Azərbaycana investisiya qoyuluşunu stimullaşdırmaq üçün tədbirlər görüləcək

8

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin iştirakı ilə biznes assosiasiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, koordinasiyanın gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsinin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.

Bu barədə “Report”a ASK-dən bildirilib.

Tədbirdə N.Səfərov biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyalar tətbiq edilməklə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı sahəsində görülən işləri, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirlərini vurğulayıb. Nazir müavini dövlət-özəl sektor tərəfdaşlığının inkişafının, bu sahədə ASK ilə əməkdaşlığı genişləndirməyin əhəmiyyətini qeyd edib.

Dövlətin biznesin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdıran M.Musayev isə iqtisadi inkişafda sahibkarlığın rolunu qeyd edib, dövlət başçısının xaricdə yaşayan azərbaycanlı iş adamlarını ölkəmizdə sərmayə qoymağa dəvət etdiyini vurğulayaraq ASK-nın 18 ölkədə xarici nümayəndələrinin fəaliyyət göstərdiyini, həmin nümayəndələr vasitəsilə Azərbaycana investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər sahəvi assosiasiyaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflərini bildirib, müzakirələr aparılıb.