlar üzrə mübarizəsinin bu il daha ciddi şəkildə başladığının şahidi oluruq. Bu səbəbdən Cənubi Qafqaz regionunun da geosiyasi proseslərin episentrlərindən birinə çevriləcəyi gözlənilən idi. Bu gün baş verənlər də onu göstərir ki, hələlik Cənubi Qafqazda ən azı 3 oyunçu ciddi şəkildə mübarizə aparır. Onlar Türkiyə, İran və Rusiyadır. Təbii ki, bu da ilk növbədə özünü Azərbaycan və Ermənistan arasında olan münaqişədə göstərməkdədir”.

“Azərbaycanın və Ermənistanın yanında olan bu qüvvələr bir-birlərinə qarşı mübarizədə həm də öz dövlət maraqlarının reallaşması uğrunda ciddi şəkildə yeni mərhələyə başlamaqdadırlar”

Politoloqun fikrincə, Azərbaycanın və Ermənistanın yanında olan bu qüvvələr bir-birlərinə qarşı mübarizədə həm də öz dövlət maraqlarının reallaşması uğrunda ciddi şəkildə yeni mərhələyə başlamaqdadırlar: “Son zamanlar Ermənistanın Azərbaycana qarşı Azərbaycan-Ermənistan dövlət sərhədində, eyni zamanda Dağlıq Qarabağ istiqamətində təxribatların qarşılığında rəsmi Bakı dünya ictimaiyyətindən, ələlxüsus regional və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən münaqişəyə qarışmağa, Ermənistana təsir mexanizmlərindən istifadə etməyə çağırsa da, əfsuslar olsun ki, nə İran, nə də Rusiya Ermənistana təzyiq etdi. Belə ki, Ermənistan hər dəfə təxribata əl atarkən, onlar susmağa üstünlük veriblər. Bu isə onların Ermənistanı müdafiə etmələri kimi dəyərləndirilməlidir. Buna baxmayaraq, rəsmi Bakı həm Nikol Paşinyana vaxt verdi, həm də qonşulara “Gedin, Ermənistanla danışın” dedi. Lakin bütün bunlara məhəl qoyulmadı. Bununla da rəsmi Bakı faktiki olaraq, Rusiya, İran, Ermənistan və digər dövlətlər tərəfindən Azərbaycanla Türkiyə arasında hərbi alyansın güclənməsinə təhrik edilir. Çünki Azərbaycan uzun müddət idi ki, regionda balanslı siyasət yürüdürdü. Qeyd edim ki, indiyə qədər Azərbaycan ərazisindən qonşu ölkələrə qarşı mübarizə platforması kimi istifadə edilməyib və bundan sonra da edilməyəcək. Odur ki, bu gün ölkə daxilində baş verənlər, Azərbaycanla Türkiyənin yaxınlaşması Rusiya, İran və yaxud üçüncü digər ölkəyə qarşı yönəlməyib. Bu, Azərbaycanın hərbi mənada Ermənistan qarşısında daha da güclənməsinə istiqamətlənib. Bizim bir düşmənimiz var ki, bu da Ermənistandır və ərazilərimizdən də ancaq həmin düşmənə qarşı istifadə ediləcək”.

“Regionda baş verən hadisələr göstərir ki, tezliklə münaqişənin digər mərhələyə keçməsinin şahidi olacağıq”

Bakı Politoloqlar Klubunun rəhbəri  onu da əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsinin müharibə fazasına keçməsi hər zaman mümkündür: “Çünki Azərbaycanla Ermənistan arasında müşahidə edilən status-kvo olduqca kövrəkdir və başqa elə həmsədr ölkələr, BMT Təhlükəsizlik Şurası status-kvonu kövrək olaraq saxlamaqda maraqlı olsalar da, başa düşmürlər və ya bilərəkdən belə edirlər ki, münaqişə tezliklə müharibə mərhələsinə keçsin. Hər halda regionda marağı olan dövlətlər başa düşürlər ki, Ermənistanın Azərbaycana qarşı təxribatı davam edir. Bundan başqa, Ermənistan Suriya və Livandan minlərlə ermənini Dağlıq Qarabağa köçürür. Onu da qeyd edim ki, Nikol Paşinyan Ermənistanın müdafiə naziri David Tonoyanla hər həftə Azərbaycan torpaqlarına – Dağlıq Qarabağa səfər edir. Ümumiyyətlə, hər gün erməni silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı təxribatların şahidiyik. Bu isə faktiki olaraq müharibənin qaçılmazlığını labüd edir. Bütün bunlardan sonra belə çıxır ki, bölgədə müharibənin başlamasında maraqlı olan qüvvələr var”.

Zaur Məmmədov bu qənaətdədir ki, bu gün Rusiyanın Cənubi Qafqaza münasibətində 1990-cı illərdən bir qədər fərqli tendensiyanın şahidiyik: “Belə ki, oradakı ayrı-ayrı dövlət institutlarının heç də hər zaman Ermənistanı dəstəkləyən mövqeyi ilə qarşı-qarşıya deyilik. Yəni bu gün Rusiyanın heç də bütün siyasi institutları Ermənistanı dəstəkləmir. Onların bir çoxu hətta Azərbaycanı da dəstəkləyir. Lakin Rusiyada hərbi lobbi güclüdür. Nəzərinizə çatdırım ki, Xarici İşlər Nazirliyinin də fikirləri hərbi lobbi ilə üst-üstə düşdüyü üçün son zamanlar Rusiyada ermənipərəst lobbiçilər daha da önə çıxır. Açığı, 2008-2018-ci illərdə Azərbaycanla Rusiya arasında artan siyasi xətt müşahidə edilirdi. Hətta Rusiyanın vasitəçiliyi ilə Serj Sarkisyan tərəfindən Azərbaycanın bir neçə rayonunun geri qaytarılması məsələsi də həllini tapmalı idi. Lakin Ermənistanda baş verən dövlət çevrilişi buna imkan vermədi. Hazırda olanlar isə bir daha onu göstərir ki, faktiki artıq kartlar açılıb və kimin kimin tərəfində yer alacağı müəyyənləşib. Amma Cənubi Qafqazda marağı olan qlobal güclər başa düşməlidirlər ki, sabah Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, bu, təkbətək savaş olmalıdır. Əgər kimsə Ermənistanın yanında yer alarsa, o zaman Azərbaycanın da yanında yer almağa hazır qüvvələr var. Onlar Türkiyə və Pakistandır. Bu halda isə Cənubi Qafqazda baş verəcək partlayış regional və qlobal ambissiyası olan qonşu ölkələrdəki sərhədyanı ərazilərə, onların dövlət təhlükəsizliyinə də bilavasitə təsir edəcək. Buna görə də yaxşı olar ki, Azərbaycanla Ermənistanı təkbətək qoysunlar, ya da Ermənistana siyasi rıçaqlar vasitələri ilə təsir göstərsinlər. Hələlik regionda baş verən hadisələr göstərir ki, tezliklə münaqişənin digər mərhələyə keçməsinin şahidi olacağıq”.

Vazeh BƏHRAMOĞLU